Bu günlərdə "Yeni Akit" qəzetinin köşə yazarı Adnan Kalkan və A. Raif Öztürk “dostbeykoz” adlı saytda bir-birinə bənzər yazılar qələmə alaraq, Azərbaycanla bağlı əsassız iddialar səsləndiriblər.
Faktyoxla hər iki yazarın kimliyini araşdırıb.
Adnan Kalkan - "psixoloq" maskası altında radikal təriqət təbliğatçısı

Yazar və sosioloq kimi təqdim olunan Adnan Kalkan 1987-ci ildə anadan olub. Maraqlıdır ki, bir mənbə istisna olmaqla, heç bir yerdə onun doğum yeri barədə məlumat yoxdur. Yalnız “medya90.com” portalında Kalkanın ailəsinin 1994-cü ildə Akçayurt adlı kənddən Adana şəhərinə köçdüyü qeyd edilib.

Araşdırma nəticəsində 1994-cü ildə dövlət tərəfindən boşaldılan həmin yaşayış məntəqəsinin Diyarbakırın Hani rayonuna bağlı Akçayurt kəndi olduğunu dəqiqləşdirdik. Məlum olur ki, kənd sakinlərinin böyük əksəriyyəti məhz Adana şəhərinə və ətraf kəndlərə köç ediblər. (evrensel.net)

Sakinlərin etnik kimliyi ilə bağlı dəqiq məlumat verilməsə də, kəndin əvvəlki adının zaza dilində “Dernân" və ya "Dirnun" olduğu mənbələrdə əksini tapıb.

Adnan Kalkan ali təhsilini Adana Çukurova Universitetində alıb. Daha sonra sosiologiya, psixologiya (özəl universitetdə), Sosial Media İdarəetməsi və Uşaq İnkişafı ixtisasları üzrə bakalavr, Çağ Universitetində isə magistr dərəcəsinə yiyələnib.
O, Türkiyə daxilində rəsmi qurumlar və vətəndaş cəmiyyəti institutlarında 2300-dən çox seminar və konfrans verib, radio və televiziyada təhsil və ailə verilişləri hazırlayıb. Məqalələri müxtəlif jurnallarda dərc olunan və 10 kitab müəllifi olan Kalkan, “Ailə, Elm, Mədəniyyət və Təhsil” dərnəyini təsis edib. Hazırda Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin Adana Şəxsi Karyera Ailə Məsləhət Mərkəzində ailə məsləhətçisi və qurum direktoru kimi fəaliyyət göstərir.
O, indiyə kimi “Yeni akit” qəzeti, “Kayseri times”, “İnsaniyet.net”, “Habervakti” qəzeti, “Taşköprü gazetesi”, “Dijital medrese”, “Kudüs Ana Haber”, “Risale haber”, “İlkha haber ajansı” kimi media qurumlarında yazılarla çıxış edib.
Azərbaycana qarşı dezinformasiya və təxribatçı fəaliyyəti
Adnan Kalkan son dövrlərdə Azərbaycan əleyhinə mütəmadi olaraq müxtəlif paylaşımlar edib.

Bundan başqa, xaricdən idarə olunan xain "Azad söz" kanalında paylaşılan videoları bir neçə dəfə təkrar paylaşıb.

Azərbaycanla bağlı paylaşılan daha bir videonu "Bu uşağı başındakı ayəyə görə ağladan hər kəs Allahın yanında rüsvay olmalıdır" - şərhi ilə paylaşan bu şəxs, Azərbaycan seqmenti üçün qızışdırıcı kontentlər yaradan "Qaranquş", "Haqq yolçusu Siratül müstəqim" kimi səhifələrin paylaşımlarını yenidən paylaşır.
Kalkan Azərbaycana qarşı qərəzi ilə seçilən DEM Partiyasının millət vəkili Ömer Faruk Gergerlioğlunun ölkəmizdəki guya “hicab şousu” ilə bağlı süni intellektlə hazırlanan saxta videosunu paylaşaraq, yazdığı şərhdə Azərbaycanda iğtişaşlara və qarşıdurmaya çağırışlar edib.
Başqa bir paylaşımında isə o, Azərbaycan müəllimini terrorçu, qatil erməni əsgəri ilə eyniləşdirəcək həddə qədər enib.

O, "Nurçuluq" təriqətinə aid "Risaleyi Nur paylaşım mərkəzi" səhifəsinin Azərbaycanda guya hicabın qadağan edildiyi, yəhudi kipası ilə məktəbə getməyin isə sərbəst olduğu barədə saxta statusunu yayıb.

Bu prosesdə Adnan Kalkanın tez-tez Azərbaycana girişi qadağan olunmuş jurnalist Adem Özkösenin statuslarını təkrar paylaşdığını da müəyyənləşdirdik.
Bu dövrdə süni intellektlə hazırlanan saxta videolar paylaşan Adnan Kalkan eyni zamanda 2011-ci ildə çəkilmiş köhnə videonu yeni video adı ilə yayıb.

Maraqlıdır ki, bu şəxs 2019-cu ildə də Azərbaycanda güya “hicab qadağası” olması ilə bağlı “nurçuluq təriqəti”nə məxsus "Risale haber” adlı saytda yayılan dezinformasiyanı təkrar paylaşıb. Qəribəsi odur ki, həmin paylaşım 2010-cu ildə "Yeni şəfəq" qəzetinin müxbiri Hakan Albayrağın qələmə aldığı bir yazıdan götürülüb.

Azərbaycanla bağlı ancaq mənfi yöndə paylaşımlar edən Adnan Kalkanın 44 günlük Vətən müharibəsi dövründə bircə dəfə də dəstək statusuna rast gəlmədik. Yalnız savaş bitəndən sonra bu şəxs "Müsəlmanlar Azərbaycana ciddi dəstək verdilər. Qarabağ alındı. Xeyirli olsun. İndi Azərbaycan Sünni/İslam ilə olan mübarizəsini bitirməlidir..." şəklində qərəzli və qeyri-obyektiv status paylaşmış və ölkəmizə qarşı öz mövqeyini ortaya qoymuşdu.

Tez-tez “nurçuluq” təriqətinin qurucusu Səid Nursi haqqında statuslar paylaşan, ona “ustadım" deyə xitab edən Adnan Kalkanın tipik bir “nurçu” olduğu yazılarından da görünür.

Bu şəxs özü “nurçu” olsa da, Türkiyədəki digər İslamçı təriqətlərlə əlaqələri yüksək səviyyədə olduğu görünür. O, tez-tez müxtəlif təriqətlərin qonağı olur, onlarla birlikdə tədbirlər təşkil edir.

Bu nöqtədə onun "Hizb-ul Tahrir" qruplaşmasının Türkiyə bürosu olan "Köklü dəyişikliklər" dərnəyi ilə olan əlaqələrini xüsusi qeyd etmək lazımdır.

Ötən ilin iyun-sentyabr aylarında sözügedən dərnəyin təşkil etdiyi "Qəzza üçün birləşək" aksiyası çərçivəsində təşkilat nümayəndələri Kalkanın rəhbərlik etdiyi psixoloji mərkəzi ziyarət edərək ona əməkdaşlıq təklif etmişdilər.

Təqdim olunan faktlar və Kalkanın sosial şəbəkə fəaliyyəti onun destruktiv, manipulyativ və ideoloji zəmində qərəzli psixoloji portretini ortaya qoyur. O, Azərbaycan dövlətinə və Ali rəhbərliyinə qarşı sərt, hətta təhrikedici ritorika sərgiləyir, süni intellektlə hazırlanmış saxta videolar və təkrar olunan köhnə dezinformasiyalardan cəmiyyətdə iğtişaş və qarşıdurma yaratmaq məqsədilə alət kimi istifadə edir.
İslamda bölücülükdə xüsusi rolu olan, cəmiyyətləri daxildən zədələyən "Nurçuluq" təriqətinin nümayəndəsi olan Kalkan, eyni zamanda digər radikal qruplaşmalarla (məsələn, "Hizb-ul Tahrir"in Türkiyə bürosu olan "Köklü dəyişikliklər" dərnəyi ilə) sıx əlaqələrdə görünür. Bütün bu xüsusiyyətlər onun obyektiv akademik və ya sosioloq obrazı arxasında gizlənən, destruktiv təriqət təsirinə məruz qalmış, qərəzli və manipulyativ bir təbliğatçı olduğunu nümayiş etdirir.
Raif Öztürk: "Risaleyi Nur" təbliğatçısının Azərbaycana qarşı qərəzli mövqeyi

İkinci məqalənin yazarı A.Raif Öztürk 1950-ci ildə Tekirdağın Çorlu rayonunda anadan olub. Ibtidai və orta baza təhsilini Sultanahmet Peşə Məktəbində Ali texniki rəssamlıq ixtisası üzrə başa vurub.
1980-ci ildə İngiltərəyə, 1986-cı ildə isə Yaponiyaya tədqiqat mütəxəssisi kimi göndərilən A. Raif Öztürk Türkiyə Şüşə Fabriklərində 26 il robototexnika və Tam Avtomatlaşdırılmış Maşınların sazlanması üzrə çilingər vəzifəsində çalışıb. O, 1973-cü ildən, hələ tələbə vaxtlarından “Nurçuluq” təriqətinə aid olan "Yeni Asya" qəzetində məqalələr yazmağa başlayıb.
Yazdığı kitablar “nurçular”ın "Məşvərət" qoluna aid olan "Nesil yayınları" nəşriyyatinda nəşr olunan bu şəxs həm də “Kastamonur”, "Risale haber", "Risale akademisi", "nurnet.org" kimi sırf “Nurçuluq” təriqətinə aid olan media qurumlarında da yazılar yazır.

Müxtəlif ölkələrdə “Nurçuluq” təriqətinin yayılması istiqamətində konfranslar da təşkil edən, bütün ömrü boyu xalqa ancaq "Risaleyi Nur" kitablarını oxumağı təlqin edən birisinin məqalələr yazdığı saytların Azərbaycana yanaşmasına baxanda onun Azərbaycana nifrətinin səbəblərini bəlli etmək mümkün olur. Bu xəbər portalları son dönəmlərdə davamlı olaraq Azərbaycanda yaşananları öz arşını ilə ölçür, guya ölkəmizdə "Azərbaycandakı baş örtüsü qadağasını tənqid edənlərin nurçu -İslamçı" olması ilə bağlı saxta fikir formalaşdırmağa çalışırlar.

Raif Öztürkün aid olduğu düşüncə tərzinin baş verən hadisələrə yanaşmasını dərindən incələdikdə, onun ölkəmiz haqqında niyə belə əsassız iddialar irəli sürdüyünü anlamaq çətin deyil. Çünki bu təfəkkür hələ də özünü ötən əsrin 90-cı illərindəki kimi "ağabəy" ("böyük qardaş") rolunda görür və öz zərərli ideologiyalarını yaymaq üçün münbit zəmin axtarır.
Nəticə:
- Azərbaycana qarşı qarayaxma kampaniyasına bu günlərdə qoşulan Adnan Kalkan və A. Raif Öztürk eyni təriqətin üzvüdürlər və eyni mərkəzdən idarə olunurlar.
- Adnan Kalkanın Azərbaycanla bağlı paylaşım və yazılarının "obyektivliyi" onun 44 günlük Vətən müharibəsi dövründə bircə dəfə belə dəstək mesajı yayımlamamasından, savaş bitdikdən sonra isə ölkəmiz haqda neqativ status paylaşmasından açıq-aşkar görünür.
- Bioenerji və “İslamda UNO-lar” kimi qeyri-ciddi mövzularda kitablar yazan A. Raif Öztürkün birdən-birə Azərbaycana qarşı neqativ kampaniyalara qoşulması təsadüfi deyil, xüsusi məqsəd güdür.