 
                                    
                                                                    
                                Son günlərdə “odaktv1” adlı “X” hesabı Azərbaycanla bağlı "İsrailin iştirakına icazə verildiyi təqdirdə, aşağıdakı ölkələr 2026-cı ildə Avroviziya mahnı müsabiqəsində iştirakdan imtina edəcəklər: Sloveniya, İspaniya, İslandiya, İrlandiya, Hollandiya” tvit atıb və davamında “İsrailin iştirakına icazə verilmədiyi təqdirdə Azərbaycan müsabiqədən imtina edəcəyini bildirib"-cümləsi ilə Türkiyə və Azərbaycan mediası, habelə sosial media seqmentində böyük müzakirələrə yol açıb.

Müəyyən olunub ki, qeyd edilən hesab Azərbaycanla bağlı dəfələrlə saxta, manipulyativ məlumat yayıb. Bu səbəbdən Faktyoxla Lab. “Odak TV” hesabı ilə bağlı araşdırma aparıb.
Hesabın son 1 ildə paylaşdığı məlumatlardan bəzilərini təqdim edirik.
1. Əvvəlcə onu qeyd edək ki, sözügedən paylaşımla bağlı “X” istifadəçiləri etiraz bildiriləndə (Azərbaycanın bu cür rəsmi açıqlaması olmayıb) və xəbərin qaynağının göstərilməsini tələb edəndə “Odak TV” “İnside Eurovision” adlı “parodiya hesabı”nı mənbə olaraq göstərib.

Məsələ burasındadır ki, 18 avqust 2025-ci ildə Bakı şəhəri Xəzər rayonunda ictimai yerdə dini ayinlər keçirməyə cəhd edən qadınlarla bağlı xəbər yayarkən məlumatın "Bir Azərbaycanlının paylaşımından" götürüldüyü qeyd olunub.

Mənbə kimi təqdim olunan isə "Ə hərfi" adlı adi bir istifadəçinin “X” hesabıdır. "Ə hərfi" profilinin bu paylaşımla verdiyi mesaj əslində “Odak TV”-nin arzuladığı durumdan tam fərqlənir:

Belə görünür ki, “Odak TV” üçün mənbənin kimliyi, ciddiliyi-qeyri-ciddiliyi, etibarlılığı əhəmiyyət kəsb etmir. Onlar üçün vacib olan Azərbaycana qarşı istifadə olunacaq bir detal belə kifayətdir.
2. “Odak TV”-nin 14 iyul 2025-ci il tarixində (12 günlük İsrail-İran müharibəsi zamanı) Bakıdan havalanan bir hərbi yük təyyarəsinin Tel-Əvivə endi iddiası fake-xəbər, dezinformasiyadır.

Məlumatın saxtalığını sübut edəcək detallara diqqət edək:
a) Foto qazax eskpert Jansar Maratulinin “Silk Way Airlines” təyyarəsinin “flightradar24” radar-izləmə platformasında qeydə aldığı “Nyu York” (JFK) – “Manta” (MEC, Ekvador) uçuş trayektoriyasının görüntülərindən götürülüb.

b) Artıq uzun müddətdir “Silk Way Airlines” “İlyushin “İl-76TD-90VD” təyyarələrindən istifadə etmir. Skrindən göründüyü kimi, Hindistan və Pakistan üçün hazırlanmış versiyalarda (belə versiyalar çoxdur) olduğu kimi “SW”-nin öz sifarişi ilə hazırlanmış “İl-76TD-90SW” modifikasiyalı təyyarələrdən yararlanır.

c) Bu saxtakarlığı edənlənlər dəqiq bilirlər ki, Bakı-Tel-Əviv reysi ilə yalnız “Boing”lər uçur. Amma təqdim olunan “İl-76TD-90” yük təyyarəsidir və Tel-Əvivə deyil, adətən İsrail Hərbi Hava Qüvvələrinin “Ovda” bazasına eniş edir.


Bu barədə İsrailin “Haaretz” qəzeti də yazıb. Bildirilir ki, İsrail aviasiya qanunu Ben-Qurion hava limanından partlayıcı maddələrin müntəzəm daşınmasını qadağan edir, çünki bu şəhər əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir.
d) Uçuş trayektoriyası da saxtalaşdırılıb. Belə ki, həmin trayektoriya Bakıdan İordaniyanın Aqaba şəhərinə uçan təyyarənin trayektoriyasıdır və ciddi qrafik saxtakarlıq edərək dəyişdirib, təqdim ediblər:

3. “Odak TV” 12 iyul 2025-ci il tarixli paylaşımında SOCAR-ı İsrailin əsas “neft tədarükçüsü adlandırmış” və Azərbaycanı hədəf göstərmişdir. Bu məlumatın da saxta olması haqda bir müddət əvvəl hazırladığımız “Səslənən saxta rəqəmləri araşdırdıq: Azərbaycandan İsrailə əslində nə qədər neft göndərilir?” araşdırma yazısında tanış olmaq mümkündür.
4. 5 iyun 2025-ci il tarixində “Odak TV” hesabı İsrail Müdafiə naziri Yoav Gallantın Süni İntellektlə hazırlanmış “deepfake” şəklini paylaşaraq “Azərbaycan İsrailli qatillər üçün təhlükəsiz sığınacaq olmaqda davam edir. Soyqırıma görə həbs olunmaq qorxusundan başqa ölkələrə gedə bilməyən İsrailin keçmiş müdafiə naziri Yoav Gallant Bakıda səhər idmanı edərkən görüntülənib.” – şərhini yazmışdır.

5. 23 may 2025-ci ildə Quba rayonunda yerləşən Qırmızı qəsəbəni ziyarət edən diyarbakırlı “youtuber” ata – oğulun "Yəhudi məhəlləsindən bizi qovdular. O, Türkiyədən gəldiyimizi eşidən kimi çıxıb getdi və "onları buradan aparın"-şərhi olan saxta videosunu paylaşıblar.

Əslində həmin video “youtuber”-liyə yeni başlayan ata-oğulun təxribatı idi və video görüntülər ciddi təhriflərə yol verilməklə, montaj edilərək hazırlanmışdı.
6. 19 may 2025-ci ildə İsrailin müdafiə naziri Yoav Gallantın Azərbaycanın müdafiə naziri ilə görüşdüyünü yazan, bu “X” hesabı, davamında “Eurovisionda verilən xal sadəcə xal deyil, bu, hökumətlər və xalqlar arasında dostluğun həqiqi sübutudur”- cümləsini işlədib. Qeyd edək ki, bu sözlərə “Odak TV”–nin statusundan başqa, heç bir yerdə rast gəlinmir.
7. Elə həmin gün paylaşılan digər videoya saxtakarlıq edərək “Azərbaycanda küçədə keçirilən sorğuda "İsrail-Fələstin müharibəsində kimin tərəfindəsiniz?" sualına bir çox azərbaycanlı “İsraili dəstəkləyirəm” deyə cavab verib.” – şəklində başlıq qoyulub. Halbuki həmin videoda rəyi soruşulanların fikirləri heç də birmənalı olmamış, respondentlərin böyük qismi “heç birinin” cavabını vermişlər.

8. Davamlı olaraq antiAzərbaycan mövqeyi ilə seçilən İHH sədri Bülent Yıldırımın ölkəmizə qarşı keçirilən mitinqdə səsləndirdiyi “Azərbaycan İsrailə yanacaq göndərməyi dayandırmalıdır” – mesajını paylaşan “Odak TV” Azərbaycan Prezidentinin Türkiyə və İsraillə bağlı fikirlərini açıq təhrif edərək, saxtakarlığa yol vermişdir.

9. “İqlim fəalı” adlandırılan Qreta Tunberqin COP–29 öncəsində insanları Türkiyə və Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyası keçirməyə çağırışını paylaşmaqdan çəkinməyib.

10. Əvvəlcə azərbaycanlıların Bakıda İsrail bayrağı önünə qərənfillər düzdüklərini yazan bu hesab, daha sonra Azərbaycan məktəblərinin birində oktyabrın 7-dən bəri qətlə yetirilən yəhudilərin xatirəsi üçün anım mərasimi keçirildiyini bildirib.


Halbuki, sözügedən məktəb Azərbaycanda fəaliyyət göstərən “yəhudi məktəbi”, Bakıda İsrail bayrağı önünə qərənfil düzənlər isə yəhudi əsilli Azərbaycan vətəndaşlarıdır.
Bəs bu hesab kimlərə bağlıdır?
Hesaba nəzər saldığımız zaman daha çox İrana yaxınlığı ilə bilinən “kürd Hizbullahı”nın siyasi qanadı olan “HUDA PAR”-ın (Hür-Dava Partiyası) reklamı ilə məşğul olduğunu görürük.
Məsələn,
- 12 sentyabr 2025-ci ildə “Odak TV” “X” hesabı açıqlama yayıb ki, keçən həftə “AK Partiya” və MHP millət vəkillərinin “Rifah” sərhəd qapısında keçirdiyi mətbuat konfransında “HUDA PAR” millət vəkili Şahzadə Dəmir iştirak edə bilməyib. “Araşdırmalar zamanı məlum olub ki, onun “Rifah” sərhəd məntəqəsinə getməsinə Misir rəsmiləri mane olub”.
- 10 sentyabr 2025-ci il tarixində bu hesab “HUDA PAR” sədri Zekeriya Yapıcıoğlunun “soyqırım”da iştirak etmiş ikili İsrail vətəndaşlarının türk vətəndaşlığının ləğv edilməsi ilə bağlı qanunun tezliklə qəbul edilməsini tələb edirik” – açıqlamasını yayıb.
- 4 sentyabr 2025-ci il tarixində Qlobal Sumud Flotilla hərəkatında iştirak etmək üçün Tunisdə olan “HUDA PAR” millət vəkili Faruk Dinç məhz “OdakTV1” hesabı vasitəsilə Türkiyə ictimaiyyətinə müraciət edib.
- “HUDA PAR” millət vəkili Faruk Dinçin, “Səadət Partiyası”ndan millət vəkili Mehmet Atmacanın, Necmettin Çalışkanın və “Gələcək Partiyası”nın millət vəkili Səma Silkin Ünün blokadanı yarmaq üçün Qəzzaya gedən “Qlobal Qəzza” donanmasına qatılması xəbərini də elə bu hesab yayıb.
-İranın İsrailə zərbə etdirməsindən sonra yenə “kürd “Hizbullahı”na yaxınlığı ilə bilinən “Rehber TV”-də şirniyyat paylanmasından da “Odak TV” xəbər düzəldib.

Ayrıca, bu hesab həmin qruplaşmanın yaratdığı “Umut kervanı” Fondu adlı xeyriyyə cəmiyyətinin keçirdiyi aksiyaları tez-tez işıqlandırır. “Peyğəmbər sevdalıları dərnəyi” “HUDA PAR”-a yaxın olan dərnəklərdəndir və “Odak TV” bu Dərnəyin də fəaliyyətini davamlı diqqətdə saxlayır.
Hesabın kim tərəfindən idarə edildiyini araşdırdığımız zaman “Odak TV”-nin “Instagram” səhifəsində bir müsahibəyə rast gəldik. Müsahibə iranşünas alim dr.Mehmet Akif Koçdan alınıb. Müsahibəni alan şəxs isə “Anadolu Agentliyi”nin ABŞ təmsilçisi Safvan Allahverdidir.

Diqqətçəkən məqamdır odur ki, “Odak TV”-nin “X” hesabında da ötən ilin noyabr ayından etibarən Safvan Allahverdinin videoları sürəkli yayımlanır.
Safvan Allahverdidən başqa, “Odak TV”-nin “Instagram” səhifəsində aktivliyi ilə seçilən digər şəxs- “kürd Hizbullahı”na yaxınlığı ilə bilinən “İlkə Xəbər Agentliyi”nin (İLKHA) Ankara təmsilçisi Mehmet Sait Çelik də diqqət cəlb edir.

Ankara Universiteti jurnalistika fakültəsinin məzunu olan Mehmet Sait Çelik Fələstinlə bağlı Ankarada keçirilən bütün aksiyalarda iştirak edir, “HUDA PAR” təmsilçilərindən açıqlamalar alır. Bundan başqa həmyerlisi, “Məzlum-DER”-in Ankara təmsilçisi və Ankara Fələstin Həmrəylik Platformasının (ANFİDAP) rəhbəri Aziz Oğuzhan Karamanın (qeyd edək ki, Mehmet Sait Çelik və Aziz Oğuzhan Karaman Türkiyənin Batman şəhərindəndilər) bütün aksiyalarına da qatılır. M.Sait Çelik ötən ilin may ayında İstanbulda Azərbaycan əleyhinə keçirilən aksiyada iştirak edəndən bir həftə sonra Ankarada Azərbaycan səfirliyinin önündə keçirilən aksiyaya da qoşulub, İLKHA üçün bu barədə xəbər hazırlamışdı.

Göründüyü kimi, Azərbaycanla bağlı əsassız xəbər yayanlardan biri olan “Odak TV” adlı “X” hesabı qonşu dövlətlərdən birinə yaxın radikal qüvvələr tərəfindən idarə olunur və bu qüvvələr hər vəchlə çalışırlar ki, Türkiyədə Azərbaycan əleyhinə təbliğat aparsınlar.
Növbəti yazıda bu saxta xəbəri yayan digər media orqanı “Yeni Akıt” qəzeti haqda məlumat verəcəyik.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        