AXCP Ali Məclisinin sədri, professor Nurəddin Məmmədli facebook səhifəsində yazdığı statusda qeyd edir ki, Azərbaycan hökuməti ölkənin kapitalını Gürcüstana yatıraraq bu ölkənin milli inkişafına sərmayə qoyur və bununla da böyük bir valyuta itirir. Sitat: “Gürcüstan Milli Statistika Komitəsinin məlumatına görə son bir ildə Azərbaycanın bu ölkəyə yatırdığı investisiya nə az, nə çox düz 31,5 dəfə artıb. Hazırda nəinki yüksək texnologiyalarla istehsal olunan mallar bir tərəfə, hətta daxili tələbatı ödəmək üçün ən adi mallar belə idxal olunur ki, bu da küllü miqdarda valyutanın itirilməsi deməkdir. Azərbaycanda iqtisadiyyatın korrupsiyalaşması və qanunların heçə sayılması səbəbindən xarici investisiyalar Gürcüstanla müqayisədə onlarla dəfə azdır”.

Faktyoxla Lab. N.Məmmədlinin iddiasının nə dərəcədə əsaslı olub-olmamasını araşdırıb.

İlk olaraq, Azərbaycandan bu ölkəyə kütləvi investisiya axınlarının baş verməsi barədə iddialara nəzər salaq.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlara əsasən, 2023-cü ildə bu ölkəyə birbaşa xarici investisiyalar 1 milyard 595 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 24% azdır. Belə ki, ötən il xarici investisiyalarda ən böyük payla - 392 milyon dollarla Böyük Britaniya yer tutub. İkinci yerdə 360,5 milyon dollarla Hollandiya, üçüncü yerdə 168,8 milyon dollarla Türkiyə dayanır. Bu 3 ölkənin ümumi sərmayələrdə payı 57,8% təşkil edib. Xarici investisiyalarda digər ölkələrin payı isə belədir: ABŞ - 153,5 milyon dollar, Rusiya – 87,6 milyon dollar, Malta - 80 milyon dollar, Azərbaycan  53,6 milyon dollar, Çin – 47,3 milyon dollar, Yaponiya - 45,5 milyon dollar, Qazaxıstan – 43,3 milyon dollar, Digər ölkələr – 162,7 milyon dollar. mənbə
Göründüyü kimi Gürcüstan iqtisadiyyatına yatırılmış 1,6 milyard dollara yaxın sərmayənin 53,6 milyon dolları və ya investisiya portfelinin cəmi 3 faizi Azərbaycanın payına düşüb. mənbə

Müqayisə üçün Gürcüstan iqtisadiyyatına 2022-ci ildə yönəlmiş investisiyaların dinamikasına və kapital qoyuluşlarında Azərbaycanın investisiyalarının məbləğinə də diqqət edək. Belə ki, 2022-ci ildə qonşu ölkəyə cəmi kapital qoyuluşları 2 milyard dollar təşkil edib. Sərmayə qoyuluşunda Böyük Britaniya 428,3 milyon dollarla birinci yerdə dayanır. İspaniya  367 milyon dollarla ikinci, ABŞ 163,9 milyon dollarla üçüncü, Hollandiya 145,7 milyon dollarla dördüncü, İrlandiya 120,9 milyon dollarla beşinci yerdə durur. Sonrakı yerlərdə Çin (108,5 milyon), Türkiyə (106,5 milyon), Çexiya (86,4 milyon), Rusiya (71 milyon), Yaponiya (68,7 milyon) qərar tutur. mənbə

Bu statistika da göstərir ki, Gürcüstanın investisiya qoyuluşları portfelində Azərbaycan 10-luq ölkələri sırasında yer almır və kapital yatırımlarında ən aşağı sıralarda dayanır və Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi illik kapital portfelinin çox cüzi bir hissəsini, 1 fazidən də az həcmini təşkil edir. Azərbaycanın bu ölkəyə yönəltdiyi sərmayələrin həcmi iqtisadiyyata yatırıllan cəmi sərmayələrin 0,4 faizinə bərabərdir. Belə ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına 20 milyard 296,6 milyon manat sərmayə yatırılıb. Bu dollar ifadəsi ilə 12 milyard dolar kapital qoyuluşu deməkdir. mənbə

Yəni, bu o deməkdir ki, Azərbaycan kapital qoyuluşlarının 0,4 faizlik hissəsini Gürcüstana yönəldib. Belə olan halda Azərbaycanın kapitalının Gürcüstana daşınması, öz iqtisadi sektorları üçün nəzərdə tutulan vəsaitlərin Gürcüstana yönləndirilməsi kimi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil.

Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayələri öz strateji maraqları, regional tranzit potensialını gücləndirmək, enerji ixracını şaxələndirmək, Yeni İpək Yolunun Orta Dəhlizində mövqeyini daha da möhkəmləndirmək məqsədilə yatırır. Son bir ildə Gürcüstana sərmayə qoyuluşunun artması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücünün və rentabelliyinin daha da artırılması ilə bağlıdır ki, bu da Azərbaycanın qlobal geoiqtisadi konseptinin tərkib hissəsidir. Azərbaycan Prezidenti Gürcüstanın baş naziri ilə görüşdə bəyan etmişdi ki, 2022-2023-cü illər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu nəqliyyat dəhlizinin inkişafına əlavə sərmayələr yatırmağı planlaşdırır, məqsəd BTQ dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon ton yükə çatdırılmasıdır. Yeni İpək Yolunun ən strateji dəhlizlərindən biri olan BTQ-yə yatırılan investisiyalar həm geosiaysi sərmayələrdir, həm də beynəlxalq tranzit daşınmalarında Azərbaycanın daha çox valyuta dividentləri qazanmasını təmin edən əsas meqalayihədir. Azərbaycan daha çox kapital qoymaqla, daha çox divident qazanmış olacaq. Bu sərmayələr Azərbaycana yaxın bir neçə ildə böyükhəcmli dividentlər qazandıracaq.

N.Məmmədli bunu dəyərləndirməkdə çətinlik çəkirsə burada günahı başqasında axtarmaq lazım deyil.

İddia 2. N.Məmmədlinin daxili tələbatı ödəmək üçün adi malların idxal olunması, külli miqdarda valyutanın itirilməsi barədə fikrinə də baxaq. Söhbət Gürcüstanla Azərbaycan arasında idxal-ixracdan, yəni valyuta itkisindən gedirsə, ölkəmiz yox, qonşu ölkə daha çox valyuta itirir.
Azərbaycanın xarici ticarət dövriyyəsində (ötən il əmtəə dövriyyəsi 51,2 milyard dollar olub) Gürcüstanın payı təxminən 1,6 faizə bərabərdir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 885 milyon dollar təşkil edib.

 
Əmtəə dövriyyəsinin 759,4 milyon dolları Azərbaycandan Gürcüstana ixrac, 126,1 milyon dollar isə qonşu ölkədən idxal olunan mallardır. Yəni, bu o deməkdir ki, Azərbaycan Gürcüstana 6,1 dəfə daha çox mal ixrac edib və valyuta axınında Gürcüstanın pulu bizim ölkəyə dəfələrlə çox gəlməkdədir.

(Dövlət Gömrük Komitəsi. Xarici ticarətin gömrük statistikası.2023-cü il. Səh 27-32).

Bu statistika hansı ölkənin daha çox mal-məhsul idxal etdiyini və valyuta itirdiyini açıq ifadə etməklə yanaşı, N.Məmmədlinin də bu sahədə savadının barometridir.

İddia 3. Nəhayət, AXCP Ali Məclisinin sədrinin Azərbaycanda iqtisadiyyatına yatırılmış xarici investisiyaların Gürcüstanla müqayisədə onlarla dəfə az olması barədə fikrinə də aydınlıq gətirək.
Gürcüstan iqtisadiyyatına son 28 ildə (1996-2023-cü illər) yatırılmış cəmi investisiyaların məbləği xarici valyuta ifadəsində 26,7 milyard dollar təşkil edib. Bu ölkəyə kapital qoyuluşları müstəqilliyin ilk illərində demək olar ki, sıfır səviyyəsində olub. 1996-2005-ci illər ərzində sərmayələrin illik orta həcmi isə 100-450 milyon dollar civarında qiymətləndirilir. Artım yalnız 2006-cı ildən sonrakı dövrə təsadüf edir və həmin illərdə il ərzində 1,1 -1,8 milyard dollar maliyyə yatırımları baş verib. Beləliklə, 28 ildə toplam investisiyalar 26,7 milyard dollar olub.

(National Statistics Office of Georgia. Foreign Direct Investments in Georgia for 1996-2023)

Azərbaycan iqtisadiyyatına isə son 30 ildə yatırılmış sərmayələrin həcmi 320 milyard dollardan da çox olub. Təkcə, 2003-2022-ci illər ərzində ölkəmizin iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard dollar təşkil edib ki, onun yarısı və ya  154,1 milyard dolları xarici investisiyardır.

 

Beləliklə, Azərbaycana yatırılmış birbaşa xarici sərmayələrin həcmi Gürcüstana yatırılmış investisiyaların həcmindən 6 dəfə çoxdur.

Bu təkzibolunmaz fakt və rəqəmlər N.Məmmədlinin Gürcüstana yatırılmış investisiyaların Azərbaycandan on dəfələrlə çox olması barədə ittihamının tamamilə saxta olduğunu təsdiqləyir. Bu gerçəklik yenə də cəbhəçi professorun bu sahədə savadının, müqayisə və mühakimə yürütmək qabiliyyətinin hətta orta məktəb şagirdindən də aşağı səviyyədə olduğunun bariz göstəricisidir.

Göründüyü kimi, N.Məmmədlinin Azərbaycan və Gürcüstan arasında sərmayələrin həcmi, ticarət dövriyyəsində üstün paya malik olma ilə bağlı fikirləri tamamilə əsassız və saxtadır.