21 oktyabr 2025-ci ildə Mübariz Mənsimov özünün “Facebook” səhifəsində ABŞ–nin ən nüfuzlu sövdələşməçisi kimi tanınan, siyasi strategiya mütəxəssisi, Respublikaçı namizədlərin seçki kampaniyasının baş məsləhətçisi olmuş, Nikolas Muzin ilə şəklini paylaşaraq “Mənim əziz Qardaşım Niklə birlikdə vaxt keçirmək həmişə xoşdur” – qeydini yazıb.

Məlum olur ki, bu paylaşım M.Mənsimovun bu şəxslə bağlı ilk məlumatı deyil. O, eyni məzmunlu statusu cari il avqustun 15-də də yazıbmış. Mənsimov Nikolas Muzinlə şəklini paylaşaraq “Mənim əziz qardaşım Nikolas ilə hər zaman əla vaxt keçiririk, tezliklə yeni şirkətimizi elan edəcəyik” şərhini yazıb.
Qeyd edək ki, bu iki şəxsin münasibətləri də yeni deyil. Belə ki, 2020-ci ildə Mübariz Mənsimov həbs olunanda onun təsiri altında olan sosial media səhifələrində sevinclə xəbər verirdilər ki, dünyanın üç nəhəng insanı (?!) öz hüquq təşkilatları ilə birgə Mubariz Mansimovun müdafiəsinə qalxıb, razılaşma imzalayıbar. Bunlar 40 il insan hüquqlarının müdafiəsi ilə məşğul olan, Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin xanımı Çeri Bleyer (Cherie Blair) (“Omnia Strategy LLP”, Böyük Britaniya), Alan Dershowitz və cinayət işi üzrə dünyanın ən yaxşı vəkili adını almış, professor Nikolas Muzindir (ABŞ).

“Free Mubariz Mansimov” “Facebook” səhifəsi hətta müqavilə mətnini də qoşmaya əlavə etmişdir. Həmin qoşmada Muzinin Mənsimovun həbsinə reaksiyası belə təqdim edilib: “Mübariz dünyada minlərlə insanın sevimli dostu, Türkiyədə və vətəni Azərbaycanda çox hörmətli xeyriyyəçidir, imkansız gənclərə təqaüd verən, xəstəxanalar tikdirən və idman klublarını maliyyələşdirən şəxsdir. O, ABŞ və Türkiyə arasında iqtisadi və mədəni əlaqələri gücləndirmək üçün on ildən artıqdır ki çalışır. Onun COVID-19 pandemiyası dövrünə qəfil həbsi gözdən qaçmayıb və biz ədaləti təmin etmək üçün bütün yollara əl atacağıq”.

Bəs Nikolas Muzin (Nik Muzin) kimdir?!
Nikolas David Muzin Kanada əsilli amerikalı, Respublikaçı siyasi-strateq, lobbist, hüquqşünas və həkimdir. O, ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Konfransı Koalisiyalarının direktoru vəzifəsində çalışıb və ABŞ prezidentliyinə Respublikaçılardan namizəd olan senator Ted Kruzun (Qeyd: ermənipərəst və anti-Türkiyə mövqe ilə məşhur olan senator baş məsləhətçisi və aparat rəhbərinin müavini olub. Bundan əvvəl N.Muzin, o vaxtkı konqresmen Tim Skottun aparat rəhbəri vəzifəsində çalışıb. 2016-cı il seçkilərindən sonra o, digər müştəriləri ilə yanaşı, Qətər Dövlətinin və Albaniya Demokratik Partiyasının maraqlarını təmsil edən “Stonington Strategies” adlı şirkət təsis edib.

Nikolas Muzin 1975–ci ildə Kanadanın Ontario ştatının Toronto şəhərində yəhudi ailəsində anadan olub. Torontodakı “Ner Israel Yeshiva Liseyi”ndə oxuyub. Filadelfiyanın Talmudkal Yeşivasında orta məktəbdən sonra Manhettenin Vaşinqton Heights bölməsindəki özəl yəhudi ali təhsil ocağı sayılan “Yeşiva Universiteti”ndə oxuyub. Orada olarkən, o, “The Commentator” adlı məktəb qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Muzin 2001-ci ildə tam dörd illik təqaüdlə Albert Eynşteyn Tibb Kollecini bitirib. Bir il daxili xəstəliklər üzrə “intern həkim” olaraq çalışdıqdan sonra o, “Yale Hüquq Məktəbi”nə keçib və burada Federal Şuranın vitse-prezidenti vəzifəsində çalışıb. Yaledə Muzin artıq Şabtai Yəhudi Liderlik Cəmiyyətinin üzvü idi.
“BBC”-nin araşdırmalarına görə, Nikolas Muzinin adı Albaniyada müxalifətin maliyyələşməsi işində hallanıb. Belə ki, 2023–cü ilin noyabrında Albaniyanın keçmiş Avropa və Xarici İşlər naziri olmuş Lulzim Başa gizli şəkildə Rusiyadan, hətta Vladimir Putin və Yevgeni Priqojinin təsir dairəsində olan şirkətlərdən pul alıb. Araşdırmada qeyd olunur ki, təkcə 500 min dollar Edinburqda yerləşən və Respublikaçı ictimai fəal Nik Muzini Başanın lobbiçisi kimi işə götürən “Biniatta Trade LP” şirkətinin vasitəçiliyi ilə ödənilib.

“Biniatta Trade” şirkəti ilə bağlı bir sıra müəmmalar mövcuddur. Şirkətdən heç kim Edinburqdakı rəsmi ünvanda işləməyib, rəsmi ünvanda isə yüzlərlə digər saxta firmalar qeydiyyatdan keçib və firma dünyanın aparıcı vergi sığınacaqlarından biri olan Belizdə qeydiyyatdan keçmiş ilk iki şirkət vasitəsilə idarə olunub.
“Finance Uncovered” adlı saytın bildirdiyinə görə, “BBC” və "Seyşel Adaları Yayım Korporasiyası" tərəfindən keçmiş Sovet İttifaqında şübhəli fiqurlar tərəfindən Böyük Britaniya tərəfdaşlığından istifadə edilməsi ilə bağlı aparılan araşdırma “Biniatta” Ticarətinin arxasında duran adamı üzə çıxarıb. (politiko.al)

Bu şəxs Moskvada anadan olan, Rusiya vətəndaşı helikopter alqı-satıqısı ilə məşğul olan şirkətin direktoru Maksim Trofimetsdir.

O, hələ də Rusiyada yaşayır və işləyir. Rusiya saytlarından əldə etdiyimiz məlumata görə, Rusiya Federasiyasının Moskva şəhərində Perovo mədəni dairəsi, Elektrod küç. ev 2, döngə 34, mənzil 4/2 ünvanında qeydiyyatda olan “Techproekt MMC” məhz Maksim Mixayloviç Trofimets adlı şəxsin adınadır. zachestnyibiznes


“Pandora Sənədləri”nin sızmasından əldə edilən sənədlər, “Biniatta Trade”-nin belizli iki tərəfdaşının Şotlandiya firması üzərində idarəetmə və mülkiyyət hüquqlarını effektiv şəkildə Trofimetsə ötürdüyü bir sıra məxfi razılaşmaları ortaya çıxarır.
Hərçənd, Trofimetsin “LinkedIn” profilində “Biniatta Trade”-dən bəhs edilmir. Yalnız onun 2018-ci ildən Rusiyanın “Exclases Holding” helikopter şirkətində satış direktoru olduğu yazılıb.
Məlum olur ki, Trofimetsin satış direktoru olduğu “Exclases Holdinq” Ukraynadakı müharibəyə görə tətbiq edilən sanksiyalara qədər İtaliyanın aerokosmik və müdafiə qrupu olan “Leonardo” və keçmiş İngiltərə-İtaliya maliyyə qrupu “AugustaËestland” adlı şirkətlərdən mülki istifadə üçün helikopter alıb Rusiya və keçmiş Sovet ölkələrinə satıb.
“Exclases” dəniz neft və qaz sənayesinə, hüquq-mühafizə orqanlarına və onun "VVIP” və “VIP" kimi qiymətləndirdiyi avadanlıqlar və s. malları satmaqla yanaşı, adı açıqlanmayan italyan firmasının "xüsusi təhlükəsizlik missiyalar üçün” adı altında ən azı bir Rusiya dövlət qurumuna “Leonardo” helikopterləri satıb. (politiko.al)

“BBC”-nin verdiyi məlumatda o da bildirilir ki, Seyşel adalarında yerləşən “Alpha Consulting” şirkəti həqiqi sahiblərini gizlətmək üçün qanundakı boşluqdan istifadə edən 900-dən çox Böyük Britaniya şirkətinin yaradılmasına yardım edib. Onlardan biri, sanksiyalara məhəl qoymayaraq neft tankerini idarə etməklə məşğul olub, digərləri isə vergi cinayətləri törədiblər.
Həmçinin “BBC” “Finance Uncovered” və “Seyşel Adaları Yayım Korporasiyası” ilə birgə apardığı araşdırmada müəyyənləşdirib ki, “Alpha Consulting” təkcə Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə xidmət göstərməyib, həm də Britaniya qanunvericiliyindəki boşluqlardan istifadə etməyə “yardımçı olan” ən məhsuldar “gizli fabrik” olub. Şirkətin dəstək olduğu əksər firmalar fırıldaqçılıq və vergidən yayınmaq sxemində iştirak ediblər. Onlardan biri hətta xarici seçkilərə müdaxilədə ittiham olunub.
Araşdırma zamanı onu da müəyyən etdik ki, “Alpha Consulting” adlı şirkət Rusiya vətəndaşı Viktoriya Valkovskaya tərəfindən idarə olunub. (repost.news)

Düzdür, bu şəxs 2018–ci ilə kimi Qətər Dövləti ilə bağlı lobbi fəaliyyəti də həyata keçirib, amma onun məhz Mübariz Mənsimovla bağlı daha hansı lobbi fəaliyyəti xidməti göstərəcəyi hələ ki qaranlıq qalan məqamlardandır. İndiki mürəkkəb geosiyasi vəziyyətdə bu görüşü Mübariz Mənsimovun xüsusi təntənə ilə təqdim etməsi də ayrıca şübhə doğurur.

Eyni zamanda, M.Mənsimovun Nikolas Muzinlə bağlı işlətdiyi “tezliklə yeni şirkətimizi elan edəcəyik” fikri də diqqətdən kənar qala bilməz. Yaxın keçmişdə M.Mənsimovun başqa bir amerikalı lobbiçi ilə işbirliyi təşəbbüsünün nə ilə bitdiyini xatırlatmağa ehtiyac var.
2020-ci ilin sentyabr ayında araşdırmaçı jurnalistlər Mənsimovun Amerikada fəaliyyət göstərən başqa bir lobbiçi şirkətlə və onların bu görüşünü təşkil edən mənfi reputasiyalı şəxslərlə əlaqəsi haqda geniş araşdırma yazısı təqdim etmişdilər.
“Courthouse News Service” və “NBC News” tərəfindən aparılan araşdırmada Türkiyənin qanuni maraqlarının ABŞ-də təmsil olunması üçün müqavilə imzalanması, bu müqavilənin reallaşmasında iştirak edən əlaqələndirici şəxslərin Rusiyaya bağlılığı, habelə böyük miqyaslı maliyyə fırıldağı sxemini quran şəxslər və Trampın ilk prezidentlik dövrünün sonlarında impiçmentinə vəsilə olan “Ukraynadakı kompromat qalmaqalının” əsas oyunçuları haqda məlumat verilib.
Hadisələrin 2016-cı ilin sonları (prezident seçkiləri zamanı) və 2017-ci ilin yanvar ayında baş verdiyi məlum olur. Medianın yazdığına görə, Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl Vaşinqtondakı “Watergate” otelində bir çox xarici dövlətlərin təmsilçiləri ilə yeni Amerika administrasiyası ilə əlaqələr qurmaq üçün nahar zamanı görüşüblər.
Medianın yazdığına görə, “Watergate” otelində görüşün iki təşkilatçısı olub: bunlardan biri, Ukraynadakı pərdəarxası sövdələşmələri ilə təxminən üç ildən sonra Trampın impiçmentinə səbəb olan Floridalı iş adamı Lev Parnas, digəri isə qaranlıq fəaliyyəti və FETÖ ilə əlaqələrinə görə həbs edilmiş Mübariz Mənsimov olub.
"Mübariz Brayan Ballardı (qeyd: Trampın inaqurasiya komitəsinin sədr müavini) "Trampın “uşaqları” arasında bir nömrə” kimi təqdim edirdi"-deyə Lev Parnas jurnalistlərlə söhbətində xatırlayıb. “Politico” da Florida əsilli Ballardı "Tramp dövründə Vaşinqtonda ən güclü lobbiçi" adlandırmışdı.
Məhz həmin dövrdə lobbi müqavilələri Parnas, Mənsimov və Fərhad Əhmədovun iştirakı ilə müzakirə edilib. Sonradan nə Mənsimov, nə də Əhmədov jurnalistlərin iştirakla bağlı sorğularına cavab verməyiblər.
Lobbi sövdələşmələrinə görə, Ballardın şirkəti ilə Türkiyənin dövlət bankı olan “Halkbank”-ın maraqlarını təmsil etmək üçün ayda 125.000 dollara razılaşma əldə edilib. Məsələ bundadır ki, qeyd edilən bank ABŞ-də fırıldaqçılıq, çirkli pulların yuyulması və sanksiyaların pozulmasına görə qara siyahıda olub.
Parnas müqavilələrin təşkilində göstərdiyi köməyə görə 45.000 dollar alıb. O, bu pulun “Ballardın susması üçün” verildiyini iddia etsə də “Ballard Partners” bunu birmənalı inkar edib.

Bura xüsusi diqqət edək: “Mənsimov və o zaman Donald Trampın təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi general Flinnlə görüşdüyü zaman onun şəriklərindən biri, Mormon poliqamist təriqətinin üzvləri ilə birlikdə ABŞ-də 511 milyon dollarlıq fırıldaqçılıq sxemində iştirak etməkdə təqsirli bilinən erməni əsilli Amerikalı mafioz ilə ortaq olub”.

Lev Parnasın dediyinə görə, o, Mənsimovla tanışlıq, onun yaxın dostu, Belarus əsilli Floridalı biznesmen İqor Fruman vasitəsilə baş tutub. Onlar 2016-cı il dekabrın 5-də Kiyevin Frumanın sahibi olduğu yüksək dəbli, Asiya stilli “Buddha Bar” gecə klubunda təşkil edilən ziyafətdə tanış olublar.
Parnasın dediyinə görə, Mənsimovla “Buddha Bar”da söhbətdə əsas mövzu Parnasın Trampın siyasi orbitində nüfuzlu təsiredicilərdən sayılan Ballardla münasibətləri haqda olub. O bildirib ki, Ballardla 2016-cı ilin oktyabrında Cənubi Floridada Trampın “VIP donorlar”ı üçün keçirilən mərasimdə tanış olub. Mənsimov da özünün Ballarda təqdim edilməsini ciddi-cəhdlə istəyirmiş. Parnas belə deyir.
Mənsimovun və digərlərinin əyləndikləri Kiyevdəki gecə klubu Lev Parnasın biznes ortağı İqor Frumana məxsusdur. Mənsimovun Parnasla ilk tanışlığı da məhz bu gecə klubunda baş tutub. Fotoda soldan sağa: Fruman, Mənsimov, türk iş adamı Fikrət Orman və Parnas görüntülənirlər.

Parnas etiraf edib ki, Ballardla olduğu kimi, Mənsimovla da Kiyevdə az müddət ərzində dostlaşıblar.
Mənsimov 2017-ci ilin yanvar ayının əvvəlində Vaşinqtonda olarkən Parnas Ballarddan həm özü, həm də Mənsimov üçün inaqurasiya VIP tədbirlərinə dəvətnamə istəyib. Parnasın sözlərinə görə, Ballard onlara pulsuz bilet verib.
Bu foto isə inaqurasiya mərasimindən sonrakı ziyafətdə çəkilib.

Mənsimovun solunda moldovalı iş adamı Emmanuel Qrinşpun, sağında qazaxıstanlı oliqarx Aleksandr Maşkeviç və Lev Parnasdır.
Mənsimov və onun “Palmali” şirkətinin əməkdaşları tərəfindən internetdə yayılan fotolara əsasən demək olar ki, Mənsimov həmin vaxt ən azı iki “VIP tədbirdə” iştirak edib. Prezident Trampın əhəmiyyət verməyərək M.Mənsimovun yanından keçdiyi həmin məqamı “Mənsimov Trampla görüşüb” saxta təqdimatı ilə paylaşıblar.

Amma qeyd edək ki, həm Parnas, həm də Mənsimov həbs ediləndən sonra “Ballard Partners” Parnasa inaqurasiya üçün “VİP dəvətnamə” verdiyini təkzib etmişdi.
Trampın inaqurasiyasından iki gün sonra Fərhad Əhmədova məxsus dünyanın ikinci ən böyük okean yaxtası olan “Luna” Mayami limanları gəlib. Əhmədovun ABŞ-yə səfəri zamanı superyaxta aylarla “Mayami Muzey Parkı”nın yaxınlığında dayanıb.
Mənsimovun xahişindən sonra Parnas Əhmədovla onun təxminən yarım milyard dollarlıq superyaxtasında görüşüblər. Parnas jurnalistlərlə söhbətində Əhmədovun yaxtasını təriflədikdən sonra xüsusi olaraq vurğulayıb ki, F.Əhmədov Ballardla münasibətlərə böyük ümid bağlayıb.
Parnas bildirib ki, o və Ballard sonradan Əhmədovu qumar milyarderi və Respublikaçılar Partiyasının “meqadonoru” Stiv Vinə (Steve Wynn) təqdim ediblər. (Ballard Partners bunu da inkar edib-red.).

Parnasın sözlərinə inansaq, görüş martın 4-də Florida ştatının Palm-Biç şəhərində Respublikaçıların Milli Komitəsinin iqamətgahında baş tutub. Jurnalistlərin əldə etdiyi fotoda Parnas, Vinn və Əhmədovun tədbirdə dayanaraq bir-birini qucaqladıqları görünür. Vinin vəkili Reed Weingarten hər üçünün fotoda görünməsinin mümkün olduğunu deyib, lakin əlavə edib ki, Parnas və Əhmədov Vin üçün "kənar insandırlar".
Bundan bir neçə gün sonra, martın 8-də Ballardla görüşmək üçün Parnas Əhmədovun şəxsi təyyarəsində Vaşinqtona gəliblər.

Foto-skrinlər Lev Parnasın Brayan Ballardla yazışmasındandır.
Jurnalistlərin əldə etdiyi məlumatlar göstərir ki, Ballardın firması sövdələşmələri təşkil etməyə dəstək olduğu üçün bir ildən bir az artıq müddət sonra (2018-ci ildə) Parnasa 22,500 dollarlıq iki ödəniş edib.

Bu araşdırmada iki nəfərin adı tez-tez çəkilir. Onlardan biri iş adamı Sezgin Korkmaz və digəri isə amerikalı mafioz, erməni əsilli Lev Aslan Dermendir (Levon Termecyan).

Məqalədə o da qeyd olunur ki, Mənsimov inkar etsə də, əslində hər iki şəxslə sıx əlaqələri olub. Sayt Hətta 2016-cı ildə İstanbulda keçirilən bir toy mərasimində birlikdə çəkdirdikləri fotonu paylaşıblar.

Məqalədə qeyd olunur ki, Mənsimov və Korkmaz ABŞ və Türkiyə arasında əlaqələrin qurulmasında “vasitəçi” rolu ilə yanaşı, mafioz və fırıldaqçı kimi tanınan Dermenlə iş ortağı olublar.
Məqalədə Dermenlə Mənsimov iş ortağı olduqları təqdim olunan sənədlə (2016-cı ilin oktyabrında Mənsimovla ortaq olaraq “Palmali” şirkətinin ABŞ filialının yaradılması haqda) təsdiqlənir.

Dermenin keçmiş əməkdaşı olmuş Daniel McDair jurnalistlərə bildirib ki, Mənsimov və Dermen tərəfindən xam neftin nəqli üçün Türkiyə hakimiyyəti ilə razılaşma əldə etmədən törəmə şirkət yaratmaq ideyası uğursuz cəhd olub.
"Bu, Türkiyə Hökumətinin konkret müqaviləsi və ya Türkiyənin fəal şəkildə dəstəklədiyi bir müqavilə olduğu təqdirdə cəlbedici ola bilərdi. Amma bu, heç vaxt baş vermədi"-deyə erməni əsilli mafiozun keçmiş işçisi bildirib.
Jurnalistlərlə söhbətində Parnas iddia edir ki, Dermenin Mənsimovla biznes əlaqələri haqqında çox az şey bilirdi və onu cinayət aləminin üzvü ilə də məhz Mənsimov tanış edib.
Bu mövzuda sonuncu detal Mənsimovun Parnasa göndərdiyi mesajın skrinidir. Yazışma 22 yanvar 2017-ci ildə baş tutub və Mənsimov Ballarddan Rza Zərrab işində səy göstərməsini istəyir. Mənsimovun Rza Zərrabın azad olunmasında maraqları və hər hansı əlaqələri haqda əlavə məlumat verilmir.

Beləliklə, təxminən 10 il fərqlə Mənsimov yenidən eyni ssenari ilə qaranlıq işlərə baş vurur. 10 il bundan öncə Parnas vasitəsilə ABŞ-nin yeni Administrasiyası ilə yaxınlığa cəhd edirdisə, bu dəfə Rusiya ilə gizli əlaqələrinin olduğu deyilən Nikolas Muzinlə iş qurur. Yeni sövdələşmənin nə hansı məqsədlə edilməsi suallar doğurur...