Axtarış

Select theme:

Al Tani ailəsi, sistemi və çirkli oyunları - I Hissə

Qətər 1971-ci ildə Böyük Britaniyadan ayrılaraq müstəqillik əldə etdiyi gündən çox əvvəl – 1851-ci ildən bəri fasiləsiz olaraq Al Tani sülaləsi tərəfindən idarə olunur.

Sülalənin hakimiyyəti Şeyx Məhəmməd bin Tani ilə başlayıb (1868-ci ildə Böyük Britaniya onu Qətərin rəsmi hakimi kimi tanıyıb).

1871–1913-cü illərdə Qətər Osmanlı İmperiyasının formal tərkibində olsa da, yerli idarəçilik Al Tani şeyxlərinin (xüsusilə müasir Qətərin qurucusu sayılan Şeyx Casim bin Məhəmmədin) əlində qalıb. 1916–1971-ci illərdə isə Qətər Britaniya protektoratı altında Al Tani əmirləri tərəfindən idarə edilib.

Böyük Britaniya Fars körfəzindən çəkildikdə Qətər BƏƏ-yə birləşməkdən imtina edərək müstəqilliyini elan etdi və hakimiyyət yenə Al Tani sülaləsində qaldı. Müstəqillik dövründə ölkəyə cəmi dörd hökmdar (Əmir) rəhbərlik edib və 2013-cü ilə qədər hakimiyyət dəyişikliklərinin hamısı saray çevrilişləri ilə baş verib.

1851-ci ildən 2013-cü ilə qədər Qətərdə hakimiyyət dəyişiklikləri ya hökmdarın ölümü, ya da ailədaxili (əmi-qardaşoğlu və ata-oğul) saray çevrilişləri ilə baş tutb.

Hazırki əmirin atası kimi, babası Şeyx Xəlifə bin Həməd Al Tani də 22 fevral 1972-ci ildə qansız saray çevrilişi edərək öz əmisi oğlu Əmir Şeyx Əhməd bin Əli Al Tanini taxtdan salıb.

Şeyx Həməd bin Xəlifə Al Tani. Mənbə: Mohamad ESLAMI RAD / Gamma-Rapho via Getty Images

Hətta tarixi istehza ondadır ki, 1972-ci ildə əmisi oğlunu xarici səfərdə olarkən devirən Şeyx Xəlifə 23 il sonra (1995-ci ildə) özü İsveçrədə səfərdə olarkən eyni ssenari ilə öz oğlu tərəfindən devrilib.

O zamankı əmir Şeyx Əhməd bin Əli Al Tani dövlət işlərinə maraq göstərmir, vaxtının çoxunu İsveçrədəki villalarında, Livandakı kazinolarda və İranda şahinlərlə ov səfərlərində keçirirdi. 1971-ci ilin sentyabrında Qətər Böyük Britaniyadan müstəqillik qazandıqda belə, o, rəsmi tədbirə qatılmayaraq Cenevrədə qalmışdı.

Şeyx Əhməd bin Əli Al Tani

Neft gəlirlərinin böyük hissəsi ölkənin inkişafına deyil, əmirin və onun yaxın çevrəsinin şəxsi lüks həyatına xərclənirdi.

Həm vəliəhd, həm də Baş nazir olan əmisi oğlu Şeyx Xəlifə bütün dövlət işlərini təkbaşına idarə edirdi. Xalq və hakim ailənin əksəriyyəti ölkəni faktiki idarə edən şəxsin rəsmi əmir olmasını istəyirdi.

1972-ci ilin fevralında Əmir Şeyx Əhməd İranın cənubunda şahin ovu səfərində olarkən, Şeyx Xəlifə Al Tani ailəsinin ağsaqqallarının və ordunun dəstəyini alaraq hərəkətə keçir, səhər saatlarında ordu və polis strateji binaları, sarayı və sərhədləri nəzarətə götürür. Hər hansı bir müqavimət göstərilmədən və bir güllə belə atılmadan ölkədə hakimiyyət ələ keçirilir.

1995-ci il çevrilişindən fərqli olaraq, 1972-ci il çevrilişi həm Qətər xalqı, həm də Səudiyyə Ərəbistanı və Böyük Britaniya tərəfindən dərhal və müsbət qarşılanır. Çünki bu addım "ata-oğul üsyanı" deyil, qabiliyyətsiz bir hökmdarın işlək bir dövlət adamı ilə əvəz olunması kimi qəbul edilirdi.

Devrilmiş əmir Şeyx Əhməd əvvəlcə Dubaya (Dubay əmiri onun qayınatası idi), daha sonra isə Londona gedir və 1977-ci ildə orada vəfat edir.

Beləliklə, 2013-cü ilə qədər Qətər tarixində hakimiyyət dəyişiklikləri məhz bu cür – xarici səfərdə olan hökmdarın saray çevrilişi ilə devrilməsi ənənəsi üzrə baş verib.

Yalnız 2004-cü il Konstitusiyası qəbul edildikdən sonra hakimiyyətin Al Tani sülaləsinin digər qollarına keçməsi qanunla yasaqlandı və taxt yalnız Şeyx Həmədin birbaşa oğul nəslinə məxsus edildi.

1995-ci il çevrilişi

1995-ci il Qətərdə dövlət çevrilişi 27 iyun 1995-ci ildə vəliəhd şahzadə Şeyx Həməd bin Xəlifə Al Taninin İsveçrədə səfərdə olan atası Əmir Şeyx Xəlifə bin Həməd Al Tanini qansız saray çevrilişi ilə taxtdan salması nəticəsində baş verib.

Ata və oğul

1992-ci ildən etibarən Qətərin gündəlik dövlət işlərini faktiki olaraq vəliəhd Şeyx Həməd idarə edirdi. Lakin 1995-ci ilin əvvəllərində atası Şeyx Xəlifə oğluna verdiyi bu səlahiyyətləri geri almağa çalışır və bu da ata ilə oğul arasında ciddi siyasi qarşıdurmaya səbəb olur.

Şeyx Həməd atasını neft və qaz gəlirlərini şəxsi məqsədlər üçün mənimsəməkdə və dövlət büdcəsindən yayındırmaqda ittiham edirdi.

1995-ci ilin iyununda Əmir Şeyx Xəlifə istirahət və müalicə məqsədilə İsveçrənin Cenevrə şəhərinə səfərə yollanır. Silahlı qüvvələrin baş komandanı və müdafiə naziri olan Şeyx Həməd bu fürsətdən istifadə edir.

O, Qətər dövlət televiziyası ilə xalqa qısa müraciət edərək hakimiyyəti ələ aldığını elan edir, çıxışında "Baş verənlərdən məmnun deyiləm, amma bu edilməli idi və mən bunu etməli idim" ifadəsini işlədir.

ABŞ, Böyük Britaniya və Fransa başda olmaqla aparıcı Qərb dövlətləri bir neçə gün ərzində Şeyx Həmədi Qətərin yeni qanuni əmiri kimi tanıyırlar.

Cenevrədə olan devrilmiş əmir Şeyx Xəlifə oğlunun addımını "cahil bir adamın anormal davranışı" adlandıraraq hakimiyyəti geri qaytaracağına söz verir. Lakin Şeyx Həməd atasının xaricdəki bank hesablarını dondurduğu üçün Şeyx Xəlifə maliyyə imkanlarından məhrum olur və Fransada, daha sonra isə BƏƏ-də mühacirət həyatı yaşamağa başlayır.

1995-ci il çevrilişi Körfəz və ərəb monarxiyaları tərəfindən "valideynə üsyan və pis nümunə" kimi kəskin narazılıqla qarşılanır, bu proses hazırkı əmirin ailə daxilindəki legitimliyini möhkəmləndirmək üçün hakimiyyətin dinc yolla ötürülməsinə zəmin yaradır.

İslam ənənələrində və ərəb qəbilə mədəniyyətində atanın xüsusi müqəddəs statusu olduğu üçün oğlun öz atasına qarşı bu cür davranışı Körfəz ölkələrinin cəmiyyətlərində və saraylarında şok effekti yaradır.

Bu narazılığın nəticəsi olaraq BƏƏ və Səudiyyə Ərəbistanı devrilmiş əmir Şeyx Xəlifəyə sığınacaq verir və onu hələ də Qətərin qanuni hökmdarı kimi qəbul edərək 1996-cı ildə onu taxta qaytarmaq üçün dəstək verirlər.

Bu prosesin Şeyx Təmimə təsiri

Şeyx Həməd atasını devirdiyi üçün illərlə həm ölkə daxilindəki bəzi qəbilələr, həm də qonşu ölkələr onun hakimiyyətinin legitimliyini şübhə altına alırdılar. Məhz bu tarixi ləkəni silmək və sülalə daxilində yeni bir nifaqın qarşısını almaq üçün Şeyx Həməd 2013-cü ildə öz istəyi ilə taxtı oğlu Şeyx Təmimə təhvil verdi. Bununla o, Qətər tarixində dinc yolla hakimiyyətə gələn ilk əmir imicini yaratdı.

1995-ci il çevrilişi və 1996-cı il əks-çevrilişi Qətərlə Səudiyyə Ərəbistanı və BƏƏ arasında silinməz iz buraxdı. Şeyx Təmim hakimiyyətə gəldikdə artıq atasından qalan bu "soyuq müharibə"ni miras alır.

"Əbu Əli əməliyyatı" 14 fevral 1996-cı ildə (Ramazan ayında) devrilmiş əmir Şeyx Xəlifə bin Həməd Al Tanini yenidən hakimiyyətə qaytarmaq məqsədilə həyata keçirilən, lakin Qətər kəşfiyyatı tərəfindən son anda qarşısı alınan silahlı qiyam planıdır.

Planın Qətər daxilindəki əsas təşkilatçısı əmir Şeyx Həmədin əmisi oğlu və keçmiş polis rəisi Şeyx Həməd bin Casim bin Həməd Al Tani idi. Ona ordudan və polisdən olan onlarla yüksəkrütbəli zabit qoşulmuşdu. Qiyamçılar 14 fevral gecəsi Dohada yerləşən Əl-Rəyyan sarayına basqın edərək Əmir Şeyx Həmədi ev dustağı etməyi planlaşdırırdılar. Eyni vaxtda dövlət televiziyası, kəşfiyyat idarələri və strateji hərbi obyektlər ələ keçirilməli idi. Plana əsasən, daxili qüvvələr nəzarəti ələ alan kimi Səudiyyə Ərəbistanı sərhədindən minlərlə silahlı qəbilə döyüşçüsü (xüsusilə Əl-Murra qəbiləsi) və Çaddan gətirilmiş 3000-ə yaxın muzdlu döyüşçü Qətərə daxil olmalı idi. Əməliyyata dəstək üçün fransız xüsusi təyinatlılarından ibarət muzdlu qrup (keçmiş fransız zabiti Pol Barrilin rəhbərliyi ilə) da cəlb edilmişdi. Lakin Qətər təhlükəsizlik qüvvələri bu cəhdin qarşısını alırlar.

Əməliyyata saatlar qalmış iştirakçılardan biri – aşağı rütbəli bir Qətər zabiti planı dövlət rəhbərliyinə xəbər verir. Əmir Şeyx Həməd dərhal ölkədə fövqəladə vəziyyət elan edir, sərhədləri bağlayır və bütün şübhəliləri həbs etdirir. Eyni zamanda, Qətərin müraciəti ilə Fransa Prezidenti Jak Şirak işə qarışaraq sərhəddə gözləyən qüvvələrin hücumunu dayandırmaq üçün bölgə liderlərinə təzyiq göstərir.

BƏƏ-də olan devrilmiş əmir Şeyx Xəlifə planın ifşa olunduğunu və qanlı qırğın baş verəcəyini görərək əməliyyatı dayandırmaq əmri verir.

2000-ci ildə Qətər məhkəməsi çevriliş cəhdində təqsirli bilinən 33 nəfərə (o cümlədən Şeyx Həməd bin Casimə) ömürlük həbs cəzası verir, lakin onların bir qismi illər sonra əfv edilirlər.

Ata ilə oğul arasındakı münasibətlər yalnız 2004-cü ildə normallaşır. Həmin il Şeyx Xəlifə Qətərə qayıdır və ömrünün sonuna (2016-cı ilə) qədər orada yaşayır. Şeyx Həməd isə hakimiyyəti dövründə "Al Jazeera" telekanalını qurur, ölkəyə böyük investisiyalar cəlb edir və 2013-cü ildə taxtı öz oğlu Şeyx Təmimə təhvil verir. Şeyx Təmimin anası Şeyxa Moza Qətərin əsas hakim qəbiləsindən deyil, vaxtilə Şeyx Xəlifəyə müxalif olmuş qəbilədəndir. Bu amil də ailədaxili balanslarda Şeyx Təmimin öz yerini möhkəmləndirmək üçün daha ehtiyatlı və barışdırıcı siyasət yürütməsinə təsir edir.

Qətərdə sülalə idarəçiliyi

"Ata Əmir" titulu daşıyan Şeyx Həməd bin Xəlifə Al Tani 12 iyul 2026-cı ildə vəfat edib. Şeyx Təmim bin Həməd Al Tani 2013-cü ildən etibarən Qətər Dövlətinin əmiridir

Qətər Dövləti irsi mütləq monarxiyadır və ölkənin ali hakimiyyət sistemindəki bütün strateji, güc və maliyyə postları hakim Al Tani ailəsinin əlində cəmləşib.

Nazirlər Kabinetindəki digər texnokratik postlar isə sülaləyə sadiq olan nüfuzlu Qətər qəbilələrinin nümayəndələri arasında bölüşdürülüb.

Qətər Nazirlər Kabinetinin və ali dövlət aparatının tam tərkibi aşağıdakı kimidir:

Ali rəhbərlik və əmirin yaxın ailə üzvləri

  • Şeyx Təmim bin Həməd Al Tani (Əmir). Dövlətin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Ali İqtisadi İşlər və İnvestisiyalar Şurasının sədridir.

     

  • Şeyx Abdullah bin Həməd Al Tani (Əmirin müavini / Vəliəhd statusunda). Əmirin ögey qardaşıdır və 2014-cü ildən ölkənin ikinci şəxsidir. Eyni zamanda dövlətin əsas gəlir mənbəyi olan “QatarEnergy” şirkətinin Direktorlar Şurasının sədri və Əmirlik Divanının nəzarətçisidir.

   

  • Şeyx Casim bin Həməd Al Tani (Əmirin şəxsi nümayəndəsi). Əmirin doğma qardaşıdır (keçmiş vəliəhd şahzadə) və ən həssas diplomatik tapşırıqları yerinə yetirir.
  • Şeyx Xəlifə bin Həməd Al Tani (Daxili İşlər Naziri). Əmirin doğma qardaşıdır. Eyni zamanda elit daxili təhlükəsizlik qüvvələri olan "Ləxviyə"nin (Lekhwiya) komandanıdır.
  • Şeyx Cövan bin Həməd Al Tani (Qətər Olimpiya Komitəsinin prezidenti). Əmirin doğma qardaşıdır və ölkənin qlobal idman strategiyasına rəhbərlik edir.
  • Şeyxa Moza bint Nasir (Əmirin anası). Rəsmi nazir postu tutmasa da, təhsil, elm və sosial layihələri idarə edən nəhəng “Qətər Fondu”nun həmtəsisçisi və sədridir.
  • Şeyxa Əl-Məyassa bint Həməd Al Tani (Qətər Muzeylərinin sədri). Əmirin doğma bacısıdır və ölkənin milyardlarla dollarlıq incəsənət və mədəniyyət aktivlərini idarə edir.
  • Şeyxa Hind bint Həməd Al Tani (Qatar Foundation-ın vitse-prezidenti və icraçı direktoru). Əmirin doğma bacısıdır və ölkənin ali təhsil sisteminə nəzarət edir.

Şeyx Təmimin birinci dərəcəli əmisi oğlanları dövlət idarəçiliyində nazir postu tutmurlar. 2005-ci il Konstitusiyasına əsasən, hakimiyyət xətti yalnız Şeyx Həməd bin Xəlifə Al Taninin birbaşa nəslinə (yəni Şeyx Təmimin özünə, qardaşlarına və övladlarına) şamil edilib.

Əmirin digər qohumları (o cümlədən uzaq əmisi oğlanları və əmisi nəvələri) ya biznes və mədəniyyət sahəsinə yönləndirilib, ya da açıq siyasi müxalifətə keçiblər.

Mühacirətdə olan və hazırkı iqtidarı qəbul etməyən Al Tani ailəsinin üzvləri:

  • Şeyx Əbdüləziz bin Xəlifə Al Tani (Əmirin böyük əmisi). Şeyx Həmədin böyük qardaşı və 1972–1992-ci illərdə Qətərin Neft və Maliyyə naziri. 1992-ci ildə hakimiyyət mübarizəsində qardaşına uduzduqdan sonra Fransaya mühacirət edib. 2011-ci ildə və 2017-ci il böhranı zamanı Qətər müxalifətinin və xarici qüvvələrin onu alternativ lider kimi gündəmə gətirdiyi barədə məlumatlar yayılıb.
  • Şeyx Sultan bin Suheym Al Tani

Atası Şeyx Suheym Qətərin ilk xarici işlər naziri olub və 1985-ci ildə qardaşına qarşı çevriliş hazırlamaqda ittiham edilib. Şeyx Sultan 2017-ci il böhranı zamanı Parisdə yaşayarkən Səudiyyə Ərəbistanının tərəfinə keçib və Şeyx Təmim Hökumətini sərt tənqid edərək "ailə toplantısı" (hakimiyyət dəyişikliyi) çağırışı edib.

Buna cavab olaraq Qətər Hökuməti onun ölkədəki əmlakını müsadirə edib və bank hesablarını dondurub.

  • Şeyx Abdullah bin Əli Al Tani 1972-ci ildə devrilmiş əmir Şeyx Əhmədin qardaşıdır. O, 1949–1960-cı illərdə hakimiyyətdə olmuş əmir Əli bin Abdullah Al Taninin oğludur. Abdullah bin Əli, 1960–1972-ci illərdə hakimiyyətdə olan Xəlifə bin Həməd Al Tani tərəfindən devrilən əmir Əhməd bin Əlinin qardaşıdır.

2017-ci ildə Qətər böhranı zamanı o, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən əmir Təmimə alternativ olaraq təqdim edilmək cəhdi ilə əlaqələndirilib. 2017-ci ilin avqustunda Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyi ilə görüşü bu şəkildə şərh edilib. 2018-ci ilin yanvarında o, Əbu-Dabidə olduğunu və “girov” / “istəksiz saxlanıldığını” iddia edən video yayıb.

Bundan sonra o, Qətər böhranını və SƏK–BƏƏ rəhbərlərini tənqid edən səsli çıxışlar etmişdi. 

Hakimiyyətlə barışan və ya biznes/mədəniyyət sahəsinə çəkilən qohumlar:

  • Qohumluq əlaqəsi ilə neytrallaşdırma (Şeyx Həməd bin Suheym).

Yuxarıda adı çəkilən müxalif Sultan bin Suheymin böyük qardaşı Şeyx Həməd bin Suheym isə əksinə, hakimiyyətə sadiq qalıb və portfelsiz dövlət naziri statusu daşıyır. Üstəlik, onun qızı Şeyxa Cəvahir Şeyx Təmimin birinci xanımıdır. Bu evlilik ailənin iki qolu arasındakı gərginliyi yumşaltmaq üçün atılmış siyasi addım kimi qiymətləndirilir.

  • Məhkəməyə çıxan maliyyə mübahisələri (2024). Siyasi postlardan kənarda qalan əmisi oğlanları arasında biznes və sərvət mübahisələri hələ də davam edir. Məsələn, 2024-cü ilin noyabrında London Ali Məhkəməsində əmirin əmisi oğlu Şeyx Həməd bin Abdullah Al Tani ilə keçmiş mədəniyyət naziri Şeyx Səud bin Məhəmməd Al Taninin ailəsi arasında 70 karatlıq "Idol's Eye" almazına sahiblik uğrunda açıq məhkəmə çəkişməsi başlayıb.

Nazirlər Kabinetindəki digər "Al Tani"lər kimlərdir?

Hazırkı hökumətdə olan nazirlər (məsələn, Baş nazir Şeyx Məhəmməd bin Əbdürrəhman və ya Müdafiə naziri Şeyx Səud bin Əbdürrəhman) əmirin birinci dərəcəli əmisi oğlanları deyil. Onlar Al Tani sülaləsinin digər yan qollarından (19-cu əsrdə yaşamış ortaq babalardan gələn qollardan) olan uzaq qohumlardır və hakimiyyət iddiası olmayan texnokratlar kimi seçiliblər. Qətər tarixində (1972 və 1995-ci illərdə) hakimiyyət dəyişiklikləri məhz əmilər və əmi oğlanları arasındakı saray çevrilişləri ilə baş verib. Bu tarixi təcrübəyə görə, Şeyx Həməd və oğlu Şeyx Təmim ordunu, polisi (DİN) və neft-qaz gəlirlərini yalnız öz doğma qardaşlarının əlində cəmləyiblər. Digər əmisi oğlanlarına isə siyasi güc verilməyib. Sadiq qalanlara böyük biznes imkanları yaradılıb, narazı olanlar isə xaricdə mühacirətdə qalıblar. wral 

2017-ci il Qətər böhranı və dörd ərəb ölkəsinin Qətərə tətbiq etdiyi blokadanın səbəbləri

2017-ci il Qətər böhranı 5 iyun 2017-ci ildə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin ("Ərəb dördlüyü") Qətərlə bütün diplomatik əlaqələri kəsməsi və bu ölkəyə qarşı tam quru, dəniz və hava blokadası tətbiq etməsi ilə başlayıb. 1996-cı ildən korlanan münasibətlər bu dəfə iqtisadi və diplomatik təcrid yolu ilə Dohanın xarici siyasətini dəyişməyə çalışırdı.

Böhranın əsas səbəbləri

  • İran amili. Qətər nəhəng təbii qaz yatağını (Şimal Günbəzi/Cənubi Pars) İranla bölüşdüyü üçün Tehranla sıx iqtisadi və diplomatik əlaqələr saxlayırdı. Bu isə Səudiyyə Ərəbistanı və BƏƏ-nin İrana dair siyasətinə zidd idi;
  • "Müsəlman Qardaşlığı"na dəstək. 2011-ci il "Ərəb baharı"ndan sonra Qətər regiondakı islamçı hərəkatlara, xüsusilə də Misir, BƏƏ və Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinə təhdid hesab edilən "Müsəlman Qardaşlığı" (İxvan) təşkilatına siyasi və maliyyə dəstəyi verirdi;
  • Terrorizmi maliyyələşdirmə ittihamları. Dörd ərəb ölkəsi Qətəri regiondakı radikal qruplaşmalara (“HƏMAS”, “Əl-Nusra” və s.) sığınacaq və maliyyə verməkdə ittiham edirdi;
  • "Al Jazeera" media şəbəkəsi. Qətər Dövləti tərəfindən maliyyələşdirilən “Al Jazeera” telekanalı ərəb ölkələrindəki hakimiyyətləri və orada” insan haqları pozuntuları”nı sərt tənqid etdiyi üçün qonşu ölkələrin ciddi narazılığına səbəb olurdu.
  • Türkiyə və İranın dəstəyi. Böhran başlayandan dərhal sonra Səudiyyə Ərəbistanı ilə yeganə quru sərhədi bağlanan Qətər ərzaq qıtlığı təhlükəsi ilə üzləşdi. Bu məqamda Türkiyə və İran hava və dəniz körpüsü yaradaraq Qətəri ərzaq və zəruri mallarla təmin etdi. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisi təcili iclas keçirərək Qətərə əlavə türk qoşunlarının göndərilməsini təsdiqlədi və bu addım Qətərə qarşı mümkün hərbi müdaxilə planlarının qarşısını aldı.
  • Böhranın sonu (2021). Təxminən 3 il yarım davam edən böhran 5 yanvar 2021-ci ildə Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilən Zirvə görüşündə tərəflər barışıq sazişi imzaladılar və blokada rəsmi olaraq aradan qaldırıldı.

Qətər-İran əlaqələri

İki ölkə arasındakı isti münasibətlər məzhəb və ya ideoloji yaxınlıqdan deyil, tamamilə iqtisadi zərurətdən, coğrafi məcburiyyətdən və Səudiyyə Ərəbistanının təsirini balanslaşdırmaq strategiyasından qaynaqlanır.

Bu yaxınlaşmanın arxasında dayanan dörd əsas səbəb aşağıdakılardır:

1. Dünyanın ən böyük qaz yatağı

Qətər və İranı bir-birinə bağlayan ən fundamental səbəb dünyanın ən böyük təbii qaz yatağına ortaq sahib olmalarıdır. Fars körfəzinin təkində yerləşən və Qətər tərəfində "Şimal Günbəzi", İran tərəfində isə "Cənubi Pars" adlanan yataq dünyadakı məlum təbii qaz ehtiyatlarının təxminən 20%-ni təşkil edir.

Qaz rezervuarı yerin altında vahid bir hövzə olduğu üçün bir tərəfin hasilatı digər tərəfin ehtiyatlarına birbaşa təsir göstərir. Qətərin bu gün dünyanın ən zəngin ölkələrindən biri olmasının tək səbəbi bu yataqdır. Doha öz iqtisadi rifahını və ixrac təhlükəsizliyini qorumaq üçün İranla münaqişəyə girməməyə və razılaşma içində işləməyə üstünlük verir.

2. Səudiyyə Ərəbistanına qarşı balans siyasəti

Qətər kiçik əraziyə və az əhaliyə malik olsa da, nəhəng sərvətə sahibdir. Tarix boyu Qətər rəhbərliyi yeganə quru sərhədi qonşusu olan Səudiyyə Ərəbistanının onu öz təsir dairəsinə salmasından və ya ilhaq etməsindən ehtiyat edib (1996-cı il çevriliş cəhdi də bu qorxunu təsdiqləmişdi).

Doha Ər-Riyada qarşı durmaq üçün regionun digər böyük gücü olan Tehranla normal münasibətlər saxlamağı özünə siyasi sığorta kimi görür. Qətər nə tam Səudiyyənin, nə də tam İranın tərəfində duraraq hər iki böyük qonşu arasında manevr edir.

3. Coğrafi və logistik asılılıq (Hava və dəniz yolları)

Qətər yarımadadır və onun dünyaya açılan yeganə quru sərhədi Səudiyyə Ərəbistanı ilədir. 2017-ci il böhranı zamanı Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn öz hava məkanlarını və sularını Qətər üçün bağladıqda, Qətər təyyarələrinin və gəmilərinin dünyaya çıxışı üçün yeganə yol İranın hava məkanı və Fars körfəzi suları oldu.

Böhran zamanı İranın Qətərə dərhal ərzaq göndərməsi və hava dəhlizini açması göstərdi ki, böhran zamaı İranla pis münasibətlərin olması Qətər üçün tam təcrid və iqtisadi çöküş deməkdir.

4. Vasitəçi dövlət rolu (Qərb və İran arasında körpü)

Qətər öz təhlükəsizliyini təmin etmək üçün özünü dünya gücləri üçün "əvəzolunmaz vasitəçi"yə çevirib. ABŞ-nin regiondakı ən böyük hərbi bazası (Əl-Udeyd) Qətərdə yerləşsə də, Doha, eyni zamanda İranla da danışa bilən nadir ölkədir. Məhz bu əlaqələr sayəsində Qətər ABŞ və İran arasında milyardlarla dollarlıq dondurulmuş vəsaitlərin açılması, məhbus mübadiləsi və nüvə danışıqları kimi ən həssas məsələlərdə əsas vasitəçi rolunu oynayır. Bu da Qətərə həm Vaşinqton, həm də Tehran yanında böyük nüfuz qazandırır.

Qısacası, Qətər ideoloji olaraq sünni ərəb dövləti olsa da, onun xarici siyasəti "məzhəb həmrəyliyi"nə deyil, realpolitik prinsipinə əsaslanır.

Qətər "Müsəlman Qardaşlığı"na (İxvan) niyə dəstək olur?

Qətərin "Müsəlman Qardaşlığı" (İxvan) hərəkatına dəstək verməsinin əsas səbəbi dini fanatizm deyil, ərəb dünyasında yumşaq güc (təsir dairəsi) qazanmaq və digər ərəb ölkələrinə qarşı gələcək siyasi dalğaları öz lehinə yönəltmək strategiyasıdır.

Qətər özü də mühafizəkar monarxiya olmasına baxmayaraq, 1950-ci illərdən başlayaraq və xüsusilə 2011-ci il "Ərəb baharı" dövründə “İxvan hərəkatı”na geniş siyasi, maliyyə və media dəstəyi verib. Siyasi analitiklərin və regionşünasların fikrincə, bu dəstəyin arxasında duran dörd əsas səbəb var:

1. İntellektual və kadr ehtiyacının ödənilməsi

1950–1960-cı illərdə Misir prezidenti Camal Əbdül Nasirin təqiblərindən qaçan minlərlə "Müsəlman Qardaşlığı"nın üzvü (müəllimlər, hakimlər, mühəndislər, din xadimləri) Qətərə sığındı. O dövrdə kadr çatışmazlığı yaşayan Qətər bu təhsilli şəxsləri dövlət aparatına və təhsil sisteminə cəlb etdi. Məşhur ilahiyyatçı Yusif əl-Qaradavi kimi fiqurlar Qətərdə məskunlaşaraq ölkənin dini və elmi elitasının formalaşmasında böyük rol oynadılar.

2. "Ərəb baharı"na qoyulan siyasi investisiya

2011-ci ildə Tunis, Misir, Liviya və Suriyada xalq üsyanları başlayanda Qətər rəhbərliyi (Şeyx Həməd) belə hesab etdi ki, ərəb dünyasında köhnə dünyəvi diktatorlar (Mübarək, Qəddafi, Əsəd) devriləcək və yerlərinə xalqın dəstəklədiyi mötədil islamçılar (İxvan) gələcək.

Doha Misirdə Məhəmməd Mursini, Tunisdə "Ən-Nəhda" partiyasını, Liviyada isə islamçı qrupları maliyyələşdirərək, bu ölkələrdə qurulacaq yeni hökumətlərin Qətərə sadiq müttəfiqlər olmasını hədəfləyirdi. Bu, kiçik Qətəri ərəb dünyasının əsas söz sahibinə çevirməli idi.

3. Səudiyyə Ərəbistanının dini təsirinə qarşı balans

Qətər rəsmi olaraq sünni-hənbəli məktəbinə bağlı olsa da, Ər-Riyadın dini təsirinə qarşı "Müsəlman Qardaşlığı" şəbəkəsindən və “Al Jazeera” telekanalından ideoloji alət kimi istifadə edir.

4. Daxili təhlükəsizlik sığortası

Qətər “İxvan”a sığınacaq, maliyyə və efir vaxtı verdi, əvəzində isə təşkilat Qətərin daxili işlərinə qarışmamağı və Al Tani sülaləsinin hakimiyyətini tənqid etməməyi öhdəsinə götürdü. Hətta 1999-cu ildə İxvanın Qətər qolu özünü rəsmi olaraq buraxdığını elan etdi, çünki dövlət onsuz da onların xaricdəki fəaliyyətini dəstəkləyirdi.

2013-cü ildə Misirdə Məhəmməd Mursinin devrilməsindən və 2017-ci il böhranından sonra Doha bu siyasətini xeyli yumşaltdı. Qətər rəhbərliyi İxvan liderlərinin bir qisminin ölkədən çıxmasına şərait yaratdı və açıq ideoloji dəstəyi azaldaraq daha neytral vasitəçi mövqeyinə keçdi.

Səudiyyə Ərəbistanı və BƏƏ "Müsəlman Qardaşlığı"nı birbaşa ekzistensial təhlükə hesab etdikləri üçün terror təşkilatı elan etdikləri halda, "Al Jazeera" telekanalı "Ərəb baharı" zamanı bu hərəkatın regionda hakimiyyətə gəlməsində əsas informasiya mühərriki rolunu oynadı.

1996-cı ildə Şeyx Həməd tərəfindən qurulan “Al Jazeera” 2011-ci il inqilabları zamanı sadəcə xəbər kanalı deyil, həm də hadisələrin gedişatını dəyişən siyasi aktora çevrildi. 2011-ci ilə qədər ərəb ölkələrində televiziya kanalları tamamilə dövlətin nəzarətində idi. “Al Jazeera” Tunisdə və Misirdə başlayan ilk kiçik etirazları 24 saat canlı yayımlayaraq bütün ərəb dünyasına göstərdi. Təhlilçilər hesab edir ki, “Al Jazeera” olmasaydı, Tunisdəki qığılcım Misirə, Liviyaya və Suriyaya bu qədər sürətlə sıçramazdı.

İnqilablar zamanı “Al Jazeera” ən çox efir vaxtını “Müsəlman Qardaşlığı” hərəkatının nümayəndələrinə və onlara yaxın olan tanınmış din xadimi Yusif əl-Qaradaviyə ayırdı. Əl-Qaradavinin verilişləri milyonlarla insanın küçələrə çıxmasında və xalqın “İxvan” namizədlərinə səs verməsində həlledici rol oynadı.

Kanal Qətərin siyasi rəqibləri olan Misir Prezidenti Hüsnü Mübarək və Liviya lideri Müəmmər Qəddafi rejimlərini davamlı tənqid edərək onların süqutunu sürətləndirdi. Lakin eyni dövrdə Bəhreyndə kral ailəsinə qarşı başlayan etirazları (Qətərin Körfəz müttəfiqi olduğu üçün) demək olar ki, işıqlandırmadı. Bu ikili yanaşma “Al Jazeera”-nın Qətərin xarici siyasət aləti olması barədə tənqidləri daha da gücləndirdi.

Qətərdə mütləq monarxiya və ciddi informasiya nəzarəti olduğu üçün rəhbərliyin şəxsi həyatı ilə bağlı gizli məlumatların ictimaiyyətə sızması çox çətindir, lakin Qərb mediası və bəzi istintaq sənədləri Al Tani ailəsinin bəzi üzvlərinin həddən artıq lüks həyatı, qalmaqalları və ölkədəki hüquq pozuntuları barədə konkret faktlar üzə çıxarıb.

Babasına müxalif olmuş qəbilədən olan qadın indiki əmirin anası Şeyxa Mozadır.

Şeyx Təmimin digər iki xanımı isə Qətərin ən böyük və nüfuzlu qəbilələrinin (Əl-Haciri və Əl-Dosəri) qızlarıdır. Əmirin bu evlilik seçimləri onun şəxsi həyatından daha çox, Körfəz monarxiyalarına xas olan praqmatik qəbilə balansı və siyasi ittifaqlar qurmaq strategiyasını əks etdirir. Siyasi ekspertlərin və regionşünasların fikrincə, Körfəz ölkələrində hökmdarların evlilikləri təsadüfi şəxsi qərar deyil, dövlət idarəçiliyinin bir hissəsidir.

Şeyx Təmim birinci evliliyini Al Tani sülaləsinin digər güclü qolu ilə (Şeyx Suheym qolu) edərək ailədaxili birliyi sığortalayıb. İkinci və üçüncü evliliklərini isə hakim sülalədən kənarda – ölkənin əsas yerli qəbilələri (Əl-Haciri və Əl-Dosəri) ilə edərək xalq və qəbilələr arasında sosial dayağını gücləndirib.

Səudiyyə Ərəbistanı ilə sərhəd qəbilələrinə mesaj

Həm Əl-Haciri, həm də Əl-Dosəri qəbilələrinin tarixi kökləri və qohumları Səudiyyə Ərəbistanı ərazisində də yaşayır. Bu qəbilələrlə qohumluq qurmaq Qətər əmirinə sərhədyanı qəbilələrin sədaqətini qazanmaq imkanı verib (xüsusilə 2017-ci il böhranı zamanı bu qəbilələr Qətər əmirinin yanında olublar).

Qətər monarxiyasının (Al Tani sülaləsinin) sərvəti və dünyadakı nəhəng investisiyaları

Qətəri idarə edən Al Tani sülaləsinin şəxsi sərvəti 150-200 milyard dollar arasında qiymətləndirilir, ailənin birbaşa nəzarət etdiyi dövlət fondu (QIA) isə 530-600 milyard dollarlıq nəhəng aktivləri idarə edir. Bu sərvətin əsas mənbəyi Qətərə illik 50-80 milyard dollar gəlir gətirən mayeləşdirilmiş təbii qaz (LNG) ixracıdır.

Bu göstəricilərlə Al Tani ailəsi dünyanın ən zəngin kral sülalələrindən biri hesab olunur. 

Əmir Şeyx Təmimin şəxsi kapitalı təxminən 2 milyard dollar, keçmiş baş nazir Şeyx Həməd bin Casimin sərvəti isə 3,9 milyard dollar civarında hesablanır.

Dünyadakı nəhəng investisiyaları

Qətər həm dövlət fondu (QIA), həm də kral ailəsinə məxsus özəl investisiya şirkətləri (məsələn, Mayhoola) vasitəsilə dünyanın ən nüfuzlu brendlərinə və daşınmaz əmlaklarına sərmayə qoyub.

Mənbə: qatarday

 Ailə üzvlərinin gizli və açıq təmtəraqlı həyatı

Şeyx Xəlifə bin Həməd Al Tani (Əmirin qardaşı və daxili işlər naziri). Mətbuatda "KHK" (Khalifa bin Hamad bin Khalifa (Al Thani)) kimi tanınan və hazırda ölkənin təhlükəsizliyinə cavabdeh olan əmirin doğma qardaşı ABŞ-də (Cənubi Kaliforniya Universitetində) təhsil aldığı illərdə həddən artıq lüks və məsuliyyətsiz həyat tərzi ilə gündəmə gəlmişdi. “Los Angeles Times” qəzetinin araşdırmasına görə, o, dərslərə getmir, bahalı maşın kolleksiyası saxlayır, Beverli-Hillzdə dəbdəbəli əyləncələr təşkil edir və universitetə milyonlarla dollar ianə verərək diplom almışdı. Lakin USC və Qətər ianələrin qəbul və ya diplom ilə əlaqəli olduğunu təkzib etmişdilər.

Londonda küçə yarışları və qalmaqallar. Qətər əmirin ailəsi ilə əlaqəli bəzi gənc üzvlərin lüks avtomobilləri – “Bugatti”, “Ferrari”, “Lamborghini” və “Koenigsegg” – yay aylarında Londona gətirilib.

London sakinləri gecə yarışları, mühərrik səsi və təhlükəli sürmədən şikayət ediblər.

Polis isə qanunsuz dayanma və sığorta/qeydiyyat pozuntularına görə bəzi avtomobilləri cərimələyib və saxlayıb. Qətər qeydiyyatlı avtomobillərə Vestminsterdə 2022-ci ildə 2570 park cəriməsi yazılıb.

Şeyx Xalid bin Həməd Al Tani Əmir Şeyx Təmimin ögey qardaşı və ABŞ-də “Al Anabi Racing” ilə əlaqəli avtomobil yarış komandasının sahibidir. 2019-cu ilin iyulunda keçmiş işçiləri onun və ona bağlı şirkətlərə qarşı ABŞ məhkəməsində mülki iddia qaldırıblar. İddialara qanunsuz saxlama, zorakılıq, təhdid və rəqiblərin öldürülməsi ilə bağlı sifarişlər daxil idi.

Nəhəng yaxtalar və saraylar. Əmirin özünün və ailəsinin dünyada ən bahalı meqa-yaxtalara (məsələn, dəyəri 300-400 milyon dollar olan "Al Lusail" və "Katara" yaxtaları), Avropada onlarla saraya və özəl təyyarə donanmasına sahib olması gizli deyil, rəsmən təsdiqlənmiş faktdır.

Ölkə daxilində insanların incidilməsi faktları

Qətərin yerli vətəndaşları (əhalinin cəmi 10-12%-i) dövlətdən pulsuz təhsil, səhiyyə, yüksək maaş və torpaq sahələri aldıqları üçün maddi cəhətdən çox yaxşı yaşayırlar. Lakin siyasi azadlıqlar və miqrant işçilər məsələsində ciddi təzyiqlər mövcuddur:

Qətərli şair Məhəmməd əl-Əcəmi, Qahirədə oxuduğu və şeirində hakimiyyəti tənqid etdiyinə görə 2011-ci ilin noyabrında həbs edilib. İttihamların əsası, Qahirədə evində oxuduğu “Cairo Poem”/“Jasmine” adlı şeirinin gizlicə “YouTube”-a yüklənməsi və şeirin Əmir ailəsini tənqid etdiyi şəkildə qiymətləndirilməsi idi. O, 2012-ci ildə “hakimiyyəti devirməyə təhrik” və “Əmiri təhqir” ittihamları ilə ömürlük həbsə, 2013-cü ildə isə apellyasiyada 15 il həbsə məhkum olub. Beynəlxalq insan hüquqları təşkilatlarının təzyiqi fonunda 2016-cı ilin martında Əmir Təmim tərəfindən əfv edilib.

2021-ci ilin avqustunda, oktyabrda keçiriləcək ilk Müşavərə Şurası seçkilərindən əvvəl, Əl-Murra qəbiləsinin minlərlə üzvünü səsvermə və namizədlikdən kənarlaşdıran dikriminativ seçki qanununa qarşı dinc etiraz aksiyası keçirirlər.

Qətər təhlükəsizlik qüvvələri etirazçılara qarşı həbslər və ev axtarışları həyata keçirib. 2022-ci ilin mayında keçirilən qapalı məhkəmə prosesində dörd fəal ömürlük həbs cəzasına məhkum edilib ki, onların arasında Həzza və Rəşid bin Əli Əbu Şurəydə əl-Mərri adlı hüquqşünas qardaşlar da var.

Miqrant işçilərin istismarı. Qətərdə xarici işçilər əhalinin böyük əksəriyyətini təşkil edir və uzun illər “kafala sistemi”nin sui-istifadəyə açıq elementlərinə məruz qalıblar: pasportların müsadirəsi, yüksək işə qəbul rüsumları, əmək haqqı gecikmələri və iş yerini dəyişməkdə çətinliklər geniş yayılıb.

“Human Rights Watch”-un hesabatında Qətərdə keçirilən Futbol üzrə Dünya Çempionatı ilə bağlı “minlərlə izah olunmamış ölüm” və geniş miqyaslı əmək haqqı oğurluğundan bəhs edilir. Lakin bu ölüm rəqəmi yalnız çempionat stadionlarının tikintisində deyil, 2010–2020-ci illərdə ölkədəki müxtəlif sektorlarda çalışan miqrant işçilərin statistikasını əhatə edir.

Söz azadlığının məhdudlaşdırılması. Qətər "Al Jazeera" vasitəsilə başqa ölkələrdəki hökumətləri kəskin tənqid etsə də, ölkə daxilində Qətər əmirini, onun ailəsini və hökumətin siyasətini tənqid etmək qanunla qadağandır və ağır cəzalandırılır.

Qətər qanunvericiliyi Əmiri tənqid etməyi, onu təhqir etməyi, rejimi devirməyə təhrik etməyi və “yalan xəbər” yaymağı cinayət sayır. Bunun müqabilində həbs və cərimə cəzaları nəzərdə tutulub. 2014-cü il Kibercinayətlər Qanunu “dövlətin təhlükəsizliyinə”, ictimai qaydaya və sülhə təhdid sayılan onlayn fəaliyyəti, “yalan xəbər” yaymağı və fərdi məlumatların üçüncü tərəf tərəfindən dərcini qadağan edir. Cəza üç ilə qədər həbs və ciddi maliyyə cəzası ola bilər. 

Şeyx Təmimin şəxsi imici təmkinli görünsə də, bu, Qətərdə avtoritar idarəetmənin, ailə üzvlərinin toxunulmazlığının, hədsiz lüks həyatın və insan haqları pozuntularının olmadığı anlamına gəlmir. Sadəcə olaraq, dövlətin nəhəng maliyyə imkanları və Qərbdəki güclü lobbiçilik şəbəkəsi bu qalmaqalların böyük qisminin qlobal gündəmdə uzun müddət qalmasının qarşısını alır.

Qətərin Qərbdəki güclü lobbiçilik şəbəkəsi

(ardı var)

 

Oxşar məqalələr: