Axtarış

Select theme:

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

“JAMnews” Gürcüstanda bir sıra jurnalist və redaktor tərəfindən 2009-cu ildə təsis edilmiş qeyri-hökumət təşkilatı olan "Go Group Media”-ya məxsusdur. Təşkilat 2016-cı ildə yaradılarkən Böyük Britaniyanın Münaqişələr, Sabitlik və Təhlükəsizlik Fondundan (UK Conflict, Stability and Security Fund, CSSF) ilkin dəstək almışdır. Onun indiki əsas donorları arasında Avropa Demokratiya Fondu (European Endowment for Democracy) dayanır. Sonradan Avropa Demokratiya Fondu (EED), Aİ, UNDP, COBERM və “Open Society Georgia Foundation" (Soros Fondu) kimi donorlar qeyd olunur.

Fəaliyyətin ilkin mərhələsində regiondan peşəkar jurnalistlər və ekspertlərdən ibarət komanda formalaşdırılmış, ödənişli abunəlik tələb etməyən onlayn məzmuna üstünlük verilən layihə başladılmış və 2016-cı ilin avqustundan aktiv olan “Twitter” (X) hesabı daxil olmaqla rəqəmsal nümayəndəliklər yaradılmışdır.

Sayt Gürcüstan, Ermənistan, Azərbaycan, Abxaziya, Cənubi Osetiya və qismən Şimali Qafqazı əhatə edir. İngilis, rus, gürcü, erməni və Azərbaycan dillərində gündəlik xəbərlər, analiz və insan hekayələri dərc edir. Özünü regionun müxtəlif tərəflərindən jurnalistləri bir araya gətirən, “insanların bir-birini daha yaxşı tanıması” üçün platforma kimi təqdim edir.

Açıqlamalarına görə, yaranmasından sonra “JAMnews” regionda jurnalistika standartlarını yüksəltmək məqsədilə əsas tərəfdaşlıqlar quraraq fəaliyyətini genişləndirmişdir. Xüsusilə, Estoniya Beynəlxalq İnkişaf və Əməkdaşlıq Mərkəzi ilə əməkdaşlıq edərək Gürcüstanda reportajları qiymətləndirən və təsis olunduğu gündən bəri bir çox jurnalistə mükafat təqdim edən "Şuki" ("İşıq") jurnalist mükafatını təsis etmişdir.

Platformanın əsas idarəedici heyəti Gürcüstandakı mərkəzi ofisdən fəaliyyət göstərir:

  • Margarita Axvlediani – Baş redaktor və proqram direktoru. Layihənin ümumi redaksiya siyasətinə, beynəlxalq əlaqələrinə və donor hesabatlılığına rəhbərlik edir;
  • David Pipia – Kreativ direktordur. Platformanın vizual media, multimedia layihələri və texniki inkişaf strategiyasını idarə edir;
  • Maia Tsiklauri – Veb-redaktor. Saytın onlayn idarəçiliyinə və materialların beş dildə koordinasiyasına cavabdehdir;
  • Maka Tsnobiladzedir – icraçı direktodur.

“JAMnews” regional şəbəkə olduğu üçün onun vahid bir ölkədə böyük işçi ştatı yoxdur. Bunun əvəzinə hər regionda yerli bürolar və redaktorlar fəaliyyət göstərir.

Layihənin Bakı (Azərbaycan), Yerevan (Ermənistan) və Tbilisi (Gürcüstan) ofislərində yerli dilli bölmələrə rəhbərlik edən redaktorlar fəaliyyət göstərir. Bundan əlavə, Abxaziya və Cənubi Osetiya icmalarından olan xüsusi koordinatorlar var. Bəzi yerli redaktorların adları əksər hallarda ictimai profillərdə açıq qeyd edilmir.

“JAMnews” regionun müxtəlif şəhər və kəndlərindən olan 11-50 nəfər arasında daimi və sərbəst jurnalist, fotoqraf və videoqrafla əməkdaşlıq edir.

