Cari ilin fevral ayında İrana səfər edən Azərbaycan Respublikası vətəndaşı Fərid Səfərlinin yoxa çıxması barədə xəbərlər yayıldı. Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb. (istinad)

Bu hadisədən yalnız 3 ay sonra Fərid Səfərliyə qarşı “casusluq ittihamı” irəli sürüldüyü bəlli olub. Bu barədə APA-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: "Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".

Bu hal İranın “vilayəti-fəqih” rejiminin inqilabın ilk günlərindən start verdiyi və beynəlxalq münasibətlərdə “girovgötürmə siyasəti” adlandırılan, heç bir bəşəri normalara sığmayan siyasətinin bariz nümunəsidir.

Faktyoxla Lab. İran hökumətinin 1979-cu ildən yürütdüyü girovgötürmə və ya adam oğurluğu siyasətinin detalları və qurban olmuş şəxslərdən bir neçəsi barədə məlumatları əhatə edən araşdırmanı təqdim edir.  

İİR-nin “girovgötürmə siyasəti”nin mahiyyəti

1979-cu il inqilabı nəticəsində İslam Respublikası rejimi qurulmaqla yanaşı, İran beynəlxalq münasibətlərdə həm də yeni “tendensiya” yaratmaqla- diplomatlar və sıravi xarici vətəndaşları “girovgötürmə siyasəti” ilə gündəmə gəlmişdir. 44 ildir davam edən bu siyasət nəticəsində turist kimi və ya müəyyən işgüzar məsələlərlə bağlı qanuni qaydada İrana səfər edən şəxslərin bəziləri İranın təhlükəsizlik orqanları tərəfindən “casusluq” ittihamı ilə həbs edilmiş, uzun müddət həbsxanalarda saxlanmışlar.

İranın ilk “girovgötürmə əməliyyatı” inqilabdan qısa müddət sonra Amerika Birləşmiş Ştatlarının şah hakimiyyəti dövründə Tehranda akkreditə edilmiş səfirliyinə hücumla başlamışdır. 444 gün davam edən girovluğa sonda tərəflərin əldə etdiyi razılaşma əsasında son verilmişdir. Belə ki, ABŞ tərəfi İranın dondurulmuş aktivlərindən müəyyən qədər məbləği İİR-yə qaytardıqdan sonra girovlar azad edilərək ölkələrinə göndərilmişlər. Bu akt həm də İİR-nin diplomatik nümayəndəliklərə qarşı terror hücumlarının başlanğıcı hesab edilir.

2000-ci illərin 2-ci yarısından İran əsas etibarilə xarici dövlətlərdən sığınacaq almış müxaliflərə qarşı terror aktları törədib, onları fiziki olaraq məhv etmək üçün həmin dövlətlərin ərazisinə öz əməliyyatçılarını göndərməyə başlamışdır. Lakin Qərb ölkələri İranın bu addımlarından öncədən müxtəlif yollarla məlumatlı olmuş və bu səbəbdən onların bir çoxu həmin ölkələr ərazisində ifşa edilərək həbs edilmişlər. Həmin terror emissarlarının azad edilməsi üçün İran “girovgötürmə siyasəti”ndə yeni mərhələyə start vermişdir. Bu dəfə qurbanlar ikili vətəndaşlığı olan iranlılar və İrana turist kimi səfər edən sivil əcnəbilərin olduğu müşahidə edilmişdir. Həbs edilən ikili vətəndaşlığı olan iranlılar arasında əsas etibarilə ABŞ, Kanada və Avropa ölkələri vətəndaşları üstünlük təşkil edib. Həmin şəxslər “casusluq” kimi ağır ittihamlarla məhkəmələrə çıxarılmış, İran tərəfi isə onların “törətdikləri əməllərlə” bağlı nə daxili auditoriyaya, nə də beynəlxalq ictimaiyyətə heç bir tutarlı sübut təqdim etməmişdir. Sonradan bu qurbanlar xarici dövlətlərdə həbs edilmiş İranın kəşfiyyat orqanlarının terror emissarları ilə mübadilə edilmişlər. mənbə

İlk qurbanlardan biri 2006-cı ildə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən, ikili vətəndaşlığı olan məşhur iranlı filosof Ramin Cahanbeglu olmuşdur. mənbə

Media yazır ki, ticarətçilər və jurnalistlərin həbsindən sonra növbə dünya şöhrətli filosof Ramin Cahanbegluya çatıb. O, 2006-cı ilin aprel ayında keçirilən beynəlxalq görüşdən qayıdarkən saxlanılıb və hava limanında həbs edilib. O, həmçinin İranın repressiyaları ilə tanınan “Evin həbsxanasında”  girov saxlanılıb. 20 kitabın sahibi, Sorbonna və Harvard təhsili alan Cahanbeglu-nun CİA və Mossad ilə əməkdaşlıq etdiyi üçün həbs edildiyi deyilirdi. 

2009-cu ildə isə İraqın Kürdüstan Muxtar Vilayətində yerləşən “Əhməd Əva” şəlaləsi ərazisində istirahət edən ABŞ vətəndaşları Sara Şourd, Şeyn Bauer və Coş Fattal İranın Sərhəd Qoşunları tərəfindən “sərhədi qanunsuz keçmə” ittihamı ilə girov götürülmüşlər. Sonradan İranın təhlükəsizlik orqanları heç bir konkret və audio-vizual sübut təqdim etmədən onları casusluqda ittiham edərək “Evin həbsxanası”na köçürmüşdülər.

Nəhayət, 2009-cu ildə S.Şourd, 2010-cu ildə isə digər iki amerikalı ABŞ-da həbs edilmiş İranın xüsusi xidmət orqanları əməliyyatçıları Əhməd Bərazənde və Əli Əbdülmaleki ilə mübadilə edilmişdilər.

İkili vətəndaşlığı olan şəxslər və əcnəbilərin həbsinin yeni dalğası İranla “5+1 ölkələri” arasında 2013-cü ildən start götürən nüvə danışıqları ilə paralel olaraq şiddətlənmişdir. Bu həbslərdə əsas məqsəd günahsız şəxsləri “casusluq” kimi ağır ittihamlarla həbs edib, onların azadlığı qarşılığında ABŞ başda olmaqla Qərbdən pul vəsaitləri tələb etmək olmuşdur. Bu mərhələdə əsas qurban İran və ABŞ vətəndaşlığına malik olan Ceyson Rzayiyan olmuşdur. Rəsmi qaydada İranda fəaliyyət göstərən “Washington Post” qəzetinin əməkdaşı C.Rzayiyan 22 iyul 2014-cü il tarixində həyat yoldaşı Yeganə Salehi ilə birlikdə “İran İslam İnqilabı Keşikçiləri Korpusu” (bundan sonra “Sepah”-red.) tərəfindən “casusluq ittihamı” ilə həbs edilmişdilər.

Y.Saheli oktyabrın 6-da azad edilsə də, C.Rzayiyan qurulmuş “məhkəmələr” tərəfindən “casusluq” və İranın teokratik rejiminə qarşı təbliğati fəaliyyət ittihamları ilə həbs cəzasına məhkum edilmiş, lakin həbs cəzasının müddəti açıqlanmamışdır. O, özü kimi ikili vətəndaşlığı olan digər 3 İran əsilli qurbanla birlikdə 16 yanvar 2016-cı ildə, rəsmi Tehranla "5+1 ölkələri" arasında imzalanmış nüvə razılaşmasının qüvvəyə mindiyi gün azad edilərək ABŞ-a geri göndərilmişdir. Əvəzində isə ABŞ İranın dondurulmuş aktivlərindən 1.7 milyard dolları İrana qaytarmışdır. Bundan başqa, ABŞ həbs etdiyi İranın 7 agentini azad etmiş, 14 agentin cinayət təqibinə isə xitam vermişdi. istinad Rzayiyanın həbsi təkcə beynəlxalq aləmdə deyil, İran hakimiyyəti daxilində də birmənalı qarşılanmamışdı. “Sepah” ilə həmin dövr Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi arasında ciddi rəqabət olduğundan yayılan məlumatlar XİN-in bu həbsdən razı qalmadığını nümayiş etdirirdi. Hətta tərəflərin ziddiyyətləri sonrakı illərdə də davam etmiş, nəhayət, “Sepah”ın sifarişi ilə 2019-cu ildə C.Rzayiyanın həbsi ilə bağlı çəkilmiş və heç bir sübuta söykənməyən “Qando” seriyalında M.C.Zərif xarici işlər nazirinin müavini rolunda ABŞ-ın İran hakimiyyəti daxilindəki casusu kimi və mənfi imicdə təqdim edilmişdir.  

Bu addım M.C.Zərifin ölkənin ali rəhbəri Əli Xameneiyə açıq şikayət məktubu ünvanlaması ilə nəticələnmişdir. M.C.Zərif isə 2021-ci ildə yayılmış qalmaqallı gizli səs yazısında qeyd etmişdi ki, “Sepah”ın “Qüds Qüvvələri”nin 2020-ci ildə öldürülmüş komandanı Qasım Seleymani əslində Rusiya xüsusi xidmət orqanlarının “generalı” olmuşdur. Onun sözlərindən belə məlum olur ki, başda Qasım Süleymani olmaqla “Sepah” komandanları rus kuratorlarından aldıqları göstərişlərə uyğun olaraq rəsmi Tehranla "5+1 ölkələri" arasında nüvə razılaşması ilə bağlı aparılan müzakirələri pozmaq üçün, necə deyərlər, “dəridən-qabıqdan çıxırmışlar”. istinad

İran tərəfindən casusluq, “ali rəhbəri təhqiretmə”, “siyasi sistemə qarşı fəaliyyət” və digər bu kimi qondarma ittihamlarla həbs edilən digər ikili vətəndaşlığı olan şəxslərdən və əcnəbilərdən Siyamək Namazi, Livanlı biznesmen Nizar Zakka, Nazənin Zağəri, İranda təhsil alan Çin əsilli amerikalı tələbə Xiyue Vanq və adları sadalamaqla bitməyən onlarla digər şəxsləri misal göstərmək olar. mənbə

Nizar Zakkanın “Sepah” tərəfindən həbsi qeyd etdiyimiz məqamlar içində ən diqqətçəkənidir. Belə ki, 2015-ci ilin sentyabr ayının 15-də həmin dövr İranın vitse-prezidenti olan Şəhindoxt Molaverdinin rəsmi dəvəti ilə Tehranda keçirilən konfransda iştirak etmək üçün İrana səfər edən livanlı iş adamı 18 sentyabrda geri qayıdarkən hava limanında “Sepah” əməkdaşları tərəfindən “ABŞ-yə casusluq ittihamı” ilə həbs edilmişdi.

2018-ci ildə “AP News” agentliyi hadisə ilə əlaqədar Ş.Molaverdidən ekskluziv açıqlama almışdı. Ş.Molaverdi N.Zakkanın həbsini yumşaq formada- yəni administrasiya ilə Məhkəmə Sistemi və təhlükəsizlik orqanları arasında koordinasiyanın olmaması ilə izah etmişdir. Bu açıqlama xüsusi əhəmiyyət kəsb edir. Belə ki, İranda xüsusi xidmət orqanları və Məhkəmə Sistemi birbaşa olaraq bütün qanunlar və konstitusiyanın fövqündə sayılan ali rəhbər vəzifəsini icra edən Əli Xameneiyə tabedir. Bununla da Ş.Molaverdinin açıqlaması bir növ rejim daxilində müxtəlif məsələlərlə bağlı ciddi fikir ayrılıqlarının mövcud olmasına işıq salmaqla yanaşı, sivil administrasiyanın, hətta rəsmi şəkildə ölkəyə dəvət etdiyi əcnəbi qonaqları qorumaq səlahiyyətinin olmadığı mesajını dünyaya vermiş olur. Nəhayət, N.Zakka 2019-cu ildə həmin dövr Livan prezidenti olan Mişel Aunun məsələyə müdaxiləsi ilə həbsdən azad edilmişdi. istinad

Novruz bayramı münasibətilə ailəsi ilə görüşmək üçün İrana gəlmiş Britaniya-İran vətəndaşı Nazənin Zağəri Ratklif isə 3 aprel 2016-cı ildə “Sepah” tərəfindən 2 yaşlı (daha dəqiq 22 aylıq-red.) körpə qızı ilə birlikdə “Xomeyni adına beynəlxalq hava limanı”nda təyyarəyə minərkən həbs edilmişdi. Ona qarşı “İranın mövcud dini siyasi sistemini devirməyi planlaşdırmaq” ittihamı irəli sürülmüşdü. Bu həbs, İranın İngiltərənin maliyyə sanksiyalarına qarşı əks-təzyiq vasitəsi kimi həyəta keçirilən “girovgötürmə əməliyyatları”ndan biridir. (mənbə) Belə ki, şah rejimi dövründə İran İngiltərə ilə “Chieftain” tanklarının tədarükü ilə bağlı müqavilə imzalamış, vəsaitlərin müəyyən qədərini ödəmişdi. İngiltərə sifarişin bir qismini şah hökumətinə təhvil versə də, 1979-cu il inqilabı nəticəsində yeni rejiminin hakimiyyətə gəlməsindən sonra satış müqaviləsini ləğv etmiş, qalan məbləği dondurmuşdu. İİR özünü “Şah rejimi”nin varisi hesab etməsə də, uzun illər dondurulmuş vəsaitləri İngiltərədən almağa bir neçə dəfə cəhd edib. N.Zağəridən təzyiq vasitəsi kimi istifadə edilməsi, nəhayət, “öz bəhrəsini verir” və İngiltərə hökumətinin sözügedən vəsaitdən 530 milyon dolları İrana ödəməsindən sonra N.Zağəri və girov götürülən digər İran-Britaniya vətəndaşı Ənuşe Aşuri ilə birlikdə 16 mart 2022- ci ildə azad edilir. (mənbə)

N.Zağəri və Ə.Aşuri həbsdə olan müddət ərzində İran hökuməti yaydığı rəsmi açıqlamalarda onların azad edilməsi üçün pul vəsaitlərinin ödənməsini şərt olaraq irəli sürürdü. Bununla da rəsmi Tehran faktiki olaraq hər iki şəxsin İranın pul davasının qurbanları olduqlarını etiraf edirdi.

Fərid Səfərlinin həbsinə oxşar adam oğurluğu əməliyyatlarından biri 46 yaşlı ABŞ vətəndaşı Maykl R.Vayta qarşı həyata keçirilib. O da 2018-ci ildə Məşhəd şəhərində yaşayan sevdiyi iranlı xanımı görmək üçün İrana gəlmiş və burada təhlükəsizlik orqanları tərəfindən “ali rəhbəri təhqir etmə” ittihamı ilə həbs edilmiş, işgəncələrə məruz qalmışdı. istinad

Sonradan M.R.Vayt ABŞ tərəfindən həbs edilmiş İran xüsusi xidmət orqanlarının emissarı Sirus Əsgəri ilə mübadilə edilmişdir.

İranın əcnəbi turistləri xaricdə həbsdə olan terror emissarları ilə dəyişdirilməsi faktlarından biri də Əsədullah Əsədi ilə həbsi zamanı yaşanıb. İranın Avstriyanın paytaxtı Vyanada akkreditə edilmiş səfirinin 3-cü katibi olan Ə.Əsədi və İran xüsusi xidmət orqanlarının 3 digər agenti 1 yanvar 2018-ci ildə Almaniyanın Berlin şəhərində həbs edilmişlər. Yayılan məlumatlarda qeyd edilirdi ki, Ə.Əsədi həmin 3 agent ilə birlikdə İran hökumətinə qarşı ən böyük müxalif qruplaşma olan “Xalq Mücahidləri Təşkilatı”nın hər il Parisdə keçirdiyi yürüşdə bomba yerləşdirməklə kütləvi insan tələfatı ilə nəticələnəcək terror aktları törətməyi planlaşdırırmış.

Avropa ölkələrinin xüsusi xidmət orqanları Ə.Əsədi və həmin digər 3 şəxsin terror aktını planlaşdırması və onları izləmələri ilə bağlı sübutlar və audi-vizual materialları da həmin vaxt yaymışdılar.

Bundan sonra “Sepah” yenidən hərəkətə keçmiş və ilk fürsətdə İrana səfər edən Olivier Vandecasteele adlı Belçika vətəndaşını casusluq ittihamı ilə həbs etmişdi. Nəticədə Belçika hökuməti məcbur olaraq 2023-cü ilin may ayının sonlarında bu ölkədə məhkumluq həyatı yaşayan Ə.Əsədini öz vətəndaşı ilə mübadilə etmişdi. (istinad)

Nəticə:

- İran casusluq və digər ittihamlarla yuxarıda adları sadalanan və sadalanmayan girov götürdüyü onlarla şəxsin “əməlləri” barədə audio-vizual görüntülər də daxil olmaqla heç bir sübut təqdim edə bilməmişdir. Bu fakt İranın pul tələb etmək və xarici ölkələrdə həbs edilmiş öz emissarlarını azad etmək üçün həmin şəxslərdən qurban və təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir. 

- Yuxarıda sadalanan hallar İran hökumətinin bütün beynəlxalq prinsipləri heçə sayaraq rəsmi surətdə ölkəyə dəvət etdiyi şəxsləri və ölkədə təhsil almalarına icazə verdiyi əcnəbiləri də asanlıqla öz siyasi ambisiyalarının qurbanına və təzyiq alətinə çevirə bildiyini nümayiş etdirir;

- Azərbaycan Respublikası vətəndaşları girovgötürmə və adam oğurluğu sahəsində “peşəkar” olan, beynəlxalq prinsiplərə əməl etməyən İrana səfər etməkdən çəkinməklə bağlı XİN-in tövsiyələrinə ciddi riayət etməlidirlər. Yuxarıda sadalanmış hallar və sübutlar İranda uzun illər ərzində həbs edilmiş digər Azərbaycan Respublikası vətəndaşlarına qarşı irəli sürülmüş ittihamların əsassız, qərəzli və siyasi sifarişli olduğunu isbat edir;

- İranın xüsusi xidmət orqanları Azərbaycan dilində "qaranquş" mənasını verən “pərəstu” adlandırılan cazibədar qadınların “xidmətlərindən” də tez-tez öz hədəflərinə qarşı istifadə edirlər. Buna görə də istər ölkə daxilində, istərsə də xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının münasibətdə olduqları iranlı qadınlarla bağlı bu halları nəzərə almaları onların şəxsi təhlükəsizliyi üçün önəmli detaldır.