 
                                    
                                                                    
                                Oktyabrın 17-də Milli Məclisin keçirilən iclasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı məsələdə millət vəkilləri Siyavuş Novruzov və Tənzilə Rüstəmxanlı arasında mübahisə yaşanıb. Tənzilə Rüstəmxanlının “Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür” fikrinə münasibət bildirən Siyavuş Novruzov həmkarının fikirlərində yanlışlıq olduğunu bildirib. O, qeyd edib ki, “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir”.

Növbəti məsələlərin müzakirəsi zamanı söz alan Tənzilə Rüstəmxanlı yenidən bu mövzuya qayıdaraq bildirib ki, Siyavuş Novruzov onu saxtakar adlandırıb və buna görə cavab haqqı istəyir: “1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi”.

“Faktyoxla” mübahisəyə səbəb olan mövzu ilə bağlı araşdırma aparıb.
Ötən əsrin 90-cı illərində artıq dağılmaqda olan SSRİ-nin tərkibindən ayrılan İttifaq respublikalarının öz dövlət müstəqilliklərini elan etmək qərarı Azərbaycanda da taleyüklü məsələlərdən biri idi. Lakin həmin dövrdə daha dəqiq desək 1991-ci ilin martında dağılmaqda olan SSRİ-də keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı (17 mart 1991-ci ildə) referendum keçirilməsi haqda SSRİ Ali Sovetinin qərarı qəbul edilib. Bu məqsədlə o vaxtkı Azərbaycan rəhbərliyi SSRİ-nin saxlanılmasına bütün Azərbaycan xalqının “razı olduğunu” göstərmək üçün referendumun keçirilməsini dəstəkləyib və 7 mart 1991-ci ildə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı”nı qəbul edib.

Səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin saxlanılmasını hədəfləyən referendumun keçirilməsinin əleyhinə, qalan deputatlar isə lehinə səs veriblər. Həmin 43 nəfərin adı mətbuatda “İstiqlalçı deputatlar” olaraq adlanmağa başlanılıb.
Həmin iclasda (7 mart 1991-ci il) SSRİ-nin saxlanılmasına ən sərt mövqe bildirən deputat Ulu Öndər Heydər Əliyev olub. Heydər Əliyev imperiyanın saxlanilmasina qətiyyətlə etiraz edərək bildirmişdir ki, burada Azərbaycan xalqının gələcək taleyi həll olunur. Mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. “Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Heydər Əliyev SSRİ-nin qorunub saxlanılması üçün canfəşanlıq edənlərə xatırladırdı ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür: “Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Beləliklə, Heydər Əliyev başda olmaqla 43 deputat SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsinin əleyhinə səs veriblər, digər deputatlar isə qərarı dəstəkləyib, yaxud da bitərəf qalıb və ya səsvermədə iştirak etməyiblər. Həmçinin, SSRİ-nin saxlanılması üçün keçirilən Ümumittifaq referendumunda Azərbaycandan yalnız Naxçıvan Muxtar Respublikası iştirak etməmişdir. O vaxt Naxçıvan Ali Sovetinin rəhbəri Ümummilli Lider Heydər Əliyev idi.

Bu xüsusda qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin bərpası məsələsi ilk dəfə Heydər Əliyev tərəfindən Naxçıvan Ali Məclisində qaldırılmış və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisində dalğalandırılmışdır. Ali Məclisdə “Sovet Sosialist” sözləri SSRİ məkanında və “SSRİ-nin sağlığında” ilk dəfə bu qurumun adından çıxarılmışdır. Mənbə
Bundan bir neçə ay sonra, 1991-ci il avqustun 30-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə” qəbul edilib.
Həmin Bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktı”nı qəbul edib.

Həmin dövrdə Azərbaycan Respublikasının Ali Sovetinin 360 deputatının 258-i müstəqilliyin lehinə, 31-i isə əleyhinə səs verib. Digər deputatlar ya bitərəf qalıb, yaxud səsvermədə iştirak etməyiblər.
1991-ci il dekabrın 29-da keçirilən Ümumxalq referendumunda Azərbaycan əhalisinin 95 faizi səsvermədə iştirak edərək ölkəmizin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Bununla da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktı qəbul edilib və Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunub.
Beləliklə, dünən, 17 oktyabr 2025-ci il tarixində Milli Məclisin iclasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı müakirələrdə millət vəkilləri Siyavuş Novruzov və Tənzilə Rüstəmxanlı arasında baş verən mübahisə anlaşılmazlıqdan yaranıb. Deputat Tənzilə Rüstəmxanlı Ali Sovetin 7 mart 1991-ci il tarixli iclası haqda danışıb, deputat Siyavuş Novruzov Respublikasının Ali Soveti 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktı”nın qəbul olunduğu iclası nəzərdə tutub.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        