Axtarış

Select theme:

Ermənistanda fəaliyyət göstərən fransız şirkətləri

Fransa Prezidenti Emmanuel Makron İrəvanda çıxışı zamanı bu ölkədə fəaliyyət göstərən şirkətlərin haqqında deyib ki, "Böyük və kiçik şirkətlərimiz bu iqtisadi genişlənməyə töhfə verirlər: Amundi, Veolia, Pernod Ricard, Bureau Veritas, Yan Group, Mistral, Aramine, Richel, Alan, AXA və bir çox başqaları." (Mənbə: elysee.fr)

Faktyoxla bu şirkətlərin fəaliyyət istiqamətlərini, rəhbərlərinin kimliyini araşdırıb.

1. AMUNDI

Mərkəzi qərargahı Parisdə yerləşən “Amundi”, aktivlərin idarə edilməsi sahəsində Avropanın ən böyük, dünyanın isə ilk 10 korporasiyasından biridir.

  • Yaradılması: 2010-cu ildə Fransanın iki nəhəng bankı — “Crédit Agricole” və “Société Générale”-in aktiv idarəetmə bölmələrinin birləşməsi ilə qurulub.
  • İdarə etdiyi vəsait: 2026-cı ilin əvvəlinə olan məlumatlara görə, Amundi təxminən 3 trilyon avrodan çox aktivi idarə edir.
  • ESG Liderliyi: Şirkət dünyada ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin ən böyük tətbiqçilərindən hesab olunur.
  • Ermənistanla bağlılığı: Şirkət Ermənistanda icbari pensiya fondlarını idarə edən iki əsas operatordan biridir (Amundi-ACBA vasitəsilə). Bu, Ermənistanın daxili maliyyə və sosial resursları üzərində birbaşa fransız nəzarətini təmin edir. civilnet

Rəhbər: Valérie Baudson

2. VEOLIA

Veolia — ekoloji xidmətlər (su təchizatı, tullantıların idarə olunması və enerji) sahəsində dünya lideridir. 1853-cü ildə III Napoleonun fərmanı ilə yaradılan bu korporasiya hazırda 50-dən çox ölkədə fəaliyyət göstərir və Fransanın qlobal iqtisadi ekspansiyasının əsas dayaqlarından biri hesab olunur.

Rəhbər: Estelle Brachlianoff

Qlobal qalmaqallar və korporativ səhlənkarlıq

Kolumbiyadakı toksik tullantı faciəsi (2024-2025) “Global Witness” və digər beynəlxalq təşkilatlar “Veolia”-nı Kolumbiyanın San-Silvestre bataqlıqlarına ağır metallarla zəngin toksik tullantıları axıtmaqda ittiham edib.

Ağır nəticələr: Yerli sakinlər və həkimlər bu çirklənmənin uşaqlarda ağır anadangəlmə qüsurlara (anensefaliya) səbəb olduğunu bildirirlər. Şirkət isə bu iddiaları "manipulyasiya" adlandıraraq rədd edib.

ABŞ: "Flint su böhranı" və 53 milyon dollarlıq təzminat

“Veolia” Miçiqan ştatının Flint şəhərində suyun tərkibində qurğuşun səviyyəsinin yüksəlməsi ilə nəticələnən faciədə "məsləhətçi" kimi çıxış edib. Suyun təhlükəsiz olduğunu bəyan edən şirkət sonradan məhkəmə qarşısına çıxarılıb və 53 milyon dollar təzminat ödəməyə məhkum edilib.

Makronun bu korporasiyanı İrəvanda "strateji tərəfdaş" kimi təqdim etməsi, Fransanın bu nəhəng vasitəsilə Ermənistanın ən mühüm infrastruktur rıçaqlarını (su və enerji) öz əlində saxlamaq niyyətini bir daha təsdiqləyir. “Veolia”, Parisin "yumşaq güc" pərdəsi altında həyata keçirdiyi sərt iqtisadi nəzarətin əsas icraçısıdır.

3. PERNOD RICARD

Pernod Ricard— qlobal spirtli içkilər bazarında dünyanın ikinci ən böyük nəhəngidir. Parisdə yerləşən bu korporasiya Fransanın xarici siyasətində mühüm "yumşaq güc" (soft power) aləti və mədəni ekspansiya vasitəsi hesab olunur.

Rəhbər: Alexandre Ricard

4. BUREAU VERITAS

Bureau Veritas - sınaq, təftiş və sertifikatlaşdırma (TIC) sahəsində dünyanın ən qədim və nəhəng qurumlarından biridir. 1828-ci ildə qurulan bu şirkət bu gün 140-dan çox ölkədə fəaliyyət göstərir. Şirkət qlobal iqtisadiyyatda keyfiyyət və təhlükəsizlik standartlarını yoxlayan "ali auditor" rolunu icra edir.

Rəhbər: Hinda Gharbi

2023-cü ildən CEO vəzifəsini icra edən Hinda Gharbi, korporativ idarəetmədə sərt texnokrat üslubu ilə tanınır.

"Tərəfsiz auditor" imicinin kölgəsindəki faciələr

Şirkət hər nə qədər tərəfsiz auditor imici yaratsa da, bir neçə qlobal faciədə məsuliyyətsizlik və saxtakarlıqda ittiham olunub:

1. "Brumadinho bəndi" faciəsi (Braziliya, 2019) Bu hadisə “Bureau Veritas”-ın tarixindəki ən böyük korporativ ləkələrdən biri hesab olunur. Braziliyada "Vale" şirkətinə məxsus mədən bəndinin uçması nəticəsində 270 nəfər həlak olmuşdu.

Braziliya prokurorluğu Bureau Veritas-ı bəndin təhlükəsizliyi ilə bağlı mövcud riskləri gizlətməkdə və sənədləri saxtalaşdıraraq müsbət rəy verməkdə ittiham edib. reuters

2. "Lactalis" süd qalmaqalı

Fransanın süd nəhəngi "Lactalis"in məhsullarında salmonella bakteriyası aşkar edildiyi dövrdə Bureau Veritas həmin zavodda yoxlamalar aparmışdı. Şirkətin bu problemi aşkarlaya bilməməsi (və ya görməzdən gəlməsi) onun audit keyfiyyətini ciddi sual altına qoyub. dw.com

5. MISTRAL AI

Mistral Aİ— hazırda süni intellekt (AI) sahəsində ABŞ nəhənglərinə (OpenAI, Google) Avropanın yeganə real rəqibi və Fransanın texnoloji qüruru hesab olunur. 2023-cü ildə qurulan şirkət, rekord müddətdə milyardlarla dollar dəyər qazanaraq "Unicorn" statusuna yüksəlib.

Rəhbər: Arthur Menschdir

32 yaşlı Mensch, Fransanın elit məktəbləri olan “École Polytechnique” və ENS məzunudur.

"Makronun “sevimli startapı": Yeliseylə qırılmaz körpü

“Mistral AI” sadəcə bir özəl müəssisə deyil, Makronun şəxsi siyasi layihəsi kimi fəaliyyət göstərir.

“Mistral AI”-ın həmtəsisçisi Cédric O, Fransanın rəqəmsal iqtisadiyyat üzrə keçmiş naziri olmaqla yanaşı, həm də Makronun 2022-ci il seçki kampaniyasının xəzinədarı olub. O, eyni zamanda Fransa hökumətinin "Süni İntellekt üzrə Komitəsi"nin üzvü təyin edilmişdi. Yəni həm dövlətə məsləhət verirdi, həm də öz şirkəti üçün lobbiçilik edirdi. Fransanın “Milli İctimai Həyatın Şəffaflığı” Ali Orqanı (HATVP) bu məsələ ilə bağlı ciddi xəbərdarlıqlar yaymışdı. Makronun Brüsseldə “Mistral” üçün güzəştlər almasından cəmi bir neçə həftə sonra, 26 fevral 2024-cü ildə “Mistral” “Microsoft” ilə tərəfdaşlıq elan etməsi Avropa Komissiyasında şok effekti yaratdı. Komissiya rəsmisi Kai Zenner bunu "Fransa hökumətinin və “Mistral”ın ali qurumu aldatması" kimi qiymətləndirmişdi, çünki Fransa bu şirkətin "tamamilə Avropalı və müstəqil" olduğunu iddia edərək güzəştlər əldə edə bilmişdi.

6. ARAMINE

Mərkəzi Fransanın Eks-an-Provans (Aix-en-Provence) şəhərində yerləşən “Aramine”, yeraltı mədən avadanlıqları və ehtiyat hissələri üzrə ixtisaslaşmış ailə şirkətidir. 1975-ci ildən fəaliyyət göstərən şirkət hazırda dünyanın 88 ölkəsində təmsil olunur.

Rəhbərlik: Melkonian sülaləsi

“Aramine”-i digər fransız nəhəngləridirindən fərqləndirən əsas cəhət onun idarəetmə heyətidir. Şirkətin prezidenti Geneviève Melkonian və Baş direktoru Christophe Melkoniandır.

Şirkətin erməni kökləri (Melkonian ailəsi) onun Ermənistan bazarına olan xüsusi marağını və Makronun siyasi diqqətini çəkməsini izah edən əsas amildir. Bu, biznes maraqları ilə etnik lobbiçiliyin kəsişdiyi nöqtədir.

“Aramine” Ermənistanda Zəngəzur Mis-Molybdenum Kombinatı (ZMMK) və digər iri mədənlər üçün əsas texnoloji təchizatçı kimi çıxış edir. Makron bu yolla həm diaspor ilə bağlı olan bir biznesi dəstəkləyir, həm də Ermənistanın strateji sənayesini Fransa texnologiyasına bağlayır.

“Aramine” nəhəng korporativ qalmaqallarla deyil, daha çox regional ekoloji cinayətlərdəki dolayı rolu ilə diqqət çəkir:

1. Zəngəzur və Oxçuçay ekoloji faciəsi

“Aramine”-in əsas tərəfdaşlıq etdiyi Qacaran mədəni illərdir ki, Azərbaycanın ekologiyasına (Oxçuçay vasitəsilə) vurduğu ağır zərərlərə görə beynəlxalq hesabatlarda hallanır.

2. Afrikada "Neokolonial" izlər

Şirkətin Niger və Burkina-Faso kimi ölkələrdəki fəaliyyəti, Fransanın bu regiondakı "neokolonial" iqtisadi siyasətinin bir parçası kimi tənqid olunub. Bu, şirkətin resurslarla zəngin, lakin zəif idarə olunan ölkələrin yeraltı sərvətləri üzərindəki nəzarət strategiyasını nümayiş etdirir.

7. RICHEL GROUP

Richel Group— kənd təsərrüfatı texnologiyaları, xüsusilə istixana konstruksiyaları və iqlim idarəetmə sistemləri sahəsində Avropanın ən böyük korporasiyalarından biridir. 1964-cü ildə təsis edilmiş şirkət hazırda 95-dən çox ölkədə fəaliyyət göstərir və Fransanın cənubunda (Eygalières) yerləşən mərkəzindən qlobal aqrar bazarı idarə edir.

Rəhbərlik: Richel sülaləsinin varisləri

Şirkət Benjamin Richel (CEO) tərəfindən idarə olunan bir ailə müəssisəsidir. Pierre Richel tərəfindən qurulan bu qurum, hazırda innovativ kənd təsərrüfatı həlləri və fotovoltaik (günəş enerjili) istixanalar üzrə qlobal liderlərdən sayılır.

"Tibbi kenevir" (çətənə) istixanaları

Şirkətin son illərdəki ən böyük layihələri “tibbi kenevir” yetiştirilməsi üçün nəzərdə tutulan yüksək texnologiyalı obyektlərdir (məsələn, Uruqvayda 2.3 hektarlıq layihə). Bu istixanalar günəş işığından maksimum istifadə edən və temperatur, rütubət, işıq dövrü kimi parametrləri tam nəzarətdə saxlayan "hibrid" mühit təklif edir. Bu fəaliyyət bəzi dairələrdə etik suallar doğursa da, şirkət bunu "dərman sənayesinə dəstək" strategiyası kimi təqdim edir.

Hərbi və strateji logistika

Şirkətin bəzi konstruksiyaları təkcə kənd təsərrüfatı üçün deyil, həm də sənaye və hərbi logistik anbarlar kimi istifadə olunur. Bu, şirkətin mülki fəaliyyət çərçivəsindən çıxaraq hərbi-strateji əhəmiyyətini və Yelisey sarayı üçün dəyərini artırır.

“Richel Group”-un qurduğu intellektual sistemlər həm də data və iqlim monitorinqi vasitəsilə mühüm regional məlumatların toplanmasına xidmət edir.

8. AXA

AXA mərkəzi ofisi Parisdə (Nanterre) yerləşən, sığorta və aktivlərin idarə edilməsi sahəsində dünyanın ən nüfuzlu çoxmillətli maliyyə qruplarından biridir. 19-cu əsrə qədər uzanan tarixi kökləri olan bu nəhəng, 1980-ci illərdə qlobal brendə çevrilərək hazırda dünyanın ən iri sığortaçısı statusu uğrunda mübarizə aparır.

AXA-nın Ermənistandakı fəaliyyəti Makronun "iqtisadi kəşfiyyat" və "yumşaq güc" zəncirinin maliyyə-sığorta halqasını təşkil edir. Tomas Buberl rəhbərliyindəki bu nəhəng, Ermənistanın daxili maliyyə risklərini idarə etməklə Yelisey sarayının regiondakı təsir rıçaqlarını gücləndirir.

9. ALAN 

Alan— 2016-cı ildə qurulan və Fransada 1980-ci illərdən bəri müstəqil sığorta lisenziyası alan ilk rəqəmsal səhiyyə və sığorta şirkətidir (insurtech). Şirkətin hədəfi ənənəvi, kağız üzərində qurulan sığorta sistemini süni intellekt (AI) və tam rəqəmsal tətbiqlərlə əvəz etməkdir.

Rəhbər: Jean-Charles Samuelian-Werve

Şirkətin CEO-su və həmtəsisçisi olan Samuelian-Werve, Fransa texnologiya elitasının mərkəzi fiqurlarından biridir. Onun həm də "Mistral AI"-ın qurucu məsləhətçisi və idarə heyətinin üzvü olması, Fransanın süni intellekt və sığorta sektorlarının Yelisey sarayı ətrafında necə sıx birləşdiyini nümayiş etdirir.

Yelisey Sarayının "yumşaq güc"ü və sual altındakı suverenlik

Təhlil edilən faktlar və korporativ tarixlər göstərir ki, Emmanuel Makronun İrəvan çıxışında adını çəkdiyi şirkətlər təsadüfi seçilmiş investisiya tərəfdaşları deyil, Fransanın qlobal "iqtisadi kəşfiyyat""neokolonial ekspansiya" şəbəkəsinin əsas oyunçularıdır.

Tədqiq olunan hər bir şirkətin keçmişində ciddi qalmaqallar mövcuddur. Bu siyahı sübut edir ki, Paris İrəvana "təmiz" biznes deyil, mənfəət naminə etik və ekoloji prinsipləri qurban verən aqressiv strukturlar gətirir.

  • “Amundi”AXA-nın "yaşıl yalan" (greenwashing) və iqlim ikiüzlülüyü ittihamları;
  • “Veolia”-nın korrupsiya və inhisarçılıq qalmaqalları;
  • “Mistral AI” və “Alan”-ın dövlət tenderlərində imtiyazlı mövqe qazanması və data təhlükəsizliyi riskləri;
  • “Aramine”-ın Oxçuçay faciəsindəki dolayı texniki tərəfdaşlığı.

Fransanın Afrika ölkələrində tətbiq etdiyi "Françafrique" (Francoafrika) modeli — yəni yerli resursların, maliyyə sisteminin və rəqəmsal infrastrukturun fransız şirkətləri vasitəsilə mərkəzdən idarə olunması artıq Ermənistanda tətbiq edilir.

Səssiz işğal və geosiyasi hegemonluq

Makronun təqdim etdiyi "strateji dayaqlar" Ermənistanın iqtisadi müstəqilliyini "fransız dəstəyi" adı altında tədricən Yelisey sarayındakı elit qrupların alətinə çevirir.

Yekun nəticə ondan ibarətdir ki, Ermənistanın suverenliyi bu gün təkcə kənar hərbi təhdidlərlə deyil, həm də onu içəridən mülkiyyət və data səviyyəsində mənimsəyən fransız korporativ "yumşaq gücü" ilə sual altına alınır. Ermənistan artıq müstəqil oyunçudan daha çox, Fransanın regional geosiyasi ambisiyalarının və iqtisadi dividend toplamaq planlarının sınaq poliqonuna çevrilməkdədir. 

Oxşar məqalələr: