 
                                    
                                                                    
                                İrəvanda diplomatik missiyasını başa vuran İranın Ermənistandakı səfiri Mehdi Sobhani Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışarkən absurd açıqlamalar verib.
Diplomat bəyan edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların işləməsi ilə bağlı Vaşinqton razılaşmalarının prinsiplərindən biri də qarşılıqlılıq prinsipidir. “Əgər Naxçıvan Azərbaycanla quru əlaqəsi əldə edərsə, o zaman qarşılıqlılıq prinsipi çərçivəsində Ermənistan Yerasx və Culfa vasitəsilə İranla əlaqə saxlamalıdır. Əgər Azərbaycan vətəndaşları Ermənistan ərazisindən Azərbaycana gələ bilirlərsə, Ermənistan vətəndaşları üçün də eyni reallıq olmalıdır ki, Ermənistan vətəndaşları da Naxçıvan vasitəsilə İrana gedə bilsinlər”. azatutyun

Mehdi Sobhani bunun üçün Ermənistan-Naxçıvan-İran yolunun çəkilməli olduğunu bildirib. Sitat : Ermənistan Culfa vasitəsilə İrana bağlanmalıdır”. shahraranews.ir
Səfirin bu cür qərəzli və absurd açıqlaması Ermənistanın coğrafi bütövlüyünü təhrif etmək, ərazi-kommunikasiya cizgilərini mənimsəmək mənası daşıyır. Eyni zamanda, İran səfirinin bu açıqlaması Ermənistanın daxili işlərinə qarışmaq, Ermənistan hökuməti adından qərarlar vermək və ya planlar cızmaq anlamına gəlir. Sobhani isə “qarşılıqlı bağlantı” dedikdə Ermənistanı öz ölkəsinin kommunikasiya tərkibi kimi təqdim edir. Daha dəqiq desək Ermənistanı İranın bir parçası hesab edir. Yalnız yolun İran vətəndaşları üçün nəzərdə tutulduğunu dilə gətirməyə hələlik cürət etmir.
Həmin dəhlizin Ermənistandan keçən hissəsi Azərbaycanın tarixi əraziləri olmasına baxmayaraq, rəsmi Bakı beynəlxalq yurisdiksiyada ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq layihənin predmetləri haqqında açıqlamalarında Ermənistanın legitim dəhliz cizgilərinə iddialı mövqe sərgiləmir, qarşılıqlı tranzitlərin çəkilişindən bəhs edir.
Ancaq İran tərəfinin yanaşması və ritorikası Zəngəzur məsələsində bu ərazinin sanki İranın şimal hissəsi olması kimi xatırladılır.
Məlumdur ki, Azərbaycan Vaşinqton görüşünün yekununda qəbul edilmiş Bəyannamədən irəli gələn kommunikasiya həllərinin - “Tramp yolu” layihəsinə əsasən, Ermənistan Azərbaycana öz ərazisindən Naxçıvanla quru nəqliyyatının təmin edilməsinə yol açır. Çünki Azərbaycanın Naxçıvanla birbaşa bağlantısı yoxdur, yol problemi var, yeni inşa ediləcək yol bu gediş-gəlişi mümkünləşdirəcək. Zəngəzur dəhlizinin bir parçası olan “Tramp yolu” məhz Azərbaycan və Ermənistanın qarşılıqlı razılaşması əsasında Naxçıvanla bağlantının təmin edilməsini nəzərdə tutur. Daha sadə desək, Azərbaycanın Azərbaycanla bağlantısı təmin olunur.
Sobhaninin dediklərinə “tərs məntiq” konsepsiyası ilə yanaşsaq, onun səhv və İranın maraqlarına zidd açıqlama verdiyini də demək olar. Əgər Azərbaycan vətəndaşları Zəngəzur dəhlizi vasitəsilə öz torpağından (Azərbaycanın qərb rayonlarından) digər suveren ərazisinə (Naxçıvana) və əksinə gedəcəklərsə, belə çıxır ki, Ermənistan vətəndaşları da öz ərazisindən (Ermənistanın cənubundan) Naxçıvandan keçərək İranın şimal-qərbinə getməlidirlər. Bu zaman məsələyə “Sobhaninin məntiqi” ilə yanaşsaq, İranın şimal-qərb hissəsinin Ermənistana məxsus olduğu ortaya çıxır.
İranın isə Ermənistanla birbaşa quru nəqliyyatı bağlantısı var və Ermənistan vətəndaşlarının İranla gediş-gəlişini təmin edən mövcud işlək yol qısa və çox rahatdır. Sobhaninin “Biz Şimal-Cənub avtomobil yolu çərçivəsində Aqarak-Kacaran yolu layihəsinin tikinti işlərinə başlamağa nail olduq, bu layihəni vaxtından əvvəl başa çatdıracağıq” fikri də onu təsdiqləyir ki, Ermənistan vətəndaşlarının İrana gedib gəlməsi üçün nəqliyyat problemi yoxdur.
 
 
Belə olan halda Sobhaninin Ermənistan vətəndaşlarının Naxçıvan vasitəsilə İrana getməli olmasını dilə gətirməsi tamamilə fərqli məna daşıyır və bir daha təkrar edirik ki, İran Ermənistanı coğrafi olaraq özünə bağlı sayır.
ARAYIŞ: Mehdi Sobhani

1967-ci ildə İranın şimalındakı Gülüstan əyalətində doğulub, İran–İraq müharibəsi iştirakçısıdır. Tehran Universitetində beynəlxalq münasibətlər üzrə təhsil alan gələcək səfir hətta sahənin elmlər doktoru titulunu qazanıb. Ərəb, ingilis, Azərbaycan və rus dillərini bilən Mehdi Sobhani İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi, Ukraynadakı səfirinin müavini, Türkmənistandakı səfirin müavini, Pakistanın Karaçi şəhərində baş konsul, İranın Suriyadakı səfiri, İran XİN-in Qərbi Asiya İdarəsinin baş direktoru və nazirliyin Strategiya İdarəsinin baş direktoru vəzifəsində çalışıb.
Sobhani vaxtilə Qarabağda yaşamış ermənilərin “hüququları”nın pozulduğunu iddia edib. Hətta Mehdi Sobhani bu “məsələ”ni “yara” adlandırıb və həmin “yaranın sağalmasına” ehtiyac olduğunu bildirib. O, daha sonra vurğulayıb ki, guya erməni əsilli şəxslər Qarabağı könüllü tərk eməyiblər. worldnewsam

6 sentyabr 2024-cü il tarixində isə Sobhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna etmişdi. O, vurğulamışdır ki, İran çox güclü bir şəkildə buna qarşıdır:
“Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün üzdəniraq dəhliz də daxil müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək”. news.am
Cari ilin may ayında o, fikirlərini daha da sərtləşdirərək “Heç bir məsələ zorla həll edilə bilməz, heç bir Zəngəzur dəhlizi olmayacaq”- deyərək diqqəti özünə cəlb edə bilmişdi.

Onun 1990-cı illərdə İranın Bakıdakı səfirliyində III və II katib kimi çalışanda Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhdlər etdiyi haqda məlumatlar var. Məlumatlara görə, Sobhani II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində də görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tbilisi-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlüklərini çatdırırmış. Onun həmin vaxtlar Qərb ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə düşdüyü, hətta müəyyən təmasların yaradıldığı da deyilir. publika
Sobhaninin Ermənistana səfir təyin edildiyi vaxt Türkiyə mediasında diqqətçəkən məlumatlar yayılmışdı. “Türkiyə” qəzeti yazırdı ki, Sobhaninin Ermənistana səfir göndərilməsində məqsəd Suriya təcrübəsini Qarabağda (həmin vaxt erməni separatçıların qalıqları hələ də Xankəndidə idi) tətbiq etməkdir. O, İrəvana çatan kimi Qarabağdakı erməni separatçılarını dəstəkləyən açıqlamalar verdiyi diqqəti bu məqama çəkir.
Sobhani “Ermənistanın sərhədləri İranın “qırmızı xəttidir” tezisini ən çox müdafiə edən şəxs olub. Bu tezis İranda belə tədricən arxa plana keçsə də, o, israrla təkrarlamağa davam edib. Bütün bunlar, Sobhaninin Ermənistanda səfir kimi fəaliyyətinin bir məqam üzərində qurulduğunu deməyə əsas verir ‒ o, Tehran-İrəvan münasibətlərinin tənzimlənməsindən daha çox, Azərbaycan-İran münasibətlərinin pozulması “missiyasını” icra edib. Son illər Azərbaycan-İran münasibətlərinə onun qədər zərbə vuran ikinci şəxs olmayıb.
Mehdi Sobhani doğulduğu Gülüstan vilayətində bölgənin əhalisi milli azlıqlardan ibarət olsa da, o, özünü “fars” adlandırıb, etniklərə mənfi münasibət bəsləyib və bunu heç vaxt gizlətməyib. Mehdi Sobhani İran Prezidenti Məsud Pezeşkiana da etnik kimliyinə görə nifrət edir, onun ölkəyə rəhbərliyini “İran üçün fəlakət” adlandırır.
Bəllidir ki, 2022-ci ildən etibarən Ermənistan Qərb ölkələrinin hərbi kontingenti və kəşfiyyat xidmətlərini bölgəyə gətirib. Avropa İttifaqının “müşahidə missiyası” (EUMA) adı altında fəaliyyət göstərən qrupların İran sərhədində Tehrana qarşı kəşfiyyat apardığı, o cümlədən, NATO qüvvələrinin Ermənistana yerləşdirildiyi artıq heç kimə sirr deyil.
 
 
Bütün bu faktlara – Ermənistanın Qərb ölkələri üçün İrana qarşı plasdarma çevrilməsinə rəğmən, səfir Sobhani bu haqda heç bir açıqlama verməyib, əksinə, bunu müdafiə edən mövqe sərgiləyib. Görünür, Sobhani Qərbin Ermənistan üzərindən İrana qarşı apardığı kəşfiyyat fəaliyyəti, eləcə də İran sərhədlərində hərbi kontingent yerləşdirilməsi haqda rəsmi Tehrana yalan məlumatlar ötürüb və bununla İranın “başının altına yastıq” qoymuş olub. Bu kontektsdə Sobhaninin Qərb xüsusi xidmət orqanlarının təsiri altında olması haqda məlumatlar təsadüfi deyilmiş.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        