 
                                    
                                                                    
                                “Azadlıq radiosu”nun “Facebook” səhifəsində Azərbaycanda inflyasiyanın yüksəlməsi və risk gözləntilərinin artması barədə açıqlama yayıb. Bildirilir ki, ölkəmizdə istehlak qiymətləri indeksi son aylarda artmağa doğru gedir və inflyasiya ikirəqəmli həddə çatmaqdadır, hətta çatıb. Adıçəkilən media qurumu Dövlət Statistika Komitəsinin sentyabrın 10-da ictimaiyyətə açıqladığı “İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında” məlumat-xülasəsinə istinad edərək inflyasiya ilə bağlı ehtimallar irəli sürüb.
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
Mövzudan məlumatsız olan bu radionun əməkdaşlarının diqqətinə çatdırırıq ki, istehlak qiymətləri indeksi üzrə bir aylıq göstərici əsasında illik mühakimə yürüdülməsi naşılıq əlamətidir.  
Məlumdur ki, beynəlxalq praktikada, o cümlədən Azərbaycanda inflyasiyanın illik müqayisəsi bir ay üzrə deyil, cari ilin ötən ayları ilə əvəlki ilin eyni dövrü (ayları)  arasında aparılır. Məhz bu müqayisə əsasında qiymət indeksinin hansı faiz-bənd üzrə artımı müəyyənləşir. DSK-nin inflyasiya ilə bağlı məlumatında da qeyd edilir ki, 2025-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz təşkil edib.

Bu rəqəmlər isə Mərkəzi Bankın (MB) açıqladığı inflyasiya ehtimal göstəriciləri ilə tam üst-üstə düşür. MB-nin sentyabrın 10-da açıqladığı uçot dərəcəsi və inflyasiya ilə bağlı məlumatda bildirilir ki, 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5 faiz təşkil edib. 
Göründüyü kimi “Azadlıq radiosu” Mərkəzi Bank adından guya inflyasiyanın daha yüksək olması, Statistika Komitəsinin isə gerçək inflyasiya rəqəmini gizlətməsi təsəvvürü yaratmaqla manipulyasiya edir, real qiymət indeksi dəhlizi haqqında olmayan şübhələr formalaşdırmağa çalışır.
İkinci məqam, “Azadlıq radiosu”nun bir çox müstəqil iqtisadçılar adından Azərbaycanda inflyasiya rəqəminin daha çox olması, hətta real inflyasiyanın ikirəqəmli həddə yüksəldiyini iddia etməsidir. Bu məsələdə də adıçəkilən media orqanı açıq təxribata yol verir və ictimaiyyəti çaşdırmağa çalışır. İstinad edilən bir çox “müstəqil iqtisadçılar”ın adları isə çəkilmədiyindən və onların kimliyi bəlli olmadığından ikirəqəmli inflyasiya barədə iddia da xəyali məna daşıyır, saxta iddia olduğuna şübhə qalmır.

Əgər həqiqətən də ikirəqəmli inflyasiyanın olması barədə əsaslı sübut və konkret iqtisadi-monetar arqumentlərlə çıxış edən, iddialarını təsdiqləyə biləcək iqtisadçının adının anonim saxlanılması media peşəkarlığı ilə bir araya sığmır. Burada ehtiyat ediləcək hansısa nüans və hal yoxdur ki, belə bir fikir söyləyən müstəqil iqtisadçının adının hallanmasına qarşı çıxsın. Belə anlaşılır ki, bu cür iddia irəli sürən nə iqtisadçı var, nə də ki “ikirəqəmli inflyasiya” barədə konkret əsaslı arqumentlər. Bu isə “Azadlıq radiosu”nun bir mövzu barədə böyük ölçüdə saxtakarlıq etdiyinin və öz peşə prinsiplərinə məsuliyyətsiz yanaşmanın göstəricisidir. 
MB-nin məlumat xülasəsində qeyd edilir ki, “inflyasiya ilə bağlı beynəlxalq mühitdə  qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0,7 fazi, o cümlədən ərzaq qiymətləri indeksi 3,3 faiz azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb”.

Mərkəzi Bankın bu açıqlamasını oxuyan hər kəsdə aydın təsəvvür yaranır ki, inflyasiya riski qlobal mühit üçün xarakterikdir və gözlənilə biləcək risklər də bütün dünya ölkələrinə təsir edə bilər. Bütün bunlara rəğmən, Mərkəzi Bank qlobal riskləri təhlil edən BVF-nin gözləntilərinin ilin sonunda qiymət indeksinin artmasına yox, əksinə azalmasına fokuslandığını bəyan edib. Bəyanatda da vurğulandığı kimi, qiymət dalğasının azalması və ya sonrakı dövrdə dəyişməz qalacağı proqnozlaşdırılır. 
Nəhayət, “Azadlıq” radiosunun yenə də naməlum “müstəqil iqtisadçılar” adından ölkədə bahalaşmaya daha çox daxili amillərin təsir göstərməsi barədə ittihamının da heç bir əsasının olmadığını, belə bir fərziyyənin də təxəyyül məhsulu olduğunu söyləyə bilərik.
Ələlxüsus da hökumətin bir sıra sahələrdə kommunal xərcləri artırması və guya bu səbəbdən daxili inflyasiya təzyiqlərinin yaranması barədə fikirlər də savadsızlığın göstəricisidir. 
Birincisi, Azərbaycanda inflyasiyanı yüksəldən əsas amil xarici, yəni idxal faktorudur, ümumi inflyasiya porfelində 30 faizə bərabər olan daxili faktorun ümumi qiymət indeksinə təsiri 1-1,5 faizə bərabərdir. İkincisi isə, qiymət indeksinin müqayisə edildiyi 2025-ci ilin yanvar-avqust aylarında kommunal xərclər artmayıb. Bir neçə ay əvvəl istilik tarifləri bahalaşıb ki, bu da payız-qış mövsümündə mərkəzi istilik şəbəkəsinə qoşulmuş yaşayış və qeyri-yaşayış binalarına şamil olunur və tariflər isə noyabrın 15-dən sonra qüvvəyə minəcək. Ona görə də, kommunal xərc amilinin inflyasiyaya təsiri 2 ay sonrakı dövrdə mümkün  ola bilər ki, hərçənd belə bir ehtimal yoxdur. Belə olan halda bu cür yersiz və məntiqsiz arqument irəli sürməyin özü də gülüncdür.  
“Azadlıq radiosu”nun “ikirəqəmli inflyasiya” saxta iddiasına gəlincə isə bildiririk ki, Azərbaycan hökumətinin yaxın illərə dair strateji proqnozlaşdırma sənədlərində inflyasiyanın hədəf çərçivəsində, yəni 4-6 faiz-bənd intervalında qalacağı fərz edilir. İqtisadiyyat Nazirliyi tərəfindən irəli sürülən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2025-ci ildə 4,6 faiz, 2026-2028-ci illərdə isə illik orta hesabla 3,9 faiz səviyyəsində proqnozlaşdırılır.

Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2025-2028-ci illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi” sənədində (səh 14) beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə 2025-ci il üzrə 5,1 faiz həddində proqnozlaşdırılıb. Növbəti illərdə qiymət indeksi diapazonunun daha da aşağı enəcəyi gözlənilir.
Azərbaycan hökumətinin istehlak qiymətləri indeksi üzrə proqnoz-ehtimalları ilə yanaşı, beynəlxalq maliyyə institutlarının da ölkəmizlə bağlı ssenariləri, proqnozları da optimistdir. Dünya Bankının yenilənmiş proqnozlarında inflyasiyanın ölkəmizdə 2025-ci ildə 4-6 faiz diapazonunda dövr edəcəyi qeyd olunur. thedocs.worldbank
Digər maliyyə institutlarının da təhlillərində Azərbaycanda inflyasiya risklərinin olmadığına dair əsaslı proqnozlar yer alır. BVF-nin qiymətləndirməsinə görə isə Azərbaycanda cari ildə qiymət indeksi 5,7 faiz təşkil edəcək. imf.org
Avropanın ən böyük maliyyə analitik mərkəzlərindən olan “ING Group”-un bir müddət əvvəl region ölkələri ilə bağlı yenilənmiş inflyasiya proqnozunda Azərbaycan üzrə (2025-ci il üçün) orta illik inflyasiyanı 5,3 faiz olacağı əks olunub.
Habelə digər beynəlxalq iqtisadi mərkəzlərin də proqnozlarında Azərbaycanda qiymət indeksinin avqust ayında 4,9 faiz olmasını görmək mümkündür. tradingeconomics
Beynəlxalq tədqiqat institutlarının yekdil rəylərindən də göründüyü kimi Azərbaycanda “Azadlıq radiosu”nun və söykəndiyi “müstəqil iqtisadçılar”ın iddia etdiyi “ikirəqəmli inflyasiya”dan söhbət belə getmir, iddia saxtadır.
Beləliklə, “Azadlıq radiosu"nun ikirəqəmli inflyasiyanın qeydə alınması və Azərbaycan ictimaiyyətində inflyasiya qorxusu yaratması barədə cəhdləri təxribat və spekulyasiya kimi dəyərləndirilə bilər.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        