Axtarış

Select theme:

Paşinyanın Zəngəzuru Azərbaycana verəcəyi ilə bağlı xəbəri ilk olaraq kim hazırlayıb?

İki gün öncə Türkiyənin “OdaTV” saytında "Regional balansı dəyişdirəcək addım: Ermənistan həmin torpaqlardan imtina edir" başlıqlı xəbər dərc olunub.   

Xəbərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbi Zəngəzurun 1200 kvadrat kilometr ərazisinin Azərbaycana verilməsini və Türkiyə ilə sərhədə girişin məhdudlaşdırılmasını nəzərdə tutan “regional normallaşma sazişi”ni açıqladığı iddia edilib. Həmçinin qeyd olunub ki, bu plan, Paşinyanın “Dördüncü Ermənistan Respublikası” ilə bağlı lahiyəsinin bir parçasıdır.

Faktyoxla “OdaTV” xəbər saytında dərc olunan bu xəbərin doğru olub-olmadığını araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, axtarış zamanı nə rus, nə də erməni mənbələrində Ermənistan Baş naziri Nikol Paşinyanın bu cür açıqlamasına rast gəlmədik. Əvəzində erməni politoloq Benjamin Matevosyanın “Alphanyus.am” saytına verdiyi açıqlamada mövzunun “Yeni Akit” qəzetində (son dövrlərdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir-red.) yayılması barədə açıqlamasını aşkarladıq. 

 

Halbuki, "Yeni Akit" qəzetində mövzu ilə bağlı "Türk düşməni ölkə o torpaqlardan imtina edir: Ora Türkiyənin nəzarətinə keçir" başlıqlı xəbər dərc olunub və bu xəbərdə də “OdaTV”-nin xəbərinə istinad edilib.

Digər bir tərəfdən, erməni türkoloq Varujan Qeqamyan bu iddianın “OdaTV” xəbər saytı tərəfindən ortaya atıldığını verelq.am saytına verdiyi açıqlamada qeyd edib. Amma o, iddia haqqında belə bir şərh verib: "Bu xəbərin doğru olub-olmamasının indiki məqamda əhəmiyyəti yoxdur".

Bəs, əhəmiyyətli olan nədir?! Onu V.Qeqamyan belə açıqlayır: "Önəmli olan odur ki, iki qonşu və düşmən ölkə bizim ərazimizlə - Süniklə bağlı geniş işlər, o cümlədən məlumatlandırma işləri aparır". Diqqət yetiririksə, yenə də "düşmən ölkə" ifadəsi işlənir.

Mövzunu araşdırarkən, maraqlı bir məqama daha rast gəldik. Belə ki, mövzu ilə bağlı "Tiktok" platformasında "Geghard_n" adlı hesabda oxşar məzmunlu video paylaşılıb və “Yeni Akit”-ə istinad edilib.

“Geghard_n” hesabındakı videoların əksəriyyətinin “Geğard Fondu”nun materialları əsasında hazırlandığı məlum olur.  

Məsələn, "Ləzgilərin Azərbaycandakı problemləri" adlı videonu incələdiyimiz zaman görürük ki, bu informasiyaların hamısı "Geğard Fondu”nun və rusiyayönlü “panorama.am” saytının materialları əsasında hazırlanıb.

 

"Geğard Fondu”nun “Kilsə”nin təsiri altında olduğunu nəzərə alsaq, bu paylaşımların mənasını daha aydın anlamış oluruq.

Qeyd edilən saxta xəbərin müəllifi hal- hazırda tanınmamış “Luqansk Xalq respublikası”nda jurnalist kimi fəaliyyət gösətərən Okay Depremdir.

Okay Deprem 16 avqust 1980-ci il tarixində Ankarada anadan olub. Orta və lisey təhsilini İstanbulda Kadıköy Anadolu Liseyində tamamlayandan sonra Memar Sinan Universitetində sosiologiya üzrə bakalavr təhsili alıb. Almaniyanın Regensburq Universitetində Şərq-Qərb münasibətləri üzrə magistr dərəcəsi alan Okay Deprem Rusiya-Ukrayna müharibəsi başlayana kimi Ukraynanın Odessa şəhərində yaşayıb. Ukraynada müharibə başlayandan sonra isə o, Donetskdə məskunlaşıb. O.Deprem, Rusiya Federasiyası Xarici İşlər Nazirliyində akkreditə olunmuş jurnalistdir. Donbasda vəziyyət gərginləşəndən sonra bölgə ilə bağlı Türkiyə üçün vaxtaşırı reportajlar hazırlayan yeganə jurnalist (“Evrensel” qəzetinin müxbiri kimi) olub. Məqalələri və reportajları bir çox qəzetlərdə dərc olunub, saytlarda, audiovizual xəbər şəbəkələrində, o cümlədən "Rusiyanın səsi" radiosunda (daha sonra "Sputnik" xəbər agentliyində) yayımlanıb. O, "Əmək Dünyası" və "Media Gündəliyi" (medyagunlugu.com) saytları üçün köşə yazıları yazıb. Okay Deprem eyni zamanda Donbasda bir telekanalda şərhçi və rusdilli aktual mövzular olan “Wpered” saytında köşə yazarı kimi çalışıb. Luqanskda Taras Şevçenko Universitetində dərs deyib

İngilis, alman və rus dillərini bilən O.Depremin adı Ukraynada milli təhlükəsizliyinə, habelə sülhə, insanlığa və beynəlxalq hüquqa qarşı cinayət elementlərinin tədqiqi məqsədilə yaradılan "Mirotvorets Center"-in qara siyahısına da salınıb.

Saytda bu şəxs haqqında qeyd olunub ki, o, terrorçu silahlı qruplar tərəfindən işğal olunmuş Donbasda Ukrayna ərazisinə daxil olmaq üçün dövlət sərhədini qəsdən pozub. Həmçinin, Rusiyayönlü terror təşkilatları ilə əməkdaşlıq, “DXR/LXR” terror təşkilatını qanuniləşdirmək cəhdlərində iştirak edib və Ukrayna əleyhinə təbliğat aparıb. Bundan başqa, onun 11 noyabr 2018-ci ildə “DXR/LXR” terror təşkilatı liderlərinin psevdoseçkisində “müşahidəçi” kimi iştirak etdiyi də qeyd edilib. myrotvorets.center 

Qeyd edək ki, Okay Deprem 2018-ci ildə Türkiyədə "Doğan Kitap" nəşriyyatında nəşr edilən "Rusiyanı ayağa qaldıran lider: Vladimir Vladimiroviç Putin" kitabının həmmüəlifidir. Kitabın digər müəllifi isə medyagunlugu.com portalının təsisçisi Cenk Başlamışdır. kitapyurdu 

O.Deprem 2023-cü ildə insan hüquqlarının müdafiəsi və təşviqi məqsədilə Belarusda yaradılan ilk qeyri-hökumət təşkilatı- “Emil Çeçko Beynəlxalq İnsan Hüquqları Fondu” tərəfindən təqdim edilən “Emil Çeçko mükafatı”nı ilk alanlar sırasında olub

Bir həftə əvvəl isə Okay Deprem Krımda təşkil olunan “Xüsusi hərbi əməliyyat zamanı jurnalistika” adlı 3-cü Beynəlxalq Media Forumunun iştirakçısı olub. pnp.ru 

Bu şəxsin Azərbaycana qarşı qərəzi də dəfələrlə müşahidə edilib. Belə ki, o, hələ 2022-ci ildə internetdə Rusiya tərəfində döyüşən könüllü əsgərlərin yaxasında Türkiyə bayraqlarının olması ilə bağlı yayılan videolara dəxlsiz şəkildə “bu könüllülər Türkiyədən deyil, Azərbaycandan gəliblər. Onlar öz təşəbbüsləri ilə gülləkeçirməz jiletlərinin üzərinə Türkiyə bayrağı yerləşdiriblər; bu, şəxsi məsələdir"-deyərək şərh vermişdir. sobcor.news 

Bundan başqa, 2023-cü ilin fevralında Okay Deprem Ermənistanın "İravunk" saytına verdiyi müsahibədə "uzun müddətdir, xüsusən də son illərdə Azərbaycandan geosiyasi mövqeyini genişləndirmək və gücləndirmək, Cənubi Qafqazda siyasi maraqlarını irəli sürmək üçün istifadə etdiyini"-deyərək Türkiyəni haqsız yerə günahlandırıb.

Bir məqama da diqqət yetirmək lazımdır ki, Okay Deprem tez–tez “Ankara Rus Evi”nin sədri Aleksandr Sotniçenko ilə görüşür və onunla yaxın dostluq münasibətləri olduğu deyilir.

Sonda onu da qeyd edək ki, jurnalist Okay Deprem, “Rusiya ilə Güclü Ermənistan – Yeni Birlik Uğrunda” Hərəkatının İcraiyyə Komitəsinin üzvü, “İravunk” Media Holdinqinin prezidenti, “Konstitusiya Hüququ Birlik Partiyası”nın sədri Ayk Babuxanyan “Yağışın uşaqları” Xeyriyyə Fondunun vitse-prezidenti (2016–2018) olmuş, “Əlillər üçün "Sərhədsiz" kino məktəbi”nin təsisçisi, Rusiya Bələdiyyə Akademiyasının müxbir üzvü Qayane Arutyunyanla birlikdə Avrasiya İqtisadi Təşkilatı yanında İctimai Palatanın üzvləridirlər.

Nəticə:

- “OdaTV” saytında yayımlanan "Regional balansı dəyişdirəcək addım: Ermənistan həmin torpaqlardan imtina edir" başlıqlı xəbər saxtadır və reallığı əks etdirmir;

- Xəbəri hazırlayan şəxs – Okay Deprem hal–hazırda qondarma “Luqansk Xalq Respublikası”nda yaşayır və rusiyayönümlü fəaliyyəti ilə tanınır;

- Saxta xəbərin yayılması regionda sabitliyi pozmağa, gərginlik yaratmağa və münasibətləri korlamağa hesablanıb.           

 

 

Oxşar məqalələr: