Azərbaycan Milli Məclsinin  3 avqust  2021-ci il tarixli növbədənkənar  iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığı ilə bağlı təqdimatın müzakirəsi zamanı  deputatın vəzifəli şəxs sayılmadığına dair fikir  səsləndirilib.   Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli bu fikrə münasibət bildirərkən  deyib ki,  deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir.  Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır.

Mövzunun daha aydın olması üçün xatırladaq ki, Milli Məclisin iclasında deputat  toxunulmazlığı  ləğv edilən  Eldəniz  Səlimovla  bağlı  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma)  maddəsi ilə cinayət işi başlanıb. 

Deputatın vəzifəli şəxs sayılıb-sayılmamasına gəlincə, bu suala cavab tapmaq üçün “vəzifəli şəxs” anlayışına  nəzər salaq.

Bu barədə Cinayət Məcəlləsinin  308-ci  (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsinin “Qeyd”  hissəsində  “vəzifəli şəxs” anlayışının  kimlərə şamil olunduğu  əksini tapıb.

Beləliklə “vəzifəli şəxs” dedikdə    

- hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

- dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

-  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

-  xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

-  beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar

başa düşülür.

Yeri gəlmişkən,  Azərbaycan  Respublikası Baş Prokurorluğu 308-ci maddənin “Qeyd” hissəsində nəzərdə tutulan “vəzifəli şəxs” anlayışına istintaq və məhkəmə təcrübəsində birmənalı yanaşılmadığını əsas götürərək  Konstitusiya Məhkəməsinə sorğu ünvanlayıb. Sorğuda  “vəzifəli şəxs” anlayışının şərh olunması istənilib.  Sorğuya əsasən  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “vəzifəli şəxs” anlayışına izah verərək 19 iyul 2013-cü il tarixdə  qərar çıxarıb. Həmin qərara  əsasən    

 - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

 - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Konstitusiya Məhkəməsi  308-ci maddənin “Qeyd”  hissəsində  əksini tapan   “hakimiyyət nümayəndələri” anlayışını da açıqlayıb. Açıqlamada bildirilir ki, 

Hakimiyyət nümayəndələri dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşülür.

Belə funksiyaları deputatlar, hökumətin üzvləri, məhkəmələrin hakimləri, qanunların icrasına nəzarəti həyata keçirən, ictimai qaydanı qoruyan, cinayətkarlıqla mübarizəni həyata keçirən, yanğın, epidemiya əleyhinə və digər təhlükəsizliyi təmin edən orqanların (polis, təhlükəsizlik xidməti, gömrük xidməti, dövlət meşə nəzarəti və s.) işçiləri, nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, onların müavinləri, struktur bölmələrinin rəhbərləri və digərləri həyata keçirirlər.

Konstitusiya Məhkəməsinin  izahından  bu nəticəyə gəlmək olur ki,  deputat  “hakimiyyət nümayəndələri”  kateqoriyasına aid olduğundan  vəzifəli şəxs  sayılır.  

Bundan başqa  deputatlar Azərbaycan Respublikası Konstitusiyasının, “Milli Məclisi deputatının  statusu  haqqında”, həmçinin  Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında qanunların  subyektidir.

Bu qənaətə gəlirik ki,  Əli  Hüseynlinin “deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir”  fikri əsaslıdır.