Axtarış

Select theme:

Tural Sadıqlının növbəti saxtakarlığını ifşa etdik

Xaricdə gizlənən “söyüş müxalifəti”nin nümayəndəsi Tural Sadıqlı bir müddət öncə Türkiyənin Bodrum və Fransanın Nitsa şəhərində Azərbaycana məxsus olduğu iddia edilən “super yaxta” aşkar etməsi haqda bir neçə video paylaşıb. Videolarda iddia olunur ki, aşkar edilən “super yaxta”nın 165 milyon dollar qiyməti var. 

Faktyoxla həmin iddiaları araşdırıb.

T.Sadıqlı birinci videoda, biri azyaşlı olmaqla 2 türk yeniyetmə vlogerin paylaşdığı videoya istinad edərək deyir ki, Bodrum sahillərində görüntülənən yaxta Azərbaycana məxsusdur.

2 uşağın hazırladığı videonu əsas götürən T.Sadıqlı bunu təsdiq edəcək nə sənəd göstərir, nə video-görüntü, nə də tutarlı sübut. Sadəcə Bodrumda istirahətdə olan bu uşaqların sırf izləyici toplamaq xatirinə uydurduqları əfsanəni fakt kimi təqdim edir.

Şəkildə gördüyümüz bu iki yeniyetmədən biri, “youtube”-dan illik gəliri 500 min avro olan yutuber Mustafa Coşqun, digəri isə 10 yaşlı Ali Yiğit Çakırdır.

Qeyd edək ki, Ali Yiğit Çakır məşhur türk müğənnisi Mustafa Sandalın yeni həyat yoldaşı Melis Sütşurupun əvvəlki ərindən olan oğludur.

Bu uşaqların Azərbaycanla bağlı saxtakarlığının səbəbi bizə məlumdur və videonun paylaşılma səbəbini bilirik, lakin mövzu bu olmadığı üçün əlimizdə olan faktları hələlik açıqlamırıq.

Videoya gəlincə, bildirək ki, T.Sadıqlını saxtakar və yalançı olduğu bilinirdi, bu video isə onun mahir “fake-xəbər” istehsalçısı olduğunu bəlli etdi.  

Sadıqlı saxtakarlıqlarının ifşası

1-ci yalan. T.Sadıqlı iddia edir ki, yaxta Azərbaycan rəhbərliyinə aiddir, lakin əvvəllər Abu-Dabi əmirliyinin əmiri Məhəmməd bin Zayed Əl-Nəhayanın oğlu Sultan bin Xalifa bin Zayed Əl-Nahyana məxsus olub. “Hazırda “Google” axtarış versəniz ona məxsus olduğunu görərsiniz. Amma bu yaxta SOCAR-a bağlı bir şirkət tərəfindən alınıb”- deyə o, çıxışında israr edib.  

Bizim arayış:

Mərhum Andreas Liverasın ideyası olan 92 metrlik “Moonlight II” yaxtası Yunanıstanın “Neorion” tərsanəsində poladdan hazırlanıb və 2005-ci ildə sahibinə təhvil verilib.

“Moonlight II” sifariş olunanda “Alysia” adını daşıyıb, sonradan adı dəyişdirilib. Yaxtanın dizaynı “Alpha Marine”, interyeri isə H.Poulias tərəfindən edilib.

“Vessel Tracker” platformasında təqdim edilən məlumatlara görə, yaxtanın sahibi “The Hub E302, Triq San Andrija, San Gwann SGN 1612, Malta” ünvanında qeydiyyatdan keçmiş “SBK Marine Ltd” adlı hüquqi şəxsdir. Malta bayrağı (IMO 9288215, çağırış nömrəsi: “9HFR8”) altında üzür. Kommersiya və çarter meneceri kimi "Burgess Ltd” şirkəti göstərilir.

Açıq mənbələrdə yaxtanın Abu-Dabi əmiri Sultan bin Xəlifə al Nahyana məxsus olduğu deyilir.

Bir məqamı qeyd etməliyik ki, rəsmi gəmi reyestrləri (və AIS məlumat bazaları) qeydiyyatdan keçmiş hüquqi şəxsi (bu halda “SBK Marine Ltd”) göstərsə də, son benefisiar sahiblərinin adını adətən açıqlamırlar. Maltada şirkətlərdən “benefisiarların reyestri”ndə qeydiyyatdan keçmək məcburidir. Lakin reyetrə giriş məhdudlaşdırılıb –məlumatlar ictimaiyyətə tam olaraq açıqlanmır.

Qeyd etdik ki, “SBK Marine Ltd” Maltada qeydiyyatdan keçib (qeydiyyat kodu: C86067). Açıq mənbələrdə şirkətin direktoru olaraq “Maritime Directors Limited”, naminant-səhmdarlar kimi isə “Prospect Nominees Limited” və “Summerhill Nominees Limited” göstərilib.

Biz, araşdırmanı fərqli istiqamətdən (əksini iddia etməklə) apardıqda şirkətin əsl sahibinin kimliyini aşkarladıq. Belə ki, Türkiyə mediasında dənizçilik sənayesi üzrə ixtisaslaşmış saytlardan birində (yatmarina.com.tr)  “SBK Holding”-in Şeyx Sultan bin Khalifa əl-Nahyana məxsus olması haqda məlumatla rastlaşdıq. Orada qeyd olunur ki, “Əl-Nahyanın təsis etdiyi “SBK Holdinq” enerji, polad, daşınmaz əmlak və media sektorlarında fəaliyyət göstərir”.

Bundan başqa, həmin şirkətin saytında “haqqımızda” bölümündə də fakt təsdiqlənir.

Əlavə olaraq qeyd edək ki, “SBK Holding LLC” Qrupa "SBK Commercial Business Group LLC”, “SBK Retail Business Group LLC”, “SBK Petrochemicals Group LLC”, “SBK Spectrum Realty Group LLC”, “SBK Aviation Group LLC”, “SBK Marine”, “National Investment Corporation” (NIC) daxildir.

Açıq mənbələrdə yaxtanın 21 yanvar 2025-ci il tarixində “Boat International” siyahısı ilə satışa çıxarıldığı (“Maddox”-dan Will Harrison tərəfindən satış üçün siyahıya salınıb) qeyd edilir. 

Lakin “YachtBuyer/listing” məlumatlarına əsasən, yaxtanın adı iyun ayında “Listing Ended (June 2025)” satış siyahısından çıxarılıb. Bu məlumat, ya yaxtanın müştəriyə satılması, ya da ümumiyyətlə bazardan çıxarılması əlaqəli ola bilər.

Arqumentlərimizi təsdiq edən digər faktlara diqqət edək:

Tural Sadıqlının istinad etdiyi uşaqlar həmin videonu 5 iyul 2025-ci ildə yaydıqları görünür.

Gəmi-izləmə saytları da yaxtanın 9 iyul 2025-ci il tarixinə qədər Bodrum sahillərində olduğunu təsdiqləyirlər. 

Araşdırmamızın davamında həmin dövrdə Bodrumda olan yaxtaların siyahısına baxdıqda doğrudan da “Moonlight II” yaxtasının Bodrum sahillərinə yan aldığını təsdiqləyən faktla rastlaşdıq. Xəbər 29 iyun 2025-ci ildə dərc edilib və orada deyilir ki, “BƏƏ kraliyyət ailəsinin üzvlərindən olan Şeyx Sultan bin Xəlifə Əl-Nahyanın dünyanın lüks yaxta dünyasının ən diqqətçəkən nümunələrindən olan “Moonlight II” yaxtası iki gün öncə Türkiyə sahillərinə gəlib”. Təkrar qeyd edirik: Şeyx Sultan bin Xəlifə Əl-Nahyanın lüks yaxtası! 29 iyun 2025-ci il tarixində!

Buradan bu nəticəyə gəlinir ki, yaxta və gəmi satışı üzrə ixtisaslaşmış saytların yaydığı “Moonlight II” yaxtasının satışa çıxarılması (yanvar ayında) və 6 ay sonra, yəni iyun ayında satışdan götürülməsi faktı təsdiqini tapır. Görünür kral ailəsi yaxtanı satmaqdan imtina edib və bu günə kimi Əl-Nəhyan ailəsinə məxsus olaraq qalır.  

Tural Sadıqlının saxtakar olmasını təsdiqləyən bu faktın aşkarlanması ilə araşdırmanı dayandıra bilərdik. Amma onun bir yalanla kifayətlənməyib, dayanmadan “saxta xəbər” istehsalçısı rolunda olmasından həzz aldığını nəzərə alaraq, digər faktları da göstəririk.  

2-ci yalan. “Moonlight II” yaxtasının 165 milyon dollar qiyməti var.

Bizim arayış: T.Sadıqlının digər yalanı yaxtanın qiyməti ilə bağlı söylədiyi rəqəmdir.

Əvvəla, yaxta və gəmi satışı saytlarında təxminən 2005-ci il və ondan sonrakı dövrdə istehsal olunan su nəqliyyatı növlərinin, konkret olaraq yaxtaların qiymətinin qeyd ediləndən çox-çox aşağı olduğunu görürük. Hətta 2025-ci il istehsalı olan yaxtaların qiymətinin 24-25 milyon dollardan yuxarı olmadığı məlumdur.    

Konkret olaraq “Moonlight II” yaxtasına gəldikdə isə, bu yaxtaya, yanvarda satışa çıxarılarkən 70 milyon avro qiymət qoyulduğu məlumdur. Görünür 2005-ci ildə istehsal olunan, 2 dəfə (2015 və 2020) kapital təmir edilən yaxtaya qoyulan bu cür yüksək qiymət alıcıları qane etmədiyi üçün satılmayıb.

3-cü yalan. Videoda T.Sadıqlı çəkinmədən yalan danışır ki, bu materiallar ona “etibarlı mənbələr”dən ötürülüb və bəzilərini isə araşdırıb tapıb.

Bizim Arayış.

Tam əminliklə bildiririk ki, özünə vloger deyən bu şəxsin göstərdiyi fotoları ona heç kim ötürməyib, aşağıda qeyd edəcəyimiz mənbələrdən götürüb.

Bir neçə müqayisəni təqdim edirik, digərlərinə göstərdiyimiz linklərdən (mənbə 1, mənbə 2) baxmaq olar:

Bu fotodakı bir məqama diqqət edək.

Fikir veririksə, hər iki fotoda uzaq panoramda Dubay şəhəri görünür. Əgər T.Sadıqlının iddia etdiyi kimi doğrudan da, ona bu fotolar “daxildən” göndərilibsə, necə ola bilər hər iki foto məhz eyni nöqtədən çəkilib? Yəni T.Sadıqlının “insayder”ləri saytda yayımlanan fotodakı məqamı necə məharətlə tuta biliblər və yaxud niyə məhz həmin fraqmenti təkrar çəkiblər?   

Onu da deyək ki, T.Sadıqlı paylaşdığı yalan dolu videonun şərh bölümünü bağlayıb. Görünür o, yalan danışdığının izləyicilərdə ciddi narazılıq doğuracağını və onların qınağına tuş gələcəyini əvvəlcədən bilib.

4-cü yalan. Bu şəxsin paylaşdığı digər videoda da təkrar olaraq “Moonlight II” yaxtasından danışılır, lakin bu dəfə Fransa sahillərinə yan aldığı bildirilir. O, çəkilişləri Nitsa şəhərindən etdiyini deyir.

Bizim arayış. Tural Sadıqlı məqsədi bizə bəlli olmayan səbəblərdən burada da yalan danışır. Belə ki, onun çəkdiyi video Nitsa şəhərindən deyil, Kann şəhər sahillərindəndir. Bunu sübut etmək üçün “geriyə axtarış” metodundan istifadə etmək kifayətdir:

Beləliklə,

- Tural Sadıqlı saxtakar və yalançı olduğunu bir daha sübut edir;

- Təqdim etdiyi yaxtanın Azərbaycana aidiyyatı yoxdur;

- Yalandan Azərbaycana məxsusluğu iddia edilən yaxtanın qiyməti də şişirdilib.

 

 

 

Oxşar məqalələr: