Mayın 31-də bir qrup “Fələstinə dəstək” tərəfdarı SOCAR- ın İstanbuldakı ofisinin binası qarşısında aksiya keçirərək Azərbaycanın İsrailə neft nəqlini dayandırmağı tələb ediblər. Etirazçılar SOCAR-ın binasına daxil olmağa cəhd edib və binanın divarlarına qırmızı rəngli boya atıblar.
Aksiya iştirakçılarının iddiasına görə, Azərbaycan İsrail neftinin 40%-ni təmin edir. Solçu marginal qruplara yaxın medianın yazdığına görə isə Rəfahı bombalayan İsrail “JET”-lərinin benzini Azərbaycan neftindən alınır.
Faktyoxla Lab. bu iddialara aydınlıq gətirməyə çalışıb.
Azərbaycanın rəsmi dövlət statistikasına əsasən, 2023-cü ildə ixrac edilmiş xam neft vә neft mәhsullarının həcmi 26 milyon ton və ya 16 milyard 240 milyon dollar təşkil edib. Həmin məhsulun ixrac statistikasında İsrailin payı 2,2 milyon ton və ya 1 milyard 394 milyon dollara bərabərdir. Bu, Azərbaycanın cəmi neft ixracının 8,4 faizi deməkdir. mənbə
İsrailin gündəlik neftə olan tələbatı 220 min barel ( 1 barel = 159 litr) və ya 35 min ton təşkil edir. Bu illik 73 milyon barel və ya 12 milyon ton neft deməkdir. Həmin neftin 2,2 milyon tonunun Azərbaycandan alındığı məlumdur.
Rəsmi Təl-Əvivin və beynəlxalq enerji təşkilatlarının statistikasından aydın olur ki, İsrail 2023-cü ildə 7,49 milyard dollar dəyərində xam neft və neftdən alınmış digər mallar idxal edib. mənbə
Azərbaycanın İsrailə ixrac etdiyi 2,2 milyon ton və ya 1 milyard 394 milyon dollar dəyərində neft bu ölkənin illik neft ehtiyacının 18-19 faizini təşkil edir. İsrailin Azərbaycanda aldığı neftin dəyərini çıxdıqdan sonra yerdə qalan (7,049-1, 394 = 6,096) 6 milyard dollardan artıq neftin miqdarı nisbi faiz hesabı ilə 81 %-ə bərabərdir. Bu rəqəm onu ehtiva edir ki, İsrailin neft ehtiyaclarının 81 faizi digər ölkələr tərəfindən təmin edilir.
Bəs İsrailə həmin 6 milyard dollarlıq nefti hansı ölkələr ixrac edir?
Beynəlxalq neft və enerji tədarükü üzrə statistik nəşrlərdə İsraili xam neftlə təmin edən əsas ölkələr sırasında Qazaxıstan, Rusiya, Qabon və Braziliyanın adı qeyd olunur. Xam neft tədarükündə beynəlxalq neft və qaz şirkətləri olan “BP”, “Chevron”, “ExxonMobil”, “Shell”, “Eni” və “TotalEnergies” əsas oyunçulardır. mənbə
Məlumat üçün bildirək ki, BTC ilə Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan və Türkmənistan nefti də daşınır. Həmin neft Azərbaycana aid deyil, Azərbaycan burada yalnız tranzit ölkədir. 2023-cü ildə BTC ilə 5,4 milyon ton tranzit nefti daşınıb, yəni Azərbaycana məxsus olmayan, Qazaxıstan və Türkmənistana aid xam neft Türkiyə və başqa xarici bazarlara çıxarılıb. istinad
2024-cü ilin 1-ci rübündə isə BTC ilə 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənmiş və yola salınıb. Neft Azərbaycan, Qazaxıstan və Türkmənistana məxsusdur. mənbə
BTC ilə ixrac olunan neftin təxminən 30 faizi Qazaxıstan və Türkmənistanın xam neftidir.
Qazaxıstanın İsrailə ixracının 90%-dən çoxu karbohidrogen xammalıdır, yəni xam neftdir. Qazaxıstan Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin 10 ayı ərzində Qazaxıstan və İsrail arasında ticarət dövriyyəsi 432,7 milyon dollar təşkil edib. İxrac 359 milyon, idxal 73 milyon dollar olub. mənbə
Qazaxıstanın İsrailə aylıq ixracının həcmi (359:10=35,9) 35,9 milyon dollar təşkil etdikdə illik ixracın həcmi 430 milyon dolları ötüb. İxracın 90 faizinin isə xam neft olduğunu nəzərə alsaq, Qazaxıstanın İsrailə satdığı illik neftin dəyəri 387 milyon dollar edir. Bu isə həcm etibarilə təxminən 750-800 milyon ton neft deməkdir. İsrailin tələbatının təxminən 8-9 faizi.
Ancaq Qazaxıstanın BTC ilə nəql etdiyi neftin ixrac statistikası daha çox neft nəqlinə işarə edir. 2022-ci ildən Aktau-Bakı marşrutu və BTC ilə neft nəql edən Qazaxıstan 2023-cü ildə neft ixracını 1 milyon ton artıraraq 4,3 milyon tona çatdırıb. Türkiyədəki (Ceyhan) terminallardan neft tankerlərin daşınması nəqliyyat-logistika şirkəti olan “Alatau” tərəfindən həyata keçirilib. Eyni zamanda, “NMSK Kazmortransflot LLP” Rumıniyanın Konstansa limanına və Almaniyaya neft nəql edib. istinad
Qazaxıstan neftin daha çox Rumıniyaya nəql etdiyini bildirir, bu halda neftin Konstansa limanından başqa treyderlər tərəfindən İsrailə daşınması da istisna deyil.
Bütün hallarda Ceyhana çatan Azərbaycana aid olmayan 5,4 milyon ton xam neftin Aralıq dənizindən tankerlərlə ünvanın sonradan dəyişdirilərək başqa istiqamətə yönəldilməsi mümkündür. Əgər həmin neftin yarısından bir qədər çoxu, təxminən 2,8 milyon tonu İsrailə çatırsa, demək BTC ilə axıdılan Azərbaycan nefti də daxil olmaqla İsrailin tələbatının 50 faizi ödənmiş olur. Azərbaycanın payına düşən 2,2 milyon ton (19 faiz) nefti nəzərə almadıqda qalan həmin 2,8 milyon ton (30 faizə yaxın) neftin mənbəyi başqa ölkədir. Bunu bir çox enerji üzrə analitik tədqiqat hesabatları da təsdiq edir.
Cədvəldən də göründüyü kimi İsrailə nəql edilən gündəlik 220 min barel neftin təxminən 90 min bareli Qazaxıstanın, 60 min bareli Qərbi-Afrika ölkələrinin, 38-40 min bareli Azərbaycanın, 15 min bareli Braziliyanın, 10 min bareli Misirin, 5 min bareli isə digər ölkələrin payına düşür. Bu statistikadan da aydın olur ki, Azərbaycanın cəmi neft tədarükündə payı 18 faizdən çox deyil.
İsrailin neft təminatçılarından biri ABŞ-dir. 2023-cü ildə ABŞ-ın neft hasilatını və ixracını rekord həddə çatdırması də maraqlı bazar araşdırmasına işıq salır. Asiya regionuna nəql edilən Amerika neftinin bir qismi İsrailə yönəlir. BMT-nin “COMTRADE” beynəlxalq ticarət statistikasıına əsasən, ABŞ-nin İsrailə ixracı 2023-cü ildə 14,03 milyard dollar təşkil edib. Həmin məhsulların strukturunda neft və neft məhsullarını həcmi və dəyəri 308 milyon dollar edib. Bu, təxminən 700 milyon barel və ya İsrailin tələbatının 7 faizi deməkdir. mənbə
ABŞ-nin Enerji Administrasiyasının məlumatından xam neftin ixrac həcminin aylar üzrə bölgüsü də İsrailə neftin davamlı xarakter daşıdığını göstərir. Belə ki, ABŞ-nin hər aylıq neft ixracı 300-400 min bareldən az olmayıb. mənbə
Bundan başqa, ABŞ özü dünyada ən böyük neft idxalçısı- Səudiyyə Ərəbistanı və İraq neftinin ən böyük alıcısıdır. Həmin neftin Süveyş kanalı ilə ətraf bölgələrdəki limanlar vasitəsilə daşınır. mənbə
ABŞ 2023-cü ilin oktyabr ayında Qəzzada baş verən hadisələrdən sonra İsrailə əlavə neft tankerləri göndərib və ixracı xeyli artırıb. Ancaq həmin rəqəmlər Enerji Administrasiyasının statistikasında öz əksini tapmayıb. Həmin neftin ABŞ-nin Süveyş kanalı ilə daşıdığı idxal nefti olması da ehtimal edilir. Ümumiyyətlə, Qərbi Afrika-Yaxın Şərq bölgəsində neft daşıyan tankerlərin vaxtaşırı olaraq başqa limanlara yan alması adi hala çevrilib və Amerikanın bu bölgədən idxal etdiyi neft tankerlərinin İsrailin “Aşkelon” terminalına getməsi mümkündür.
İsrail, həmçinin, Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ), İraqdan və Misirdən xam neft alır. Rusiya Hayfadakı əsas neft emalı zavodlarından biri üçün yanacaq tədarükünü davam etdirir. İsrail isə sanksiyalar səbəbindən Rusiya neftinin statistikasını gizli saxlayır.
Həmçinin, Braziliyanın İsrailə ixracında son bir ildə əhəmiyyətli artım olub. 2023-cü ilin dekabr ayından Braziliya İsrailə ümumi həcmi 260.000 ton olan xam neft göndərilib. Bu xam neft Braziliyanın “Petrobras” şirkəti ilə birlikdə ABŞ-ın “Shell” və “TotalEnergies” şirkətlərinə məxsus dəniz yataqlarından tədarük edilib.
Digər ərəb ölkələri (BƏƏ, Səudiyyə və İraq) Qəzzada baş verən hadisələrlə bağlı birbaşa İsrailə neft çatdırmaqdan ehtiyat edərək yanacağı digər treyderlər vasitəsilə daşıması da istisna olunmur. Beynəlxalq ticarət statistikasında Misirin və BƏƏ-nin İsrailin idxal dövriyyəsində əhəmiyyətli payının olması da buna işarə edir. mənbə
Bundan başqa, Afrika ölkələri, xüsusilə Qabon da İsrailin böyük təchizatçılarından biridir. mənbə
Göründüyü kimi İsrailə neft satan və daşıyan ölkələrin sayı 10-dan artıqdır. Xüsusilə də onların sırasında ABŞ, Braziliya, BƏƏ, Qabon və digər ölkələrin neft satışlarını nəzərə aldıqda onların cəmi neft tədarükünün həcmi 50 faizdən də çoxdur. Bura Qazaxıstan neftini də əlavə etdikdə, Azərbaycan nefti istisna olmaqla İsrailə nəql edilən neftin miqdarı 80 faizi ötür.
Ancaq bəzi xarici nəşrlər, o cümlədən İranın media orqanları məqsədli şəkildə Azərbaycanın payını artırır, hətta İsrailin limanlarına başqa ölkələrdən treyderlər tərəfindən müxtəlif sxemlər əsasında tankerlərə yüklənərək daşınan və rəsmi statiskadan gizlədilən neft də Azərbaycanın adına “rəsmiləşdirməyə” çalışır.
Hərçənd ki, İsrailin xarici ticarət balansında həmin ölkələrin daha üstün olmasını, Azərbaycanın isə ən aşağı paya malik partnyor olduğunu görə bilərik. Belə ki, İsrailin əsas ticarət tərəfdaşları sırasında ilk yerdə 26,4 %-lə ABŞ dayanır. Sonrakı yerlərdə Çin (7,2 %), Fələstin (5,9 %), İrlandiya (5,02 %), Böyük Britaniya (4,2%) və Türkiyə ( 3,03%) dayanır. Türkiyə İsrailə təxminən 2,4 milyard dollar dəyərində mal ixrac edir. Ərəb ölkələrindən Misirin ticarətdə payı 1,2 milyard dollar və ya 1,6 %, Birləşmiş Ərəb Əmirliyi 766 milyon dollar və ya 1 %, İordamiya 75 milyon dollar və ya 0,097 % təşkil edib. istinad
İsrailin idxalında isə birinci yerdə 17,7 % və ya 14,7 milyard dollarla Çin dayanır.
2023-cü ildə İsrailin ikinci ən çox məhsul aldığı ölkə ABŞ olub, 10,1% pay və ya 8,45 milyard dollar. Almaniya 6,28% payla (5,22 milyard ABŞ dolları) üçüncü yeri bölüşür. Sonrakı yerlərdə Türkiyə 5,75% (4,78 milyard dollar), İtaliya 3,9% (3,25 milyard dollar), Hindistan 2,66% (2,21 milyard dollar), Koreya 2,48% (2,06 milyard dollar), Rusiya 2,47% (2,05 milyard dollar), Fransa 2,32% (1,93 milyard dollar) dayanır. Həmin ölkələrin İsrailə satdığı əsas məhsullar isə neft, qaz, neft -kimya və müxtəlif sənaye məhsullarıdır. mənbə
Göründüyü kimi Azərbaycanın bu ölkə ilə ticarət əməliyyatlarında ilk onluqda belə yer alımır. Bu statistikanının özü belə İsrail iqtisadiyyatının Azərbaycandan asılı olması və ya Azərbaycan neftinin nəqlinin dayanması halında bu ölkənin ağır böhranla üzləşəcəyi barədə bütün ittihamları tamamilə təkzib edir.
Səslənən 2-ci iddiaya İsrail təyyarələrinin Azərbaycan neftindən alınan yanacaqla təmin olunmasına gəldikdə isə bildirək ki, Niderlandın "SOMO" Araşdırma Mərkəzinin 28 may 2024-cü il tarixində yayımlanan “Qəzzadakı alovlar körüklənir” məqaləsində İsrail hərbi təyyarələrinin yanacaqla təmin olunması haqda geniş arayış təqdim olunub. Məqalə müəlliflərinin bildirdiyinə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) İsrailə hərbi təyyarə yanacağı ('JP-8') də daxil olmaqla, hərbi ehtiyat hissələrinin də əsas tədarükçüsü sayılır. ABŞ-nin "Valero" şirkəti uzun müddətdir ki, ABŞ hökuməti ilə müqavilələr əsasında İsrailə "JP-8"-in əsas tədarükçüsüdür. "Valero" tərəfindən tədarük edilən "JP-8" Texasda (ABŞ) Corpus Christi limanından Aşkelon (İsrail) limanına “Overseas Shipholding Group”-a şirkətinə aid gəmilərlə göndərilir. Bu prosedur gəmiçilik şirkəti İsrail hökuməti arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
Qeyd edilir ki, İsrail həmçinin Hərbi Hava Qüvvələri (HHQ) üçün bəzi Avropa ölkələrindən də təyyarə yanacağı idxal edir. Lakin Avropa İttifaqı (Aİ) və ona üzv olan dövlətlər İsrailə hərbi ixracı ilə bağlı kifayət qədər şəffaf deyillər. İsrail hərbi təyyarə yanacağı idxal etməklə yanaşı, öz şirkətlərinə məxsus daxili yanacaq emalı zavodlarında da istehsal edir. Ölkə xam neft idxal edir ki, bu da "JET" yanacağının istehsalında istifadə olunan xammaldır.
Araşdırma ilə bu linkdən tanış olmaq mümkündür.
Beləliklə,
- SOCAR İsrailə neft satmır. Bu yalan və saxta xəbərdir. Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarər edə bilmirlər;
- Azərbaycan İsrailin 40%-lik neft tədarükçüsüdür fikri tamamilə yalan, məqsədli şəkildə şişirdilmiş rəqəmdir;
- “Qəzza və Fələstinə dəstək” yenə də siyasi xaltura aləti kimi ortaya atılıb. Aksiyanı təşkil edənləri Fələstin maraqlandırmır, Qəzza hadisələri əsas səbəb deyil, əsas səbəb və məqsəd Mərkəzi Asiya-Xəzər bölgəsindən yanacaq resurslarının Qərbə satılmasını sabotaj etməkdir;