Bəzi “iqtisadçılar” real statistika göstəricilərini dövlətin iqtisadi qurumlarının adından təqdim etməyə, inflyasiya rəqəmlərini şişirtməyə cəhd göstərirlər. AXCP-çi Nemət Əliyev və digər müxalif iqtisadçılar bu mövzuda Hesablama Palatasının adından çıxış edərək deyirlər ki, hökumətin rəsmi statistikası ilə HP-nın rəyi bir-birinə ziddir və inflyasiyanın artacağı gözlənilir. (İstinad olunub: Azadlıq qəzeti)
Faktyoxla Lab. bu iddianın nə dərəcədə real olub-olmadığını araşdırıb.
2021-ci ilin əvvəllərindən etibarən dünya bazarlarında başlanmış qiymət artımlarının bütün dünya ölkələrinə, o cümlədən də qlobal bazarın ayrılmaz üzvü olan Azərbaycana təsirləri müşahidə edilməkdədir. Bunun nəticəsində son 9 ayda bütün ölkələrdə istehlak qiymətləri indeksi bir neçə faiz-bənd artıb. Azərbaycanın yerləşdiyi region ölkələrində, MDB-də inflyasiya 6-11 faiz civarında qeydə alınmaqdadır. Bahalaşma beynəlxalq bazarın bütün iştirakçıları üçün xarakterik və qaçılmaz bir haldır və bütün ölkələdə bahalaşmalar baş verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə istehlak qiymətləri indeksi 5,2 faiz təşkil edib. (Mənbə: StatKom)
Birincisi, Hesablama Palatası hökumətin proqnozlaşdırdığı qiymət indeksini təkzib edən və 2022-ci ildə inflyasiyanın daha da artacağına dair rəy verməyib. Əksinə Palata rəyində qeyd edir ki, son bir ildə post-sovet ölkələri içərisində ən aşağı inflyasiya Azərbaycanda qeydə alınmaqdadır. Ölkəmizdə 2021-ci ilin yanvar-sentybar aylarında qiymət indeksi 5.2 faiz təşkil etdiyi halda Ermənistanda bu rəqəm 6,7 faiz, Belarusda 9,2 faiz, Qazaxıstanda 7,8 fazi, Rusiyada 6,1 faiz, Ukraynada 9 faiz təşkil edib. Yəni, ən aşağı inflyasiya Azərbaycanda müşahidə edilir. (Mənbə)
Bəs, növbəti ilin inflyasiya proqnozu necədir?
Məlumdur ki, inflyasiya göstəricisini pul-kredit siyasəti yürüdən dövlət qurumu – Mərkəzi Bank və iqtisadi proqnozları tərtib edən dövlət orqanı – İqtisadiyyat Nazirliyi elan edir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, növbəti ilin ortalarından başlayaraq inflyasiya tempi aşağı düşməyə başlayacaq və illik əsasda onun səviyyəsi 6-7 % intervalında olacaq. Sitat: “Dünyanın bir sıra beyin mərkəzləri, aparıcı mərkəzi bankları kimi MB-də proqnozlaşdırır ki, cari ildə inflyasiyanın sürətlənməsi bir sıra müvvəqqəti keçici və struktur amillərin bərabərsizliyindən irəli gəlir. 2022-ci ildə pul-kredit siyasətinin başlıca məqsədi infyasiya səviyyəsinin məqbul hədəf trayektoriyasına qaytarmaq və inflyasiyanın daxili amillərinin effektiv idarə olunması olacaqdır. Proqnoza görə 2022-ci ildə inflyasiya orta hesabla 4 %, 2023-cü ildə 3,3 %, 2024-cü və 2025-ci ildə isə ildə 3,2 % olacaq”. (Mənbə: Report.az)
Eyni zamanda, hökumətin 2022-ci ilə dair iqtisadi proqnozlarından da görmək mümkündür ki, gələn il istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən daha aşağı olacaq və təxminən 4 faiz təşkil edəcəkdir. (Mənbə: Maliyyə Nazirliyi)
Nəticə: AXCP-çi Nemət Əliyev və digər müxalif iqtisadçılar bu mövzuda Hesablama Palatasının adından manipulyasiya edərək dedikləri "hökumətin rəsmi statistikası ilə HP-nın rəyi bir-birinə ziddir” iddiası yalandır, Hesablama Palatası hökumətin proqnozlaşdırdığı qiymət indeksini təkzib edən və 2022-ci ildə inflyasiyanın daha da artacağına dair rəy verməyib.