Axtarış

Select theme:

Altay Göyüşov "oxucuları" və donorlarını necə aldadır?

Xaricdə yaşayan Altay Göyüşov öz “facebook” səhifəsində Azərbaycanda həyatın keyfiyyət səviyyəsini aşağı olduğunu əks etdirən məlumat paylaşıb və rəhbəri olduğu, erməni müəlliflərin də yazıları dərc edilən “bri”-nin linkini yayıb.

Faktyoxla” Azərbaycanın həyat keyfiyyəti normativlərinə görə aşağı dövlətlər qrupunda yer aldığını iddia edən Altay Göyüşovun və rəhbərlik etdiyi saytın infoqrafikasını analiz edib.

A.Göyüşovun linkini paylaşdığı sayta daxil olduqda “infoqrafika” (əgər demək mümkündürsə-red.) və aşağısında həmin hesabatın “pdf” linkinə rast gəlinir.

“PDF”-i endirmək istədikdə isə yalnız bir cümlədən (mövzunun adı) ibarət bir səhifəlik sənəd açılır.

Özünü politoloq və sayt rəhbəri kimi təqdim edən A.Göyüşovun bu məlumatları haradan əldə etməsi ilə maraqlandıqda bir az əziyyət çəkməli olduq. Uzun axtarışdan sonra təqdim etdikləri “infoqrafika” deyilən bir səhifəlik bannerin bir küncündə “Numbeo” sözünü aşkarladıq. Biz, oxucuları bu əziyyətə salmamaq üçün “mənbə” sözünü işarələyir və heç bir kiçiltmə proqramından istifadə etmədən, Altay Göyüşov verdiyi miqyasda təqdim edirik:

Artıq məlum olur ki, A.Göyüşovun təqdim etdiyi bu rəqəmlər “Numbeo” onlayn tədqiqat bazası tərəfindən açıqlanan “Həyatın Keyfiyyət İndeksi” sənədindən götürülüb. Azərbaycana qarşı davamlı olaraq qərəzli məlumatlar yayan (bu haqda əlavəmiz olacaq-red.) "tədqiqat mərkəzi" sonuncu hesabatında Azərbaycanı 114,4 balla dünya ölkələri sıralamasında 69-cu yerdə qərarlaşdırıb

Xatırlatmaq üçün qeyd edək ki, “Həyatın Keyfiyyət İndeksi” (HKİ, Quality of Life Index) dünya ölkələrinin sosial-iqtisadi, tibbi, təhsil və siyasi sub-indekslər üzrə vəziyyətini təyin edən faktorlarlardan biridir. Bu göstərici, ölkədəki fərdlərin rifah səviyyəsini, iqtisadi sabitliyini, sağlamlığını və təhsil imkanlarını müəyyən edir. Bura “Alıcılıq Qabiliyyəti”, “Təhlükəsizlik”, “Səhiyyə”, “İqlim”,”Yaşayış Qiyməti”, “Əmlak qiymətinin gəlirə nisbəti”,  “Çirklənmə İndeksi”, “Yol hərəkəti” sub-indeksləri daxildir.

Qiymətləndirmədə ölkənin ÜDM-i, gəlir səviyyəsi, işsizlik, inflyasiya, yoxsulluq dərəcəsi, mənzil şəraiti, infrastruktur və milli iqtisadi artım kimi faktorlar da nəzərə alınır. Ümumilikdə, HKİ 36 göstərici əsasında 7 sub-indeksdə qruplaşdırılır.

Keçək infoqrafikanın şərhinə.

Əvvəla, dünyada həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici yoxdur. “Numbeo” bazasının HKİ hesabatı isə dünya dövlətlərində, o cümlədən Azərbaycanda həyat keyfiyyətini müəyyən edən yeganə ölçü meyarı və yaxud qiymətləndirmə metodologiyası deyil. İlk növbədə ona görə ki, bu qurumun geniş tədqiqat aparacaq mütəxəssislər komandası və sorğuları dərindən müqayisə edə biləcək imkanları yoxdur. Mərkəz müxtəlif QHT-lərdən əldə etdiyi virtual məlumatlar əsasında hansısa indeks müəyyən edir ki, bu da konkret iqtisadi və sosial faktlar, əsaslı rəqəmlərə söykənmir. Bu baxımdan dünya dövlətlərinin real həyat indekslərini dolğun və səhih şəkildə təqdim edilmir.

Bunun texniki izahını konkret misal üzərində göstərək. Cari ilin əvvəllərində “Numbeo” dünya ölkələrinin 2025-ci il üzrə təhlükəsizlik indeksi (“Safety Index by Country 2025”) hesabatını dərc etmişdir. Həmin hesabat “Ölkələr üzrə Cinayət İndeksi 2025” (“Crime Index by Country 2025”) qiymətləndirməsinə əsaslanırdı. Yəni dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi cinayət indeksi əsasında tərtib edilmişdi.

Bu baxımdan ölkələrin təhlükəsizlik üzrə reytinqi birbaşa kriminoloji vəziyyətin təhlilinə əsaslanmalı və həmin indekslər ölkələrdə ümumi cinayət nisbətinə əsasən müəyyən edilməli idi.

Lakin reytinqdə şəhərlərin adlarının sıralanmasına diqqət yetirən əksər sosial media istifadəçiləri təəccüblərini gizlətməmişdilər. Məsələn, bir istifadəçi yazırdı ki, narko-ticarətin mərkəzi sayılan Kolumbiyanın Medelin şəhərində cinayətkarlıq səviyyəsinin London, Paris və Mexiko şəhərlərindən aşağı olması nəinki təəccüblü, hətta gülməlidir.  

Saytın əməkdaşlarının reytinq indeksinin formalaşması ilə bağlı açıqlamasında qeyd olunur ki, “ən təhlükəsiz ölkə” və ya “ən kriminogen şəhər” bölmələrində olan göstəricilər saytın izləyicilərinin verdiyi məlumatlar və səslər əsasında formalaşır. “Sorğunun sualları bir çox elmi və dövlət soruğlarına oxşar tərtib olunur” deyilən açıqlamada əlavə edilib ki, rəylər (-2)-(+2) diapozonunda qiymətləndirmə ilə tərtib edilir. (Müvafiq olaraq ən neqativ rəy "-2", ən yüksək rəy "+2" ilə qiymətləndirilir ).

Sorğuda “Axşam vaxtı şəhərdə gəzməyi təhlükəsiz hesab edirsiniz?” və ya “Avtomobilinizin oğurlanacağından ehtiyat edirsiniz?” sayaq primitiv və peşəkar sorğu metodologiyasına uyğun olmayan suallar verilir. 

Bundan başqa, sorğuda çox az sayda respondentin iştirak etdiyi məlum olur və bu böyük şəhərlər haqda fikir formalaşdırmaq, reytinq cədvəli tərtib etmək üçün yetərli deyil. Misal üçün, London kimi meqapolisə qiyməti son 5 ildə cəmi 1322 nəfərin rəyi əsasında çıxardıblar. Cənubi Afrika Respublikasının iri şəhərlərindən biri  Yohanesburq üçün 833, Kolumbiyanın əyalət şəhəri olan Medelin üçün 232 nəfər səs verib. Yohanesburq reytinq cədvəlində ən aşağı qiymət alan şəhərlərdəndir. Mütəxəssislər bildirirlər ki, bu şəhərdə faktiki cinayətkarlıq göstəriciləri digər əyalət və şəhərətrafı rayonlardan çox aşağıdır.   

Sosial media istifadəçiləri güman edirdilər ki, bu saytın marketinq siyasətidir (yəqin ki, Altay Göyüşov və komandası bu siyasətin “qurbanı” olublar-red.). Bununla həm kütləvi oxucu cəlb edir, həm də reklam bazarı formalaşdırırlar.

İkincisi, “Numbeo” bazasının məlumatlarının mənbəyi istinad edilən dövlətlərin rəsmi statistikasına, dövlət qurumlarının rəqəm və sənədlərinə əsaslanmadığından ümumi ehtimallar əsasında indeks müəyyən edilir ki, bu da obyektivliyi tamamilə şübhə altına salır. Bunun nəticəsidir ki, həyat yaşayışı səviyyəsi və sosial normalar, habelə alıcılıq qabiliyyəti imkanları üzrə Azərbaycandan xeyli zəif sayılan ölkələr- Ekvador, Kosta-Rika, Gürcüstan, Panama, Şimali Makedoniya, Ermənistan, Tunis, Ukrayna və digər dövlətlər daha yuxarı şkalada yerləşdirilib. Həmin ölkələrin hər biri ÜDM, orta aylıq əməkhaqqı, orta aylıq və minimum pensiya, adambaşına düşən milli gəlir, xarici borc, adambaşına düşən sosial və səhiyyə xərcləri, müavinət və təqaüd, adambaşına düşən təhsil xərcləri və digər normativlərə görə Azərbaycandan geridədir. Bunun üçün Dünya Bankının (DB) baza resurslarına daxil olaraq istənilən ölkəni seçib, real rəqəm və göstəricilər əsasında dəqiqləşdirmək olar. Məsələn, həmin resurs bankında Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri tam detallı əks olunub.

Bu bazada Tunis və ya Ermənistanın göstəricilərini müqayisə etməklə tam real həyat indeksi fərqini görmək olar.

Digər mənbədən də dünya dövlətlərinin təhsil, səhiyyə, alıcılıq qabiliyyəti, adam başına düşən milli gəlir və digər sosial indikatorların yekunu əsasında müəyyən edilən qlobal reytinqinə baxmaq, ən kasıb və orta kasıb ölkələrin sıralamasına diqqət etmək mümkündür.

Həmin reytinq şkalası hər şeyi açıq-aşkar əks etdirir. Amma qeyd edək ki, “Numbeo” hesabatında Azərbaycandan yaxşı həyat keyfiyyətinə malik dövlətlər kimi qeyd olunan bəzi ölkələr bu reytinq cədvəlində “kasıb və yoxsul”, hətta “mütləq yoxsulluqdan əziyyət çəkən” ölkə  kimi göstərilir.

Numbeo”nun mövcud hesabatında digər ziddiyətli məqamlara da baxaq.

Təşkilatın “Alıcılıq qabiliyəti indeksi” (Purchasing power index”) bölməsində dünyanın ən kasıb ölkələrindən biri, ÜDM həcminə görə 184-cü yerdə dayanan Beliz, yaxud ən zəif sosial indikatorlara malik Namibia, Botsvana, Fici adaları, İraq, Qayana, Liviya, Fələstin, Trinidad və Tobaqo və digər ölkələrin Azərbaycandan daha yaxşı alıcılıq paritetinə malik dövlətlər kimi səciyyələndirilməsi, bu hesabatın, dürüstlüyünə və ədalətliliyinə kölgə salır.   

Habelə “Numbeo”nun “Ölkə üzrə Yaşayış Dəyəri İndeksi” ( “Cost of Living”) sub-indeksində dövlətlərin yeri və təsnifatı başdan-ayağa saxtakarlıq üzərində qurulub. Belə ki, həmin sub-indeks üzrə ilk 50-lik ölkələri qrupunda beynəlxalq maliyyə təşkilatlarının ianəsi və dotasiyası ilə yaşayan Trinidad və Tobaqo, Puerto Rico, Papua-Qvineya, Man adası kimi ada və yarımada ölkələri yer alır. Ən acınacaqlısı isə Fələstinin 61-ci yerdə, Macarıstan 63, Səudiyyə Ərəbistanı 67, Küveyt 71, Bolqarıstan 75, Türkiyənin isə 79-cu yerdə qərarlaşmasıdır.  
“Numbeo”nun digər bir saxtakarlığı “Dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi” (“Safest Countries in the World, 2025”) hesabatında müxtəlif ölkələrdə həyatın təhlükəsizliyi və buna təsir edən amillər dəyərləndirilir. Burada da ölkə təsnifatları kifayət qədər qarışdırılıb. Məsələn, Ruanda, Bruney, İsrail və Türkiyədən daha təhlükəsiz və sabit ölkə kimi səciyyələndirilir. Yaxud Fələstin Albaniya, Hindistan, Moldova, Qazaxıstan, Kanada, ABŞ, Böyük Britaniya, Yeni Zellandiya və digər dövlətlərdən sabitlik və təhlükəsizlik baxımından daha əlverişli ölkə hesab edilir. Reytinqdə Ermənistanın bir çox sabit və təhlükəsiz hesab edilən ölkələri və xüsusən də Yaponiyanı qabaqlaması isə sadəcə gülməlidir.

Bəllidir ki, dövlətlərin sosial-iqtisadi rifah vəziyyətini, əhalinin həyat keyfiyyəti standartlarını, yaşayış imkanlarını və digər sosial xarakterli tədqiqatları aparan çoxsaylı ölçmə vasitələri və institutları mövcuddur. Bu baxımdan “Numbeo” bazası həmin tədqiqat institutları ilə müqayisədə ölçmə metodologiyalarına görə xeyli geridə dayanır və təqdim etdiyi indeks də mühüm aparıcı təşkilatlarla nisbətdə qeyri-ciddi təsir bağışlayır.
Misal üçün, ABŞ-nin “Social Progress İmperative” təşkilatının dərc etdiyi “Qlobal Sosial Tərəqqi İndeksi” hərtərəfli yanaşması və cəmiyyətin rifahının ciddi qiymətləndirilməsi ilə fərqlənir. Sosial fəaliyyətin yalnız qeyri-iqtisadi aspektlərinə diqqət yetirməklə, indeks 170 ölkə üçün ehtiyac sahələrini və təkmilləşdirmə imkanlarını aşkar edən işlək məlumat anlayışlarını əks etdirir. Bu hesabat toplusunda “Numbeo” bazasında həyat keyfiyyəti normativləri üzrə Azərbaycandan daha yaxşı ölkələr kimi təsnifatlaşdırılan Asiya, Afrika, Latın Amerikası, Yaxın və Orta Şərq, digər region ölkələrinin təhsil, səhiyyə, sosial təminat, maddi təchizatlar və digər normativlər üzrə ən aşağı yerlərdə qərarlaşdığı məlum olur. Yəni “Social Progress İmperative” hesabatından da aydın olur ki, “Numbeo” qeyri-dürüst və obyektivlikdən uzaq həyat keyfiyyəti indeksi müəyyənləşdirməklə dünya dövlətlərinin beynəlxalq rifah göstəricilərini təhrif etməklə məşğuldur. 

Həyat şəraitini beynəlxalq miqyasda tədqiq və müqayisə etmək məqsədilə 1990-cı ildən başlayaraq BMT də yeni göstəricidən istifadə edilir. Bu “insan potensialının inkişaf indeksi” və ya qısa desək, “İnsan inkişafı indeksi” göstəricisidir. “İnsan inkişafı indeksi”ni müəyyən edən göstəricilər sistemində üç əsas göstərici var:

-adambaşına düşən ümumi daxili məhsul,

- gözlənilən ömür uzunluğu,

- təhsilin səviyyəsi kimi təsnifləşdirilir.
Azərbaycanda həyat keyfiyyəti göstəricilərinin yaxşılaşdırılması yönündə atılan addımlar son 5 ildə mövqeyimizin yaxşılaşması ilə müşayiət edilməkdədir.
mənbə1, mənbə2

BMT-nin ekspertlərinin qənaətinə görə iqtisadi artım: iqtisadiyyat həyat standartlarını və sosial bərabərliyi yaxşılaşdıracağı gözlənilən diversifikasiya və innovasiyalar əsasında davamlı inkişaf yolundadır.
Daha yaxşı sağlamlıq və rifahdan istifadə edən insanların sayında gözlənilən artım var, daha çox universal sağlamlıq təminatı proqnozlaşdırılır. Habelə təhlükəsizlik indikatoru qənaətbəxşdir. Bakıda ağır cinayətlərin statistik göstəricisi çox aşağıdır. Adətən “cibgirlik” kimi xırda cinayətlərə də rast gəlinir. Azərbaycanın əsas meqapolisi və paytaxtı olan Bakı 2025-ci il “Oksford Qlobal Şəhərlər İndeksində” 58 pillə yüksələrək 346-cı yerdə qərarlaşıb və bu, onun iqtisadiyyatında, insan kapitalında, həyat keyfiyyətində və idarəçilikdə müsbət irəliləyişi göstərir. mənbə
Azərbaycanın iqtisadi imkanlarına baxış da pozitivdir. BMT hesab edir ki, Azərbaycan hökumətinin diversifikasiya və investisiyaya diqqət yetirməsi səbəbindən iqtisadi perspektiv müsbətdir. istinad
Dünya ölkələrində həyat keyfiyyəti standartlarını qiymətləndirən institutlardan biri də “Dünya Ölkələrinin IQ Reytinqi” (sosial inkişaf və intellektual zəka) indeksidir. Bu indeks ölkələrin təhsil sistemi, sosial-iqtisadi inkişaf səviyyəsi və mədəniyyətləri ilə sıx əlaqəli imkanların və qabiliyyətinin keyfiyyət göstəricisi hesab edilir. IQ göstəricilərinə təsir edən əsas faktorlara keyfiyyətli və əlçatan təhsil, sosial-iqtisadi şərait, mədəniyyət və ənənələr, genetik amillər daxildir. Yəni IQ indeksi ilə HKİ indeksi tədqiqat parametrlərinə görə prinsip etibarilə oxşardır.
2025-ci ilin hesabatına əsasən, ən yüksək orta IQ göstəricilərinə malik ölkələr Çin (107,19 bal), Cənubi Koreya (106,43 bal), Yaponiya (106,4 bal) və digərləridir. Azərbaycan 2025-ci il hesabatında 98,71 IQ göstəricisi ilə 48-ci yerdə qərarlaşıb. Bu, əvvəlki ilin indeksi ilə müqayisədə +2.05 bənd artım deməkdir.

Dünya dövlətlərinin sosial-iqtisadi inkişaf meyarlarını xarakterizə edən mühüm tədqiqat metodologiyalarından biri də dövlətlərin iqtisadi səmərəlilik və sosial bərabərlik üzrə metodoloji hesablamasıdır.
Dünya Bankının (DB) iqtisadi səmərəlilik və sosial bərabərlik üzrə metodoloji baxışına əsasən, Azərbaycan regionda ən sabit mövqeyə malikdir. Dünyada ən mühüm iqtisadi tədqiqat hesabatlarından biri də ölkələrin sabit və dayanıqlı inkişafı, gəlir əldəetmə imkanları, habelə sərmayə və biznes cəlbediciliyidir.

BMT-nin “Dünya İqtisadi Vəziyyəti və Perspektivlər 2025” hesabatında Azərbaycan sabit inkişaf dinamikasına görə və əksər region ölkələri ilə müqayisədə dayanıqlı artım nümayiş etdirən dövlətlər qrupunda yer alıb. Təşkilatın ekspertləri Azərbaycanda ÜDM-nin artımı fonunda inflyasiyanın sabit qalacağını və sosial indikatorları dəstəkləyəcəyini qeyd edirlər. worldtradescanner

Dünya Bankının hazırladığı “Dünyanın İnkişafı haqqında Hesabat”da (World Development Report - WDR) Azərbaycan orta gəlirli dövlət şkalasında yer almaqla investisiya və innovasiya, qlobal texnologiyalar və yüksək sənaye quruculuğunu təmin edən ölkə kimi təsnifləşdirilir. openknowledge.worldbank
Digər mühüm amil innovasiya və investisiyaların cəlbi imkanları fonunda iqtisadiyyatın gəlirvermə potensialının ölçülməsidir. Beynəlxalq Valyuta Fondunun (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda görüb. Azərbaycan dünyanın ən böyük 50 birbaşa xarici investisiya istiqaməti və xarici investisiyaların həcminə görə yeddinci yeri tutur. ccfaexpo

Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbedicliyinin yüksəlməsi “Standart & Poor’s” və “Moods”, “Fitch Ratings” reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb.
“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi 2025-ci ildə Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artıraraq “BBB-” səviyyəsinə, yəni "investisiya dərəcəli reytinq"ə yüksəldilməsi barədə qərar qəbul edib. fitchratings
“Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozunu “müsbət” saxlayıb.
“Standart & Poor’s” agentliyi də Azərbaycanın uzunmüddətli kredit reytinqini sabit proqnozla “BB+“də təsdiqləyib. spglobal /ratings

Yekunda “Numbeo”-nun Azərbaycanla və digər dövlətlərlə bağlı hazırladığı saxta reytinq siyahıları haqda bəzi məlumatları da çatdıraq.

Arayış. “Numbeo”- Serbiyanın “istehlakçı qiymətləri”, “daşınmaz əmlak bazarı” və “həyat keyfiyyəti” haqda məlumat bazalarını toplayan kraudsorsinq şirkətidir. 2009-cu ildə “Google”-un keçmiş əməkdaşı Mladen Adamoviç tərəfindən yaradılıb.

2012-ci ildən Adamoviçin rəhbərlik etdiyi “NUMBEO DOO Beograd-Palilula” MMC-nin tərkibinə keçib. Adamoviç saytın gəlirlərinin reklamdan və APİ-yə abunələrdən formalaşdırıldığını bildirib.  

Kroudsorsinq internetdən "işi kütləyə həvalə etmək" mənasını verən onlayn biznes növüdür.

Şirkətin sorğuları barədə açıq mənbələrdə bildirilir ki, sorğular istənilən istifadəçi tərəfindən bir neçə dəfə cavablandırıla və dəyişdirilə bilər. Bu zaman saytın əməkdaşları heç bir faktı yoxlamır, redaktə etmir və dəyişmirlər.  

Bundan başqa şirkətin əməkdaşları faktları şirkətlərin saytlarından ( reklam vericiləri də ola bilər, heç bir qadağa yoxdur-red.) və rəsmi mənbələrdən manual formada 6 aydan bir toplayır, yekunda ilk göstəricilərlə, son göstəricilərin orta qiymətinı çıxardaraq elan edirlər.  

Bir daha qeyd edək ki, saytın “Cinayətkarlıq indeksi”nin formalaşdırılması bölümündə təqdim edilən reytinq cədvəli mütəxəssislər tərəfindən kəskin tənqid olunub. “Frans Press”-in “faktyoxla” bölməsində 2021-ci ildə dərc olunan “Avropanın ən kriminal şəhərləri” reytinqindən ehtiyatlı olun” adlı məqalə də bu yöndədir. “Frans Press”-in bu məqaləsi “Numbeo”nun subyektiv anket sorğularını ifşa edən yeganə mənbə deyil.

Bir faktı xatırladaq. 2017-ci ildə dünyada ən aşağı kriminal göstəricilərə malik olan İsveçin Lund şəhəri “Numbeo”nun reytinqində ən kriminogen şəhər kimi göstərilib. "Günahkar" isə isveçli Linus Trulssondur.

Bu necə baş verib? Linus Trulsson saytın saxta reytinq cədvəlini ifşa etmək üçün hər gün mütəmadi olaraq öz doğma şəhərinə neqativ qiymət verib və beləliklə, kriminogen durumu olduqca aşağı olan Lund şəhəri Karakas (Venesuela), San Pedro-Sula (Honduras) şəhərlərini də geridə qoyaraq “Numbeo”nun dünyanın "ən təhlükəli şəhərləri" sırasında birinci yerə çıxmasına “yardımçı” olub. Trulsson, bu haqda fikirlərini mediaya belə açıqlayıb: “Numbeo”nun reytinq cədvəli adi istifadəçilərin formalaşdırdığı rəylərin icmalıdır, bu statistika deyil. Dünyanın istənilən nöqtəsində olan istənilən şəxs bu reytinqə gün ərzində anonim olaraq bir neçə dəfə təsir edə bilər. Necə ki mən, Lund şəhərini bir günün içində ən krimiinogen şəhərə “çevirə” bildim”.

Oxşar macəra İngiltərənin Bredford şəhərinin də "başına gətirilib". Qeyd edilən şirkətin 2022-ci ildə açıqladığı “ən təhlükəli kriminogen şəhər” reytinqində İngiltərənin  Bredford şəhərinin ilk yeri tutması ciddi müzakirələrə səbəb oldu, sosial media “virusuna” çevrilib.   

 

İngiltərənin digər şəhəri Koventrinin “ən təhlükəli şəhərlər” siyahısında 2-ci yerə çıxması həm medianı, həm də polisi hövsələdən çıxardı. Polis davamlı açıqlamaları, media isə müzakirələri, müsahibələri, araşdırmaları ilə gündəmi zəbt etdilər. 

Hərçənd İngiltərənin bu iki şəhərinin reytinqdə "kriminogen durumu ağır olan şəhərlər" sırasında ilk yerləri tutmasında kimlərin fasiləsiz çalışdığını dəqiqləşdirmək mümkün olmasa da, burada da isveçlinin metodologiyasının işlədiyinə şübhə yoxdur.  

2022-ci ildə sosioloq David Vaynberqer “Numbeo”nun bu metodologiyasını sosiologiya elmi baxımından yararsız və mənasız olduğunu bildirmişdir.

“Frans Press”-in fakt-yoxlayıcılarının "Numbeo"nun cinayət statistikasının etibarlılığı ilə bağlı suallarına cavab verən mütəxəssislər saytın informasiyalarının yalan və qərəzli olmasını düşünürlər

Beləliklə, dünyada həyat keyfiyyəti indeksləri üzrə çoxsaylı hesabatların və metodoloji ölçmə üsullarının mütləq əksəriyyətində Azərbaycanın mövqeyi xeyli yaxşı dəyərləndirilir. Həmin indekslərin ümumi yekunları bu nəticələri onu deməyə əsas verir ki, Azərbaycan “Numbeo” bazasında daha yaxşı ölkələr kimi qələmə verilənlərin əksəriyyətindən həyat keyfiyyəti normalarına görə qat-qat üstündür.
Bu məlumatlar fonunda Altay Göyüşovun “Numbeo”-nun saxta metodologiyasına söykənərək Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdi Azərbaycanı tənqid etmək üçün hətta saxta reytinq cədvəllərindən sitat gətirmək qədər qərəzli olmaq və fürsətçilik hesab edilə bilər.

 

 

 
 
 

Oxşar məqalələr: