“Azadlıq” radiosunun Azərbaycanda pambıqçılığın vəziyyətinə dair hazırladığı videosüjetdə qeyd edilir ki, 2015-ci ildə baş verən devalvasiyalardan sonra hökumət iqtisadi böhrandan çıxmaq üçün inkişaf məzmunlu sənədlər imzaladı. Söhbət 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”ndan gedir. Proqramda pambıq istehsalının 2022-ci ilədək 500 min tona çatdırılması əksini tapıb. Sitat: “Dövlət proqramı qəbul edilən zaman ölkəmizdə 207 min ton pambıq istehsal edilmişdi. 2022-ci ildə Azərbaycanda 322  min ton pambıq istehsal olunub ki, bu  da vəd edilən rəqəmdən 178 min ton azdır. 2023-cü ildə pambıq istehsalı bir qədər də azalaraq 276 min tona bərabər olub. Hökumət pambıq istehsalının artırılması ilə bağlı vədini yerinə yetirməyib və pambıqçılıq Dövlət Proqramında nəzərdə tutulan qədər inkişaf etməyib”.
Süjetdə, həmçinin iddia olunur ki, pambıq əkini ilə məşğul olanlara məhsulun alışı üçün əlverişli qiymət müəyyən edilmədiyindən əkinə maraq azalmaqdadır.

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Əvvəla həmin proqramın Azərbaycanda devalvasiyadan sonra yaranmış iqtisadi böhrandan çıxış yolu məqsədilə hazırlanması barədə deyilənlər heç bir arqumentə söykənmir. Çünki 2015-ci il devalvasiyası Azərbaycanın maliyyə və pul sektorunda bir sıra çətinliklər yaratsa da, iqtisadi böhran və tənəzzülə gətirib çıxaran kəskin fəsadlar baş verməyib.
Həmin Dövlət Proqramının qəbul olunduğu dövrdə isə Azərbaycanda iqtisadi böhran meyilləri tamamilə səngimişdi. Belə ki, devalvasiyanın baş verdiyi 2015-ci ildə ölkəmizdə əvvəlki ilə nisbətən 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin gəlirləri toplam olaraq 5,7 faiz, hər nəfərə düşən gəlirlər  4,5 faiz, orta aylıq əməkhaqqı isə 4,5 faiz artıb. Yəni, iqtisadi inkişafda gerilmə yox, müsbət dinamika baş verib. (istinad)

Qlobal neft bazarında qiymətlərin 4 dəfə ucuzlaşması həmin ildə Azərbaycanın valyuta ehtiyatlarına təsir göstərərək Dövlət Neft Fondunun (DNF) və Mərkəzi Bankın valyuta ehtiyatlarının əriməsinə səbəb olduğundan hökumət devalvasiyaya getməyə məcbur olub, ancaq yuxarıda da vurğuladığımız kimi bu, ölkə iqtisadiyyatına sarsıdacaq və böhrana səbəb olacaq təhlükəli iqtisadi duruma səbəb olmayıb. 2016-cı ilin yanvar ayının 26-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan iqtisadiyyatı neftin 4 dəfə ucuzlaşmasına baxmayaraq, öz sabitliyini qoruyub saxlayıb, bütün iqtisadi və sosial tədbirlərin icrası tam təmin edilib. Sitat: “Bizdə böhran yoxdur. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və inkişafımız dayanıqlı olacaq”.

Dövlət başçısının qeyd etdiyi bu əminliyi həqiqətən növbəti illərdə öz təsdiqini tamamilə tapdı. Belə ki, 2017-ci ildə ölkəmizdə ÜDM 0,1 faiz artıb. Həmin dövrdə qlobal bazarda neft böhranı ilə əlaqədar olaraq Azərbaycanın neft sektorunda əlavə dəyərin 5 faiz azalmasına baxmayaraq, qeyri-neft sektorunun artım tempi 2,7 faiz təşkil etməklə, ümumilikdə makroiqtisadi dayanıqlılığı tam təmin edib. Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib. istinad

Beləliklə, həmin illər ərzindəki mövcud maliyyə vəziyyəti bir daha onu təsdqiləyir ki, Azərbaycan iqtisadi böhran mərhələsini 2017-ci ildə tamamilə arxada qoymuşdu və öz sabit inkişaf yoluna daxil olmuşdu. Ona görə də, hökumətin böhrandan qaynaqlanan və ya cıxış yolu məqsədi güdən belə bir Dövlət proqramına ehtiyacı yox idi. 2017-ci ildə Prezidentin 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın əsas strateji hədəfi ölkədə yerli emal sənayesinin inkişaf etdirilməsi və xammala tələbatının yerli istehsal hesabına ödənilməsi, pambıq və ondan hazırlanmış məhsulların ixrac potensialının artırılmasına xidmət edirdi və proqramın qəbulu da zərurətdən doğmuşdur. Bu sənədin qəbul olunmasında ana hədəf aqrar sektorun əsas ənənəvi sahələrindən biri olan pambıqçılığın şöhrətini və iqtisadi qüdrətini özünə qaytarmaq, əməktutumlu bölmə kimi dayanıqlılığını təmin etmək və ölkənin iqtisadi potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalının təşviqindən ibarət idi.  

Yəni “Azadlıq” radiosunun iddia etdiyi kimi, pambıqçılığa dair hazırlanmış proqram hökumətin iqtisadi böhrandan çıxmaq üçün inkişaf məzmunlu sənədi deyil və bu proqramın 2015-ci il devalvasiyasının yaratadığı ehtiyac və tələbatlara heç bir aiddiyyatı yoxdur.

Bəs, Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində hansı addımlar atılıb və nə kimi dəyişikliklər baş veribdir?

Dövlət Proqramının icrasını təmin etmək üçün hazırlanmış Tədbirlər Planında nəzərdə tutulmuş prioritet istiqamətlərdən biri pambıqçılıq sahəsində dövlət dəstəyi ilə bağlıdır.
Həmin prioritet istiqamətə uyğun olaraq, hökumət pambıqçılıq sahəsində dövlət dəstəyi tədbirləri həyata keçirərək fermerlərə və pabmıq əkini ilə məşğul olan ailə təsərrüfatlarına davamlı subsidiyalaşmanı təmin edib. Proqramın icrasına başlandığı 2017-ci ildən sonra hər il davamlı olaraq pambıq subsidiyalarının dəyəri artırıldı. 2018-ci ildə emal müəssisələrinə təhvil verilən pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya, həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırıldı. nəticədə 2018-ci ildə istehsal əvvəlki ilə nisbətən 13,1 faiz artdı. mənbə

2019-2020-ci illərdə pambıq istehsalında artım daha da böyüyərək 300 min tonu ötdü. Belə ki, 2019-cu ildə yığımın həcmi 295 min tona, 2020-ci ildə ağır pandemiya ilində 321 min tona yaxınlaşdı.


Sonrakı illərdə hökumətin pambıqçılıqla məşğul olan təsərrüfatlara və fiziki şəxslərə subsidiyalarının məbləği daha da artdı. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə verilən subsidiyanın məbləği pambığın hər tonuna görə 100 manatdan 170 manata qaldırılıb.
Şuranın qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verilən pambığın hər tonuna görə subsidiya məbləği yenidən artırılaraq hər hektara görə, 180 manata, 2024-cü əkin il üzrə isə 180 manatdan 190 manata çatdrılıb.
Həmçinin, 2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri tərəfindən məhsulun fermerlərdən alış qiymətinin artırılmasına dair iki dəfə qərar qəbul edilib. Xam pambığın alış qiyməti hər tona görə mövsümün əvvəlində 50 manat və yığım ərəfəsində də 50 manat olmaqla, ümumilikdə, 100 manat artırılıb. Eləcə də pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün isə 700 manat olaraq müəyyənləşdirilib.

İkinci prioritetlərdən biri pambıqçılığın müasir texnika və avadanlıqlarla, keyfiyyətli pestisid və gübrə ilə təminatı idi ki, bu istiqamətdə də bütün zəruri hədəflərə nail olunub,  gücləndirilib. Normativlərə əsasən, 100 min ha. pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Təkcə 2022-ci ildə respublika üzrə pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3085 ədəd təşkil edib ki, bu da son illərdə maşın-texnika parkının 3 dəfədən çox artırılması deməkdir. 2022-ci ilin rəsmi statistik məlumatlarına əsasən, ölkədə 512 ədəd pambıqyığan kombayn mövcuddur. Hazırda pambıqçılıq təsərrüfatları üçün tələb olunan texnikanın sayı normadan çoxdur.

Üçüncü hədəf pambıqçılıq sahəsində sığorta mexanizmi yaradıldı ki, bu da pambıq əkən təsərrüfatların təbii fəalkətlər və digər hallarla üzləşdiyi zaman zərərlərinin dövlət tərəfindən qarşılanmasına səbəb olmaqdadır. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən, Aqrar Sığorta Fondu yaradılıb və bu qurum bitkiçilik məhsullarının, o cümldən də pambıq əkini ilə məşğul olan fermerlərin əkinlərinin sığortalanmasını həyata keçirməyə başlayıb. (mənbə) Bunun ardınca, Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli Qərarı ilə “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsindən sonra aqrar sığorta müqavilələrinin bağlanması prosesinə başlanılıb ki, bununla pambıq bitkisinin dövlət dəstəyi ilə tam sığortalanmasının təmin olunub.



Dördüncü hədəf
emal-tədarük komplekslərinin bərpası və yaradılması idi. Son 5 ildə bölgələrdə ən müasir emal müəssisələri yaradılıb, tədarük və emal imkanlarının artırılması məqsədi ilə pambıq qəbulu məntəqələrinin, emal zavodlarının yenidən qurulması təmin edilib. 2018-ci ildən fəaliyyətə başlayan “Azərpambıq ASK” MMC-nin tərkibində rayonlarda 14 emal və tədarük müəssisəsinin fəaliyyəti təmin edilib.

Beşinci prioritet
pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb olunmasının təşviqi ilə bağlı idi ki, bu sahədə də kifayət qədər məqsədyönlü işlər görülüb. Ən iri emal komplekslərindən biri olan və pambıqçılıq-tekstil zəncirinin mərkəzinə çevrilən Mingəçevir Sənaye Parkına 159 milyon manatdan çox sərmayə yatırılıb ki, onun böyük bir qismi pambıq ipliyi istesalat sahəsidir. (mənbə) Yeni sərmayələr hesabına bir çox rayonlarda yeni emal zavodları inşa edilib. Biləsuvarda “P-Aqro” MMC yaradılıb, Ağcabədidəki Pambıq İstehsalı Emalı Zavodunun istehsal gücü artırılıb və s.

Altıncı hədəf tədbiri iqtisadi baxımdan əsaslandırılmış səmərəli layihələrə xüsusi güzəştli kreditlərin verilməsindən ibarət idi. Bu istiqamət üzrə də ardıcıl olaraq maliyyə təminatları yaradılıb. Belə ki, proqramın icrasına başlandığı ilk ildə pambıqçılıqla məşğul olan 195 sahibkara 10,2 milyon manat güzəştli kredit verildi
Dövlət büdcəsindən ilk iki il ərzində pambıqçılığa dəstək məqsədilə xüsusi təyinatlı kənd təsərrüfatı texnikalarının alınmasına son iki ildə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

Yeddinci prioritet isə ixracın təşviqinin genişləndirilməsini nəzərdə tutur ki, bu istiqamətdə də əhəmiyyətli nəticələrə nail olunub. 2017-ci ildən başlayaraq pambıq mahlıcı, iplik pambıq, xam pambıq ixracı artmağa başlayıb. 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon təşkil edib ki, ixracda pambıq lifi 80,5 milyon dollar, pambıq ipliyi 24 milyon dollar təşkil edib. 2017-ci illə müqayisədə keçən il pambıq lifinin ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 49 faiz artıb.

2022-ci ildə dəyəri 3,05 milyard dolları təşkil edən qeyri-neft ixracında aqrar və aqrar sənaye məhsulları 912,4 milyon dollara bərabər olub ki, onun da 173,5 milyon dolları pambıq mahlıcıdır. Pambıq mahlıcı ixracda üçüncü yerdə qərarlaşıb
2023-cü ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 3,3 milyard dolları təşkil edib. İxracda aqrar və aqrar-sənaye məhsullarının dəyəri 969 milyon dollar olub. Həmin malların tərkibində isə lifi ixracı 122,7 milyon dollar, pambıq ipliyi 31,2 milyon dollar təşkil edib.
Beləliklə, son 5 il ərzində qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı ilk beşlikdə qərarlaşıb.

Digər hədəf göstəricisi yerli xammal hesabına tekstil sənayesinin inkişaf etdirilməsidir ki, bu sahədə də mühüm irəliləyişlərə nail olunub. Dövlət Proqramının həyata keçirilməsi sayəsində Azərbaycanda pambıqçılıq ənənələri bərpa olunub, idxaldan asılılıq azaldılıb, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşıbdır. “Gilan-Tekstil”, “Alyans Tekstil”, “Mingəçevir Tekstil” MMC, Bakı Tekstil Fabriki, Bakı Tikiş evi, “Bakıxanov Trikotaj” və digər müəssisələrinin xammal ehtiyatlarının təmin edilməsində yerli pambıq sənayesi əsas rol oynamaqdadır. istinad

Bütün bunlarla bərabər, Tədbirlər Planında əks edilmiş əsas tapşırıqlardan biri olan pambıq istehsalında yüksək göstəricilərin əldə edilməsi məqsədilə elmi yanaşmaların tətbiqi istiqamətində də mühüm addımlar atılıb. “Azərşəkər” MMC ilə “MKT İK” MMC arasında pambıq əkinlərində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində imzalanmış memoranduma əsasən, “MKT İK” MMC-nin fəaliyyət gösdərdiyi 15 rayonda 267 fermeri əhatə edən yeni layihə çərçivəsində toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlərin “Azərşəkər” şirkətinin tərkibindəki “Aqrolab” kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında həyata keçirilməsi təmin edilib. Nəticədə pambıqçılıqla məşğul olan müvafiq elmi tədqiqat müəssisələrinin və elit toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi və yüksək keyfiyyətli, tezyetişən və məhsuldar yeni pambıq sortlarının yaradılması işi optimallaşdırılmaqdadır. istinad

Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanda pambıq istehsalının artım tempi son 20 ildə digər kənd təsərrüfatı məhsullarının artım həcmlərindən geri qalmayıb, əksinə yüksəlib. Belə ki, 2003-2023-cü illər ərzində Azərbaycanda pambıq istehsalı 3,2 dəfə artaraq 99 min tondan 322,5 min tona çatıb. Eyni zamanda, ölkə üzrə pambığın məhsuldarlıq göstəriciləri də müqayisə olunan illərdə 2,1 dəfə artıb, 2003-cü ildə hər hektradan 15 sentner məhsul yığırıdısa, 2022-ci ildə bu rəqəm 30,9 sent/ha-ya qədər yüksəlib.

Bu illər ərzində ölkə ərazisində pambığın əkin sahələri genişləndirilərək 60 min hektardan 104,3 min hektara çatdırııb. 2003-2022-ci illər ərzində pambıq mahlıcı istehsalı 2,3 dəfə, pambıq ipliyi istehsalı 5,2 dəfə, pambıq parça istehsalı isə 6,8 dəfə artıb. istinad

Beləliklə, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin hər bir maddəsi üzrə işlər tam icra edilib. Nəzərdə tutulan 500 min istehsal hədəfinə çatmağı ləngidən əsas amil isə Azərbaycandan asılı olmayaraq fors-major hallar, o cümlədən kəskin iqlim dəyişiklikləri səbəbindən suvarma-tədarük təminatında yaranan problemlər, emal-ixrac müəssisələrinin qlobal bazar zəncirinin pozulması ilə əlaqədar rentabelliyinin aşağı düşməsi ilə bağlıdır. 

 
Azərbaycanın özündən asılı olmayan qlobal proseslər bir sıra hallarda istehsal-ixrac zəncirinin pozulmasına səbəb olur. Belə ki, 2023-cü ildə azərbaycanlı fermerlərin əsas ixrac bazarı olan Türkiyənin iplik istehsalı ilə məşğul olan Kahramanmaraşda fevralda baş vermiş dağıdıcı zəlzələ müəssisələri sıradan çıxardığından pambıq əkini və payızlıq tədarükü da azalmaya da səbəb olub

Göründüyü kimi

- “Azadlıq” radiosunun Azərbaycanda pambıqçılığın vəziyyətinə dair hazırladığı videosüjetdə iddia olunanlar, o cümlədən 2017-2022-ci illərə dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi, pambıqçılığın inkişaf etməməsi, həmçinin, pambıq əkini ilə məşğul olan təsərrüfatlara məhsulun alışı üçün əlverişli qiymət müəyyənləşməməsi barədə qeyd edilənlər həqiqəti əks etdirmir.

-“Azadlıq” radiosunun iddia etdiyi kimi, pambıqçılığa dair hazırlanmış proqram hökumətin iqtisadi böhrandan çıxmaq üçün inkişaf məzmunlu sənədi deyil və bu proqramın 2015-ci il devalvasiyasının yaratadığı ehtiyac və tələbatlara heç bir aiddiyyatı yoxdur.