Son günlər mediada Azərbaycana xaricdən gətirilən kərə yağının 1 kiloqramının yerli bazarda pərakəndə satış qiymətinin 20 manat, Rusiyaya isə irxac olunan yağın 1 kq-nın 11 manata satılması barədə xəbərlərə geniş yer almaqdadır. “Yeni avaz” saytının "facebook" səhifəsinin yaydığı məlumata görə, ötən il Azərbaycandan xarici ölkələrə 11 min 985 ton kərə yağı ixrac olunub. Sitat: “Kərə yağının 99,9 faizi və ya 11 min 977 tonu Rusiyaya göndərilib. 2023-cü ildə ixrac olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,7 dollar (9,7 manat) olduğu halda, ötən il bu məbləğ 6,5 dollar (11,1 manat) olub. Ötən ilin dekabr ayında yerli istehsal olan kərə yağının ölkə daxilindəki pərakəndə satış qiyməti 20,4 manat olub”.
İlk baxışdan bu məlumatla tanış olan oxucularda belə təəssürat yaranır ki, Azərbaycanda daxili bazarda satılan yağın qiyməti xaricə, daha doğrusu Rusiyaya göndərilən yağın qiymətindən 2 dəfə bahadır və bunun səbəbi yerli satış mərkəzlərinin qiymətləri süni şəkildə 2 qat artırmasıdır.
Faktyoxla Lab. bu məsələ ilə bağlı araşdırma aparıb.
2024-cü ildə Azərbaycanın xarici ölkələrdən idxal etdiyi kərə yağı və süddən hazırlanmış digər yağların həcmi, yəni çəkisi 29 min 611 ton təşkil edib. Statistik dəyər baxımından yağın qiyməti 173 milyon 604 min dollar olub. (mənbə)
Bir ton kərə yağının ölkəyə orta idxal qiyməti (173.604.000/29.611=5862) 5862 dollar təşkil edib ki, bir kq yağın orta idxal dəyəri təxminən 5,9 dollara bərabərdir. Məhsulun Azərbaycan pul vahidi ilə dəyəri 9,96 manat (təxminən 10 manat) təşkil edir.
Bu rəqəm kərə yağının Azərbaycanın gömrük ərazisində qeydə alınan orta idxal dəyəridir, pərakəndə satış üzrə xalis qiyməti deyil. Kərə yağı ölkənin gömrük qapısından daxil olduqdan sonra rüsum və vergilərə cəlb olunur. Müxtəlif mal nomenklaturası üzrə gömrük dərəcələri müəyyənləşib ki, bu rüsum və ödənişlər gömrük orqanının müvafiq elektron resurslarında öz əksini tapıb.
Bundan başqa, daşınma-logistika, anbar-saxlanma, yol vergisinə cəlb olunma, tədarükçü şirkətin xərcləri və s. məhsulun qiymətinin üzərinə əlavə olunur.
Yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tonuna görə ən azı 120-150 dollar nəqliyyat xərci sərf edilir. Yağın ticarət şəbəkələrinə paylanması, marketinqi, əməkhaqqı, sosial sığorta, elektrik enerjisi və s. xərclər məhsulun son qiymət əmsalına təsir edir. Bütün bu proseslər nəticəsində məhsulun gömrük və topdansatış anbarlarından market və mağazalara çatdırılması və pərakəndə satışa çıxarıldıqdan sonra mənfəət dəyəri üçün marja, yəni qazanc faizi əlavə edilir. Beləliklə, kərə yağının idxal orta qiyməti ilə son satış qiyməti arasında 80 faizə yaxın əlavə dəyər yaranır. Nəticədə malın son orta satış qiyməti 17-18 manata bərabər olur.
Yağın idxal gömrük qiyməti ilə son satış qiyməti arasındakı fərqin izahını indiyə qədər dəfələrlə kərə idxalçıları da mediaya bildirib. İdxalçı şirkətlərin arqumentlərində yağın qiymətini formalaşdıran bütün xərc portfeli çox açıq və sadə formada izah olunub.
Bütün bu qeyd edilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, kərə yağı da daxil olmaqla əksər qida mallarının gömrük zonasından ölkədəki son satış nöqtəsinə qədər dəyərində təxminən 50-80 faiz civarında əlavə xərc fərqi yaranır. Bu baxımdan xarici ölkələrdən Azərbaycana idxal edilən kərə yağının idxal gömrük zonasında bir kq-nın 9,9 manat olması, son satış nöqtəsində isə 17-18 manata satılması normaldır, bazar qanunlarına uyğundur.
İndi isə Rusiyaya ixrac edilən kərə yağının qiyməti ilə bağlı vəziyyətə aydınlıq gətirməyə çalışaq. 2024-cü ildə Azərbaycandan Rusiyaya ixrac edilən kərə yağının ixrac çəkisi 11,98 min ton, statistik dəyəri (orta ixrac dəyəri) 78,4 milyon dollar olub. (Mənbə)
Yağın çəkisi ilə qiymət dəyərini hesabladıqda bir kq məhsulun orta satış qiyməti (78,4 milyon/11,98 min ton = 6,54) 6,54 dollar edir. Bu, Azərbaycan manatı ilə 11,1 AZN deməkdir. Həmin qiymət ixrac edilən yağın ölkənin gömrük ərazisindən çıxış qiymətidir, yəni ixracın gömrük zonasına qədər olan dəyəridir.
Bura məhsulun daşınma, logistika, gömrük, vergi, saxlanma, tədarük, topdansatış bazalarına çatdırılması və oradan pərakəndə ticarət mərkəzlərinə təhvil verilməsi xərclərini nəzərə alsaq yağın qiyməti təxminən 30-40 faiz bahalaşmış olur. Bu halda, Azərbaycandan 11,1 manata alınan yağın son satış nöqtəsində qiyməti ən azı 15 manat təşkil edir. Rusiyanın 2024-cü il üzrə market və mağazalarda kərə yağının orta pərakəndə satış qiymətinə nəzər salsaq, eyni qiymət tarifini görə bilərik.
Belə ki, Rusiyada 2024-cü ildə kərə yağının qiymətləri müxtəlif aylarda dəyişib. İlin əvvələrində 834 rubl (14,5 AZN) olan məhsulun qiyməti sentyabrda orta bazar qiyməti təxminən 1022 rubl təşkil edib. Bu, Azərbaycan manatına çevrildikdə 17 AZN deməkdir.
Hətta ilin son aylarında Rusiyada kərə yağının qiymətlərində yenidən artımlar baş verib ki, bəzi satış məntəqələrində məhsulun dəyəri 1100 rubla qədər (18,4 manat) bahalaşıb.
Bu xüsusda onu da bildirək ki, dünyada ən iri yağ istehsalçılarından və ixracatçılarından biri olan Rusiyada kərə yağına birdən-birə kəskin tələbin artması və bunun müqabinində bahalaşmanın baş verməsi, nəticədə xarici ölkələrdən, o cümlədən Azərbaycandan yağ idxal etməsinin səbəbi Ukrayna ilə müharibə, daha dəqiq desək ölkənin südçülük və heyvandarlıq təsərrüfatı zəncirinin pozulmasıdır.
2024-cü ildə Rusiyaya kərə yağı idxalı 2023-cü illə müqayisədə 20 faiz artıb. “Rusprodsoyuz”un statistikasına əsasən, ötən il kərə yağının qiyməti də bahalaşıb ki, burada daşınma, logistika, qablaşdırma və digər komponentlər də öz təsirini göstərib. (mənbə)
Yeri gəlmişkən, bu, qiymət tarifləri 2024-cü il ərzində qeydə alınmış bazar dəyəridir. Ancaq dünya bazarında və Rusiyanın özündə 2024-cü ilin sonlarında kərə yağının qiymət artımları yenidən baş verdiyindən hökumət Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edərək məhsulun maya dəyərinə təsir edən ən mühüm amili – gömrük rüsumlarını azaltmağı xahiş edib. 2024-cü ilin dekabrında AİK Şurası Rusiya Federasiyası ərazisinə 25 min ton kərə yağının idxalına qoyulan rüsumları ləğv edib. Dekabrın 23-dən tətbiq edilən sazişin müddəti 2025-ci il iyunun 15-dək qüvvədədir. mənbə
Göründüyü kimi Rusiyada mağazalarda satılan kərə yağının 1 kq-nın qiyməti ilə Azərbaycanın ixrac gömrük zonasındakı qiymət arasında 60-70 faiz fərq var. Yəni, məhsulun orta gömrük ixrac dəyəri 11,1 manat olduğu halda, son pərakəndə satış qiyməti 17-18 manat təşkil edib.
Beləliklə, Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağının orta idxal dəyəri ilə Rusiyaya ixrac edilən kərə yağının orta ixrac dəyərini müqayisə etdikdə, arada ciddi fərq yaranmır, gömrük idxal dəyəri 9,9 manat, ixrac dəyəri isə 11,1 manat təşkil etmiş olur. Hətta Azərbaycan ixrac məhsulu 1 manat daha baha satılıb.
Azərbaycana idxal edilən kərə yağına gəlincə, ölkəmiz bu məhsulu Avstraliya, Yeni Zellandiya, Fransa, Niderland, Almaniya, Belarus, Türkiyə, İran və s. ölkələrdən gətirir. 2024-cü ildə kərə yağının dünya üzrə orta bazar qiyməti bahalaşıb. Bu məhsul 2024-cü ilin sentyabrında ən yüksək səviyyəyə çatıb. (mənbə)
Bahalaşmaya əsas səbəb süd emalçılarının kərə yağı və yağsız quru süddən (NDM) daha yüksək gəlirlə pendir istehsalına üstünlük vermələri və süd tədarükünü azaltmasıdır. Nəticədə ötən ilin əvvəllərindən başlayarq ilin sonuna qədər kərə yağı istehsalının azalması tendensiyası qeydə alınıb. (mənbə)
Yekun olaraq,
- Azərbaycandan Rusiyaya ixrac edilən kərə yağının qiyməti ilə daxili bazarda satılan məhsulun qiymətinin bu cür müqayisə edilməsi idxal-ixrac, bazar-marketinq-ticarət və s. məsələlərdən məlumatsızlığın əlamətidir;
- Azərbaycana əsas yağ tədarküçüləri olan ölkələrdən gətirilən və marketlərdə satılan kərə yağının qiyməti gömrük, daşınma, tədarük və s. bütün xərcləri nəzərə aldıqda orta satış qiyməti real bazar dəyərinə uyğundur;
- Qiymətlərdə müəyyən dövrlər üzrə baş verən artımların başlıca səbəbi isə əsas yağ istehsalçısı olan ölkələrdə və dünya bazarlarında qeydə alınan qiymət dəyişiklikləri ilə əlaqədardır;
- Bahalaşmaya əsas səbəb süd emalçılarının kərə yağı və yağsız quru süddən (NDM) daha yüksək gəlirlə pendir istehsalına üstünlük vermələri və süd tədarükünü azaltmasıdır.