21 oktyabr 2026-cı ildə BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə görüş zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən bildirilib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib, 2020-ci ildən bəri 400-dən çox mülki şəxsin bu terrorun qurbanı olub.
BMT kürsüsündən səslənən bu rəqəmlər və beynəlxalq birliyə edilən məsuliyyət çağırışı bir daha mühüm bir sualı gündəmə gətirir: İşğal dövründə “humanitar minatəmizləmə” adı altında Qarabağda 30 ilə yaxın fəaliyyət göstərən və ərazinin 90%-dən çoxunu təmizlədiyini iddia edən beynəlxalq təşkilatlar real olaraq nə ilə məşğul olublar?
Dünyada humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan Böyük Britaniyanın “The HALO Trust” təşkilatı bir vaxtlar, daha dəqiq desək 1995–2023-cü illərdə Azərbaycanın erməni işğalı altında olan torpaqlarında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq hüquq normalarını görməzdən gələrək qanunsuz fəaliyyət göstərib.
Araşdırmalar göstərir ki, “HALO Trust”-ın işğal edilmiş ərzilərdə 30 ilə yaxın davam edən qeyri-leqal mövcudluğu humanitar məqsədlərə deyil, separatçı rejimin maraqlarına xidmət edib.
Təşkilat kəskin seçicilik nümayiş etdirərək yalnız ermənilərin yaşadığı əraziləri təmizləyib, Azərbaycan Ordusunun hərəkət edə biləcəyi strateji marşrutları və hərbi zolaqları bilərəkdən toxunulmaz saxlayaraq mövcud şəraiti qorumağa çalışıb. Regiondan çıxarkən avadanlıqları qəsdən yararsız hala salmaları və bu gün də öz rəsmi resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaları onların əsl məramını ifşa edir.
Ən əsası, “HALO Trust” Qarabağda fəaliyyət göstərdiyi dövrdə ərazinin 80-90%-nin minalardan təmizləndiyini iddia edirdi. Lakin 2020-ci il müharibəsindən sonra acı reallıq üzə çıxdı: regionda 1 milyondan çox mina basdırılıb. Əgər ərazi bu miqyasda minalanıbsa, təşkilat 30 ilə yaxın müddətdə real olaraq nə ilə məşğul olub? Bu suala cavab tapmaq üçün “HALO Trust”ın digər ölkələrdəki fəaliyyətinə nəzər salmaq və təşkilatın qlobal iş modelinə aydınlıq gətirmək vacibdir.
“The HALO Trust” — mülki şəxslər üçün təhlükə yarada biləcək minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan Böyük Britaniyanın xeyriyyə və ABŞ-nin qeyri-kommersiya təşkilatıdır. “HALO” – “Hazardous Area Life-Support organization” (Təhlükəli zonalarda həyatın dəstəklənməsi təşkilatı) sözlərinin abreviaturasıdır.

Təşkilat 1988-ci ildə Britaniya parlamentinin üzvü və keçmiş polkovnik Kolin Kempbell Mitçell tərəfindən Əfqanıstandakı mina probleminə çarə tapmaq məqsədilə yaradılıb. Baş ofisi Böyük Britaniyada (Şotlandiya) yerləşir, ABŞ-də isə qlobal fəaliyyətlər üçün vəsait toplayan xüsusi bölməsi fəaliyyət göstərir.
Uels şahzadəsi Diyananın 1997-ci ildə Anqolada “HALO Trust” ilə birlikdə mina sahəsinə etdiyi tarixi səfər təşkilatın və piyada əleyhinə minaların qadağan olunması kampaniyasının dünyaya tanıdılmasında böyük rol oynamışdır.

Təşkilatın öz rəsmi resursunda bəyan etdiyinə görə, “The HALO Trust”-ın əsas missiyası münaqişələrdən zərər çəkmiş insanların həyatını qorumaq, dolanışıq vasitələrini bərpa etmək, eləcə də torpaq sahələrindən və yaşayış məntəqələrindən minaları, kasetli bombaları və əldəqayırma partlayıcı qurğuları təmizləməkdir. Təşkilatın fəaliyyət sahəsinə, həmçinin münaqişə zonalarında qalan qanunsuz silah və sursat anbarlarının toplanaraq zərərsizləşdirilməsi və ya təhlükəsizliyinin təmin olunması, eləcə də riskli regionlarda yaşayan əhaliyə, xüsusilə uşaqlara partlayıcı maddələrdən qorunma təlimlərinin keçirilməsi də daxildir.
Təşkilat hazırda Afrika, Asiya, Avropa, Yaxın Şərq və Latın Amerikasında olmaqla 30-dan çox ölkə və ərazidə fəaliyyət göstərir. Qlobal miqyasda 8 mindən çox əməkdaşı olan “The HALO Trust” heyətinin təxminən 95%-ni minalardan əziyyət çəkən yerli icmaların nümayəndələrindən formalaşdırır (təşkilat onları işlə təmin etməklə həm də yoxsulluğun azaldılmasına töhfə verdiyini bildirir).
Bununla belə, “The HALO Trust” 28 il ərzində Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qarabağ bölgəsində rəsmi Bakının icazəsi olmadan “humanitar minatəmizləmə” fəaliyyəti həyata keçirib. Bu fəaliyyət yerli media və rəsmi qurumlar tərəfindən kəskin etirazla qarşılanıb və təşkilat zaman-zaman siyasi maraqlara xidmət etməkdə ittiham olunub.

Təşkilat 1995–1996-cı illərdə 18 aylıq proqram çərçivəsində ərazidə qanunsuz təlimlər keçirib və ilkin qiymətləndirmə aparıb. Həmin proqram başa çatdıqdan sonra idarəetmə çatışmazlığı və müxtəlif qəzalar kimi uydurma bəhanələr gətirilməsi səbəbi ilə təşkilat 1999-cu ildə regiona yenidən dəvət olunub. 2000-ci ildən etibarən isə ərazidə daimi fəaliyyətə başlanılıb və “Nagorno-Karabakh Mine Action Centre” (NKMAC) adlı qondarma qurum təsis edilib.
Mediaya verilən açıqlamalara görə, 2000–2010-cu illərdə minlərlə mina və partlamamış hərbi sursat (UXO) zərərsizləşdirilib, on minlərlə hektar torpaq sahəsi minalardan təmizlənib və mina qəzalarının sayı güman ki, kəskin azalıb (məsələn, 1995-ci ildə 33 qəza qeydə alındığı halda, sonrakı illərdə bu göstərici düşüb). 2004-cü ilə qədər 500 min m² ərazinin təmizləndiyi iddia olunurdu.
2009-cu ildə yayılan məlumatlarda təxminən 125 km² ərazinin təmizləndiyi, 7200-dən çox piyada əleyhinə, 2200-dən çox tank əleyhinə minanın və minlərlə kasetli bombanın məhv edildiyi bildirilirdi. 2010-cu ildə isə təşkilat bu qanunsuz fəaliyyətinin “10 illik yubileyi”ni qeyd edib və həmin dövrdə ərazinin artıq 80%-nin təmizləndiyini bildirib.

2011-ci ildə Azərbaycan dövləti “HALO Trust” təşkilatını öz ərazisində rəsmi icazə olmadan fəaliyyət göstərdiyinə görə “qara siyahı”ya salıb. 2016-cı ilin “Aprel döyüşləri”ndən sonra isə təşkilat növbəti siyasi manipulyasiyaya əl atıb. Belə ki, həmin toqquşmalardan sonra guya yeni “kasetli bomba” çirklənməsinin yaranması bəhanəsilə “World Without Mines” və digər donorlardan əlavə maliyyə dəstəyi cəlb edilib.

2017–2018-ci illərdə təşkilatın əsasən yerli sakinlərdən ibarət olan işçi heyətinin sayı 130-240 nəfərə çatdırılıb. 2018-ci ildə təşkilatın üç əməkdaşı Ağdərədə mina partlayışı nəticəsində həlak olub, iki nəfər isə ağır yaralanıb. Təşkilatın hesablamalarına görə, 2000–2016-cı illərdə 8700-dən çox piyada əleyhinə mina, 2500-dən çox tank əleyhinə mina və 12000-dən çox kasetli bomba məhv edilib, nəticədə ərazinin təxminən 88–90%-i minalardan təmizlənib. Rəqəmə xüsusi diqqət yetirək: 88-90%!
2020-ci ilin sentyabr–noyabr aylarında (İkinci Qarabağ müharibəsi dövründə) təşkilatın fəaliyyəti tamamilə dayanıb. Müharibədən sonra əsas diqqət “kasetli sursat qalıqları” (CMR) və “partlamamış hərbi sursatlar”ın (UXO) zərərsizləşdirilməsinə yönəlib, minatəmizləmə fəaliyyəti isə ikinci plana keçib. Məhz bu ərəfədə proqramın “demək olar ki, tamamlandığı” əsas gətirilərək ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) tərəfindən ayrılan maliyyə dəstəyi dayandırılıb.

2021-ci ildə təşkilatın yaydığı məlumatda daha 4 km² ərazinin kasetli sursat qalıqlarından (CMR) təmizləndiyi, minlərlə kasetli bombanın, habelə raket və ya artilleriya mərmilərinin havada parçalanaraq geniş sahəyə səpələnən kiçik partlayıcı qurğularının zərərsizləşdirildiyi bildirilib. 2022-ci ildə isə təxminən 2.85 km² ərazi bu kimi sursatlardan təmizlənib. Həmin dövrdə azərbaycanlı ekoloji aktivistlərin Laçın dəhlizində başladığı aksiyadan sonra təşkilatın fəaliyyəti kəskin şəkildə məhdudlaşıb və işçi heyətin sayı 64-100 nəfərə qədər azalıb.
2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən lokal anti-terror əməliyyatlarından sonra təşkilatın yerli əməkdaşları bütövlüklə Ermənistana köçüb və proqramın Azərbaycan ərazisindəki qanunsuz fəaliyyətinə tamamilə son qoyulub. Bundan sonra “The HALO Trust”-ın İrəvan ofisi genişləndirilib və təşkilat Ermənistanda sosial yardım layihələri həyata keçirməyə başlayıb.
Qarabağdakı qanunsuz fəaliyyətinə son qoyulmasına baxmayaraq, təşkilatın rəsmi internet resursunda hələ də separatçı rejimə istinad edən “Nagorno-Karabakh” bölməsi saxlanılır.

“Donorlara minnətdarlıq” adı altında absurd iddialar səsləndirən təşkilat, eyni köhnə ssenari ilə beynəlxalq hüquq normalarına saymazlıq nümayiş etdirir. Beynəlxalq birliyin tanıdığı suverenlik hüququnu görməzdən gələrək Azərbaycanı “mühasirə və hərbi hücumda” (“2023-cü ilin oktyabr ayında mühasirə və hərbi hücumdan sonra 120000 erməni Dağlıq Qarabağdakı evlərini tərk etmək məcburiyyətində qaldı. Bu faciə sayısız-hesabsız həyatı həmişəlik dəyişdi”) ittiham edən bu müraciət, sadəcə donor tərəfdaşlarına təşəkkür deyil, faktları təhrif edərək Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası yürütmək cəhdidir.

Onu da qeyd edək ki, təşkilatın saytının “Biz harada işləyirik” bölməsində də Qarabağla bağlı məlumat (saxta mesaj) hələ də qalmaqdadır.

Yuxarıda qeyd olunan “müraciətə” qayıdaraq bir məqamı xüsusilə vurğulamaq lazımdır: məhz bu müraciət təşkilatın indiyə qədər yol verdiyi maliyyə saxtakarlıqlarından birini aşkar etmək üçün mühüm ipucu verib. Belə ki, müraciətdə deyilir: “İanəçilərimizin səxavətli dəstəyi sayəsində “HALO” həssas qrupdan olan məcburi köçkün ailələrinə kömək edə bildi. 1200-dən çox insan qida, nəqliyyat, mənzil və digər vacib ehtiyaclar üçün zəruri yardım və birbaşa nağd pul dəstəyi aldı”.
“HALO Trust” təşkilatının 2023/24-cü maliyyə ili üzrə rəsmi hesabatında (31 mart 2024-cü il tarixədək olan dövr) “Dağlıq Qarabağ proqramı”nın bağlanması, 100 mindən çox erməninin (o cümlədən təşkilatın bütün yerli heyətinin) Ermənistana köçməsi, yanacaq anbarındakı partlayış zamanı iki “HALO” əməkdaşının və bir əməkdaşın həyat yoldaşının həlak olması, eləcə də heyətin nəqliyyat vasitələri ilə təxliyəsi qeyd olunur. Həmçinin hesabatda İrəvan ofisinin genişləndirilməsi, köçürülmüş heyətə peşəkar və sosial yardımların göstərildiyi bildirilir.
Lakin təşkilatın saytında yer alan “1 200-dən çox insan qida, nəqliyyat, mənzil və digər ehtiyaclar üçün zəruri yardım və birbaşa nağd pul dəstəyi aldı” ifadəsi illik hesabatda və digər əsas rəsmi sənədlərdə dəqiq rəqəmlərlə təsdiqini tapmır. Hesabatda əsasən yalnız yerli heyətə (təxminən 100 nəfər işçi və onların ailələrinə) göstərilən dəstək vurğulanır. Ümumilikdə 1 200 nəfərə “yardım edilməsinin” detalları isə mövzuya dair heç bir rəsmi sənəddə əks olunmur.

2022–2023-cü illərdə “HALO” Laçın dəhlizində ekoloqların etiraz aksiyası zamanı “həssas ailələrə nağd yardım kampaniyası” keçirdiyini elan etmişdi (təxminən 1000 həssas ailəyə 250 min dollar yardım ayrılması hədəflənirdi). Lakin bu rəqəmi də təşkilatın 2022/23-cü illər üzrə maliyyə hesabatlarında tapmaq mümkün deyil. Saytdakı “Nagorno-Karabakh” səhifəsi barədə artıq məlumat versək də, hər ehtimala qarşı həmin səhifədə, digər açıq hesabatlarda, “GlobalGiving” layihə sənədlərində və ya başqa ictimai resurslarda bu göstəricini təsdiq edən sənədləri aşkar edə bilmədik.
Bəs bu təşkilatın Azərbaycan ərazisindəki qanunsuz fəaliyyətini kimlər maliyyələşdirib?
“HALO Trust”ın keçmiş “Dağlıq Qarabağ” regionunda həyata keçirdiyi minatəmizləmə fəaliyyəti üzrə xərclər və donorlar haqqında məlumatlar “Landmine & Cluster Munition Monitor”, təşkilatın illik hesabatları, CEPA, “EVN Report”, “Eurasianet” və digər açıq mənbələrin göstəricilərinə əsaslanır. Təşkilat ətraflı açıq statistikaları və illik proqram səviyyəli xərclərini hər il tam şəkildə dərc etmədiyi üçün bütün illər üzrə vahid və dəqiq ümumi büdcə göstəricisi mövcud deyil. Lakin illik hesabatlar və rəsmi açıqlamalar əsasında ümumi maliyyə mənzərəsini müəyyənləşdirmək mümkündür.
“HALO UK”-in illik hesabatlarına əsasən, son illərdə bu proqram üzrə xərclənən vəsaitin həcmi aşağıdakı kimi olub:
- 2022/23 maliyyə ili (31 mart tarixinə): Təxminən 1,5-1,7 milyon funt-sterlinq (£).
- 2023/24 maliyyə ili (31 mart tarixinə): Təxminən 1,5-2,0 milyon funt-sterlinq (£). (Hesabatda məhdudlaşdırılmış fondlar üzrə təşkilata daxil olan vəsait təxminən 1,6 milyon £, xərclənən məbləğ isə 1,5 milyon £ göstərilib).
- 2024/25 maliyyə ili (31 mart tarixinə): Təxminən 0,34 milyon funt-sterlinq (£).
Proqram dayandırıldıqdan sonra qalan vəsait xərclənib və maliyyələşmə kəskin azalıb.
2000–2023-cü illəri əhatə edən dövr ərzində ümumi proqram xərclərinin (bütün donorlar daxil olmaqla) personalın sayı və əməliyyatların miqyasına əsasən təxminən 25-40 milyon dollar aralığında olduğu ehtimal edilir.
Əsas donorları
1. ABŞ Hökuməti (USAID / ABŞ Dövlət Departamenti): 20 il ərzində proqramın ən böyük və davamlı maliyyə mənbəyi olub. ABŞ-nin İrəvandakı Səfirliyinin rəsmi açıqlamasına əsasən, Birləşmiş Ştatlar 2001-ci ildən etibarən “HALO Trust” tərəfindən aparılan minatəmizləmə fəaliyyətinə 17 milyon dollardan çox vəsait yönəldib (am). Maliyyələşmə əsasən keçmiş “Dağlıq Qarabağ” ərazisi daxilindəki yerləri əhatə edib. 2020-ci ildə ABŞ Administrasiyası proqramın demək olar ki, başa çatdığı əsası ilə maliyyələşməni dayandırsa da, sonradan ABŞ Konqresinin bəzi üzvlərinin təşəbbüsü ilə vəsaiti yenidən bərpa etməyə cəhd göstərilib.

2. Böyük Britaniya (DFID / FCDO): Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (DFID) 2007–2011-ci illərdə proqramı aktiv şəkildə maliyyələşdirib, lakin 2011-ci ildə vəsait ayrılmasını dayandırıb.

3. Niderland Xarici İşlər Nazirliyi 2000-ci illərin əvvəllərində (o cümlədən 2001 və 2009-cu illər ərəfəsində) mühüm dövlət donoru kimi çıxış edib, lakin sonradan prioritetlərini dəyişərək maliyyələşməni dayandırıb. (Niderland Parlamentinin sənədi).

Xüsusi fondlar, QHT-lər və özəl donorlar
USAID maliyyələşməsinin azaldığı və ya dayandırıldığı dövrlərdə, eləcə də işğal altında olan ərazilərdəki fəaliyyət üçün özəl filantropiya və erməni diasporunun dəstəyi kəskin artıb. “HALO Trust” təşkilatının açıqlamalarında və media hesabatlarında (Asbarez) dəstək verən əsas qurumlar sırasında aşağıdakı təşkilatların adları çəkilir:
- Julia Burke Foundation (Kaliforniya): 2007-ci ildən etibarən 400 min dollar və əlavə qrantlar ayıraraq ən nəzərəçarpan özəl donorlardan birinə çevrilib (Azatutyun ).
- World Without Mines / Actiefonds Mijnen Ruimen: İsveçrə və Niderland mənşəli fondlar (məsələn, “World Without Mines” 2016-cı ildə təxminən 80 min avro maliyyə ayırıb).
- Grapes for Humanity (Kanada) və Reece Foundation: (2013-cü il sənədlərində qeyd olunub).
- Digər fondlar: “Cafesjian Family Foundation”, “The Cooperative Bank”, “Pro Victimis” (Qurbanlar Fondu) və “Newman’s Own Foundation”.
- Norveç: 2022–2023-cü illərdə minatəmizləmə fəaliyyəti üçün kiçik həcmli qrantlar ayırıb.
“HALO Trust” Qarabağda mina axtarmayıb
“The HALO Trust” təşkilatının Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki 28 illik qanunsuz fəaliyyətinə baxmayaraq, bölgənin hələ də kütləvi şəkildə minalanmış olaraq qalması həm rəsmi Bakı, həm də müstəqil ekspertlər tərəfindən ciddi şübhə və tənqidlərlə qarşılanıb.
Təşkilatın bu müddət ərzində real olaraq nə ilə məşğul olduğunu və mina probleminin niyə həllini tapmadığını anlamaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır:
Birinci səbəb, təşkilatın selektiv təmizləmə aparması və siyasi maraqlardan çıxış etməsi ilə əlaqəlidir. Bir daha təkrar edirik ki, “HALO Trust” humanitar təşkilat olduğunu iddia etsə də, işğal dövründə onun fəaliyyəti humanizmdən uzaq, sırf siyasi yönümlü və birtərəfli olub.
Araşdırmalardan və açıq mənbələrdəki faktlardan bəlli olur ki, təşkilat yalnız ermənilərin məskunlaşdığı daxili yaşayış məntəqələrini, kənd təsərrüfatı torpaqlarını və yolları minalardan təmizləyib. Keçmiş təmas xətti (Ağdam, Füzuli, Cəbrayıl və s. rayonlar) və Azərbaycan Ordusunun hərəkət edə biləcəyi mövqelər isə qəsdən minalı saxlanılıb. “HALO Trust” bu hərbi zonaların təmizlənməsinə toxunmayıb və bunu "təhlükəli zona" bəhanəsi ilə əsaslandırmağa çalışıb.

İkinci səbəb, təmizləmə statistikasında yol verdikləri saxtakarlıqdır. Təşkilat öz hesabatlarında Qarabağ ərazisindəki minalı sahələrin böyük hissəsini (təxminən 60%-ni) təmizlədiyini iddia edirdi. Lakin 2020-ci il 44 günlük müharibədən sonra məlum oldu ki, Azərbaycanın azad edilmiş ərazilərində (10 min kvadratkilometrdən çox sahədə) bir milyondan çox mina basdırılıb. Əgər bir təşkilat 30 il ərzində fəal işlədiyini bəyan edirdisə, necə ola bilər ki, region dünyanın ən kütləvi şəkildə minalanmış zonalarından biri olaraq qalıb?! Bu ziddiyyət təşkilatın fəaliyyətinin səmərəsizliyini, korrupsiyanın və ya hesabat göstəricilərinin qəsdən şişirdildiyini sübut edir.
Təşkilatın 30 il ərzində gördüyü işin miqyası ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) qısa müddətdə üzə çıxardığı acı reallıq arasındakı fərq təkzibedilməz statistik sübutdur.
“HALO Trust” rəsmi olaraq iddia edirdi ki, 2020-ci ilə qədər terrorçu rejimin nəzarətindəki ərazilərin 60%-ni minalardan təmizləyib. Lakin ANAMA-nın 2026-cı il sentyabr hesabatına əsasən, cəmi 6 il ərzində azad edilmiş ərazilərdən 43833 piyada əleyhinə və 24213 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu göstəricilər “HALO Trust”ın hesabatlarının real çirklənmə miqyası ilə tamamilə ziddiyyət təşkil etdiyini aydın şəkildə nümayiş etdirir.

Üçüncü səbəb kimi sübutların qəsdən məhv edilməsini göstərə bilərik.
2023-cü ilin oktyabrında ANAMA icra etdiyi humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust”-ın bazasını aşkar etmişdi. ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, beynəlxalq humanitar təşkilat olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin sakinlərin təhlükəsiz yaşayışının təmin edilməsi üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən və peşəkarcasına məhv edilib.
Əgər məqsəd sadəcə “insan həyatını xilas etmək” idisə, mina təhlükəsinin hələ də davam etdiyi bir bölgədə bahalı minatəmizləmə cihazlarının sıradan çıxarılması humanitar prinsiplərə tamamilə ziddir. “HALO Trust” Qarabağda olduğu 30 il ərzində tammiqyaslı minatəmizləmə ilə yox, yalnız separatçı rejimin daxili təhlükəsizlik və infrastruktur ehtiyaclarına yarayan lokal və seçici təmizləmə işləri ilə məşğul olub. Genişmiqyaslı minalanmış ərazilər və hərbi zolaqlar isə toxunulmaz saxlanılıb ki, bu da bu gün davam edən mina terrorunun əsas səbəblərindən biridir.
“HALO Trust”-ın qlobal fəaliyyətindəki qüsurlar
“HALO Trust”-ın Qarabağdakı maliyyə mexanizmlərinin analizi göstərir ki, təşkilatın fəaliyyət prinsipləri tez-tez bəyan edilən humanitar məqsədlərlə ziddiyyət təşkil edib. Araşdırmalar göstərir ki, bu vəziyyət təşkilatın qlobal miqyasda tətbiq etdiyi ümumi idarəetmə strategiyasından qaynaqlanır. Beynəlxalq donorların, müfəttişliklərin və yerli hakimiyyət organlarının hesabatları “HALO Trust”-ın müxtəlif ölkələrdə mövcud vəziyyətin (status-kvonun) saxlamaq tərəfdarına çevrildiyini, maliyyə vəsaitlərini yayındırdığını, habelə siyasi və etnik disbalans yaratdığını təsdiqləyir.
Əfqanıstan: Maliyyə fırıldaqçılığı və vəsaitlərin mənimsənilməsi (2020-2021)
HALO Trust-ın ən böyük və uzunmüddətli missiyalarından birinin yerləşdiyi Əfqanıstanda donor vəsaitlərinin idarə olunması ilə bağlı ciddi daxili korrupsiya və maliyyə pozuntuları faktları üzə çıxıb. (SIGAR 21-01 Financial Audit: Department of State’s Humanitarian Demining and Conventional Weapons Destruction Programs in Afghanistan: Audit of Costs Incurred by The HALO Trust and The HALO Trust (USA) Inc)

Təşkilatın daxili təhqiqatları, yerlərdən gələn xəbərdarlıqlar və ABŞ-nin aidiyyəti audit qurumlarının (SIGAR və GAO) humanitar yardımların nəzarət mexanizmlərinə dair hesabatlarında sub-podratçı QHT-lər səviyyəsində monitorinq zəifliyi “fırıldaqçılıq riski” kimi göstərilib. Araşdırmalar zamanı məlum olub ki, “HALO Trust”-ın Əfqanıstan bölməsinin cavabdeh şəxsləri donorlardan (xüsusilə ABŞ və Britaniya hökumətlərindən) minatəmizləmə əməliyyatları üçün ayrılan vəsaitlərin bir hissəsini şişirdilmiş layihə xərcləri və saxta satınalma müqavilələri vasitəsilə mənimsəyiblər.
“Williams Adley” audit şirkəti “HALO”-nun daxili nəzarət sistemində üçü mühüm, digərləri isə əhəmiyyətli olmaqla ümumilikdə beş nöqsan, eləcə də qrant şərtləri və qanunvericiliyin pozulması ilə bağlı 9 hal aşkar edib. Yoxlamalar zamanı məlum olub ki, təşkilat birdən çox layihədə çalışan işçilərin əməkhaqqını hesablayarkən əsaslandırılmamış bölgü metodologiyasından istifadə edib, nəqliyyat vasitələrinin alınması, təmiri və yanacaq xərcləri üçün isə adekvat sənədlər təqdim edə bilməyib. Eyni zamanda büdcə maddələri arasında vəsait köçürülərkən ABŞ Dövlət Departamentinin müəyyən etdiyi 10%-lik hədd aşılmasına baxmayaraq, əvvəlcədən müvafiq razılıq alınmayıb.
Bu nöqsanlar nəticəsində 63871 dollar məbləğində icazə verilməyən və 160904 dollar məbləğində əsaslandırılmamış xərc müəyyən edilib.
Şirkət həmçinin əvvəlki illərə dair audit hesabatlarını nəzərdən keçirərək məlum olub ki, “HALO” əməkhaqqı sistemi və satınalma prosedurları ilə bağlı keçmişdə aşkar edilən nöqsanları aradan qaldırmayıb. Yaranan maliyyə şəffaflığı problemi və daxili nəzarət mexanizmlərindəki ciddi zəifliklər səbəbindən “Williams Adley” təşkilatın Xüsusi Təyinatlı Maliyyə Hesabatına şərti (dəyişdirilmiş) rəy verib.
Daxili təhqiqatlar nəticəsində maliyyə pozuntuları və nəzarətsizlik faktları təsdiqləndikdən sonra “HALO Trust” Əfqanıstan üzrə proqram menecerini və bir neçə yüksək rütbəli yerli rəhbər şəxsi vəzifəsindən kənarlaşdırmaq məcburiyyətində qalıb.
Kolumbiya: Narkotrafik üçün mina zolaqlarının saxlanılması
2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC qiyamçıları (Kolumbiya İnqilabi Silahlı Qüvvələri) arasında imzalanmış Sülh Sazişindən sonra “HALO Trust” ölkədə genişmiqyaslı minatəmizləmə əməliyyatlarına başlayıb (Kolumbiya Hökumətinin Piyada Əleyhinə Minalara Qarşı Kompleks Fəaliyyət Direktorluğunun (DESCONTAMINA Colombia) 2018–2020-ci illər üzrə rəsmi dövri hesabatları).
Kolumbiyanın münaqişə zonasındakı fəaliyyəti zamanı təşkilat yerli hərbi ekspertlər və mətbuat tərəfindən selektiv yanaşmaya görə kəskin tənqid olunub (“Operational Efficiency and Access Constraints in Humanitarian Demining by International NGOs”). Mütəşəkkil cinayətkarlıq və narkotrafik marşrutlarının mövcud olduğu regionlarda “HALO Trust” “təhlükəsizlik riskləri” və yerli icmaların razılığının olmaması bəhanəsilə yalnız müəyyən mülki zonaları təmizləyib, aktiv FARC dissidentlərinin nəzarətindəki narkotik plantasiyaları və hərbi marşrutlar üzərindəki minalı ərazilərə daxil olmaqdan isə imtina edib (insightcrime).
Təşkilatın bu yanaşması Kolumbiya Hökumətinin Minatəmizləmə Agentliyi (“Descontamina Colombia”) və ordu birləşmələri tərəfindən ciddi narazılıqla qarşılanıb. Hərbçilər bildiriblər ki, bu cür məhdudiyyətlər ordunun narkotiklə mübarizə əməliyyatlarını çətinləşdirir və toxunulmaz qalan minalı zonalar qanunsuz qruplaşmalar tərəfindən canlı qalxan kimi istifadə olunur. Təşkilat isə bu addımını “humanitar bitərəflik” və heyətin təhlükəsizliyi qaydaları ilə əsaslandırmağa çalışıb.
Kolumbiyada FARC terrorçularının narkotrafik marşrutlarına toxunmayıb yalnız icazə verilən mülki zonaları təmizləyən “HALO Trust”, eyni selektiv (seçici) yanaşmanı Qarabağda da nümayiş etdirib. Təşkilat işğal dövründə yalnız erməni icmasının təhlükəsizliyi və separatçı rejimin infrastruktur ehtiyacları üçün əraziləri təmizləyib, Azərbaycan Ordusunun hərəkət edə biləcəyi strateji hərbi zolaqları və mina xətlərini isə bilərəkdən toxunulmaz saxlayıb. Bu faktlar təşkilatın humanitar bitərəflik prinsipini tapdalayaraq fəaliyyət göstərdiyi regionlardakı qeyri-qanuni rejimlərin və ya qiyamçıların hərbi-logistik maraqlarına xidmət etdiyini bir daha göstərir.
Şri-Lanka: Etnik disbalans və işə qəbul (2010-cu illər)
“The Guardian” qəzetinin məlumatına əsasən, təşkilatın Şri-Lankanın şimal vilayətindəki keçmiş münaqişə zonasında fəaliyyət göstərən minatəmizləmə heyətinin böyük əksəriyyəti (40%-dən çoxu) etnik tamil qadınlarından (müharibə dulları və keçmiş separatçılara rəğbət bəsləyənlərdən) formalaşdırılıb.
Təşkilat bu addımı yerlərdə “ən çox zərər çəkmiş icmalara humanitar iş yerlərinin verilməsi” kimi qələmə verir. Lakin ictimaiyyətdə yerli sinhal icmasının prosesdən kənarda saxlanılması və təmizlənən torpaqların dərhal tamillərin məskunlaşmasına verilməsi kəskin narazılıq doğurub. Bu yanaşma bölgədə etnik gərginliyi yenidən alovlandırıb və ölkədəki millətçi dairələr tərəfindən “demoqrafik və etnik disbalansın birtərəfli qaydada stimullaşdırılması” kimi tənqid edilib.
Kamboca: Maliyyə asılılığı səbəbindən işlərin süni şəkildə uzadılması
Əsas sənədlər və mənbələr:
- Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş və “Samuel Hall” analitik mərkəzi tərəfindən hazırlanmış “Global HALO Trust Mine Action Projects with Multiple Spheres of Change” (2021) rəsmi audit hesabatı;
- Kamboca Hökumətinin rəsmi “National Mine Action Strategy 2018–2025” strateji plan sənədi.
Müstəqil qiymətləndirmə sənədlərində (o cümlədən BMT-nin İnkişaf Proqramının (UNDP) effektivlik hesabatlarında) “HALO Trust” təşkilatının əməliyyat modeli barədə mühüm tənqidlər yer alır.
Hesabatlarda qeyd olunur ki, təşkilat fəaliyyət göstərdiyi ölkələrdə (xüsusilə Kambocada) böyük işçi heyəti ilə əl əməyinə üstünlük verir və ərazini sürətlə təmizləməyə imkan verən yüksək texnoloji mexaniki minatəmizləmə metodlarına keçidi bilərəkdən ləngidir. Bunun başlıca səbəbi layihələrin tez yekunlaşacağı təqdirdə beynəlxalq donorlardan (BMT, ABŞ, Aİ) hər il daxil olan humanitar qrant axınının kəsilməsi riskidir. Minatəmizləmə prosesi nə qədər uzun çəkərsə, təşkilatın qlobal və inzibati büdcəsinin uzunmüddətli maliyyələşməsi bir o qədər zəmanət altına alınır.
Xatırladaq ki, Kamboca dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir və “HALO Trust” burada onilliklərdir fəaliyyət göstərməsinə baxmayaraq, analoji maliyyə maraqları səbəbindən problem hələ də tam həllini tapmayıb.
Ukrayna (2016–2021): Bürokratik ləngimələr və yüksək inzibati xərclər
2022-ci ildə başlanan irimiqyaslı hərbi əməliyyatlara qədər “HALO Trust” Donbas regionunun Ukraynanın nəzarətində olan ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirib. Beynəlxalq donorlardan milyonlarla avro həcmində vəsait almasına baxmayaraq, təşkilatın Donbasdakı təmizləmə tempi Ukrayna hərbi strukturları və yerli ekspertlər tərəfindən çox aşağı qiymətləndirilib. Ukrayna Müdafiə Nazirliyinin və donorların qiymətləndirmə hesabatlarında qeyd olunub ki, ayrılan maliyyənin əhəmiyyətli hissəsi birbaşa minatəmizləmə əməliyyatlarına deyil, beynəlxalq rəhbər heyətin yüksək inzibati xərclərinə, logistikaya və monitorinq hesabatlarının hazırlanmasına yönəldilib (SIPRI: Humanitarian Mine Action in Ukraine, 2020).
Bu səmərəsizlik və idarəetmə ziddiyyətləri 2018–2020-ci illərdə Ukrayna Hökumətinin beynəlxalq QHT-lərin fəaliyyətinə dövlət nəzarətini sərtləşdirən “Mina Əleyhinə Fəaliyyət haqqında” Qanununun (Закон України «Про протимінну діяльність в Україні» № 2618-VIII) qəbul edilməsinə gətirib çıxarıb.
Bu faktlar bir daha sübut edir ki, “HALO Trust”ın Qarabağdakı selektiv və siyasi maraqlara xidmət edən fəaliyyəti təsadüfi deyil, təşkilatın qlobal iş modelinin tərkib hissəsidir. Təşkilat fəaliyyət göstərdiyi ölkələrdə münaqişələrin tənzimində və ya tam həllində yox, maliyyə/qrant axınını qorumaq məqsədilə status-kvonun saxlanmasında maraqlı olub. Humanitar missiya adı altında isə yerli separatçı və ya qanunsuz qruplaşmalarla (Qarabağda erməni separatçıları, Kolumbiyada FARC, Şri-Lankada Tamil qruplaşmaları) rəsmi hökumətlərin iradəsinə zidd olaraq gizli əməkdaşlığa gedir.
Qovulan işçilər, tez-tez dəyişdirilən rəhbərlər
Məlum olur ki, maliyyə fırıldaqları ilə yanaşı, “The HALO Trust” təşkilatının rəhbərliyi, menecerləri və sahə işçiləri ilə bağlı da çoxsaylı neqativ faktlar aşkarlanıb. Beynəlxalq media və rəsmi təhqiqatlar təşkilat əməkdaşlarının saxtakarlıqlarına, maliyyə skandallarına və xidməti səlahiyyətlərdən sui-istifadə hallarına dair təsdiqlənmiş sübutlar ortaya qoyub.
Təşkilatın ən böyük rəhbərlik qalmaqalı onun qurucularından biri və uzunmüddətli baş icraçı direktoru (CEO) olmuş Qay Villobi (Guy Willoughby) ilə bağlıdır.
2014-cü ildə Britaniya mətbuatının (The Telegraph) araşdırmasından sonra məlum olub ki, yüksək illik məvacib alan Qay Villobi təşkilata daxil olan humanitar ianələrdən hər il təxminən 377 min dollar vəsaiti gizlicə öz övladlarının özəl internat məktəbindəki təhsil haqqını ödəmək üçün mənimsəyib. Bu ödənişlər təşkilatın ictimai və maliyyə hesabatlarında qəsdən gizlədilib.

Mövzu ictimailəşdikdən sonra təşkilatın Qəyyumlar Şurası ilə rəhbərlik arasında münasibətlər kəskin pisləşib, nəticədə Villobi rəsmən vəzifəsindən uzaqlaşdırılaraq müqaviləsinə xitam verilib. Qəribədir ki, Qay Villobinin qovulmasından sonra təşkilatın daxili strukturunu yoxlamaq üçün təyin olunan idarə heyətinin iki üzvü – Amanda Pullincer və Saymon Konvey də özlərinə ümumilikdə 120 min funt-sterlinqdən (bugünkü məzənnə ilə təxminən 161 min dollar – red.) çox xidmət haqqı yazaraq mənimsəyiblər.

Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri, uzun illər bu təşkilatın Qəyyumlar Şurasının üzvü olmuş Ancelina Joli humanitar təşkilat rəhbərlərinin özlərinə bu qədər böyük məbləğdə qeyri-qanuni ödəniş etməsindən narazılığını bildirərək nümayişkaranə şəkildə “HALO Trust”-ın rəhbərliyindən istefa verib. Böyük Britaniyanın Xeyriyyəçilik Komissiyası (Charity Commission) bu faktla bağlı rəsmi təhqiqat başladacağını bəyan edib.

2018-ci ildə “HALO Trust”ın fəaliyyətində digər qaranlıq məqamlar da üzə çıxıb. Britaniya mediasına və Şotlandiya Xeyriyyəçilik Reyestrinə (OSCR) daxil olan rəsmi şikayətlərdən sonra təşkilat ictimaiyyətə izahat verməli olub.
Məlum olub ki, təşkilatın Myanmadakı bölməsində rəhbər vəzifədə çalışan yerli əməkdaşlardan biri cinsi təcavüzə cəhd ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və yerli məhkəmə tərəfindən təqsirli bilinərək azadlıqdan məhrum edilib. Eyni dövrdə, yəni 2018-ci ildə təşkilatın Kamboca ofisində fəaliyyət göstərən digər bir məsul şəxs qadın həmkarına qarşı cinsi qısnama törətdiyi üçün daxili təhqiqatın nəticələrinə əsasən rəsmən işdən qovulub.
Təşkilatın hazırkı baş icraçı direktoru (CEO), Britaniya ordusunun keçmiş general-mayoru Ceyms Kouen (James Cowan) isə humanitar minatəmizləmə missiyasının fəlsəfəsinə tamamilə zidd olan siyasi bəyanatları və addımları ilə beynəlxalq humanitar təşkilatların kəskin etirazına səbəb olub.

Ceyms Kouen 2024-cü ilin sonlarında mətbuatda (Evening Standard) və canlı televiziya efirlərində çıxış edərək ABŞ-nin Ukraynaya piyada əleyhinə minalar tədarük etməsini müdafiə edib və ölkələri bu addıma görə tənqid etməməyə çağırıb.
Dünyanın böyük minatəmizləmə təşkilatının rəhbərinin kütləvi qırğın və insanları şikəst edən silah olan minaların hərbi məqsədlərlə istifadəsini “hərbi zərurət” kimi əsaslandırması böyük skandala səbəb olub və buna görə özü beynəlxalq QHT-lərin tənqidinə məruz qalıb. Kouen eyni mövqeyi daha sonra “The Kyiv Independent” qəzetinə verdiyi müsahibədə də təkrarlayaraq minaların tətbiqini “özünümüdafiə hüququ” kimi qələmə verməyə çalışıb.
Mik Darbi (Mick Darby)
Mik Darbi təşkilatın qlobal maliyyə xərclərinə, o cümlədən münaqişə zonalarındakı qrantların bölüşdürülməsinə cavabdeh olan şəxsdir. Şəxsi hesabat fırıldaqçılığına yol verməsə də, onun rəhbərlik etdiyi maliyyə idarəçiliyi dövründə ABŞ Konqresinin “SIGAR 21-42-AR” rəsmi hesabatı dərc olunub. Həmin sənəddə “HALO Trust”ın yerlərdəki nəzarətsizliyi ucbatından qrant vəsaitlərinin satınalma manipulyasiyalarına məruz qalma riskləri kəskin şəkildə tənqid edilib. Eyni zamanda onun baş maliyyə direktoru (CFO) olduğu dövrdə təşkilatın Şotlandiyadakı ofisində illik məvacibi 100 min funt-sterlinqdən çox olan əcnəbi rəhbər şəxslərin xərclərinin süni şəkildə şişirdilməsi müstəqil auditlər tərəfindən narazılıqla qarşılanıb.

Adam Jasinski (Əməliyyatlar direktoru - COO)
Qlobal əməliyyatların rəhbəri kimi, təşkilatın dünyanın müxtəlif regionlarındakı texnoloji səmərəsizliyinə görə birbaşa məsuliyyət taşıyan şəxs məhz Baş Əməliyyat Direktorudur (COO) Adam Yasinski (Adam Jasinski). Niderland XİN-in qlobal auditi və Kamboca dövlətinin rəsmi hesabatlarında “HALO Trust”ın minatəmizləmə prosesini müasir texnologiyalarla sürətləndirmək əvəzinə, qrant axınını kəsməmək məqsədilə ucuz əl əməyindən istifadə edərək müddəti süni şəkildə uzatması kəskin tənqid edilib. Tətbiq edilən bu səmərəsiz əməliyyat modelinin baş idarəçisi də məhz Jasinskidir.

Chris Whatley (“HALO Trust USA” - İcraçı Direktor)
Kris Vaytli (Chris Whatley) təşkilatın ABŞ hökuməti, USAID və BMT ilə əlaqələrini, həmçinin Vaşinqtondakı maliyyə lobbiçiliyini idarə edən əsas şəxsdir. Onun birbaşa rəhbərliyi altında “HALO USA” uzun illər boyu ABŞ Konqresindən və erməni diaspor fondlarından Azərbaycanın icazəsi olmadan Qarabağdakı separatçı rejimin nəzarətindəki ərazilərdə qanunsuz fəaliyyət göstərmək üçün milyonlarla dollar həcmində qrant cəlb edib. Onun fəaliyyəti humanitar prinsiplərdən ziyadə, ABŞ-dəki müəyyən siyasi və etnik lobbi dairələrinin maraqlarının təmin edilməsinə yönəlib. (Sənəd Congress of the United States - Witness Statement on Nagorno Karabakh De-mining)
Rachel Storr (insan resursları üzrə direktor)
Reyçel Storr (Rachel Storr) təşkilatın qlobal kadr siyasətinə və daxili intizam qaydalarına cavabdeh olan şəxsdir. Onun rəhbərlik etdiyi İnsan Resursları Departamenti təşkilatın müxtəlif beynəlxalq missiyalarında (Kamboca və Myanma kimi ölkələrdə) yerli və əcnəbi işçilər arasında baş verən cinsi qısnama və intizamsızlıq halları ilə bağlı daxili şikayətlərin araşdırılması zamanı şəffaflığı kifayət qədər təmin edə bilməyib. Hətta bəzi hallarda bu cür qalmaqalların ictimailəşməsinin qarşısını almaq üçün məsələlərin daxildə ört-basdır edilməsinə şərait yaratması ilə xatırlanır.
Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən “Halo Trust” əməkdaşları
“The HALO Trust” təşkilatının Qarabağda fəaliyyət göstərdiyi təxminən 30 illik dövr ərzində region üzrə sabit daimi rəhbəri olmayıb. Təşkilatın idarəetmə sisteminə əsasən, bu missiyaya müəyyən müddətdən bir dəyişən xarici və yerli proqram menecerləri, yaxud ölkə direktorları rəhbərlik ediblər.
Təşkilatın Qarabağ nümayəndəliyinə müxtəlif illərdə rəhbərlik etmiş şəxsləri rəsmi arxiv sənədlərinə və fəaliyyət xronologiyasına əsasən təqdim edirik:

Maylz Hotorn (Miles Hawthorn): 2020-ci ilin avqust ayında rəsmən bu vəzifəyə təyin edilib. O, 44 günlük müharibə və ondan sonrakı gərginlik dövründə, eləcə də 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirlərinə qədər olan mərhələdə təşkilatın regional fəaliyyətinə və Xankəndidəki proseslərə birbaşa rəhbərlik edən əsas şəxs olub. “Qarabağ proqramı” bağlandıqdan sonra təşkilat daxilində Ukrayna missiyasına transfer edilib və hazırda həmin ölkədə ölkə direktoru vəzifəsini tutur.

Edvard Robert Sifret (Edward Robert Syfret / Rob Syfret):
2019–2020-ci illərdə proqram meneceri olub. Bu şəxs pandemiya dövründə ABŞ Konqresindən və erməni lobbisindən Qarabağdakı minatəmizləmə bəhanəsi ilə maliyyə vəsaitlərinin ayrılmasını təşkil edən əsas fiqurlardan biri sayılır.
Onu da qeyd edək ki, onun “LinkedIn” səhifəsində yalnız Ermənistan üzrə proqram meneceri olduğu qeyd edilib.


Askanaz Hambarsumyan (Askanaz Hambartzumyan ): 2019-cu ilin əvvəlində qısa müddətə proqram rəhbəri təyin edilib. O, təşkilatın bu regiondakı erməni rəhbərlərindən biri olub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Hambartzumyanın “LinkedIn” səhifəsində onun həm Ermənistan, həm də “Nagornı Karabakh” üzrə (yəni 2 ayrı dövlət) proqram meneceri olduğu qeyd edilib.

Çarlz Faul (Charles Fawle):
2017–2019-cu illərdə Qarabağ proqramının rəhbəri vəzifəsini icra edib. Onu az öncə bəhs etdiyimiz Askanaz Hambartzumyan əvəzləyib. Bu barədə erməni mediasında da müvafiq məlumatlar yayılıb. Belə ki, qondarma rejimin “xarici işlər naziri” Masis Mayilyan 2019-cu il fevralın 11-də “The HALO Trust”ın “Qarabağ” proqramı üzrə səlahiyyət müddəti başa çatan meneceri Çarlz Foul (Charles Foul) və yeni təyin olunmuş proqram meneceri Askanaz Hambartzumyanı qəbul edib.


Nik Smart (Nick Smart): 2010-cu illərin əvvəllərində (təxminən 2012–2014-cü illərdə) regional menecer kimi fəaliyyət göstərib və təşkilatın seçici təmizləmə strategiyasını yerlərdə idarə edib.
Beynəlxalq hesabatlarda və podkast çıxışlarında onun rəhbərlik etdiyi dövrdə görülən işlər “humanitar fəaliyyət” kimi qələmə verilsə də, məhz onun idarəçiliyi zamanı Azərbaycan tərəfi təşkilatın keçmiş təmas xəttindəki hərbi mina istehkamlarına toxunmayıb yalnız erməni icmasının yaşayış sahələrini təmizləməsini (selektiv minatəmizləmə) həyata keçirilib.
Saymon Porter (Simon Porter):
2000-ci illərin əvvəllərində təşkilatın Qarabağ missiyasının rəhbəri olub. Həmin dövrdə Azərbaycan tərəfi “The HALO Trust”ı rəsmi olaraq humanitar missiya adı altında hərbi kəşfiyyat və casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edəndə, mətbuata açıqlama verərək bu ittihamları təkzib etməyə çalışan şəxs məhz Saymon Porter (Simon Porter) olub.

Araşdırma zamanı təşkilatın təmsilçisi kimi Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş daha bir şəxs üzə çıxarılıb. Bu, 2019-cu ilin yanvar–dekabr aylarında əməliyyat meneceri vəzifəsini icra etmiş Tobias Hyuittdir (Tobias Hewitt).

O, “HALO Trust” tərəfindən xüsusi əməliyyat idarəçiliyi proqramı çərçivəsində Qarabağdakı aktiv mina sahələrində qrupların idarə olunması, logistika və donor əlaqələri üzrə sahə rəhbəri (Operations Manager) kimi təlim keçib və fəaliyyət göstərib. Onun Qarabağdakı qanunsuz fəaliyyəti o dərəcədə rəsmi xarakter alıb ki, bu məsələ ABŞ rəsmiləri ilə görüşlərdə də öz əksini tapıb. Məsələn, ABŞ Konqresinin üzvü Keti Porterin (Katie Porter) ofisi tərəfindən yayılan rəsmi məlumatda Tobi Hyuittin (Toby Hewitt) “HALO Trust”-ın Qarabağdakı minatəmizləmə proqramının əməliyyat meneceri olduğu xüsusi vurğulanıb və onun Vaşinqtondakı Konqres ofisinə hesabat xarakterli səfərindən fotoşəkillər paylaşılıb.

O, Qarabağdan sonra Somali (Somalilend) və Ukraynada (Kramatorsk xəttində) rəhbər vəzifələrdə çalışıb. Daha sonra Maylz Hotornu əvəzləyərək Kamboca proqramının rəhbəri olub və hazırda təşkilatın Proqramlar və Əməliyyatlar üzrə Baş Direktoru (Senior Director of Programs & Operations) statusuna qədər yüksəlib.
Beləliklə, məlum olur ki, “HALO Trust” özünün əcnəbi rəhbər kadrlarını (Tobias Hyuitt və Maylz Hotorn kimi) Azərbaycanın suveren ərazisi olan Qarabağda “yetişdirib”, onlara qanunsuz şəraitdə idarəçilik təcrübəsi qazandıraraq qlobal miqyasda daha yüksək vəzifələrə (Ukrayna direktorluğu, Qlobal əməliyyat rəhbərliyi) təyin edib.
Təşkilat rəhbərlərinin (məsələn, Hyuittin) Qarabağdakı qanunsuz fəaliyyətləri barədə birbaşa ABŞ Konqresinin ofislərinə gedərək şəxsən hesabat verməsi bu missiyanın sadəcə humanitar xarakter daşımadığını, həm də Vaşinqtondakı müəyyən siyasi və lobbi dairələri tərəfindən birbaşa koordinasiya edildiyini sübut edən əyani sənəddir.
Nəticə:
The HALO Trust”ın həm Qarabağda, həm də dünya üzrə digər münaqişə zonalarındakı fəaliyyət prinsipləri təhlil edildikdə, onların real olaraq nə işlə məşğul olduğu və milyonlarla minanın niyə toxunulmaz qaldığı bir neçə əsas məqamla aydınlaşır:
- Selektiv və birtərəfli yanaşma: “The HALO Trust” bəyan etdiyi kimi tam və bitərəf minatəmizləmə aparmayıb. Təşkilat yalnız erməni icmasının məskunlaşdığı daxili yaşayış məntəqələrini, kənd təsərrüfatı sahələrini və daxili yolları təmizləyib. Azərbaycan Ordusunun hərəkət edə biləcəyi keçmiş təmas xətti (Ağdam, Füzuli, Cəbrayıl və s. istiqamətlər) və strateji hərbi istehkamlar isə qəsdən minalı saxlanılıb. Oxşar model Kolumbiyada da tətbiq olunub: təşkilat FARC terrorçularının narkotrafik marşrutlarına toxunmayıb, yalnız icazə verilən zonalarda işləyib.
- Süni uzadılan proseslər və qrant siyasəti: Təşkilatın qlobal iş modeli (Kamboca və Ukrayna təcrübəsində olduğu kimi) ərazini müasir mexaniki və texnoloji vasitələrlə sürətlə təmizləməyə deyil, ucuz əl əməyi ilə prosesi onilliklərlə uzatmağa əsaslanır. Çünki minatəmizləmə nə qədər uzun çəkərsə, beynəlxalq donorlardan (USAID, Böyük Britaniya Hökuməti və s.) gələn milyonlarla dollarlıq qrant axını bir o qədər uzunmüddətli davam edir.
- Manipulyativ statistika və maliyyə pozuntuları: Təşkilatın “ərazinin 80-90%-i təmizlənib” iddiası yalnız onların daxili qeydiyyata aldığı kiçik mülki kəndlərə şamil olunub, ümumi işğal zonası və hərbi istehkamlar isə bu statistikaya daxil edilməyib. Əfqanıstan auditi (SIGAR hesabatı) zamanı üzə çıxdığı kimi, təşkilat layihə xərclərini və əməkhaqqı bölgülərini şişirtməklə, kağız üzərində “böyük iş görüldüyü” təəssüratı yaradıb donor vəsaitlərini mənimsəyib.
- Humanitar missiya pərdəsi altında siyasi tərəfkeşlik: “The HALO Trust” münaqişənin tam həllində və ya ərazinin tam təhlükəsiz olmasında maraqlı olmayıb. O, humanitar təşkilat pərdəsi altında separatçı rejimin beynəlxalq aləmdə “legitimləşdirilməsinə” və onun “dövlət infrastrukturu” kimi qələmə verilməsinə xidmət edib. Təşkilatın 2023-cü ildə Xankəndini tərk edərkən bazadakı bahalı minatəmizləmə cihazlarını və detektorları qəsdən sındırıb yararsız hala salması da bunu təsdiqləyir: əgər əsas məqsəd insan həyatını xilas etmək olsaydı, həmin avadanlıqlar sonradan minaları təmizləyəcək tərəfə saxlanılardı.
Bir sözlə, “The HALO Trust” Qarabağda real minatəmizləmə ilə deyil, milyonlarla dollarlıq qrantların mənimsənilməsi, separatçı rejimin logistik təhlükəsizliyinin təmin edilməsi və işğal zonasında siyasi status-kvonun dondurulması ilə məşğul olub.
