Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanda taxılçılıq sahəsində vəziyyət, ölkəmizin buğda ilə təminatı və bu mövzuda digər fikirlərini paylaşıb. Tarixçi-professor hökuməti ölkəmizin buğda ilə təmin edə bilmədiyinə görə ittiham edərək bu istiqamətdə yürüdülən siyasətin sanki heç bir nəticə vermədiyini bildirir.
C.Həsənlinin iddiasına görə, əvvəllər Azərbaycan özünü taxıl məhsulları ilə təmin edirmiş, indiki hökumət taxıl istehsalının azalmasına səbəb olub. (Mənbə: azadliq.info).
Faktyoxla Lab. Cəmil Həsənlinin iddialarını araşdırıb.
Əvvəla, Azərbaycan Respublikası heç vaxt özünü 100 fazi taxılla təmin etməyib, sovetlər birliyi dövründə taxılla özünü təminetmə səviyyəsi indikindən 2 dəfə az olub. Sovet hakimiyyəti illərində Azərbaycanın buğdaya olan illik tələbatının 35 faizi daxili istehsal hesabına təmin edilib, qalan 65 faiz Ukrayna, Qazaxıstan, Belarus, Rusiyadan əldə olunan məhsulla öz həllini tapıb. Belə ki, Azərbaycanın kənd təsərrüfatının inkişafında ən yüksək göstəricilərin əldə edildiyi 1985-ci ildə dənli bitkilərin, yəni taxıl məhsullarının ümumi istehsal həcmi 1 milyon 297 min ton olub, sonrakı illərdə bu rəqəm sabit qalıb, 90-cı illərdə isə azalıb. 1997-98-ci illərdə aparılan aqrar islahatlar və hökumət dəstəyi, subsidiya mexanizmi və s. tədbirlər nəticəsində istehsal ilbəil artraraq 2005-ci ildə 2,1 milyon tonu ötüb.
Həmin illərdə, yəni 1985-ci ildə buğda və un istehsalının həcmi 407,8 min ton olub, 2005-ci ildə isə bu rəqəm 3,5 dəfə artaraq 1 milyon 374 min tona çatıbdır. (Mənbə: Dövlət Statistika Komitəsi).
(Mənbə: mida.gov.az)
Göründüyü kimi həmin illərdə əhalinin sayı 7,5 milyon nəfər olsa belə yerli buğda və un ilə təminatın üçdə iki hissəsi ittifaq respublikalarının hesabına təmin olunub
Yeri gəlmişkən, həmin illərdə Qarabağ və ətraf rayonlarda istehsal edilən buğda da ümumi taxıl ərzağı balansına daxil idi, bu isə illik ehtiyatların həcm göstəricisinin təxminən 15-18 faiz artmasına təsir edirdi. 30 ildir ki, həmin rayonlarda buğda yetişdirilmir və bu o deməkdir ki, buğda ilə özünü təminetmə səviyyəsi məhz bu rayonların əkin dövriyyəsindən kənarda qalması səbəbindən ən azı 15 faiz aşağı düşüb.
Cəmil Həsənli tutarlı arqument olmadan, heç bir fakt və dəlilə əsaslanmadan iddia edir ki, 2008-2015-ci illəri əhatə edən ərzaq proqramı taxılçılığın inkişafında heç bir müsbət rol oynamamışdır. Sitat: “Ölkə Prezidenti tərəfindən 2008-2015-ci illəri əhatə edən Ərzaq ehtiyatlarının təminatına dair Proqramı təsdiq edilərkən vəd verilmişdi ki, Azərbaycan bu proqramın icrası sayəsində idxaldan asılılığı aradan qaldıracaq və özünü yerli taxıl məhsulları ilə təmin edəcək”.
Həmin proqramı təqdim edirik. Bu Sənəddə Cəmil Həsənlinin qeyd etdiyi kimi buğda təminatının tam istehsal hesabına həll ediləcəyinə dair fikir, proqnoza heç bir bölüm, bənddə rast gəlinmir. Cəmil Həsənlinin bu iddiaları yanlışdır, saxtadır.
Həmin proqramda taxıl istehsalının illər üzrə yüksələməsinə dair əks olunmuş proqnozlarda göstərilib ki, sənədin icrasının yekun ilində, yəni 2015-ci ildə ümumilikdə dənli bitkilərin (taxıl) əkin sahələri 900 min hektara, məhsuldarlıq hər hektardan 32 sentnerə, ölkə üzrə taxıl məhsullarının istehsal həçmi 2,8 milyon tona çatdırılmalıdır.
İndi isə gəlin diqqət edək, proqramın icrası başa çatdıqdan sonra taxıl istehsalında hansı yekun göstəricilər qeydə alınıb. Proqramın icrasının yekunlaşdığı 2015-ci ildə taxıl əkini sahələri 940 min hektara, məhsuldarlıq isə 32 sentnerə çatdırılıb.
Mənbə: www.stat.gov.az
Həmçinin, 2008-ci ildə ölkə üzrə taxıl istehsalı 2,4 milyon ton olduğu halda 2015-ci ildə 2 milyon 922 mi tona çatdırılıb. Yəni, hədəf göstəricisi 2,8 milyon ton olduğu halda, 122 min tona artıq istehsal əldə edilib.
Mənbə: www.stat.gov.az
İqtisadi göstəricilər də tarixi sənəddir, təhrifi sevmir, amma göründüyü kimi ixtisasca tarixçi olan Cəmil müəllim açıq- aşkar tarixi sənədləri-iqtisadi faktologiyanı təhrif edir.
C.Həsənli iddia deyir ki, Ərzaq təminatı proqramını gercəkləşdirmək üçün regionların inkişafına 65-70 milyard dollar pul xərclənib. Bu, milli valyuta ilə 115-120 milyard manat pul deməkdir. (Mənbə/link: azadliq.info).
Bu məqama da aydınlıq gətirək. Məlumat üçün bildirək ki, hökumət ərzaq təminatı ilə bağlı regionlarda kənd təsərrüfatına ildə təxminən 600 milyon manat xərcləyib, 9 illik proqram çərçivəsində bu vəsait 5 milyard manatdan çox olmayıb. Bəli, 5 mlrd manat! Azərbaycan hökuməti son 20 ildə ümumilikdə, 4 Regional inkişaf, 12 məqsədli dövlət proqramları üzrə birlikdə 70 rayon üzrə nəqliyyat, kommunikasiya, infrastrukturlar, məktəb, xəstəxana, sosial obyektlər, tikinti-quruculuq, sahibkarlığın və aqrar sektorun inkişafına 80 milyard manata yaxın vəsait xərcləyib. Yəni, “Ərzaq təminatı proqramını gercəkləşdirmək üçün regionların inkişafına 65-70 milyard dollar pul xərclənib” iddiası ağlasığmazdır, ən optimist iqtisadçının belə fantaziyası buna qadir deyil.
Həsənlinin buğda təminatı ilə özünü təminetmə səviyyəsinin ildən-ilə pisləşməsinə dair fikirlərinə də aydınlıq gətirək.
2015-ci ildə buğda ehtiyatları ümumilikdə 3,8 milyon ton olduğu halda, 2020-ci ildə 4,04 milyon tona çatdırılıb. Ehtiyatların artımı isə birbaşa yerli istehsal hesabına baş verib. Belə ki, buğda istehsalı 2015-ci ildə 1,6 milyon ton, 2020-ci ildə isə 1,8 milyon ton təşkil edib. Yəni, yerli istehsal 200 min ton artıb.
Mənbə: Dövlət Statistika Komitəsi
Göründüyü kimi son illərdə buğda istehsalının artması hesabına Azərbaycanın özünü təminetmə səviyyəsi də yüksəlib.
Mənbə: Dövlət Statistika Komitəsi
C.Həsənlinin Azərbaycanın son illərdə Rusiyanın taxıl ticarətində partnyoruna çevrilməsi barədə fikirləri və burada sanki siyasi bir çalar axtarması da məntiqsizdir və iqtisadi savadsızlığın bariz nümunəsidir.
Belə ki, Azərbaycanın taxıl idxalında Rusiya Federasiyasına üstünlük verməsinin səbəbi məhsulun daha sərfəli daşınma xərcləri və ucuz başa gəlməsi ilə bağlıdır. Ölkəmizə taxıl təklif edən dövlətlər çoxdur: Baltikyanı ölkələr, Ukrayna, Qazaxıstan və digərləri. Onların sırasında nəqliyyat-logistika tarifləri, ixrac rüsumları, daşınma xərcləri və məhsulun qiymətini nəzərə aldıqda Rusiyadan alınan buğdanın maya dəyəri digərlərinə nisbətən 9-13 faiz ucuz başa gəlir. Azərbaycan il əraizndə 900 min ton buğda idxal edir, onun 90 faizi Rusiyanın payına düşür, nəticədə ümumi ticarət balansında təkcə buğdaya görə, ən azı 45-50 milyon dollar qənaət edilir. Başqa ölkələrdən, məsələn Ukraynadan bir ton buğda 283 dollardırsa, Rusiyadan Azod dənizi ilə daşınma qiyməti 261 dollardır. Latviya və yaxud Litvadan alındıqda, bu rəqəm 10 faiz artır. Macarıstan da taxıl satır, ancaq 310 dollardan ucuz deyil.
Bu isə dünya orta bazar qiymətidir. Yəni, ABŞ-dan tutmuş Fransa, Polşa, Latviya və Estoniyanın satdığı buğdanın bir tonunun qiymət tarifidir.
Rəqəmlərə diqqət etsək hansı ölkədən buğda alınmasının sərfəli olmasını rahatlıqla görmək olar. Bunun üçün tarixçi, alim, professor olmağa ehtiyac yoxdur. Amma burada bir nüansa var. Əgər C. Həsənlinin iddia etdiyi kimi addım atılsaydı, onda buğdanın və unun, ələxsus da çörəyin qiyməti daha 10-15 faiz də bahalaşardı. İndi, professordan soruşmaq lazımdır, hansı ölkə ucuz başa gələn məhsulu daha yüksək qiymətə satan ölkədən alar? Bu cür idarəçilik, iqtisadi nəzəriyyə harada var, kim düşünüb? Varmı bunun cavabı?
Bir məqamı da unutmayaq, C.Həsənli araşdırsa onu da görə bilər ki, taxıl idxalını hökumət həyata keçirmir və hakimiyyətin taxıl idxalından qazancı üçün heç bir iqtisadi əsas yoxdur, buğda və un idxalı ilə müxtəlif özəl şirkətlər məşğul olur. Dövlət idxaldan pul qazanmır, əksinə neçə illərdir ki, pul itirir. Nazirlər Kabineti idxala tətbiq edilən ƏDV-ni və gömrük rüsumlarını ləğv etməklə il ərzində on milyonlarla dollar xərci öz üzərinə götürür. Bunun mənasını izah etməyə ehtiyac var?
Ərzaq balansı məlumatlarına əsasən, Azərbaycanın buğda tələbatının təxminən 58 faizini yerli istehsal hesabına, 42 faizini isə idxal hesabına təmin edir. Yerli istehsalın tələbatı tam ödəməməsinin səbəbi isə ölkəmizin torpaq resurslarının məhdudluğu, əkinə yararlı torpaqlarımızın az olması, iqlim şəraitinin əlverişsizliyi və su resurslarının azlığıdır. Buğdanın 65 faizi normal su resursları olmayan yerlərdə becərilir. Belə problemlər təkcə Azərbaycana xas deyil, dünyanın 150-yə yaxın ölkəsi eyni problemi yaşayır.
Azərbaycan buğda ilə özünü təmin etmə səviyyəsinə görə, dünyada əksər ölkələrdən daha yaxşı vəziyyətdədir. Ümumiyyətlə, dünya cəmi 50 ölkə özünü buğda ilə 100 fazi təmin edir, 150 ölkə isə idxaldan asılıdır.
Mənbə: Kənd Təsərrüfatı Nazirliyi
C.Həsənli deyir ki, Arazın o tayında Muğan düzünün taxılı bütün İranı çörəklə təmin edir, amma bu tayın taxılı çörək üçün yararsız olur. Bəlkə taxıl yox, idarəçilik yararsızdır. 20 il ərzində o “yararsız” olan nəsnə niyə aradan qaldırılmayıb?
Milli Şura sədri yenə də rəqəm və faktlara deyil, anlayışı olmayan mövzuda, siyasi məqsədləri üçün qərəz və ambisiya dolu mühakimə yürüdür, qeyd edilən ölkələrin potensialları nəzərə alınmadan cəfəng müqayisələr aparır.
Azərbaycanda ümumilikdə dənli bitkilərin, yəni taxıl əkini sahəsinin həcmi 1 milyon 28 min hektardır, onun 649 min hektarında buğda əkilir. İranda isə taxıl sahələrinin həcmi 14,5 milyon hektardır, onun 6,8 milyon hektarında buğda əklir. İranda buğda ilə özünü təminetmə 99,3 faizdir.
Göründüyü kimi cənub qonşumuzda buğda sahələri bizimlə müqayisədə 11 dəfə yaxın çoxdur. İran ildə 14,5 milyon ton buğda toplayır, biz isə 2,1 milyon ton. Yəni 7 dəfə çox. Halbuki 11 dəfə çox buğda əkir. Məhsuldarlıq baxımından yəni onlarda 1 hektardan 24 sentner, Azərbaycanda isə 31 sentner buğda toplanır.
Arazın o tayında, Muğan düzündə məhsul aşıb-daşmır, sadəcə məsələyə bir az fərqli yanaşmaq və qərəzi, tənqidi bir müddət kənara qoyub, rasional baxmaq lazımdır.
Cəmil Həsənlinin digər ittihamı ondan ibarətdir ki, hökumətin ərzaq təminatı ilə bağlı heç bir proqramı yoxdur və buğda unu ilə təminetmə qarşıdakı illərdə daha da pisləşcək.
Bu iddianın əsassız olduğunu sadə misalla göstəririk. Cəmil müəllim, 2025-ci və 2030-cu illərə dair inkişaf hədəflərindən də görmək mümkündür ki, yaxın illərdə bütün bitkiçilik məhsullarının, o cümlədən dənli bitkilərin, ərzaq buğdasının həm əkin sahələri genişləndiriləcək, həm də məhsuldarlığın və istehsalın artırılması üçün tədbirlər görüləcəkdir.
Nəticə: Açığı bu mövzuda bu qədər məlumatsız olub, bu qədər arqumentsiz iddialarla ilk dəfədir rastlaşırıq. Bütün yazı boyu Cəmil Həsənlinin söylədiyi fikirlərin əsassız, yanlış və qeyri-kompitent olduğunu göstərdik. Axı, dövlətin ərzaq strategiyası ilə bağlı proqramlarında hər şey açıq-aydın yazılıb. Belə iddialarla sadə oxucunu, obıvateli layk xatirinə bir müddət aldatmaq olar, amma hər zaman və hamını deyil.