Son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı növbəti manipulyasiya və dezinformasiya kampaniyasına start verilib. “MHA Haber” (@mhahaber_) adlı “X” istifadəçisi “Azərbaycan '"Avroviziya" mahnı yarışmasında İsrailə 12 tam xal qazandırdı” iddiası ilə manipulyativ status paylaşıb.
Bəllidir ki, “MHA Haber” tərəfindən tirajlanan xəbər tamamilə əsassız dezinformasiyadır. Rəsmi səsvermə nəticələrinə görə, Azərbaycan "Avroviziya" mahnı yarışmasında 12 tam xalı İtaliyaya, 10 xalı isə Ukraynaya verib. Ölkəmizdə böyük yəhudi icmasının yaşamasına və İsraillə sıx tərəfdaşlıq münasibətlərinə rəğmən, builki səsvermədə İsrailə cəmi 4 xal verilib. axar.az
“"Avroviziya" yalanında əsas məqsəd tamamilə aşkardır: İsrail-Fələstin münaqişəsinə görə həssas dövr yaşayan Türkiyə cəmiyyətindəki radikal kəsimləri qıcıqlandırmaq, manipulyasiya vasitəsilə Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaq və iki qardaş ölkə arasındakı ictimai münasibətlərə zərbə vurmaqdır.
Faktyoxla Azərbaycanla bağlı saxta xəbər yayan bu hesabın əsl kimliyini araşdırıb.
Bu hesabın keçmiş fəaliyyətini nəzərdən keçirdikdə Azərbaycan əleyhinə yönəlmiş ziddiyyətli və qərəzli paylaşımları diqqət çəkir. Məsələn, cari ilin 12 mart tarixində etdiyi paylaşımda səhifə ABŞ-dəki erməni diasporunun (ANCA) Konqres qarşısında qaldırdığı anti-Azərbaycan tələblərini tirajlayıb:
- Qarabağı könüllü tərk etmiş ermənilər üçün 100 milyon dollarlıq humanitar yardım;
- ABŞ-nin Azərbaycana hərbi yardımının tamamilə qadağan edilməsi;
- Azərbaycana qarşı sanksiyaların tətbiqi;
- Konqresin Trampın "TRIPP" sülh planına yenidən baxması
Bu paylaşımdan üç gün əvvəl isə həmin hesab İran Xarici İşlər Nazirliyinin sözçüsü kimi çıxış edərək bu ölkənin Türkiyə, Azərbaycan və Kipri hədəf almadıqları barədə bəyanatını yaymış, regional gərginliklərlə bağlı iddia edilən hücumların "saxta bayraq" (false flag) əməliyyatı ola biləcəyi iddiasını irəli sürmüşdür.
Daha da geriyə getdikdə, 7 yanvar 2006-cı il tarixində, bu hesab, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəzza ilə bağlı çıxışını kontekstdən çıxararaq ölkə ali rəhbərliyi haqqında mənfi imic yaratmağa cəhd göstərib.
"MHA Haber" platformasının gizli kimliyi
Hazırda internet məkanında eyni adda bir neçə xəbər portalı mövcud olduğu üçün oxucularda çaşqınlıq yarana bilər. Bu səbəbdən araşdırmamızı birbaşa @mhahaber hesabı üzərində qurduq.
İlk olaraq hesabın profil şəklini "tərs axtarış" (reverse image search) metodu ilə yoxladıq və qarşımıza eyni loqonu istifadə edən “YouTube” kanalı çıxdı.

Həmin kanalda yer alan "Mahlukların 3-cü ilini təbrik edirik" adlı videonun titrlərində layihəni ərsəyə gətirən iki şəxsin adı qeyd olunur: Mehmetcan İnce və Doğuş Özer .

Açıq mənbələrdə aparılan araşdırmalar nəticəsində məlum olur ki, bu adlardan Doğuş Özer rəsmən “Mha Haber” media agentliyinin təsisçisidir.

Türkiyə Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent) rəsmi reyestr sənədləri də bunu təsdiqləyir. Reyestr məlumatlarına əsasən, “Mahluklar şekil” (Qeydiyyat No: 2016/67958), “S schopup” (Qeydiyyat No: 2019/24301) və “MHA” (Qeydiyyat No: 2022/027819) brendləri birbaşa Doğuş Özer (Patent sahibi ID: 5607607) adına rəsmiləşdirilib.
"Mahluklar" qrupundan "BPT Haber"ə uzanan xətt
Rəqəmsal keçmişə nəzər saldıqda, “Mahluklar” platformasının 2015-2016-cı illərdə Türkiyənin “Facebook” seqmentində kifayət qədər populyar bir icma olduğu aydınlaşır. Səhifənin əsas şüarı “Bir parça tuhaflık” (“Bir az qəribəlik") olub və auditoriyanı cəlb etmək üçün qorxulu, qanlı hekayələr, qara yumor və "Deep Web" məzmunları paylaşılıb. Səhifə xüsusilə 15 iyul 2016-cı il hərbi çevrilişə cəhd gecəsi yaydığı operativ (və bəzən manipulyativ) xəbərlərlə auditoriyasını sürətlə böyüdüb.

Maraqlıdır ki, bu gün "X" platformasında geniş izləyici kütləsi olan “BPT Haber” (@bpthaber) hesabının qurucuları da vaxtilə həmin “Mahluklar” qrupunun adminləri olublar. “BPT Haber”-in təsisçiləri Eray Ahmet Aray və Boray Demir “Mahluklar” adının brend hüquqlarını itirdikdən sonra, keçmiş fəaliyyətlərinə göndərmə edərək “Belki biraz tuhaftık” ("Bəlkə də bir az qəribə idik") şüarı ilə yenidən təxribatçı fəaliyyətlərini davam etdiriblər. (Ekşi Sözlük).

Siyasi maraqlar və maliyyə qaynaqları iddiaları
Sözügedən media şəbəkəsinin arxasındakı siyasi motivlərə gəldikdə, sosial media platformalarında və rəylərdə bu qrupun Türkiyədəki müxalif "Zafer Partisi"nə və onun rəhbəri Ümit Özdağa yaxın olduğu iddia edilir. Türkiyənin məşhur rəqəmsal forumu “Ekşi Sözlük”də "utilee" adlı köhnə könüllü redaktorlardan birinin yazdığı rəy xüsusilə diqqət çəkir:
“Keçən il bu səhifədə könüllü redaktor idim, idarəçilər Zafer Partiyası heyranıdırlar. Mən orada olan müddətdə sahibi (Doğuş Özer) rəsmi reklam və ya maliyyə almırdı, kriptovalyuta ticarəti ilə dolanırdı. Lakin son zamanlar elə görünür ki, Almaniyadakı bəzi qruplardan Ümit Özdağa göndərilən vəsaitlərin (avroların) son təyinat məntəqəsi elə bu səhifə olur” (Ekşi Sözlük ).

Nəticə:
- Dezinformasiyadır: Azərbaycanın "Avroviziya" mahnı yarışmasında İsrailə 12 tam xal verməsi barədə yayılan iddialar tamamilə yalandır və rəsmi protokollarla təkzib olunur.
- Qərəzli fəaliyyət: "MHA Haber" (@mhahaber_) hesabı mütəmadi olaraq Azərbaycanın dövlət maraqlarına və regional imicinə qarşı ziddiyyətli, ermənipərəst manipulyasiyalarla çıxış edir.
- Sahibi bəllidir: Bu hesab keçmiş "Mahluklar Media" layihəsinin bazasında yaradılıb və rəsmi patent hüquqları Doğuş Özer adlı şəxsə məxsusdur.
- Auditoriya ovçularıdılar: Səhifəni idarə edən komanda əsasən rəqəmsal manipulyasiya, qara yumor və "deep web" mövzuları ilə populyarlıq qazanmış, macəra axtaran gənclərdən ibarətdir.
- Siyasi bağlar: Sektor mənbələrindən və daxili rəylərdən əldə edilən məlumatlara görə, media şəbəkəsi Türkiyədə fəaliyyət göstərən müxalif milliyyətçi "Zafer Partisi"nin ideoloji xəttinə xidmət edir.