Son günlər müxtəlif ölkələrdə ərzaq məhsullarının, o cümlədən un və un məmulatlarının bahalaşması qlobal ticarətin ayrılmaz hissəsi olan və yüzdən çox ölkə ilə fəal ticarət əməliyyatları aparan Azərbaycana da öz təsirlərini göstərməkdədir. Qlobal bazarın diqtə etdiyi liberal qaydalar ərzaq buğdasına olan tələbatının bir hissəsini idxal hesabına təmin edən respublikamızda da un və çörəyin qiymət artımını qaçılmaz etmişdir.
İlk olaraq "taxıl və buğdanın bahalaşmasına hansı amillər səbəb olur" sualına cavab axtarmağa çalışaq
Məlum olduğu kimi 2021-ci ildə qlobal səviyyədə kəskin hava dəyişmələri, sel və fəlakətlər, meşə yanğınları və istiləşmə nəticəsində su resurslarının paylanılmasında ciddi problemlər yaşandı. Nəticədə dünya ölkələri 2021-ci il mövsümünü taxıl yığımında kəskin azalmalarla başa vurdu. Beynəlxalq Taxıl Şurasının və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Bu, 2020-ci illə nisbətdə 25 milyon tona az göstərici deməkdir. 2020-ci ildə dünyada ərzaq buğdasının istehsalı 760 milyon ton bərabər olmuşdur. Bu amil ABŞ, Kanada, Avropa ölkələri və Rusiyada buğdanın və digər dənli bitkilərin qiymətlərinə təsir göstərdi.
(Mənbə: refinitiv.ru/)
Bundan başqa, dünya ölkələrində hökm sürən əlverişsiz hava şəraiti və qlobal su qıtlığı ilə yanaşı, təchicat xərclərinin artması, xüsusilə də, ağır pandemiyadan sonra “özünə gələn” dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi və iqtisadi fəallığın bərpası məcmu tələbin artmasına səbəb oldu, vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması beynəlxalq bazarlarda bir çox əmtəələrin, o cümlədən dənli bitkilərin, taxılın qiymətlərinin əhəmiyyətli dərəcədə artmasını şərtləndirdi. Üstəlik, ötən ilin iyun ayından etibarən yanacaq-nəqliyyat-logistika və daşınma xərclərində 20-30 fazidən çox bahalaşmanın qeydə alınması buğda və ümumilikdə dənli bitkilərin qiymət dalğalanmalarına bir qədər də təsir göstərdi.
FAO-nun Ərzaq Qiymətləri İndeksi (CPI) hesabatına əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında qiymət artımı orta hesabla 134,4 faiz-bənd təşkil edib ki, bu da 2011-ci ilin iyun ayından bəri ən yüksək qiymət sıçrayışları deməkdir. Müxtəlif əmtəə qrupları arasında ən çox qiymət artımı dənli bitkilər və süd məhsullarında qeydə alınıb. Dənli bitkilər, o cümlədən ərzaq buğdası 2020-ci ilin ikinci yarısından 2021-ci ilin sonunadək olan dövr ərzində hər ay 2,3-4 faiz bahalaşaraq un məmulatlarının qiymətlərinin artması ilə müşahidə edilmişdir. (Mənbə: www.fao.org/worldfoodsituation/)
FAO-nun məlumatına görə, ərzaq buğdasına olan qlobal istehlak tələbinin artması və bunun müqabilində istehsal-ixrac həcmlərinin daralması 2021-ci ilin ötən aylarında dünyanın bir çox ölkələrində buğdanın və çörək məmulatlarının qiymətlərində bahalaşmalarla müşayiət edilmişdir. 2021-ci ilin avqust ayından başlayaraq dekabrın sonlarına qədər bir ton buğdanın dünya bazar ixrac qiyməti 165-246 dollar arasında dəyişmiş, hətta birjalarda bəzi günlərdə qiymətlər 265 dollar qiymət indeksinə qədər yüksəlmişdir. Bu isə ərzaq buğdasının son 4 ildəki ən yüksək göstəricisidir. 2017-2018-ci illərdə buğdanın tonu 175-200 dollar arasında idisə, indi bu rəqəm 25 fazidən çox artmışdır. (Mənbə: https://www.indexmundi.com/)
Yaranmış vəziyyət dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmlərini azaltmaqla bərabər, əlavə rüsumlar tətbiq etməsinə səbəb olmuşdur. Amerika qitəsinin əsas ixracatçıları olan ABŞ və Kanada, həmçinin Avstraliya dövləti buğda yığımında azalmalara görə, müxtəlif kvotlar üzrə yaxın region ölkələrinə daha az məhsul satacağını, eyni zamanda əlavə rüsumların tətbiq olunacağını xəbərdar etmiş, ötən ilin iyul ayından etibarən həmin məhdudiyyətləri qüvvəyə mindirmişdir. (Mənbə: fas.usda.gov/)
Qlobal tədarükçü ölkələr taxıl ixracını azaltmaqla yanaşı, həm də buğda qiymətlərində də yeni tariflər müəyyənləşdirməklə faktiki olaraq bahalaşmaya rəvac verdi. Argentina ixracın hər tonuna əlavə 5 dollar, Avstraliya 22 dollar, ABŞ 17 dollar, Kanada 14 dollar rüsum tətbiq etdi. Artıq 2021-ci ilin dekabrında Kanadanın ixrac etdiyi buğdanın bir tonunun beynəlxalq bazar qiyməti 419 dollara qədər yüksəldi. (Mənbə: fas.usda.gov/)
Avropanın iri ixracaatçı ölkələrindən Avstraliya, Macarıstan, Fransa, Rumıniya və digər dövlətlər də ixrac kvotalarında və ticarət prosedurlarında yeni rejimlərin tətbiqini həyata keçirmişdir. Kvotaların tətbiqində başlıca məqsəd qeyd olunan məhsullar üzrə daxildəki qiymətləri sabit saxlamaq olmuşdur. (Mənbə: circabc.europa.eu)
MDB-də regionunda ən böyük tədarükçü ölkələrdən biri olan Rusiya 2021-ci ildə taxıl məhsullarının istehsalının əvvəlki illə müqayisədə təxminən 15-18 % azaldığından ixrac siyasətində də bir sıra dəyişikliklər etmişdir. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2021-ci il mövsümündə təxminən 80-81 milyon ton buğda istehsal edilmişdir ki, bu da 2020-ci il mövsümü ilə müqayisədə (ötən mövsüm – 85.4 milyon ton) 5 milyon tona yaxın azalma deməkdir. Bu səbəbdən də Rusiya ötən mövsüm ərzində buğdanın illik ixracını 40 milyon tondan 34 milyon tona endirməyi qərara almışdır. (Mənbə: agroinvestor.ru/analytics/)
Rusiya Avrasiya İtifaqına üzv olmayan ölkələrə ixrac etdiyi buğda, qarğıdalı və arpa ixracı üçün üzən rüsum mexanizmini tətbiq etdi. Baş nazir Mixail Mişustinin imzaladığı qərara əsasən, Rusiyadan buğdanın ixracına rüsum birjada bir ton üçün 200 dollara çatdırıldı. Qarğıdalı və arpa üçün bu rəqəm bir ton üçün 185 dollar müəyyənləşdi. 2021-ci il aprelin 1-dən Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracında üzən rüsumun hesablanması mexanizminin sınaqdan keçirilməsinə başlandı, Rusiyanın Nazirlər Kabineti 2021-ci il iyunun 2-də buğda, qarğıdalı və arpa üçün daimi “taxıl dempferi” adlanan ticarət mexanizminin tətbiqinə dair qərar qəbul etdi və Federal Gömrük Xidmətinə kvota protokollarına uyğun tənzimləmələr aparmaq barədə tapşrıq verildi. (Mənbə)
Yeni ixrac mexanizminə əsasən, taxıl məhsullarına “üzən rüsum” tətbiq edildi. Hökumətin qərarına görə, yeni rüsum siyasəti buğda üçün ixrac rüsumu hər tona görə 200 dollar, qarğıdalı və arpa üçün isə 185 dollar təşkil edən satış qiymətlərindən tutulmadı, qiymətlər həmin məbləğdən yüksək olduqda rüsum tətbiq olunmuşdur. Yəni, bu mexanizm dünya bazar qiyməti ilə baza qiyməti (200 dollar/ton) arasındakı fərqin 70%-ni təşkil edir. “Taxıl dempferi” mexanizmi qeyd edilən sahənin fəaliyyəti üçün uzunmüddətli anlaşılan şəraitin yaradılmasına hesablanmışdı. Məqsəd ixrac rüsumu sayəsində xarici bazarlardan əldə edilən vəsaitlər hesabına kənd təsərrüfatının inkişafına stimul vermək, əlavə investisiyalar cəlb etmək, rüsumlardan əldə olunan gəlirlərin regionlarda buğda, çovdar, qarğıdalı və yemlik arpa istehsalçılarına subsidiya şəklində geri qaytarılmasıdır. Onu da xatırladaq ki, Rusiya hökuməti 2022-ci ilin dövlət büdcəsi layihəsini həmin rüsumlar nəzərə alınmaqla tərtib etmişdir.
Mənbə: (tass.ru/ekonomika/)
Qazaxıstan hökuməti də buna oxşar mexanizm hazırlayaraq ixrac kvotasına qərar verdi. Qeyd edək ki, ötən il Qazaxıstanda buğda istehsalı keçən illə müqayisədə 1,8 milyon ton azalaraq 12.5 milyon tona düşübdür. Buna görə də, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi avqustun 15-dən etibarən 5-ci sinif yumşaq buğdanın və meslinin ixracına 6 aylıq kvota tətbiq etdi. (Mənbə: kazakh-zerno.net/)
Buğda ixrac edən ölkələrin “taxıl dempferi” siyasəti yumşaq desək, qlobal protoksionizmin açıq təzahürü olmaqla yaranmış “əlverişli fürsət”dən istifadə etməsi kimi izah oluna bilər. Buna kapitalizmin ağır şərtlərini diqtə edən “iqtisadi millətçilik” də demək mümkündür. Həmin ölkələr əslində baha qiymətə buğda satışlarından daha çox qazanmaq və qazanılan valyutanı kənd təsərrüfatının həmin sektoruna yönəltməklə istehsalçılara əlavə maddi motivasiyalar verməyi nəzərdə tutsa da, əsas niyyət xarici bazarlardakı digər ərzaq və sənaye qiymətlərindəki itkiləri buğda ilə kompensasiya etməyə hesablanmışdır.
Beləliklə, 2021-ci ilin sonlarında qlobal bazar səviyyəsində ixrac kvotalarının, yaxud “taxıl dempferi” kimi mexanizmlərin tətbiqi buğda idxalından asılı olan ölkələri ciddi qiymət dalğalanmaları ilə üz-üzə qoydu.
Ermənistanda çörək və un məmulatları ötən ilin sentyabr, oktyabr və noyabr aylarında hissə-hissə bahalaşıb. Taxıla olan tələbatının 70 faizdən çoxunu Rusiyadan asılı olan Ermənistanda buğda və unun qiymətləri 2021-ci ilin oktyabr ayının ilk günlərindən müşahidə edilib. Rusiyadan alınan buğdanın qiyməti hər ay bahalaşıb, 2021-ci ilin sentyabrında 14.500 rubla (təxminən 199 dollar) alınan buğda noyabrda 22 min rubla, yəni 290 dollara başa gəlib. Daşınma, nəqliyyat-gömrük, ƏDV də əlavə olunduqda 1 ton buğdanın son istehlak qiyməti 385 dollara çatıb. Ermənistan Avrasiya İttifaqının üzvü olduğundan Rusiya ona əlavə gömrük rüsumunu tətbiq etməyib, əks halda qiymət daha 15 faiz bahalaşmış olardı. (Mənbə: ru.armeniasputnik.am)
Nəticədə 50 kq-lıq bir kisə unun Ermənistan marketlərində qiyməti 16 min drama (38 dollar) qədər qalxıb. Bu, Azərbaycan manatı ilə 65 manat deməkdir. Unun bahalaşması çörəkbişirmə müəssisələrinə də ciddi təsir edib və son 4 ayda çörəyin qiyməti 30 fazidən çox bahalaşıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin sentyabr ayında çörək 30-50 drama (0,12 ABŞ dolları) satılıb. Sonrakı aylarda qiymət artımları yenə təkrarlanıb. Oktyabr ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə çörəyin və dənli bitkilərin qiyməti 11-17,3 % artıb ki, hazırda bu ölkədə 350-400 qram çəkidə çörəyin qiyməti 350 dram (0,75 dollar), manatla hesabladıqda 1 manat 20 qəpikdir. (Mənbə)
Gürcüstanda da çörək və un 2021-ci ilin ortalarından bahalaşmaqla sonrakı aylarda davam edib. Buğda ununun subsidiyalaşdırılması üzrə dövlət proqramının başa çatmasından sonra iyulda Gürcüstanda çörək təxminən 15 tetri (8 qəpik) bahalaşıb. Bir kisə (50 kq) unun qiyməti ötən ilin iyul ayında 60-62 lariyə (30-31 manat) satılıb. Ötən ilin dekabr ayında Gürcüstanda çörəyin və unun qiyməti təxminən yenidən 7-8 faiz bahalaşıb. Hazırda 0,5 kq çörəyin satış qiyməti 1,3-1,5 laridir (65-75 qəpik). (Mənbə: sputnik-georgia.ru/)
Yeri gəlmişkən, un və taxıl məhsulları təkcə tələbatı idxal hesabına təmin edən ölkələrdə deyil, eynilə ixracatçı dövlətlərdə də bahalaşmışdır. Məsələn, il ərzində 10-a yaxın ölkəyə ildə 40 milyon ton taxıl ixrac edən Rusiyada son bir ayda 0,5 kq çörəyin qiyməti 30 rubldan 36,13 rubla, yəni 65 qəpikdən 75 qəpiyə yüksəlib.
Burada bir məqama da diqqət yetirmək lazımdır. Dünya ölkələrinin böyük əksəriyyətinin buğda ilə özünütəminetmə səviyyəsi birbaşa idxaldan asılıdır. Latviya dünyada özünütəminetmə səviyyəsinə görə, ilk yerdə dayanır, 607,2 faiz. Yəni, istehlakdan əlavə 6 dəfə çox buğda tədarük olunur. Bu ölkədə ildə 2 milyon 371 min ton buğda istehsal edilir və özü 472 min ton idxal edir və əvəzində 2,4 milyon ton isə buğda ixrac olunur. Litva, Bolqarıstan, Kanada, Estoniya, Argentina, Avstraliya, Rumıniyada özünütəminetmə 204-424 faiz səviyyəsindədir. Fransa, ABŞ, Moldova, Ukrayna, Qazaxıstan, Rusiya, Slovakiya, Macarıstan, Almaniya, Danimarka, İsveç, Finlandiya, Çexiya, Xorvatiya, Polşa, Paraqvay, Pakistan, Hindistan kimi ölkələrdə isə buğda ilə özünütəminetmə səviyyəsi 100-200 fazi civarındadır. Yəni bu ölkələr də öz ehtiyaclarını tam ödəməklə bərabər, ixracla məşğuldur.
Dünyada təxminən 27-28 ölkə özünün buğda tələbatını yerli istehsal hesabına ödəyir. Digər dünya ölkələri isə (təxminən 160 ölkə) tələbatı idxal hesabına ödəməyə məcburdur. Qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 faiz, Azərbaycanda isə 58 faizdir. Uzun illər Azərbaycanın ərazilərini işğalda saxlayaraq taxıl sahələrini əkib istismar edən Ermənistanda bu rəqəm 31 faizə bərabərdir. Dünya ölkələrindən Koreya, Kolumbiya, Oman, Qətər, Küveyt, Tailand isə buğdaya olan tələbatını 100 faiz idxal hesabına ödəyir. (Mənbə: FAOStat).
Beləliklə, dünya ölkələrinin 80 faizinin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarmışdır. Çörəyin və un məmulatlarının bahalaşması beynəlxalq bazarlarda əmtəələrin qiymət dalğalanmaları fonunda 150-dən çox ölkədə baş verməkdədir.
Dünya bazarlarında taxıl məhsullarının və ərzaq buğdasının qiymət artımları 2021-ci ilin aprel-may aylarından müşahidə edilsə və bir çox ölkələr həmin dövrdə daxili bazarda bahalaşmaya qərar versə də, Azərbaycan hökuməti ötən ilin həmin aylarında çörəkbişirmə sənayesinin bütün yaranmış zərərlərini öz üzərinə götürmüşdür. Ölkəmizin buğda idxal etdiyi Rusiya və Qazaxıstan hələ 2021-ci ilin ilk aylarından qiymətləri bahalaşdırmış, ancaq Azərbaycan hökuməti yüksək qiymətlər şəraitində daxili bazardakı sabitliyi öz imkanları hesabına təmin etmişdir. (Mənbə: zmp.de/)
Yəni, faktiki olaraq 7 aydan artıqdır ki, hökumət müxtəlif vasitələrlə çörəkbişirmə müəssisələrinin artmış xərclərini qarşılayıb. Hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün taxıl idxalçılarına müxtəlif güzəştlər etmiş, daxili bazarda qiymətlərə müdaxilə edərək artıma yol verməmiş, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində çörəkbişirmə sənayesinin maliyyə vəziyyətinə müsbət təkan vermişdir.
Bütün dünya ölkələrində taxıl bazarı liberal qaydalar əsasında nizamlanmalıdır. Əslində daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi də doğru yanaşma deyil və liberal bazarın qanunlarına ziddir. Dövlət azad, liberal qiymətlərin formalaşması üçün tənzimləmələr apara bilər, liberal bazarı dəstəkləməklə rəqabət şəraiti yaratmaq və inhisarçılığın qarşısının alınması ilə bağlı tənzimləmələr həyata keçirmək onun funksiyasıdır. Dövlətin azad bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirməlidir.
İndi isə ortaya bir sula çıxır, niyə Azərbaycan xaricdən buğda və un idxal edir? Ölkəmizin yerli istehsal imkanları hesabına daxili tələbatı tam ödəmək niyə mümkün deyil?
Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon tondur. İdxal isə 1,3 min tona yaxındır. Azərbaycan buğda ilə özünü orta hesabla 59.5% səviyyəsində təmin edir. Buğda ehtiyatlarının təxminən 2.400 min tonu ərzaq məhsullarının (un və yarma) istehsalı, 510 min tonu isə yem tələbatını ödəmək üçün istifadə olunub, təxminən 225 min ton buğda (5%-i) isə itkiyə gedir. (Mənbə)
Yeri gəlmişkən, Azərbaycan Sovetlər dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin edirdi. Müstəqillikdən sonra isə bu göstərici təqribən 60% səviyyəsinə qədər yüksəlmişdir.
Azərbaycan təlabatın təxminən 40 faizini idxal hesabına ödəyir. İdxal olunan un təkcə çörək zavodlarına deyil, həm də un məmulatlarının hazırlanmasına yönəlir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya və Qazaxıstandır. Çünki həmin ölkələrin satdığı məhsulun qiyməti digər ölkələrlə nisbətdə həm ucuzdur, həm də daşınma xərcləri aşağıdır.
Ölkəmizin yerli istehsal olan ərzaq buğdası ilə təmin edilməsi ərzaq təhlükəsizliyi ilə bağlı strateji hədəflərdən biridir. Bu sahəyə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə baxmayaraq, keyfiyyətli buğda yetişdirmək və daxili təlabatı təmin etmək mümkün olmur. Bunun başlıca səbəbi isə torpaq resurslarımızın az olmasıdır, əkinəyararlı torpaqlarımız buğda ilə təminetməyə çatmır, həmçinin iqlim şəraiti əlverişsizdir. Hazırda ölkədə orta hesabla 650 min ha sahədə buğda əkilir, məhsuldarlıq orta hesabla 30 sent./ha bərabərdir.
Həmçinin Azərbaycanın təbii iqlim şəraiti də yüksək keyfiyyətli buğda yetişdirməyə imkan vermir. Belə ki, Azərbaycanda (xüsusilə Aran rayonlarında) buğdanın sünbülləmə və dəndolma dövrləri (may-iyun ayları ərzində) başa çatmamış temperaturun birdən birə kəskin şəkildə artması normal yetişmə prosesinin başa çatmasına imkan vermir, bu isə məhsuldarlığın azalması ilə yanaşı, keyfiyyətin də aşağı düşməsi ilə nəticələnir. Məhsul hər hektarda ən azı 8-9 sentner azalır.
Digər böyük problem ölkəmizdə su resurslarının az olmasındadır. Buğdanın 65 faizi normal su resursları olmayan yerlərdə becərilir. Ölkəmizdə 170 min təsərrüfat taxıl əkir, onların təxminən 100 mini su ilə tam təmin edilmir və bu amil becərilən buğdanın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buğdanın aşağı keyfiyyətli, böyük bir hissəsinin ərzaq üçün yararsız olması səbəbindən çörəkbişirmə sənayesi müəssisələri idxala daha çox üstünlük verir. Bu səbəbdən ölkəmizdə tələbatı tam təmin etmək mümkün olmur. (Mənbə)
Perspektiv nə vəd edir, Azərbaycanda taxıl əkini sahələrini genişləndirməklə buğda istehsalının həcmini artırmaq mümkündürmü?
Hökumətin buğda təminatı ilə bağlı proqnozları nikbindir. Ortamüddətli dövr üzrə daxili istehsal hesabına ölkəmizin buğda ilə özünütəminetmə səviyyəsinin 65-70 faizə qədər artacağı gözlənilir.
Hökumətin ortamüddəli dövrə aid proqramına əsasən, buğda əkini sahəsi 2025-ci ildə təqribən 660 min ha, 2030-cu ildə isə təqribən 690 min ha çatdırıla bilər, məhsuldarlığın isə müvafiq olaraq 33.2 sent./ha və 35.0 sent./ha çatacağı ehtimal edilir. Bu halda ölkədə buğda istehsalının həcmi 2025-ci ildə təqribən 2.2 milyon ton, 2030-cu ildə isə təqribən 2.4 milyon, idxalın həcmi isə təqribən 1.3 milyon ton olmaqla, özünütəminetmə səviyyəsi müvafiq olaraq 63% və 67%-ə yüksəlmiş olacaqdır. (Mənbə: Dövlət Statistika Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi)
Perspektiv dövr (2030-cu il) üzrə məhsuldarlıq səviyyəsi nəzərə alınmaqla belə ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin yaxşılaşdırmaq üçün əlavə təqribən 400 min ha əkin sahəsi lazımdır.
İşğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə qaytarılması proqnozların daha da artmasına, yəni buğda təminatının bir qədər də artacağına əsaslı zəminlər yaradır.
1990-cı ilə qədər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 40 faizə yaxını Qarabağ iqtisadi rayonunun payına düşürdü. 250 min hektardan çox məhsuldar torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi və həmin dövrə qədər ölkəmizdə taxıl istehsalının 14,3 faizi həmin ərazilərdən əldə edilirdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizin iqtisadiyyata reinteqrasiyası proseslərinə başlanılıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ənənəvi və müasir aqrar təsərrüfatların yaradılması işləri dayanmadan həyata keçirilməkdədir. Qiymətləndirmələrə görə işğaldan azad olunmuş ərazilərdə əkin sahələrinin təqribən 155 min hektar olacağı ehtimal edilir. Bura Ağdam və Füzuli rayonlarının işğala məruz qalmayan əraziləri daxil deyil. Proqnozlara görə, həmin torpaqlarda kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdıran dəstək tədbirləri nəticəsində yaxın illərdə kənd təsərrüfatında real artımın 9 faizi, o cümlədən ölkə üzrə buğda istehsalının 10-12 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əldə ediləcəkdir. (Mənbə: Kənd Təsərrüfatı Nazirliyi)
Bütün bu vəziyyətləri təhlil edən Azərbaycan hökuməti məhz bu əlverişsiz şərtlər çərçivəsində buğda istehsalının stimullaşdırılması üçün məhsuldar sortlardan, gübrələrdən və pestisidlərdən istifadəni təşviq edir, subsidiyaların həcminin və əhatəsinin genişləndirilməsi, texnika ilə təminatın gücləndirilməsinə dəstək verilir.
Sonda onu bir daha nəzərə almaq lazımdır ki, Azərbaycan özünü tam təmin edəcək həcmə buğda istehsal etsə belə, dünya bazarında qiymət artımı trendləri əvvəl-axır daxili bazara öz təsirini göstərəcək və nəticədə daxili qiymət dünya qiymətinə bərabərləşəcəkdir. Bir sözlə, “dünyada buğdanın qiyməti qalxıb – biz özümüzü 100% təmin edə bilmirik – məhz buna görə bizdə də buğdanın qiyməti qalxır” sayaq yanaşma və yaxud izahat iqtisadi reallıqlardan tamamilə uzaqdır.