 
                                    
                                                                    
                                Bir neçə gün öncə sosial medianın Türkiyə seqmentində yenə Azərbaycana qarşı əsassız iddialar səsləndirilib. Belə ki, “Tuğberk” adlı “X” hesabında BMT–nin son iclasından şəkil paylaşılaraq "Netanyahunun BMT-dəki çıxışı zamanı zalı tərk etməyən ölkə kimdir bilirsiniz? Azərbaycan!" -deyə yazılıb.
Faktyoxla Lab. bu saxta iddianın mənbəyini araşdırıb.
Əvvəla onu qeyd edək ki, Netenyahunun çıxışı ilə Azərbaycan nümayəndə heyətinin alqışlaması tamamilə ayrı-ayrı iclaslarda qeydə alınıb və bu fotonu yayanlar ilk saxtakarlığı burada ediblər.

Bu saxta iddianın detallarına varınca, ilk gözə gələn məqam, Benjamin Netanyahunun geyimindəki fərqlərdir. Saxta məlumatın mənbəyində təqdim edilən fotoda B.Netenyahu göy rəngli qalstukdadır.

Amma İsrail Baş naziri BMT Ali Sessiyasında tribunada qırmızı rəngli qalstuk taxdığı görüntülənir. aljazeera

Digər məqam, pencəyin yaxalığındakı nişan və bayraqlarla bağlıdır. Saxta iddiadakı fotoda Netanyahunun pencəyinin yaxasında bizdən sağda İsrail bayrağı, sol tərəfdə isə qızılı rəngli lent var.

Sonuncu tədbirdə çəkilən şəkildə isə sağda İsrail bayrağı, sol yaxasında isə 7 oktyabr hadisələri zamanı həyatını itirən və girov götürülən İsrail vətəndaşları haqda məlumatları əks etdirən “QR kod” olan nişandır.


3-cü detal. Azərbaycan nümayəndə heyətinin alqışlamasına gəlincə isə, videonun orijinalında aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin möhtəşəm çıxışını bitirdikdən sonra Azərbaycan nümayəndə heyəti digər iştirakçılar kimi məhz onun çıxışını alqışlayıblar. Bu iddia da saxta olduğu qədər əxlaqi baxımdan tərbiyəsizlikdir.
Bu məsələni araşdırarkən maraqlı bir məqama da rast gəldik. Məlum oldu ki, “Türkiyeteyit” faktyoxla səhifəsi mövcuddur və bu profil faktyoxla prinsiplərinə zidd olaraq açıq-aşkar saxta iddianı doğrulamağa çalışıb.

"Türkiyeteyit"-in həm “Instagram”, həm də “X” hesablarını incələdiyimiz zaman bu profilin “Beynəlxalq Sosial Media Dərnəyi” ilə yaxın olduğunu müəyyənləşdirdik. Belə ki, dərnəyin rəhbəri Said Ercan özünün “X” hesabından dəfələrlə adı çəkilən faktyoxla səhifəsinə dəstək olmağa çağırıb.


Said Ercan isə bir neçə gün öncə Fələstinə getmək üçün yola çıxan “Beynəlxalq Sumud gəmisi”nin heyətinə qatılanlardandır. Hətta bu şəxs həmin gəmidən canlı yayın da açdığı məlum olur.

Türkiyədə hər zaman ölkəmizə qarşı aqressiyası ilə seçilən “İHH fondu”nun prezidenti Bülent Fehim Yıldırımla yaxın münasibətləri olan bu şəxsin özünün də Azərbaycana qarşı qərəzi onun paylaşımlarından hiss olunur.


Bundan başqa araşdırmalarımız zamanı bu dezinformasiyanı hazırlayan şəxslərin qısa adı “MİSMED” olan “Milli Sosial media fenomenləri dərnəyi” ilə sıx əlaqədə olduğunu müəyyənləşdirdik. Belə ki, sözü gedən statusu paylaşan “Tuğberk” adlı hesabın statuslarının altından yazılan rəylərdə dərnəyin sədri Ramazan Şahinin sosial media hesablarından (@ramazansahin3444 və ramazansahin34) mütəmadi yazdıqları rəylərə rast gəlirik. Misal üçün, Alperen Şengün adlı idmançının dua etdiyini göstərən videonu da Ramazan Şahindən sonra Tuğberk də paylaşıb.


Bu ilin martında “Tuğberk” adlı istifadəçinin anasının vəfat etməsi ilə bağlı yazdığı statusa ilk reaksiya verib başsağlığı yazan Ramazan Şahin olub.
Bəs, “Tuğberk” adlı istifadəçi kimdir?
Apardığımız araşdırmalar zamanı müəyyənləşdirdik ki, həmin şəxs İspaniyada yaşadığı deyilən Tuğberk Özkaradır.

O, 2021-2024 illərdə Manisa Cəlal Bayar Universitetində “Kompyuter mühəndisliyi” fakültəsində oxuyub, daha sonra isə İspaniyada San-Sebastiyan şəhərində komputer üzrə həm çalışıb, həm də təhsil alıb. 2023-cü ilin sonlarından təhsil üçün İspaniyaya getdiyini özü “X” hesabında bildirib.
Tuğberk orada yaşasa da mürtəce fikirlərindən dönməyib və ətrafında özünə uyğun düşüncəli şəxslərin çoxluğu bunu sübut edir. Məsələn, bu şəxsin dostluğunda Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən dailyummah.com saytının təsisçisi Ensar Çalışkanı görmək olar.

Qeyd edək ki, “dailyummah” saytı Azərbaycanla bağlı “Avroviziya” dezinformasiyasını yayan əsas dezinformatorlardan biri idi.

Düşünürük ki, şəkildəki sağ üst küncdə görünən “İHH” reklamı bu saytın kimin nəzarətində olduğunu göstərir.
Bundan başqa, İranın yaydığı Xəzər dənizində İsrailə aid PUA qalıqlarının tapılması ilə bağlı dezinformasiyanı 3 iyulda özünün "X" hesabında paylaşmışdı.

Bu şəxslərin hesablarındakı paylaşımlarından müəyyən bir təriqətə (indiki halda “İsmayılağa camaatı”-red.) aid olduqları anlaşılır.


İslam dininin sülh və qarşılıqlı anlayış dini olduğunu unudan bu insanlar təfriqə yaradır, inanclı insanlar arasında ayrı-seçkilik edir, hətta onlar kimi düşünməyənləri, hətta öz dindaşı olsa belə təhqir etməkdən belə çəkinmirlər. Biz bunu həm “Tuğberk” adlı hesabda və onunla eyni düşüncəni paylaşan digər hesablarda görürük.
Nəticə:
- Sosial mediada “Tuğberk”adlı “X” hesabının Azərbaycanla bağlı paylaşdığı status ölkəmizə qarşı hazırlanan növbəti təxribatdır;
-Bu statusda istifadə olunan şəkil montajdır və bu tədbirdən çəkilən videoların orijinalında Azərbaycan nümayəndə heyəti yoxdur;
-Montajı hazırlayanlar Türkiyə-Azərbaycan münasibətlərini korlamaq istəyən radikal dini qruplaşmalardır və bu qruplaşmalar yeni dünya düzənində Azərbaycanla Türkiyənin birgə hərəkət etməsini istəmirlər;
-Bu və buna bənzər profillər daha əvvəl də Azərbaycana qarşı yazılı və vizual təxribatlar hazırlayıblar.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        