Sosial mediada Azərbaycanda “uşaqpulu” mövzusunda müzakirələr, iddialar davamlı şəkildə yayılmaqdadır. Bəzi ekspertlər iddia edirlər ki, ölkəmizdə dövlətin uşaqlara sosial qayğısı çox aşağı səviyyədədir, dövlət büdcəsindən uşaqların sosial müdafiəsi, təminatı ilə bağlı vəsaitlərin məbləği yetərsiz həcmlərdədir. Onlardan biri Vahid Məhərrəmli iddia edir ki, Azərbaycan hakimiyyəti indiyə qədər uşaq pulların verilməsi ilə bağlı qərar qəbul etməyib.
Faktyoxla Lab. bu mövzuya 1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi günü bir daha aydınlıq gətirməyə çalışıb.
Hazırda ölkədə təxminən 20-yə yaxın sosial müavinət növü vardır, müxtəlif proqramlar çərçivəsində maliyyələşdirilən müavinətlərin 13-ü məhz uşaqların sosial müdafiəsini nəzərdə tutur. Belə ki, uşaqların sosial təminatı əsas etibarilə:
• “Sosial müavinətlər haqqında”,
• “Əmək pensiyaları haqqında”,
• “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlar,
• “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”,
• “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə
• “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” təlimat
və digər sosial qanunvericilik sənədləri və normativ hüquqi-aktlar əsasında tənzimlənir.
1)Hazırda ölkəmizdə uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət verilir, ötən il ölkəmizdə həyata keçirilən 4-cü sosial paketin icrasından sonra bu müavinətin məbləği 500 manata çatdırılıb. mənbə
2) Aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına verilən aylıq müavinətin məbləği isə 100 manata bərabərdir. mənbə
3) 3 yaşınadək uşağa qulluğa görə aylıq müavinət növü vardır. Bir yaş yarımadək uşağa qulluğa görə 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə 28 manat məbləğində müəyyənləşdirlib.
4) Ailə başçısını itirməyə görə uşaqlara aylıq 120 manat müavinət ödənilir.
5) Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin məbləği də 120 manat təşkil edir.
6) Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün 200 manat müavinət ödənilir. istinad
7) Övladlığa götürülən uşağa görə təyin edilmiş müavinətin həcmi isə aylıq 200 manatdır.
8) Övladlığa götürülən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin aylıq məbləği isə 600 manat təşkil edir. Həmçinin, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manatdır. mənbə
9) 5-dən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. mənbə
2018-2023-cü illər ərzində bu müavinətin məbləği 3,5 dəfə artırılaraq 105 manata çatdırılıb. Hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dən çoxdur. Bir ailəyə düşən həmin müavinətin aylıq məbləği 525 manat təşkil etməklə ölkə üzrə orta aylıq əməkhaqqını 60 faizinə bərabərdir ki, bu da kifayət qədər yaxşı göstəricidir. mənbə
10) Müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün aylıq 120 manat məbləğində müavinət ödənilir.
mənbə
11) Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə, yəni uşaqlara aylıq və ya birdəfəlik müavinət ödənilir. Aylıq müavinətin məbləği peşə-əmək qabiliyyətini itirmiş şəxsin hər ailə üzvü üçün 33 manat, həlak olduqda isə minimum aylıq əməkhaqqı məbləğində (345 AZN) təşkil edir. istinad
12) Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir. mənbə
13) Şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların övladları, sağlamlıq imkanları məhdud 95 mindən çox uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət ödənilir. mənbə
Bütün bu sosial müdafiə və təminatlarla yanaşı, bir çox sosial kateqoriyalar üzrə uşaqlara əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Şəhid ailələrinin, müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunublar. istinad
Uşaqların sosial təminatında ən iritutumlu və say baxımından ən əhatəli sosial dəstək proqramı “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında müəyyənləşən müavinət və yardımlardır. mənbə
(məlumat 2019-cu ilə aiddir)
Bu gün ölkəmizdə 70 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir ki, bu da təxminən 300 minə yaxın vətəndaş deməkdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin üzvlərinin 60 faizini isə uşaqlar təşkil edir, yəni yardımla əhatə edilən insanların 200 min nəfəri uşaqlardır. Hazırda ünvanlı sosial yardımın aylıq orta məbləği təxminən 450 manat təşkil edir ki, 4 nəfərlik ailə üzrə nəzərə aldıqda bir nəfərə düşən yardımın həcmi 113 manata bərabərdir. Yəni bir ailədə hər ay təxminən 230 manat vəsait uşaqlara bu yardım formasında çatdırılır.
Beləliklə, bir neçə sosial istiqamət, 10-dan artıq müavinət və yardım, müxtəlif sosial kateqoriyalardan olan təyinatlar üzrə sosial təminatlarla əhatə olunmuş uşaqların sayı 600 mindən çoxdur. Bu ölkə üzrə uşaqların təxminən 40 faizi deməkdir. istinad
Dövlətin uşaqların sosial həyatının yaxşılaşmasına yönəlmiş bu əhatəli tədbirləri ilə yanaşı, uşaqların reabilitasiya yönümlü, səmərəli sosial xidmətlərlə təminatı da aparılan siyasətin təzahürlərindəndir. Müxtəlif proqramlar çərçivəsində onlara davamlı sosial qayğı göstərilir.
Bunlardan başqa, dövlət hər il büdcədən ən azı 50 milyon manat həcmində vəsaiti uşaqların təhsil, səhiyyə və s. sosial xərclərinə yönəltməklə güzəştlər edir. Belə ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bir milyona yaxın keçmiş məcburi köçkün ailələrinin uşaqlarının da ödənişli təhsilini dövlət qarşılayır. Eləcə də, I və II dərəcə əlilliyi olan şəxslərin övldalarının, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərcləri də dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur. Həmçinin, hazırda ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunublar ki, bütün bunlar da uşaqlara olan sosial dəstək tədbirlərinin bir növüdür. istinad
Göründüyü kimi dövlətin büdcə və büdcədənkənar fondları, eləcə də digər mənbələr hesabına maliyyələşdirdiyi sosial proqramlar və təyinatlı tədbirlər üzrə ayrılan vəsaitlərin əhəmiyyətli bir hissəsi uşaqların sosial müdafiəsinə yönəldilir.
2024-cü ilin dövlət büdcəsində 2024-cü ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 542,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 226,3 milyon manat və ya 5,2 faiz çoxdur. Həmin xərclərin əhəmiyyətli bir hissəsi birbaşa uşaqların sosial müdafiəsini nəzərdə tutur. Büdcədə sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyətəminatı üçün 2,6 milyard manat vəsait nəzərdə tutulub ki, həmin məbləğin yarsısı müavinət, təqüd, sosial yardımla birgə uşaqların müdafiəsi üçün hesablanıb və bu məbləğ 1,3 milyard manata yaxın vəsaitdir. Həmçinin, ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat vəsait nəzərdə tutulub ki, onun yarısı da uşaqların sosial müdafiəsini nəzərdə tutur. Digər sosial tədbirlər üzrə bu məbləğ 300 milyon manata yaxındır. (Mənbə. 2024-cü ilin icmal və dövlət büdcələrinin layihələrinin təqdimatı. Səh 29)
Beləliklə, büdcədəki 4,5 milyard manat sosial müdafiə xərclərin təxminən 1,9-2 milyard manatı məhz uşaqların sosial müdafiə və təminatına yönəlmiş xərclərdir. Bundan başqa, hökumət gənc ailələrin gəlir əldetmə imkanlarını stimullaşdırmaq üçün Özünüməşğulluq proqramını icra edir ki, burada da əsas sosial fəlsəfə həmin ailələrdə böyüyən uşaqların daha yaxşı sosial həyat şəraiti ilə əhatə olunmasıdır. Həmin proqram çərçivəsində hər il təxminən 10 min insan seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər. 2018-2023-cü illərdə həmin proqram çərçivəsində 61 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq işlə təmin olunub. mənbə
Beləliklə,
• Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət çərçivəsində 600 mindən çox uşağa dayanıqlı və əhatəli sosial qayğı göstərilməkdədir.
• Mövcud sosial siyasət tədbirlərinin nəticələri onu göstərir ki, dövlətin uşaqlara olan həssas münasibəti, diqqət və qayğısı heç də az deyil və ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri məhz uşaqların sosial müdafiəsidr.