Saytda müntəzəm olaraq çıxış edən politoloqlar, iqtisadçılar və sosioloqlar layihənin rəsmi əməkdaşı olmasalar da, müqavilə əsasında pullu analizlər təqdim edirlər.

Platforma "Go Group Media" tərəfindən idarə olunan xüsusi metodologiya əsasında işləyir. Regionda baş verən siyasi və hərbi hadisələri eyni anda hər bir tərəfin yerli ekspertlərinin, rəsmi mövqelərinin və sakinlərinin “baxış bucağı” ilə təqdim edir.

Beynəlxalq media monitorinq təşkilatlarının (məsələn, AllSides Media Bias reytinqi) hesabatlarında “JAMnews” Cənubi Qafqaz regionu üzrə faktlara əsaslanan və birtərəfli dövlət təbliğatından uzaq media orqanı kimi təsnif edilsə də, yerli ictimaiyyətdə, bu platformanın fəaliyyətinə və neytrallıq prinsiplərinə münasibət birmənalı deyil. Tənqidçilər nəşrin yanaşmalarında obyektivlik balansının pozulması ilə bağlı hər zaman narahatlıqlar bildirirlər.

Platformanın ana təşkilatı olan “Go Group Media” 2009-cu ilin fevralında Tbilisi şəhərində təsis edilmiş, kommersiya məqsədi güdməyən, qeyri-hökumət və media təşkilatıdır. Əsas missiyası Cənubi Qafqazda münaqişələrin transformasiyasına “töhfə vermək, tərəfsiz peşəkar jurnalistikanı inkişaf etdirmək və vətəndaş jurnalistikası vasitəsilə regionlardakı yerli əhalinin səsini cəmiyyətə çatdırmaqdır”.

Bu təşkilat tək bir şəxsin biznes layihəsi deyil, bir qrup beynəlxalq və yerli ekspert tərəfindən kollektiv şəkildə qurulub. Rəsmi olaraq onun üç əsas həmtəsisçisi var:

Marqarita Axvlediani (Margarita Akhvlediani)

Gürcüstanlı hərbi reportyor, redaktor və münaqişə analitiki, “JAMnews”-un yaradıcısı və rəhbəridir. O, rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə səfərlər edib, oradakı separatçı qüvvələrlə görüşlər keçirib. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkənin suverenliyi və qanunlarını pozduğu üçün "arzuolunmaz şəxslər" siyahısına salınıb.

2013-cü ilin may ayında o, beynəlxalq bir tədbirdə iştirak etmək üçün Bakıya gəlsə də, Heydər Əliyev Beynəlxalq Hava Limanında dövlət sərhədindən keçməsinə icazə verilməyib.

Uzun illər boyu jurnalist olaraq Axvlediani "neytrallıq" adı altında işğalçı tərəflə işğala məruz qalan tərəfi bərabərtutma siyasəti yürüdüb. Azərbaycan tərəfi isə bu yanaşmanı işğal faktının və separatizmin leqallaşdırılması cəhdi kimi qiymətləndirib. “JAMnews”-da Qarabağla bağlı yayımlanan bəzi materiallarda erməni tezislərinə və separatçıların "baxış bucağına" geniş yer verilməsi ölkə ictimaiyyətində onun fəaliyyətinə qarşı ciddi neqativ rəy yaradıb.

O, 26 sentyabr 1962-ci il-də Gürcüstanda anadan olub, bu ölənin  vətəndaşıdır, hazırda Tbilisidə yaşayır və fəaliyyət göstərir.

Böyük Britaniyanın York Universitetində Siyasi Fəlsəfə üzrə magistr dərəcəsi alıb. Həmçinin ABŞ-nin Kolumbiya Universitetində “Jurnalistika və Travma” haqqında  tədqiqatlar aparıb. “Stanford” Universitetində "Knight Fellow" təqaüdçüsü olub.

1990-cı illərdən etibarən Qafqazdakı etnik münaqişələri və vətəndaş müharibələrini işıqlandıran hərbi jurnalist kimi fəaliyyətə başlayıb. 2002–2008-ci illərdə London mərkəzli Müharibə və Sülh İşıqlandırılması İnstitutunun (IWPR) Qafqaz üzrə proqram direktoru və regional redaktoru vəzifəsində çalışıb.

Axvlediani IWPR-nin Qafqaz üzrə proqram direktoru işləyərkən böyük beynəlxalq büdcələrin idarə olunması, layihə təkliflərinin yazılması və beynəlxalq donorlardan vəsaitlərin cəlb edilməsi (fandreyzinq) sahəsində geniş şəbəkə və peşəkar təcrübə qazanmışdır.

Tomas de Vaal (Thomas de Waal)

Cənubi Qafqaz və xüsusilə keçmiş “Ermənistan-Azərbaycan münaqişəsi” üzrə ixtisaslaşmış britaniyalı analitik, jurnalist və yazıçı. Əvvəllər Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin kökü ilə bağlı qismən obyektivlik sərgiləsə də, sonradan tam ermənipərəst mövqeyi ilə yaddaşlarda qalıb.

 Mariam Betlemidze 

Gürcüstanlı media mütəxəssisi və idarəçi. Kaliforniya Universiteti, San-Bernardininin dosentidir.

“Go Group Media”nın mənfəət, zərər və ya səhmdar dividendi kimi klassik kommersiya maliyyə hesabatları mövcud deyil. Təşkilatın bütün maliyyə dövriyyəsi layihə əsaslı qrantlardan ibarətdir.

Belə ki, qurum əsasən Qərb fondları, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin ayırdığı vəsaitlər hesabına maliyyələşir. Aparılan təhlil göstərir ki, “Go Group Media”nın ictimaiyyətə açıq, detallı maliyyə hesabatı (illik audit rəyləri, gəlir-xərc cədvəlləri və ya spesifik qrant müqaviləsinin məbləğləri) mövcud deyil.

Qurum adekvat maliyyə resursları və işçi heyəti ilə fəaliyyətini davam etdirir. Sadəcə olaraq, açıq mənbələrdə dəqiq rəqəmləri və maliyyə axınlarını izləməyə imkan verən ilkin sənədləri əldə etmək məhduddur. Qərbdən maliyyələşən bir çox Cənubi Qafqaz media layihələrində olduğu kimi, donorlar adətən qeyd olunur, konkret müqavilə məbləğləri isə ictimaiyyətə açıqlanmır.

Məlumdur ki, Gürcüstandakı xarici maliyyə şəffaflığı qanunları (2024-cü ildən “xarici təsir”/qrant qaydaları, sonra əlavə məhdudiyyətlər) qəbul edildikdən sonra donor maliyyəsi alan media və QHT-lərin işini çətinə saldı. “JAMnews” və oxşar platformalar bu müzakirədə adətən xarici qrantla yaşayan media kimi qeyd olunur.

Müxtəlif illərdə və hazırda təşkilata birbaşa maliyyə dəstəyi verən əsas donor proqramları bunlardır:

  • Böyük Britaniyanın "Münaqişə Fondu" (UK's Conflict Pool)
  • COBERM (BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Münaqişələrin Etimad Quruculuğu və Erkən Reaksiya Mexanizmi)
  • ABŞ-nin Gürcüstandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)
  • Avrasiya Əməkdaşlıq Fondu (Eurasia Partnership Foundation)
  • Free Press Unlimited (Niderland Media İnkişaf Təşkilatı)
  • Açıq Cəmiyyət Gürcüstan Fondu (Open Society Georgia Foundation)
  • Finlandiya Media Fondu (The Finnish Foundation for Media)
  • Conciliation Resources (Böyük Britaniyanın sülh quruculuğu təşkilatı)

Başqa donor siyahılarında qeyd edilən adlara Avropa Komissiyası və Visegrad Fondu da əlavə olunur. Amma burada da məbləğ göstərilmir. Bir sözlə, təşkilatın illik maliyyə hesabatı, müstəqil auditor rəyi, qrant müqavilələrinin məbləğ cədvəli, Gürcüstan Anti-Korrupsiya Bürosunun bu quruma aid dərc olunmuş qrant bəyannaməsi, “USASpending / EU Financial Transparency System”-də birbaşa “Go Group Media / 204566317” üzrə sabit, təkrarlanan böyük ödəniş sətrinə rast gəlinmir. 

Maliyyələşmə metodları və mexanizmlərinə gəldikdə deyə bilərik ki, “JAMnews”-un ana təşkilatı olan “Go Group Media” beynəlxalq fondların elan etdiyi müsabiqələrə (məsələn, regional inteqrasiya, sülh quruculuğu, nifrət nitqi ilə mübarizə) proqram təklifləri verir. Təsdiq olunan qrantlar 12-24 aylıq dövrləri əhatə edir.

Bu layihə eyni vaxtda bir neçə donordan qrant alır. Beynəlxalq media standartlarına görə, tək bir fonddan asılılığı azaltmaq üçün ümumi büdcənin fərqli donorlar arasında bölüşdürülməsi (diversifikasiya) metodundan istifadə olunur.

“JAMnews” həm də Qafqaz Jurnalistika Məktəbinin (CAC School) resurslarından yararlanır. Bura ayrılan təhsil qrantları regiondakı gənc reportyorların ezamiyyətlərini, təlimlərini və sahə araşdırmalarını maliyyələşdirir.

Alınan qrantlar əsasən Cənubi Qafqazın müxtəlif bölgələrində fəaliyyət göstərən onlarla yerli jurnalistin maaş və qonorarlarına, “JAMnews”-un materiallarının eyni anda 4-5 dilə peşəkar tərcüməsinə, saytların kiberhücumlardan qorunması və server xərclərinə.

Bu arada, təşkilatın əsas sponsoru Böyük Britaniyanın “Münaqişələr, Sabitlik və Təhlükəsizlik Fondu” (UK Conflict, Stability and Security Fund, CSSF) haqda məlumat verək.

Böyük Britaniya Hökumətinin xaricdəki münaqişələri həll etmək, sabitliyi təmin etmək və bununla da Birləşmiş Krallığın milli təhlükəsizliyini qorumaq məqsədilə yaratdığı rəsmi dövlət fondudur.

Fond rəsmi olaraq 1 aprel 2015-ci ildə fəaliyyətə başlayıb və ondan əvvəl mövcud olan Münaqişələrin Qarşısının Alınması Fondu (Conflict Prevention Pool) layihəsini əvəz edib. Fond birbaşa Böyük Britaniyanın Milli Təhlükəsizlik Şurasının (National Security Council) strateji hədəflərinə xidmət edir və onun nəzarəti altındadır.

Fondun strukturu vahid bir nazirliyin deyil, Böyük Britaniya Hökumətinin 17 fərqli departament və agentliyinin (xüsusilə Xarici İşlər, Birlik və İnkişaf Ofisi, Müdafiə Nazirliyi və s.) birgə əməkdaşlıq etdiyi çarpaz hökumət fondudur (cross-government fund).

Qurulduğu dövrlərdə illik büdcəsi 1 milyard funt-sterlinqdən çox olub. Son illərdə (məsələn, 2022–2023-cü maliyyə ilində) ümumi xərcləmələri təxminən 830-870 milyon funt-sterlinq civarında dəyişib.

“Go Group Media”-nın əsas təhsil layihəsi olan “CAC School” (Caucasus Authors’ Course, Qafqaz Müəlliflərinin Kursu) haqda məlumat verməyi vacib bildik. 2009-cu ildə Gürcüstanda təsis olunub. Təşkilatı 2009-cu ildə jurnalist və redaktorlar qrupu yaradıb. Rəhbəri və həmtəsisçisi Margarita Axvledianidir.

Bu məktəb universitet diplomu vermir, işləyən gənc jurnalistlər üçün intensiv, praktik və regional xarakterli ixtisasartırma proqramıdır. Əsas məqsəd Cənubi Qafqazda onların maraqlarına xidmət edən jurnalistikanı gücləndirmək, eyni zamanda bölünmüş icmalardan olan gənc media işçilərini bir-biri ilə tanış etmək və əməkdaşlıq şəbəkəsi qurmaqdır.

“CAC School” 2011–2012-ci illərdə sınaq rejimində başlamış, 2012 və 2013-cü illərdə ilk iki buraxılışını vermiş, 2014-cü ildə üçüncü dövrəyə keçmişdir. 2017-ci ildə Britaniya Səfirliyində diplomların təqdim olunması mərasimi keçirildiyi məlum olur. O zaman kurs təxminən 8 ay davam etmiş və Cənubi Qafqazın müxtəlif yerlərindən, o cümlədən münaqişə ərazilərindən 12 gənc jurnalist iştirak etmişdir. 2014-cü ilin dekabrında Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) maliyyə dəstəyi ilə Londonda sərhədlərarası seminar təşkil olunmuş, Abxaziya və Cənubi Osetiyadan olan iştirakçılar da daxil olmaqla 10 jurnalist toplanmışdır.

Məktəbin aktiv peşəkar jurnalistlər üçün nəzərdə tutulduğu və seçimin ciddi müsabiqə ilə aparıldığıl qeyd edilir. Üstünlük karyerasının əvvəlində olan, jurnalistikanı gələcəyi ilə bağlayan və təlimçilərlə ünsiyyət üçün rus dilini yetərincə bilən namizədlərə verilib.

Kurikulum dörd əsas modul üzərində qurulub:

- yaradıcı yazı və araşdırma jurnalistikası;

- konfliktin təhlili və reportajı;

- foto və multimedia;

- video, televiziya və sənədli film istehsalı.

Əlavə olaraq jurnalist etikası, müasir janrlar və beynəlxalq media standartları bütün kurs boyu vurğulanır.

Təşkilatın düşüncəsinə görə, bu gənclər bir neçə ildən sonra regionun media məzmununu formalaşdıracaq və münaqişələrin gələcəyi onların jurnalist seçimlərindən asılı olacaq.

Layihə müxtəlif dövrlərdə Böyük Britaniyanın “Conflict Pool”, COBERM, ABŞ-nin Gürcüstandakı Səfirliyi, “Eurasia Partnership Foundation”, Finlandiya Media Fondu, “Free Press Unlimited”, “Conciliation Resources”, “Open Society Georgia Foundation”, “Dart Center for Trauma and Journalism” və Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (EUMM) tərəfindən dəstəklənmişdir.

Proqramın əsas fərqi odur ki, tələbələr yalnız Gürcüstan, Ermənistan və Azərbaycandan deyil, Abxaziya, Cənubi Osetiya və digər münaqişə zonalarından da seçilir. Beləliklə, münaqişə tərəflərindən olan gənc peşəkarlar eyni sinifdə tanış olur, birgə işləyir və bəzən uzunmüddətli əməkdaşlıq qururlar. Təlimçilər də regionun müxtəlif yerlərindən gəlir. Əsas təlim onlayn keçirilir ki, işləyən jurnalistlər işlərini dayandırmasınlar. Buna neytral ərazidə keçirilən üzbəüz seminarlar əlavə olunur. Üzbəüz dərslərdə bir təlimçi eyni anda 3-4 nəfərdən çox tələbə ilə işləmir.

Xatırladaq ki, fəaliyyətə başladığı dövrdən 44 günlük Vətən müharibəsinə qədər “JAMnews” saytında “Dağlıq Qarabağ” adlı xüsusi alt-kateqoriya mövcud olub. Yalnız Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə və işğaldan azadetmə əməliyyatlarından sonra nəşrin strukturunda dəyişikliklər edilmiş, “Nagorno-Karabakh” coğrafi bölgəsi digər separatçı zonalara aid edilən kateqoriyalar sırasından çıxarılmışdır.

“JAMnews” öz fəaliyyətini adətən "münaqişə bölgələrində səsi eşidilməyən insanlara tribuna yaratmaq" və "sülh jurnalistikası" kimi humanist prinsiplərlə pərdələyir. Lakin təcrübə göstərir ki, bu cür platformalarda separatçı bölgələrdən (keçmiş Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya) gələn materiallar çox vaxt yerli de-fakto rejimlərin təbliğat xəttinə xidmət edir. Əgər həqiqətən də insan hüquqları və demokratiya prioritet olsaydı, həmin ərazilərdəki hərbi xunta rejimlərinin, fundamental azadlıqların boğulmasının və qondarma strukturların tənqidi şahidi olardıq.

Halbuki Azərbaycanın suveren ərazilərində qanunsuz rejim dövründə yerli sakinlərin hüquqlarının real şəkildə müdafiə olunduğunu, yaxud separatçı idarəçiliyin obyektiv tənqid edildiyini görmədik. Əksinə, yanaşma tez-tez birtərəfli və siyasi manipulyasiyalara əsaslanan çərçivədə qurulub. Təşkilatın təhsil proqramlarında (məsələn, CAC School) və materiallarında Xankəndi kimi Azərbaycan şəhərlərinin adının qarşısında ölkə mənsubiyyətinin qəsdən qeyd edilməməsi, yaxud xüsusi regional təyinatların seçilməsi bu siyasətin məqsədli şəkildə aparıldığını bir daha təsdiqləyir.

Gürcüstanda qeyri-kommersiya hüquqi şəxs kimi qeydiyyatda olan “Go Group Media”-nın illik gəlir-xərc cədvəllərini, hər bir fondun ayırdığı dəqiq məbləğləri və maliyyə bölgüsünü ictimaiyyət üçün açıqlamaması ciddi tənqidə səbəb olur. Özünü şəffaflığın və insan haqlarının carçısı elan edən bir medianın maliyyə mənbələri və xərcləri barədə qapalı davranması onun obyektivliyinə böyük kölgə salır və hədəfli siyasi sifarişlərlə işlədiyinə dair şübhələri gücləndirir.

Redaksiya heyətində və ya frilanserlər arasında müxtəlif millətlərin təmsil olunması kağız üzərində "regional və balanslı komanda" təəssüratı yaratmaq məqsədi daşıyır. Lakin seçilən simalar və onların əvvəlki fəaliyyətləri (məsələn, rəhbər şəxs Margarita Axvledianinin Azərbaycanın "qara siyahısı"nda olması və əvvəlki illərdə işğal olunmuş ərazilərə qanunsuz səfərləri) redaksiya siyasətinin mahiyyətini deyil, sadəcə fasadını bəzəməyə xidmət edir.

Hər hansı bir erməni müəllifin Ermənistanın dövlət siyasətini, işğalçılıq tarixini və ya daxili aqressiv revanşist meyillərini dərindən və tənqidi şəkildə işıqlandırdığına demək olar ki, rast gəlinmir. Amma Azərbaycanla bağlı mövzularda isə daim birtərəfli, qərəzli və ittihamedici xətt üstünlük təşkil edir. Bu da komandadakı milli müxtəlifliyin real obyektivlik üçün deyil, məhz müəyyən siyasi mesajları ötürmək üçün alət kimi istifadə olunduğunu göstərir.

 

 

Oxşar məqalələr: