Son günlər Ermənistan mediasında və xüsusilə telegram kanallarında Azərbaycanda metro və avtobuslarda Ermənistan ərazisində olan bəzi toponimlərin Azərbaycan adları ilə verilməsi haqda məlumatlar paylaşılır.

Narahatlıq keçirən erməni jurnalist və bloggerlər sırasına qanunları pozduğu üçün bir müddət Azərbaycanda həbs həyatı yaşamış və sonradan əfv edilmiş, bloqer Aleksandr Lapşin də qoşulub və o, “Facebook” səhifəsində video paylaşaraq Azərbaycan tərəfini Ermənistana qarşı ərazi iddialarında ittiham edib.

 

Faktyoxla Lab. bu məsələyə aydınlıq gətirib.

Əvvəla, Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarına səfəri zaman KİV nümayəndələrinə və ölkə vətəndaşlarına müraciət edərək qədim Azərbaycan torpaqlarının öz adları ilə çağırılmasının düzgün olduğunu qeyd etmişdi. Prezident müraciətində ermənilərin "Vardenis" adlandırdığı ərazinin əslində Basarkeçər, "Yerasx"ın isə qədim adının Arazdəyən olduğunu bildirmiş və bu toponimləri gələcəkdə əsl adları ilə çağırmağı təklif etmişdi.

Bakı Nəqliyyat Agentliyi də dövlət başçısının çağırışına qoşularaq “Tarixə Yazılan Adlar” aksiyasına start verib. Aksiyanın məqsədi qədim Azərbaycan yurd yerlərinin tarixi adlarını yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Aksiya çərçivəsində müntəzəm marşrut xətləri üzrə avtobuslarda, eləcə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki elektron məlumat tablolarında posterlər yayımlanır. 

İkincisi, Ermənistanın qədim Azərbaycan torpaqlarında yaradıldığını nəzərə alsaq, həmin toponimlərin Azərbaycan dilində olmasında qəribə heç nə yoxdur. Sadəcə olaraq Azərbaycan ictimaiyyəti Prezidentin çağırışına qoşularaq tarixi ədaləti bərpa etməyə çalışır.

Üçüncüsü, unutmaq lazım deyil ki, 30 il müddətinə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan özü həmin ərazilərdə olan qədim toponimləri dəyişdirərək erməniləşdirməyə çalışıb.  Bu günə kimi də ermənilər Laçın rayonuna “Berdzor”, Kəlbəcərə “Karvacar”, Ağdama “Akna”, Füzuliyə “Veranda” deyirlər və bu siyahını xeyli uzatmaq olar. Azərbaycan ərazilərini 30 il işğalda saxlayan, tarixi torpaqların, toponimlərin adlarını dəyişərək qondarma adlar qoyan Ermənistanın bu məsələdə belə narahatlıq keçirməsi, qeyzlənməsi anlaşılan deyil.  

Nəhayət, dördüncüsü, İrəvan metrostansiyalarından birində asılan xəritədə Azərbaycan (Naxçıvan, Qarabağ), Gürcüstanın, İranın bəzi əraziləri, Şərqi Anadolu və hətta Qara dənizin bir hissəsini “Böyük Ermənistan” ərazisini göstərilməsi və yayılması hansı məntiqə sığır? Və ən əsası, belə bir düşüncəyə sahib bir dövlətin və onun vətəndaşlarının Azərbaycanı qədim ərazilərinin adlarını öz adları ilə çağırmasına görə ittiham etməsinin məntiqli izahı varmı?

Və yaxud yaxın qonşu ölkələrin ərazisini "Böyük Ermənistan" kimi təqdim edilən bu fotoya diqqət edin. Foto 6 oktyabr 2020-ci ildə Fransanın Overn-Rona-Alp regionunda erməni diaspor mərkəzlərindən birində çəkilib. (Fotonu Twitter-də @laurentwauquiez paylaşmışdı)