Erməni siyasətçilər, diplomatlar, jurnalistlər, sosial media istifadəçiləri qondarma erməni soyqırımını əks etdirən bir neçə foto və ya video paylaşırlar. Bu fotolardan “Çarmıxa çəkilmiş qadınlar” fotosu daha çox diqqət cəlb edir.

Ermənilər bu fotonu qondarma "soyqırımı" təsdiq edən foto kimi paylaşırlar:

 Faktyoxla Lab. bu fotonun həqiqi olub-olmadığını araşdırıb.

Araşdırma zamanı bəlli olur ki, bu foto orijinal deyil, qondarma erməni soyqırımına həsr olunmuş və həmin hadisələrin "şahidi "Arşalyus (Avrora) Mardiqanyan ifadələri əsasında çəkilmiş “Qəsb olunmuş Ermənistan” (“Ruhların hərracı”) filmindən götürülüb.

Ermənilərin 1915 hadisələrinin simvolu kimi təqdim etdikləri, “Qəsb olunmuş Ermənistan” (“Ruhların hərracı”) filminin baş qəhrəmanı Avrora Mardiqanyan 1901-ci ildə Osmanlının Derzim bölgəsində (indiki Tunceli-red.) anadan olub. "1915 hadisələri" zamanı Suriyaya köç ediblər.

Erməni mənbələrinə görə, səhrada yaşadıqları vaxt 14 yaşlı Arşalyus oğurlanmış və 85 ABŞ sentinə qul bazarında satılmışdır. “2 il sonra köləlikdən qaçmış, lakin yenə tutularaq kölə kimi işlədilmişdir. Derzim dağlarından 1500 km-dən çox yolu 18 aya bitki və bitki kökləri yeməklə, meşələrdə, mağaralarda gizlənməklə, ayaqyalın qət edərək Rusiya ordusunun nəzarətində olan Ərzuruma çatmışdır. Erməni Milli Birliyi və Amerika Yardım Komitəsinin Ermənistan və Suriya üçün yardım şöbəsinin köməyi ilə əvvəl Tbilisiyə, sonra Sankt-Peterburqa, oradan Osloya, daha sonra Nyu-Yorka (ABŞ) getmişdir. Nyu-Yorkda erməni ailəsi tərəfindən övladlığa götürülmüş və "başına gələnləri" jurnalistlərə nəql etmişdir. Haqqında Nyu-York və Los-Anceles qəzetlərində məqalələr verilmişdir”.  mənbə

Mətndən də göründüyü kimi Avrora Mardiqanyanın taleyi reallıqdan uzaqdır və daha çox yazıçı təxəyyülünün, ssenarinin məhsuludur. Onun danışdıqları əsasında “Qəsb olunmuş Ermənistan” kitabı yazılmış (1919) və erməni milyonçunun sahibi olduğu “Selig Polyscope” şirkəti tərəfindən “Ruhların hərracı” filmi çəkilmişdir (1919). Həm kitab, həm də film real hadisələr deyil, sadəcə özünü hadisə şahidi kimi qələmə verən bir qızın söylədiklərinin motivləri əsasında hazırlanıb.

14 yaşlı qız Suriya səhralarında 2 dəfə qul kimi satılır, hər ikisində köləlikdən qaçır, Tuncelidən 1500 km-lik məsafəni piyada qət edərək nədənsə məhz Rusiya qoşunlarının nəzarətində olan Ərzuruma, oradan Tbilisiyə, St-Peterburqa, Osloya, nəhayət Nyu-Yorka gəlib çıxır. Haqqında məqalələr, kitab yazılır (900 min tirajla satılıb) və film çəkilir (30 milyon dollar gəlir gətirir).

Avrora Mardiqanyan danışdığı hadisələrin təsirini artırmaq üçün zaman keçdikcə yeni əfsanələr uydurmağı da bacarmışdır. Misal üçün, həmin filmin çəkilişindən 70 il sonra tarixçi Entoni Slideyə filmin ssenarisinin daha pis olduğunu demiş, qadınların kiçik ölçülü xaçlara keçirilməsi, dağlanması haqda ağlasığmaz nağıllar danışmışdır. istinad

Beləliklə,

Ermənilərin “soyqırım”ın simvolu kimi təqdim etdikləri foto real deyil, özünü hadisə şahidi kimi qələmə verən bir qızın söylədiklərinin motivləri əsasında çəkilmiş filmdən götürülüb.