 
                                    
                                                                    
                                “Azadlıq qəzeti”nin “facebook” səhifəsinin redaktoru Qənimət Zahidov sosial media hesabında “Niyə qaçqınlar çıxıb getmirlər öz yurdlarına?!” başlığı ilə paylaşdığı statusda iddia edir ki, işğaldan azad edilən ərazilər məcburi köçkünlərə məxsus deyil. Sitat: “Həmin ərazilərdə həmin şəxslərə mülkiyyət hüququ tanıyan heç bir qanun yoxdur. Yəni, bir Laçınlıya, Zəngilanlıya, Ağdamlıya “niyə öz yurduna çıxıb getmirsən?” deyə bilməzsiz, çünki adamın orda yurdu yoxdur. Bələdiyyə də yoxdur, pay torpağı da yoxdur, ev tikmək üçün yurd yeri də yoxdur, ev tikmək icazəsi də yoxdur, xüsusi portal icazəsi olmadan oraya getmək hüququ da yoxdur”.
Q.Zahidov onu da iddia edir ki, Qarabağda bir ailənin köçürülməsinə 5 milyon 80 manat xərclənib: “2020-2024- cü illər ərzində həmin ərazilərdə 17,6 milyard manat xərclənib və 3464 ailə köçürülüb. Ortalama götürsək, hər bir ailənin köçürülməsi üçün 5 milyon 80 manat xərclənib”.
Ancaq sonra özü-öz fikrini təkzib edərək vurğulayır ki, 5 milyon manat xərcin tərkibinə yol, su, kanalizasiya, işıq, internet infrastrukturunun qurulması, şəhər və kəndsalma layihələri, məktəblər, xəstəxanalar, inzibati binalar, hava limanları, elektrik stansiyaları, minalardan təmizləmə, sığorta və sosial layihələr də daxildir.
Bir ailə üçün inşa edilən evin xərcinin 350-400 min manata bərabər olduğunu qeyd edən Zahidov bildirir ki, 400 min manatın 40 faizi (160 min manat) real xərcdir, 60 faizi (240 min manat) isə korrupsiya payıdır.

Faktyoxla Lab. Q.Zahidovun bu iddialarına aydınlıq gətirib.
İlk növbədə, keçmiş məcburi köçkünlərin mənzil təminatı və əldə etdikləri evlərin mülkiyyət hüququ ilə bağlı məsələyə aydınlıq gətirək. 
Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Qayıdışa Zəngilanın “Ağalı” kəndində məskunlaşmayla start verilib və 4 ildə minlərlə ailə üçün ev və mənzil inşa olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2025-ci il avqustun 1-ə qədər azad edilmiş ərazilərdə inşa edilmiş yaşayış məntəqələrinə 17204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin olunub. Ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53739 nəfərə bərabərdir.

Cari il avqustun 1-dən sonrakı dövrdə, sentyabrın 12-ə olan tarixə qədər isə Xocalının Xanyurdu kəndinə bir mərhələ üzrə 19 ailə (62 nəfər), sonrakı mərhələ üzrə 15 ailə (46 nəfər), Ağdərə rayonunun Kolatağ kəndinə 26 ailə (89) nəfər, Vəngli kəndinə bir mərhələ üzrə 22 ailə (83 nəfər), digər mərhələlər üzrə 58 ailə (210 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə bir mərhələ üzrə 68 ailə (252 nəfər), digər mərhələ üzrə 104 ailə (370 nəfər), Xocalı rayonunun Şuşakənd kəndinə ilk mərhələdə 15 ailə (59 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 10 ailə (39 nəfər), Sos kəndinə isə 10 ailə (45 nəfər) köçürülüb. Sentyabrın 12-də Xocalı rayonunun Badara kəndinə 14 ailə (55 nəfər), Hadrut qəsəbəsinə isə 10 ailə (41 nəfər) köçürülüb. mənbə


Beləliklə, sentyabrın 12-ə qədər olan tarixə qədər azad ərazilərə köçürülmüş və dayanıqlı yaşayan ailələrin sayı 4700-ə, sakinlərin sayı isə 18 min 555 nəfərə çatıb. Hər bir ailəyə verilən mənzil isə daşınmaz əmlak kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin reyestrində onların adlarına rəsmiləşdirilib. Evlərin sahibləri ilə müqavilə bağlanılıb və dövlət adından onlara verilməsi aktlaşdırılıb. Bu isə geri dönən keçmiş məcburi köçkünlərin mülkiyyət və digər hüquqlarının olmaması barədə ittihamın aşkar yalan olmasını təsdiqləyir.
Q.Zahidovun azad edilmiş ərazilərdə məskunlaşan ailələrin xüsusi portal icazəsi olmadan oraya getmək hüququnun olmaması haqqında iddiası da əsassızdır. Həmin ailə üzvləri evlə təmin edildikdən dərhal sonra portalda müddətsiz icazəli şəxs kimi qeydə alınırlar və öz doğma yurdlarına gedib-gəlmələri üçün heç bir icazə tələb olunmur. Həmin şəxslər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və azad ərazilərdəki rayon və şəhərlərin Xüsusi Nümayəndəliklərində uçota alınmış şəxs hesab edilirlər.
Q.Zahidovun inşa edilən evlərin 350-400 min manata başa gəlməsi ilə bağlı iddiası da tam əsassızdır.
Məlumdur ki, azad edilmiş ərazilərdə icra edilən layihələrin, o cümlədən yaşayış evləri və çoxmənzilli binaların tikintisi şəffaflıq və hesabatlılığa maksimum əməl etmək məqsədilə açıq tenderlər və investisiya müsabiqləri vasitəsilə həyata keçirilir. Fərdi evlərdən ibarət kənd və qəsəbələrin, yaşayış binalarının tikintisindən əvvəl layihələndirmə əsasında xərc smetası və layihənin yekun dəyəri müəyyən edilir. Tikinti sifarişlərini yerinə yetirmək üçün açıq tenderlərdə iddiaçı şirkətlərin təklifləri qiymətləndirildikdən sonra müqavilə bağlanılır, iş icra olunur. Bu sxem elektron nəzarət kanalları ilə nizamlandığından layihənin dəyərinin şişirdilməsi, süni qiymət təyin edilməsi qeyri-mümkündür.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında ötən dövr ərzində inşa edilmiş və ya hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin layihə dəyəri barədə elan edilmiş tenderlərdə bütün məlumatlar açıq və şəffaf şəkildə ictimaiyyətə təqdim olunur. Həmin layihədə qalib gələn şirkətlərin təqdim etdiyi tender qiymətləri və layihənin yekun dəyəri Dövlət satınalmaları portalında əks etdirilir. Bu məlumatlar əsasında evlərin real orta qiymətini hesablamaq çətin deyil. Nümunə üçün bir neçə məlumatı diqqətə çatdıraq. Məsələn, Şuşada 450 mənzildən ibarət birinci yaşayış kompleksinin tikintisinə 2022-ci ildə başlanılıb. 23 binadan ibarət ilk kompleksi “Conco” QSC və “ARCHİCO” MMC həyata keçirib.

“Conco” QSC-nin inşa etdiyi 8 binanın tender dəyəri 15 milyon manat, “ARCHİCO” inşa etdiyi 15 yaşayış binasının dəyəri isə 41 milyon manata təşkil edib. Həmin xərclərə küçə və səkilərin inşası, işıqlandırma və kommunikasiyalar, ətrafdakı abadlıq xidmətləri, avtodayanacaqların yaradılması və digər infrastrukturların qurulması və əlavə texniki qurğuların tikintisi daxildir. mənbə
Həmin vəsaitin qeyri-mənzil xərclərinə sərf olunan hissəsini çıxdıqda xalis mənzil xərcləri ümumi xərc portfelinin təxminən 70 faizini təşkil edir. Bir mənzilin dəyəri isə avadanlıq və zəruri təchizat vasitələri, cihazlarla birlikdə təxminən 85-87 min manat təşkil edir.
Kompleks 2024-cü il mayın 10-da istifadəyə verilib.
 
 
 
 
Hazırda şəhərdə digər komplekslərin layihələndirilməsi və tikintisi prosesləri davam etdirilir. “Şuşa Şəhəri Dövlət Qoruğu Idarəsi" Publik Hüquqi Şəxslə həmin şəhərin D-4 yaşayış massivində (( 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binaları) yaşayış binalarının tikintisi üzrə 17 milyon 286 min 741 manat vəsait dəyərində tender elan edilib.
Eləcə də, Şuşada 12 binanın tikintisi (1,2,3,10,11 və 12 nömrəli binalar) çərçivəsində (2-ci mərhələ) 20 milyon manatlıq tender müqaviləsi açıqlanıb. 
Habelə, Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan 10 ədəd binanın tikintisi üçün 49 milyon manat nəzərdə tutulur. Həmin kompleksdə 250 mənzilin tikintisi nəzərə alsaq, qeyri-mənzil və infrastruktur xərcləri çıxıldıqdan sonra 3 otaqlı bir mənzilin dəyəri 115-120 min manata başa gəlir. Bu qiymətlər Qarabağ iqtisadi rayonunda ən bahalı ərazi hesab edilən Şuşa şəhərindəki mənzillərin tikintisi üzrə orta layihə qiymətləridir və həmin qiymət smetaları real bazar (kommersiya) qiymətlərindən xeyli ucuzdur.
Digər bir nümunə. Zabux kəndində 223 mənzilin tikintisi üçün 2023-cü ilin avqust ayında 7 fərqli şirkətlə (“Rabitəinşaat” ASC, “Minera” MMC, “Konsept Holding” MMC, “AS-Təmir Tikinti” MMC, “Kür-Araz Şirkəti” MMC, “Tunel-Metro Inşaat” ММC, “GM Construction” MMC) 41,808 milyon manatlıq müqavilə imzalanıb.

Həmin xərc portfelinə Zabuxda evlərin tikintisi ilə bərabər, kommunal infrastrukturların yaradılması, məhəllədaxili yolların təmiri, qaz, işıq təchizatı avadanlıqlarının qurulması, abadlıq və yaşıllıq sahələrinin salınması, kəndin rabitə və komunikasiya sistemlərinin təşkili və digər təminatlar, xidmətlər daxildir. Bütün bu xərcləri çıxdıqdan sonra bir mənzil orta hesabla dəyəri 110 min manata yaxın olur.
Eləcə də, Laçın rayonunun Sus kəndində 59 mənzilin tikintisi üçün 2024-cü ilin iyun ayında “Rabitəinşaat” ASC ilə 11,723 milyon manatlıq müqavilə imzalanıb. Bu xərclərin də təxminən 40 faizi (4 milyon manatı) yuxarıda qeyd edilən infrastruktur və xidmətlərin qurulmasına, digər əsas hissəsi isə birbaşa mənzillərin tikintisinə xərclənib və orta hesabla bir mənzilin dəyəri hamam, isitmə və təchizat aksessurları, kombi və digər cihazlar, mətbəx avadanlıqları və sair əşyalarla birlikdə 95-97 min manata başa gəlir.

Yaxud Cəbrayıl rayonunun Şükürbəyli kəndində 635 mənzilin tikinməsi üçün 2024-cü ildə bir neçə tender müsabiqələri keçirilib. “Tunel-Metro İnşaat” MMC, “T.T.Ş.-İnşaat” MMC, “AGA-EE İnşaat” MMC, “Hermes-S” MTK, “Kür-Araz Şirkəti” MMC, “ANG” MMC, “Minera” MMC şirkətləri ilə ayrı-ayrı layihə dəyərləri üzrə tender müqavilələri imzalanıb.
Ümumilikdə bütün tenderlərin dəyəri 108 milyon təşkil edib. Toplam xərc portfelində qeyri-mənzil xərclərini kənara çıxdıqdan sonra bir mənzilin xalis dəyəri 100 min manatdan artıq olur. Bu da indiki bazar qiymətləri ilə nəzərə aldıqda, orta qiymət sayıla bilər.
Onu da qeyd edək ki, dövlət satınalmaları portalında yaşayış binaları ilə yanaşı, müxtəlif inzibati binalar, tarixi-memarlıq abidələrinin tikintisi və təmiri, müxtəlif infrastrukturların yardılması və digər layihələr üzrə də layihə qiymətləri hər manatına qədər göstərilib. Bu məlumatlar hesabatlılıq və real dəyəri müəyyən etmək üçün əsaslı faktlardır.
Azad edilmiş ərazilərdə yenidən qurulan kəndlərin sakinlərinə torpaq verilməsinə gəlincə, hər bir ailə 8-12 sot həyətyanı sahə ilə təmin edilib. Bununla bağlı kifayət qədər nümunə göstərmək olar. Məsələn, 2025-ci il martın 27-də istifadəyə verilən Ağdam rayonunun Sarıcalı kəndində hər bir ailənin yaşayış evinin 12 sot həyətyanı sahəsi də mövcuddur.
Ağdamın Kəngərli kəndində məskunlaşan ailələrə də 12 sot həyətyanı torpaq sahəsi verilib.
Zəngilanın Ağalı kəndinə yaşayan hər bir ailə təmin edildiyi 12 sot həyətyanı torpaq sahəsində əkinçiliklə məşğul olur, bol məhsul yetişdirir.
Yaxud, inşası tamamlanmaqda olan 190 evdən ibarət Qubadlının Mahruzlu kəndində hər bir evin 12 sot həyətyanı sahəsi nəzərdə tutulub.
Bu faktların sayını xeyli artırmaq mümkündür. Təqdim edilən əsaslı faktlar bir daha Qənimət Zahidovun “geri qayıdan insanların torpağı yoxdur” ittihamının böhtan və iftira olduğunu təsdiqləyir.
Q.Zahidovun keçmiş məcburi köçkünlərin yaşadıqları ərazilərin torpaqlardan istifadə ilə bağlı hüquqlarının olmaması barədə fikirləri də saxta və qərəzlidir. Hökumət mərhələli şəkildə onların torpaqlardan istifadə hüquqları üçün mexanzimlər hazırlayır, əkinçilik və heyvandarlıqla məşğul olmalarını təmin edir. 2022-ci ildən istifadəyə verilmiş xüsusi mexanizm əsasında yerli sakinlərin hər birinə qoyunçuluq və arıçılıq təsərrüfatları qurmalarına şərait yaradılıb. Yaylaqlara köç etmək istəyən fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan “koc.eagro.az” portalında qeydiyyatdan keçərək təsərrüfat fəaliyyəti ilə məşğul ola bilirlər.
Xocalı rayonunun Xanyurdu və Ballıca kəndlərinə köçən yerli sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin məqsədilə 5 hektar torpaq sahəsi verilib.
Həmçinin, həm yerli sakinlər, həm də ölkənin digər ərazilərindən gələn sahibkarlar işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarına malikdirlər. Bir müddət əvvəl işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları təsdiq edilib. Qaydalara əsasən hər bir ölkə vətəndaşı bu ərazidəki torpaqları icarə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Dövlət həmçinin bu ərazilərdə əkin-biçin, sahibkarlıq faəliyyəti ilə məşğul olanlara güzəştli kreditlər verir. Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarları güzəştli kreditlərlə təmin edir. Fondun məlumatına görə, 2022-2024-cü illər ərzində bu ərazilərdə icra olunan 10 layihə üzrə SİF tərəfindən ümumilikdə 23,8 milyon manat güzəştli kredit verilib.
Azad olunmuş ərazilərin sakinlərinin pay torpaqları ilə təmin edilməsinə gəlincə, bu istiqamətdə də hüquqi çərçivə hazırlanır. Məlumdur ki, Azərbaycanda torpaq islahatları 1996-cı il 16 iyulda dövlət başçısı tərəfindən təsdiq edilmiş “Torpaq islahatı haqqında” qanuna əsasən həyata keçirilir. 1997-2000-ci illəri əhatə edən torpaq islahatları dövründə Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal edildiyindən fiziki cəhətdən burada islahat aparmaq mümkün olmayıb. Ancaq, bu bölgədə islahatların aparılması üçün həmin sənəddə hüquqi əsaslar müəyyən edilib. “Torpaq islahatı haqqında” Qanunun 24-cü maddəsində qeyd edilib ki, “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir”.
Artıq bu prosesin başlanması üçün huquqi-iqtisadi mexanzimlər müəyyən edilməkdədir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Tədbirlər Planında  (Fəaliyyət istiqaməti 5.1. Torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsi. Torpaq islahatlarının aparılması ilə bağlı təkliflər verilməsi) pay torpaqlarının verilməsi üçün aidiyyatı qurumlar qarşısında vəzifələr müəyyən olunub. 
Dövlət Proqramında 2026-cı ilin sonuna qədər işçi qrupları tərəfindən torpaq islahatı ilə bağlı təkliflərin hazırlanıb təqdim olunması da əksini tapıb. Bu o deməkdir ki, islahatlara yaxın vaxtlarda başlanılacaq. Bütün bunlar  hüquqi təminatlar kimi azad edilmiş ərazilərdə torpaq islahatlarının aparılacağını, hər ailənin və üzvünün pay torpağı ilə təmin olunacağını şərtləndirir.
Q.Zahidovun dövlət büdcəsindən 2021-2024-cü illərdə ayrılmış 17,6 milyard manat vəsaitin 60 faizinin korrupsiya sayəsində məsrəf olunması barədə ittihamının da heç bir əsaslı izahı və gerçəkliyə bağlılığı yoxdur. 
Ötən 4 ildə dövlət həmin xərclənən vəsaitlər hesabına Qarabağ və Şərqi Zəngəzurda mindən artıq layihə icra edib və yüzlərlə layihənin icrası davam etdirilir. 2021-ci ildən sonra hökumət 1 manat xarici maliyyə yardımı və kredit olmadan öz imkanları hesabına hər birinin dəyəri yüz milyon dollarla ölçülən 3 meqanəqliyyat layihəsini başa çatdırıb. 2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilib. Bir il sonra, 2022-ci  oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci il mayın 28-də isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilib.

Xərc portfelində hədsiz böyük maliyyə tələb edən körpü, tunel, yol qovşaqlarının inşası istiqamətində inanılmaz nəticələr əldə olunub. Təkcə yol infrastrukturun bərpası məqsədilə uzunluğu 3382,6 km təşkil edən 44 avtomobil yolunun 1076,1 km respublika əhəmiyyətli, 2306 km yerli əhəmiyyətli) layihələndirilməsi və tikintisi işləri davam etdirilib. İndiyədək sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb. Onların sırasında 101 km olan “Zəfər Yolu”,  28,5 km uzunluğunda Tərtər-Suqovuşan-Talış avtomobil yolu, 22 km-lik Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, 44,5 km-lik Bərdə-Ağdam avtomobil yolu, 61,4 km-lik Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan şərti dövlət sərhədi avtomobil yolu kimi nəhəng layihələri qeyd etmək olar. Habelə tikintisi 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulan 123,6 km uzunluğunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu,112 km-lik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd- İranla dövlət sərhədi yolu, habelə 81,7 km-lik Əhmədbəyli-Füzuli-Şuş, 70,4 km-lik Xudafərin-Qubadlı-Laçın, 81,8 km-lik Toğana-Kəlbəcər-İstisu, 75,6 km-lik Kəlbəcər-Laçın və digər iri maliyyə tutumlu yollara milyardlarla manat xərc tələb olunur. Həmçinin, indiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır.
Sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır. Onlarla subartezian quyusu, su anbarları inşa edilir. Azad olunmuş ərazilərdə 38 kiçik su elektrik stansiyası istifadəyə verilib və enerji gücü isə 307 MVt-ə çatdırılıb. 
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmir yolu infrastrukturu da bərpa edilir. Zəngəzur dəhlizinin ən nəhəng qovşaqlarından biri olan Horadiz–Ağbənd dəmir yolu xəttinin təxminən 85 faizi tamamlanıb. Yan yollarla birlikdə 140,6 km olan bu nəhəng polad magistral 8 strateji stansiyanı özündə birləşdirəcək.  
Maliyyə baxımından böyük vəsait tələb edən digər dəmir yolu layihələri də icra edilir. Bir müddət əvvəl Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub. Ağdam–Xankəndi dəmir yolu xəttinin davamı çəkilir, habelə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub.
 
 
Azad edilmiş ərazilərdə təhsil obyektləri də fasiləsiz inşa olunur, Qarabağ Universiteti və 7 məktəbəqədər təhsil müəssisəsi tədris prosesinə cəlb edilib, digərlərinin tikintisi davam etdirilir. 
Bu regionda banklar inşa olunub, filiallarının sayı 6-ya (Laçın, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Xankəndi şəhəri olmaqla) çatdırılıb. Banklar və “Azərpoçt” tərəfindən quraşdırılmış POS-terminalların sayı 904 ədəd təşkil edir. Bölgədə nəhəng sənaye arxitekturası qurulub. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən artıq müəssisənin fəaliyyəti təmin edilib. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.
Habelə bölgədə (Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı və Kəlbəcər) Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin ən müasir hərbi hissələrinin, komanda tipli hərbi infrastrukturların açılışları gerçəkləşib. Şuşa, Zəngilan, Xankəndi, Ağdam, Suqovuşan və digər ərazilərdə ən müasir otellər inşa edilərək istifadəyə verilib. 
Bu sadaladıqlarımız icra edilmiş və ya icrası davam etdirilən layihələrin bir qismidir. Bölgədə enerji, su, qaz, rabitə, kommunikasiya, abadlıq, yaşıllaşdırma, xidmət, turizm, səhiyyə, idman, sənaye, emal, istehsal və digər sahələr üzrə 100-lərlə layihə həyata keçirilir ki, onların xərc tutumu yüz milyonlarla vəsait hesabına başa gəlir. Yəni bu cür genişmiqyaslı işlər məhz 17,6 milyard manat vəsait hesabına ərsəyə gəlir. 
İcra edilən bütün layihələrin xərc hesabatlılığı ictimaiyyətə açıqdır. Maliyyə Nazirliyi hər il dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası barədə hesabat sənədini və arayışı ictimaiyyətə təqdim edir. Həmin sənədlərdə hər bir layihənin xərc maddəsi üzrə təsnifatı verilməklə hara neçə manat xərclənməsi öz əksini tapır. 
Həmçinin, Hesablama Palatası hər il dövlət büdcəsinin icrasına dair rəy sənədində azad ərazilərdə istifadə edilən vəsaitlərin təyinatı və xərc istiqamətlərini, dəyərini ictimaiyyətə açıqlayır. Sonuncu hesabatda (2024-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”) ötən il görülmüş işlərin bütün xərc maddələrini görmək mümkündür.

Yuxarıda bütün qeyd etdiklərimizin hər biri konkret faktlara, təkzibedilməz dəlillərə əsaslanır və azad edilmiş ərazilərdə həyata keçirilən işlərin miqyasını, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması və zəruri təminatlarla, o cümlədən mənzil, torpaq sahəsi və digər mülkiyyət hüquqları ilə təmin edilməsinin mənzərəsini əks etdirir.
Bu qədər nəhəng işləri görə bilməyən Qənimət Zahidovun mövqeyi qərəzli və ədalətsiz olmaqla bərabər, manipulyativ və təxribatçı yanaşmadır. Onun “məcburi köçkünlərin yurdu yoxdur” spekulyativ yanaşması isə öz doğma evinə qayıdaraq dayanıqlı firavan yaşayan 20 min nəfərə yaxın insana şər atmaq, ictimaiyyəti aldatmağa hesablanıb.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        