 
                                    
                                                                    
                                2025-ci il iyulun 18-də Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketinin “kölgə donanması” adlanan bölməsində yer alan 105 gəmi-tankerin siyahısında Azərbaycana məxsus “Nizami Gəncəvi” gəmisinin adının hallanması cəmiyyətdə çoxsaylı suallar yaratmışdı. Bununla bağlı dəqiqləşdirmə aparıldıqdan sonra tankerin Azərbaycan Respublikasının dəniz donanmasına aid olmadığı və ölkəmizin bayrağı altında üzmədiyi aşkara çıxdı.
MarineTraffic.com saytının tərtib etdiyi “Agsu”-nun marşrutuna əsasən, o, Füceyradan yola düşüb və mayın 14-də Bəsrəyə çatıb, lakin gəminin ən son mövqe məlumatları onun İranın cənubundakı Bəndər-Abbas istiqamətində olduğunu göstərib. Gəminin son siqnalı mayın 13-də olub. Bir gün sonra Bəsrəyə çatması planlaşdırılan gəmi İranın Fars körfəzindəki Hörmüz adası yaxınlığında gözlədiyi müşahidə edilib.

Belə ki, ismi sanksiyaya məruz qalan gəmi və tankerlər siyahısında hallanan “Nizami Gəncəvi” adlı tankerin Türkiyədə qeydiyyatdan keçən “Palmali Holdinq”ə məxsus olması və Rusiya bayrağı altında həmin ölkənin dəniz donanmasının üzvü kimi daşımalarda iştirak etdiyi məlum oldu.
Dünya praktikasında gəmiqayırma şirkətlərinin inşa etdirdiyi tankerlərin tanınmış şəxsiyyətlərin və həmin ölkənin məşhur tarixi-coğrafi ünvanlarının adına qoyulması ənənəvi xüsusiyyətlərdən biridir. Amma qeyd etməliyik ki, təcrübəyə əsasən görkəmli tarixi şəxsiyyətin, bəlli dövlətə məxsus olan tarixi-coğrafi adı daşıyan gəminin məhz həmin dövlətin dəniz donanmasına aid olması mütləq şərt deyil.
Tankerlərin hərəkət marşrutunun izlənilməsi üzrə fəaliyyət göstərən “Balticshipping” resursunun məlumatından da aydın görünür ki, “Nizami Gəncəvi” adlı tanker “Palmali Shipping Service” şirkətinə məxsusdur və Rusiya bayrağı altında üzür. “IMO 9369617, MMSI 273314230” beynəlxalq nişanlı bu tanker 2006-cı ildə inşa edilərək ilkin olaraq “Lənkəran” alandırılıb, sonradan isə “Nizami Gəncəvi”yə dəyişdirilib.

Məşhur marinetraffic, myshiptracking, chinashipbuilding və “vesselfinder” və digər tanker izləmə resursları və platformalarında da “Nizami Gəncəvi” neft daşıyan gəminin Rusiya bayrağı altında hərəkət etdiyini təsdiqləyən məlumatlar var.
Beləliklə, “Palmali Gəmiçilik” Şirkətinin sahibi olduğu tankerin Rusiyanın “qara donanması”nda iştirakı, Qara və Azov dənizlərində müxtəlif şübhəli malları daşıdığı, hətta Aİ-nin iddia etdiyi kimi Rusiya Müdafiə Nazirliyinin maraqları naminə Suriyadakı rus qoşunları qrupuna reaktiv yanacaq və digər vacib yüklərin tədarükü ilə də məşğul olması, bu gəmiçilik müəssisəsi haqqında rəyin formalaşmasına səbəb oldu.
Hətta şirkətin 2024-cü ildə Rusiyaya aid “Azov” (IMO 8943260) və “Köysuq” (IMO 8883252) tankerləri ilə birgə eyni sxem üzrə Rusiya Federasiyasının Suriyaya gizli mallarını çatdırmaq üçün “kölgə donanmasın”da ilk yerlərdən birini tutduğu istisna olunmur.
Həmin “trio” Rusiya Federasiyası tərəfindən Aralıq dənizinin şimalında və ya cənubunda transponderlərini (siqnal qəbuledici) söndürməklə Suriyadakı limanlara giriş-çıxışları gizlədib. Bu sxem məşhur üçlük tərəfindən Rusiyanın Qara dəniz limanlarından Suriyaya dəniz daşımalarını həyata keçirmək üçün dəfələrlə istifadə edilib. Tankerlərə Rusiyanın Azov limanından Suriyaya çatdırdığı aviasiya yanacağı və dizel təchizatı isə İran tərəfindən təmin edilib. Bu davamlı daşınmalar 2023-cü ildə Ukrayna Müdafiə Qüvvələrinin Suriyadakı rus qoşunlarını təyyarə yanacağı ilə təmin edən məşhur “SİG” tankerinə Qara dənizdə aramsız hücumlardan sonra intensivləşib. Hər 3 tanker Aİ Beynəlxalq Dəniz Təşkilatı Baş Assambleyasının A.1192 (33) qətnaməsində qeyd olunduğu kimi sanksiyalara məruz qalıb.
Ukraynanın xüsusi xidmət orqanlarının da yaydığı məlumatlarda “Palmali Holdinq”in müəyyən dövrlərdə gəmilərinin adlarını dəyişməklə Liberiya bayrağı altında “kölgə donanması”nın bir hissəsi olmasına dair informasiyalar yer alır. Həmin gəmilərin Avtomatik İdentifikasiya Sistemi (AIS) siqnallarını söndürməklə yüksək riskli və aldadıcı təcrübələrdən istifadə etdiyi vurğulanır. Məqsəd isə Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyaları və qiymət məhdudiyyətlərini aşaraq Rusiya neftini üçüncü ölkələrə daşımaqdır. kse.ua

Bu faktlar “Palmali Group”, “Palmali Gəmiçilik” və bu şirkətə daxil olan daşınma-logistika infrastrukturlarının və nəqliyyat vasitələrinin Rusiyaya bağlılığını, təsdiq edən adi epizodlardan biridir. Şirkətin rəhbəri olan Mübariz Mənsimovun əslində Rusiya gəmiçilik və daşımaçılıq qrupları ilə ayrılmaz bağlantıları “Palmali”nin neçə illərdir ki, bu gizli sxemdə ortaqlığına işarə edir. Eyni zamanda, M.Mənsimov 2019-cu ildə İstanbulda “Spring Marine” adlı şirkəti qeydiyyatdan keçirərək Rusiyanın Rostov-Don və Bolqarıstanın Varna şəhərlərində onun filiallarını yaradır.

Sonradan aşkarlanan sənədlərə görə, yeni yaradılan şirkət Rusiya və İran neftinin Aralıq dənizi vasitəsilə nəqli ilə məşğul olub. Məlum olur ki, ABŞ-nin İrana qarşı sanksiyalarından yayınmaq üçün “Palmali Shipping”in rəhbəri Mübariz Mənsimov Türkiyəni beynəlxalq bazarlarda çətin vəziyyətə salacaq oyuna əl atıb. Həmin sxemi izah edirik:
ABŞ-nin İstanbuldakı baş konsulu Cennifer L.Devis “Palmali Rostov” MMC ilə bağlı Mübariz Mənsimova məktub göndərir və İrana qarşı sanksiyaların qüvvədə olduğu müddətdə onun rəhbərlik etdiyi şirkətin qara işlərdə iştirakına dair müfəssəl məlumat istəyir. Mübariz Mənsimov isə konsula cavab məktubu yazaraq rəhbərlik etdiyi “Palmali Rostov” MMC-nin Rusiya Arbitraj Məhkəməsinin 8 yanvar 2019-cu il tarixli qərarı ilə müflis elan edildiyini, “Palmali Rostov” MMC-nin, onun sahibi olduğu və idarə etdiyi gəmilərin İstanbulda yerləşən “Palmali Holdinq”in nəzarəti altında olmadığını, Rusiya Federasiyası Arbitraj Məhkəməsinin şirkətin etibarnamə üzrə müfəttişi təyin edildiyini bildirir.

Mənsimov məktubda şirkətə yeni müfəttişin təyin edilməsini etiraf etməklə yanaşı, əlavə edir ki, onun şirkətinə məxsus gəmilər bundan sonra da ABŞ-nin sanksiyalarına məruz qalan ölkələrə gedəcək, çünki “Palmali Maritime” və rəhbərlik etdiyi digər şirkətlər ləğv edilən şirkətə görə məsuliyyət daşımırlar.
Burada əsas diqqət məktuba və Mənsimovun cavabına deyil, qeyd edilən şəxsin dələduzluq sxemində Rusiyanın rəsmi dövlət orqanları ilə əlbir işləməsinə yönəlməlidir.
“Palmali Rostov”-un müflis elan edilənə qədər əsas aktivləri (hesabındakı pullar, gəmilər və s.) yuxarıda qeyd etdiyimiz “Spring Marine” şirkətinin hesabına keçirilib. Şirkət isə sələfinin qara işlərini davam etdirib.
Aşağıda sadalayacağımız faktlar isə yeni yaranan şirkətin əsas fəaliyyətinin Rusiya xam neftini gizli şəkildə Rostov-Dondan Bolqarıstanın Burqas limanına və digər ölkələrin neft emalı zavodlarına daşımaq olduğunu bir daha təsdiqləyir. blackseanews
1. “ZUMRUT ANA” tankeri (IMO 9633549) “Palmali Shipping & Agency” tərəfindən idarə olunan “Armada Voyager Seven Co Ltd”-nin adına qeydiyyatdan keçib. Bu tankerin səyahət qeydləri onun Rostov-Dondan Bolqarıstan və digər bölgələrdəki limanlar da daxil olmaqla istiqamətlərə yola düşdüyünü göstərir.

Qeyd edək ki, M.Mənsimov anasının adını verdiyi tankerlə qaçaqmal neft daşımasına və bu səbəbdən sanksiyalara məruz qoymasına görə diqqəti özünə cəlb edib.
2. “Mübariz İbrahimov” tankeri “Palmali Shipping & Agency”-nin “WHITE ROCK CORP LTD” törəmə şirkəti tərəfindən idarə olunur (ünvan: Blok L, Maya Siteleri No 1, Ebululamardin Caddesi, Akatlar Mah, Besiktas, 34335 Istanbul, Turkey) və Rostov-Dondan Türkiyənin Toros limanına qaçaqmal yolu ilə xam neft daşıdığı sənədlərdə əks olunub.
 
 
3. “Palmali Shipping and Agency” tərəfindən idarə olunan “AGDASH” (AGVANIS) gəmisi İranın Bəndər-Abbas limanına dəfələrlə daxil olduğu və Dubayda yerləşən “Mawared Energy” üçün neft məhsulları daşıdığı bildirilir.
Acınacaqlı hal odur ki, Azərbaycanın igid oğlu, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri Xudayar Yusifzadənin adını daşıyan gəmi də bu qaranlıq daşımalarda istifadə olunub. blackseanews

ABŞ sanksiyalarından yayınaraq İran neftini necə daşıyıb?
ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən 2019-cu ildə ABŞ-nin İran və Suriyaya qarşı embarqosunu pozduğu üçün “Palmali Shipping”ə qarşı araşdırma başladılıb.
Avstraliyaya məxsus “Newsblaze” saytında “PALMALI Group of Companies Accused of Violating USA Sanctions” (“Palmali Şirkətlər Qrupu ABŞ sanksiyalarını pozmaqda ittiham edilib”) adlı məqalədə qeyd edilir ki, Rusiya bayrağı altında üzən “Ağdaş” və Malta bayrağı altında üzən “Ağsu” gəmiləri "Palmali" Şirkətlər Qrupuna məxsus olub. ABŞ-nin tətbiq etdiyi sanksiyalar pozularaq, İrandan neft daşınıb.

2019-cu ildə gəmilər İranın “Bəndər-Abbas” və “Siraf” limanlarından 16 dəfə yüklə çıxıb və yüklər Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Əl-Füceyrə” limanına daxil olub. Hər iki gəmi İranın ərazi sularına daxil olarkən avtomatik identifikasiya sisteminin (AIS) ötürücülərini söndürdüyü və yalnız Əl-Fuceyrə limanına yaxınlaşarkən yenidən işə saldığını bildirilir.
“Deniz Haber”-in əməkdaşı Rəcəb Canpolat bildirir ki, İran körfəzi sahillərindəki Bəndər-Abbas limanındakı rəsmiləşdirmə sənədlərində “Agdash” adlı gəminin mart ayında BƏƏ-nin Fuceyrə limanına getməzdən öncə limanı başqa istiqamətdə tərk etdiyini göstərilir.
May ayına aid peyk izləmə qeydlərindən isə görünür ki, “Agsu” adlı başqa bir gəmi planlaşdırılmış marşrutdan, yəni İraqın Bəsrə şəhərinə doğru getməkdənsə, izləmə cihazını söndürməzdən əvvəl Bəndər-Abbasa doğru istiqamət alıb.

MarineTraffic.com saytının tərtib etdiyi “Agsu”-nun marşrutuna əsasən, o, Füceyradan yola düşüb və mayın 14-də Bəsrəyə çatıb, lakin gəminin ən son mövqe məlumatları onun İranın cənubundakı Bəndər-Abbas istiqamətində olduğunu göstərib. Gəminin son siqnalı mayın 13-də olub. Bir gün sonra Bəsrəyə çatması planlaşdırılan gəmi İranın Fars körfəzindəki Hörmüz adası yaxınlığında gözlədiyi müşahidə edilib.


"Onlar yalnız Hörmüzə çatanda avtomatik identifikasiya siqnalının aktiv olduğunu anlayıb və dərhal cihazları söndürüblər. Burada görürük ki, onlar peyk sistemlərini aldatmağa çalışsalar da, sonda özlərini ifşa ediblər", - deyə Canpolat bildirib. O, əlavə edib ki, qeyd edilən ticarət İran və BƏƏ arasında aparılsa da, şirkət Türkiyədə yerləşir və bunun Türkiyənin imicinə necə təsir edəcəyi düşündürür”.
Canpolat araşdırmasında yazır ki, İranda keçirdiyi müxtəlif görüşlər zamanı “Palmali Shipping”-in neft məhsulları daşıyarkən bir gəmi ilə 10, digər gəmi ilə isə 7 dəfə embarqonu pozduğunu aşkar edib.
 
 
(“Palmali” tərəfindən çatdırılma üçün ABŞ SWIFT sistemi vasitəsilə ödənişi təsdiqləyən “ödəniş tapşırığı”)
Şirkətin sahibi Mübariz Mənsimov yenə də irəli sürülən ittihamları rədd edərək, gəmilərin onun şirkətinə aid olmadığını bildirib. Biz öz növbəmizdə gəmi izləmə platformaları tərəfindən çəkilən fotoları təqdim edir və bildiririk ki, gəmilərin hansı şirkətə məxsus olması üçün gəmilərin üstündəki loqolara baxmaq yetərlidir.
 
 
Bununla belə, sənədlər BƏƏ-də yerləşən “Mawared Energy” tərəfindən icarəyə götürülmüş “Agdash”ın “Palmali Shipping”ə taym-çarter kimi hesab-faktura verildiyini göstərir. Bundan başqa, sənədlərdə “Mawared Energy”-nin Amerikanın SWIFT sistemindən istifadə edərək “Agdash” üçün ödənişləri İqor Raspopova məxsus “R Shipping” broker şirkəti vasitəsilə “Palmali Shipping”-in “QNB Finansbank”-dakı hesablarına köçürdüyü görünür.


ABŞ Dövlət Departamenti və OFAC-ın 25 mart 2019-cu il tarixində yayımladığı “İran və Suriyanın iştirak etdiyi neft ticarətinə qarşı sanksiyalar” adlı hesabatda embarqonu pozan şirkətlərin adları, istifadə etdikləri üsullar və onlara qarşı sanksiyalar sadalanır.

Məlumata görə, “Palmali Shipping” şirkətinə məxsus “Şahdəniz” gəmisi 2016-cı ildə Suriyadan neft daşıyarkən embarqonu pozub. Malta bayrağı altında üzən gəmi qalmaqalından sonra başqa şirkətə satılıb və adı dəyişdirilib. Lakin “Vesselfinder” tanker izləmə platforması tərəfindən aşkarlanan gəminin fotoşəkillərində hələ də “Palmali” adı olduğu görünür.
Sayt yazır ki, Mənsimov vəziyyətdən çıxmaq üçün 200 min dollara yaxın pul ödəyib və embarqonu pozduğuna görə əfv olunub.
Yeri gəlmişkən qeyd edək ki, “Palmali Shipping”ə məxsus “Agsu” tankeri Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl (“Palmali Co Ltd”nin sifarişi ilə Rusiyanın Nijni-Novqoroddakı “Krasnoye Sormovo” zavonunda inşa edilib) Rusiya bayrağı ilə hərəkət edərək gizli malların tədarükünü təmin edib.

Əlavə faktlar. Bir çox araşdırma mərkəzləri “Palmali”nin qaçaqmalçılığına işarə edən hesabatlar yayıblar. Qeyd olunur ki, Qərbin qadağanedici sanksiyalardan yayınan gəmiçilik şirkətlərindən biri “Palmali” İzmirin Nemrut limanından Ukraynanın Xerson limanını təyinat yeri elan edib, ancaq gəmi Xersona getməyib, əvəzində Ukraynadan 350 km cənub-şərqə daxil olaraq 10 gün ərzində beynəlxalq radarlardan itib və Rusiya limanlardan birinə yan alıb. antikor.info
“Palmali” şirkəti hələ 6 il əvvəl tətbiq edilən sanksiyaya məhəl qoymayaraq Qara, Baltik və Azov dənizlərində Rusiya bayrağı altında “kölgə donanma”ya xidmət etməkdə davam edib.
“BlackSeaNews” və Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun Monitorinq Qrupunun apardığı tədqiqatlara əsasən, 2023-cü ilin may ayında Qara və Azov dənizlərindəki Rusiya limanlarından xam neft və neft məhsullarının dəniz yolu ilə ixracının qanunsuz daşınma trayektoriyaları hədsiz artıb. Rusiya limanlarından 250 tanker neft və neft məhsulları ixrac edilib ki, gəmilər ümumilikdə təxminən 15,5 milyon ton yük daşıyıblar. Yüklər müvafiq olaraq iki fərqli gəmi növü - xam neft tankerləri və neft-kimyəvi (neft məhsulu) tankerlərlə daşınıb. Sözsüz ki, Mübariz Mənsimovun gəmiləri də bu prosesdə ön sıralarda dayanıb.
Şirkət bəzi tankerlərini “ağ donanma”nın üzvü kimi beynəlxalq sığorta sistemindən keçirsə də, xeyli gəmisini “İG” olmayan sığortaçılara həvalə edərək dəniz donanmasında ən qaranlıq sxemləri idarə edən Malta qurumları ilə işbirliyinə də üstünlük verib. Əslində “kölgə donanması”na aid bu tankerlər Liberiya bayrağı altında Afrika və digər regionlara Rusiyaya məxsus yanacaq məhsullarını daşıyıb.

İddialara görə, M.Mənsimovun Rusiya xam neftini və neft məhsullarının Kerç boğazı ərazisində, Qara və Azov dənizlərindən “bunkerinq” (təchizat) sxemi ilə daşıyan dağıstanlı “qara donanma” ailəsi də sıx bağlılığı var. “Palmali”nin daşıdığı Rusiya neftinin eyni liman və boğazlarla hərəkət etməsi, eyni “bunkerinq” üzrə gizlənməsi də digər oxşarlıqlar həmin tanker qruplarının ortaq maraqlarına işarə edir. Məsələn, Rusiyanın “SBC Dolina” MMC-yə (VÖEN: 7714420564) məxsus və təsisçisi “LSCapital MMC” (VÖEN: 7703426420) şirkətinin sahibi olan Aslan Camaldinoviç sanksiyaya məruz qalmış tankerlərin yol xəritəsini müəyyən edənlərdən biri kimi tanınır.
Aslan Camaldinoviç Rusiya Federasiyasının Həştərxan vilayətinin Olya limanında fəaliyyət göstərən Rusiya gəmiçilik şirkətləri şəbəkəsinə sahib olan/nəzarət edən həştərxanlı iş adamı Camaldin Emirmaqomedoviçin oğludur. Camaldin Emirmaqomedoviçin şirkətləri 2021-ci ildən Rusiya hərbi yüklərin ixracı ilə məşğuldur və dünya üzrə hərbi yüklərin dəniz daşınması ilə bağlı 200-dən çox müqavilə bağlayıb. Onun donanması Suriya, İran, Şimali Koreyadan Rusiyaya silahların, eləcə də İran neftinin daşınmasında iştirak edən sanksiyaya məruz qalmış gəmiçilik şirkəti “MG-Flot” MMC-ni də idarə edir.
Onların yaxın partyorları sırasında “SBC Dolina MMC”nin baş direktoru Oleksandr Lapko Rusiyanın “Sberbank”ı ilə sıx işləyən şəxsdir. “Sberbank” isə vaxtilə Mübariz Mənzimovun gəmiçilik layihələrinin əsas kreditorlarından biri olub.

“BlackSeaNews” və Qara Dəniz Strateji Araşdırmalar” İnstitutunun Monitorinq Qrupunun təhqiqatlarından aydın görünür ki, “MG-Flot” MMC-yə aid tankerlər də daxil olmaqla Həştərxandan idarə edilən gəmilərin böyük əksəriyyəti AIS siqnallarını söndürməklə Qara və Azov dənizlərindəki Rusiya limanlarından xam neft və neft-kimya məhsullarını Suriya, Yaxın Şərq və Afrikaya daşınmada bir mərkəzdən idarə olunub.
Maraqlı məqamlardan biri də “Palmali” Gəmiçilik Şirkətinin qeydiyyat reyestrlərinin Maltaya bağlılığıdır. Həmin gəmilərin böyük bir qismi məhz Rusiya dəniz nəqliyyatına xidmət göstrəmək üçün Maltada qərargah seçib. Məsələn, ən iri tonnajlı “Palmali Voyager” kimi tanınan tanker Rusiya Dəniz Gəmiçiliyi reyestrində qeydə alınmaqla Volqoqraddan Malta bayrağı altında daşınmaları yerinə yetirib.

Rusiyanın “kölgə donanması”na aid şirkətlərin böyük qismi də məhz Maltada qeydə alınıb və buradan idarə olunur. Son illərdə Qərbin sanksiyalarından yayınmaq üçün Rusiya neft və neft-kimya malları əsas etibarilə Malta bayrağı altında üzən gəmilərlə daşınmaqdadır. Həmin tankerlər əslində Maltada qərar tutmuş iri rus “bunkerinq”ləridir. theshiftnews

Avropa Şurasının Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsi (MONEYVAL) Maltanı çirkli pulların və terrorizmin maliyyələşdirilməsinə qarşı beynəlxalq standartlardan yayınan və qaydalara cavab verməyən ölkə kimi qiymətləndirib.
“Beynəlxalq Mütəşəkkil Cinayətkarlıq İndeksi” hesabatında Maltanın qlobal qaçaqmalçılığın, iqtisadi cinayətkarlığın, xüsusilə də təbii sərvətlərin, yanacaq və neft qaçaqmalçılığının geniş tranziti kimi qiymətləndirilib. Yaxın Şərqdən, Tunis və Mərakeşdən və Liviyadan keçməklə Malta istiqamətində üzən gəmilərin bu qeyri-leqal ticarətdə ən çox istifadə olunan marşrut kimi istifadə olunduğu deyilir.
Bu təqdim etdiyimiz faktlar və beynəlxalq təşkilatların hesabat sənədləri birmənalı olaraq “Palmali” şirkətinin və onun şefinin qaranlıq və dolaşıq işlərdə iştirakını, dəniz nəqliyyatında qeyri-şəffaf biznes fəaliyyətini, ələlxüsus da Qərbin sanksiyalarına məruz qalmış Rusiyanın neft-qaz və digər mallarının qaçaqmalçılıq, “kölgə donanması” sxemi ilə daşıdığını təsdiqləyən materialların bir qismidir.
Sadalanan faktlardan sonra hər zaman dürüstlükdən danışan Mənsimovun Rusiyanın “kölgə tankerləri”nə qoşulmaqla böyük bir iqtisadi trans-cinayət şəbəkəsinin üzvü olduğunu gizlətməsi artıq mümkün deyil.
(ardı var)
 
                
 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        