 
                                    
                                                                    
                                Bir neçə gün öncə “biraydabirdil” (@biraydabirdil) adlı türkiyəli bloger “Instagram”da "Azərilər yox, mənim qardaşım kürdlərdir" başlıqlı video paylaşıb. O, Azərbaycan xalqı barəsində təhqiramiz fikirlər səsləndirib, xalqımıza xas olmayan cəhətləri sadalayaraq, qarayaxma kampaniyası aparıb.
Videoda həmin şəxs bildirib ki, azərbaycanlılar mənim ölkəmin vətəndaşları deyillər, mənim qardaşım bu torpaqlarda çiyin-çiyinə yaşadığım, eyni çörəyi bölüşdüyüm kürdlərdir: “İllərdir bizə “azərbaycanlılar qardaşımızdır” nağılını danışıblar. Siyasətçilər bizə yalan danışıblar”.

Bu şəxs, eyni gündə özünün “TikTok” səhifəsində (@biraydabirdil) də azərbaycanlıları təhqir edib, “azərbaycanlıları heç sevmirəm” deyib. Azərbaycanlıların söyüşçül, dünyadan bixəbər olduqlarını iddia edən, bu şəxs, Türkiyədəki insanlara müraciət edərək “siz, sizə heç bir xeyri olmayan azərbaycanlılara “qardaşımız” deyirsiniz, amma sizinlə çiyin-çiyinə yaşayan kürdlərə ...” ifadələrini işlədib.
Faktyoxla Lab. bu şəxsin kimliyini araşdırıb.
Araşdırma zamanı müəyyənləşdirdik ki, bu şəxs “biraydabirdil” şüarı ilə guya 1 ayda insanlara 1 dil öyrətdiyini iddia edən, "Sir arthur rock" qondarma adı altında gizlənən Ertuğrul Kaya adlı şəxsdir.
Bu şəxs haqqında “Arthur rock” yazaraq axtarış verdiyimiz zaman 23 iyun 2023-cü il tarixində Türkiyə Respublikası vətəndaşı Sema Bağların yazmış olduğu şikayət ərizəsi ilə rastlaşdıq. Ərizədə qeyd olunur ki, Ertuğrul Kaya adlı şəxsin veb saytı, @arthurrocklangy- youtube kanalı və “Sirarthurrock” “Instagram” səhifəsi və “+905346379949” telefon nömrəsi ilə əlaqə saxlanıldıqdan sonra TR68 0011 1000 0000 0096 8147 90 bank hesab nömrəsinə 4900 tl pul köçürülüb. Dərslər başlasa da, göstərilən müddət ərzində Ertuğrul Kaya öhdəliklərini yerinə yetirməyib. Buna görə də şikayətçi “Sirarthurrock” qondarma adı ilə tanınan bu şəxsdən öz pulunu geri istəyir.

İnternetdə “Ertuğrul Kaya” adı “peşəkar xarici dil müəllimi” kimi təqdim olunur. İstanbulun Beylikdüzü rayonunda “Adnan Kahveçi məhəlləsi, Kalkan küçəsi 13/13” ünvanında yerləşən xarici dil kurslarında dərs dediyi qeyd edilib.
Bundan başqa, həmin şəxsin instagramda elə də aktivliyi sezilməsə də “Arthur rock”, “Sir arthur rock arabic”, “Arthur.rock.eng”, “Arthur.rock.nl”, “Arthur.rock.de” kimi səhifələri mövcuddur.
"Biraydabirdil" hesabında paylaşdığı bir ay içində dil öyrənməklə bağlı statuslarında qəribə istehzalı ritorikadan istifadə edən Ertuğrul Kayanın adına “Showturk” telekanalındakı "Dəvətsiz qonaq" verilişinin youtube kanalında rast gəlinir.
Çəkdiyi əksər videolar mübahisə yaratdığı üçün Ertuğrul Kaya haqqında sikayetvar.com-da xeyli şikayət toplanıb. Bunlar əsasən tədrisin Süni İntellektlə həyata keçirilməsi, pul köçürülməsindən sonra təlim reklamlarında qeyd olunan nömrəyə, yəni +908503050962 zəng çatmaması, pulun geri qaytarılmaması kimi problemlərdir.


 
 
Amma qeyd etməliyik ki, E.Kaya müxtəlif texniki vasitələrlə qeyd olunan şikayətlərlərdən bir çoxunu ya tez sıradan çıxarır, ya da yerinə “bot hesab”lar vasitəsilə "hər şey həll olundu", "assistentiniz zəng vurdu, problem yoluna qoyulub" kimi mesajlar daxil edilir. “Biraydabirdil” hesabında da bu bot hesabları barəsində də şikayətlər edir.


Bu şəxsin bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şirkət qeydiyyatdan keçirdiyi haqda özünün yazdıqları qeydlərə də rast gəlinir. “Biraydabirdil” hesabından başqa Ertuğrul Kaya “1aydazengin” adlı “tiktok” və “Instagram” səhifələrini yaradıb.
Hər dəfə çəkdiyi videolarda zəngin olduğunu, 20 dil bildiyini, bahalı restoranlarda yemək yediyini deyən Ertuğrul Kayanın Dubaydakı fəaliyyətini araşdırarkən maraqlı bir məqam diqqətimizi çəkdi. “1ayda1dil” və “1aydazengin” hesablarında tez-tez qırmızı rəngli lüks maşının qarşısında dayanaraq videolar çəkən Ertuğrul Kaya iddia edirdi ki, o, bu maşını öz halal zəhməti ilə alıb.


Araşdırma zamanı müəyyənləşdirdik ki, Ertuğrul Kayanın qarşısında video çəkdiyi qırmızı rəngli maşın “Quickwheelcar” (Asif Bilal) adlı “Instagram” səhifəsində kirayə verilən avtomobillərdən biridir.

İndi həmin maşınların nömrələrini tutuşduraq:

Bu fakt da onun yalançı və fırıldaqçı olmasını təsdiqləyən faktlardan biridir.
Bu şəxsin videolarını izləyərkən müəyyənləşdirdik ki, Ertuğrul Kaya videolarını Süni İntellektin verdiyi imkanlarla ərsəyə gətirir. Belə ki, Sİ-nin köməyi (heygen.ai və rask.ai) ilə istifadəçilər öz səsləri ilə hətta bilmədikləri dildə belə videolar çəkə bilirlər. Bu haqda bir çox youtuberlər izahlı videolar çəkib, izləyicilərə təqdim ediblər.

Ertuğrul Kayanın videolarını izlədikdə onun istifadə etdiyi aldadıcı “tryuk” asanlıqla aşkar edilir. Onun türk dilində danışarkən qəfil başqa xarici dillə davam etməsi Sİ-nin məhsuludur.
Azərbaycan haqqında çəkilən videoya aydınlıq gətirək.
Bu şəxs haqqında araşdırma apararkən müəyyənləşdirdik ki, Ertuğrul Kaya əslən Aksaray şəhərinin Ihlara rayonundandır. Ihlarada ermənilər yaşamayıb, amma burda yunan əsilli xristian əhali mövcud olub. Ertuğrul Kayanın qohumlarını araşdırarkən onun bir qohumunun İsmail Kayanın Azərbaycanda yaşadığını, əvvəllər Türkiyədəki Əziz Mahmud Xudai fondunun Azərbaycandakı tərəfdaşı olan Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən “Xosrov” İslam mədrəsəsində çalışdığını müəyyənləşdirdik. İndi də həmin şəxs Bakı şəhərində yaşayır. (Bu şəxsi qohumunun məsuliyyətsizliyi üzündən hədəfə gətirməmək üçün simasını gizlədirik)

Ertuğrul Kayanın bu qohumu ilə hər hansı əlaqəsinin mövcudluğu, mümkünlüyünü aradışdırmaq əlbəttə bizim səlahiyyətimiz daxilində deyil, amma biz öz növbəmizdə müəyyən edə bildik ki, Ertuğrul Kayanın bu addımı atmasının başlıca səbəbi onun aşırı fırıldaqçı olması ilə bağlıdır. O, bu addımı ilə Türkiyədə ona qarşı başlanan şikayət dalğasından özünü bir formada sığortalamaq istəyir.
Digər tərəfdən, onun bu hərəkətləri daha çox populizmə meylliliyi ilə də əlaqəli ola bilər. O, digərlərini aşağılamaqla, şəxsləri təhqir etməklə diqqəti özünə cəlb edib, gündəmdə qalmağa çalışır.
 
                 
                                                         
                                                         
                                                         
                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                         
                                                                        