Axtarış

Select theme:

“Azadlıq qəzeti" facebook səhifəsi” Hesablama Palatasının adından saxtakarlığa yol verib

“Azadlıq qəzeti" facebook səhifəsi” Hesablama Palatasının (HP) adına istinad edərək belə bir iddia irəli sürüb ki, 2025-ci il ötən 8 ayı ərzində büdcədə nəzərdə tutulmuş xərclərin 5 milyard manatı xərclənməyib. Həmin 5 milyard manatın istifadə olunmaması səbəbindən 55 layihə icra edilməyib. Həmin vəsaitlərin nəyə görə xərclənməməsi isə bəlli deyil.

Faktyoxla iddianın əsaslı olub-olmamasını araşdırıb.

Dövlət büdcəsinin 8 aylıq icrasına dair məlumatla tanış olmaqla büdcədə hansı həcmdə vəsaitin xərclənib-xərclənmədiyinə aydınlıq gətirməyə çalışaq.

Maliyyə Nazirliyinin (MN) rəsmi məlumatına əsasən, 2025-ci ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib ki, bu da 8 aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib. Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 8 ayı ərzində 23 milyard 725,9 milyon manat proqnoza qarşı 22 milyard 308 milyon manat məbləğində icra edilib ki, bu da ümumi göstəricinin 94 faizini təşkil edir. mənbə

Rəqəmlərdən göründüyü kimi cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 23 milyard 725,9 milyon manat proqnozlaşdırılmasına baxmayaraq, onun 22 milyard 308 milyon manat məbləğində olan hissəsi icra edilib. Yəni büdcə portfelində nəzərdə tutulan xərclərin (23.725,9-22.308=1.417,9) yalnız 1,4 milyard manat məbləğində olan hissəsi icra olunmayıb.
Xərclərin icra olunan və icra olunmayan hissəsi arasındakı fərq onu təsdiqləyir ki, qeyd edilən dövrdə “5 milyard manatın xərclənməməsi” barədə səslənən fikirlər tamamilə yalandır.  

“Azadlıq qəzeti” facebook səhifəsi”nin yalanını digər mənbə ilə də ifşa edə bilərik. Bunun üçün qəzetin istinad kimi əsaslandığı Hesablama Palatasının büdcənin icrasına dair açıqladığı rəqəmlərə diqqət edək və “xərclənməmiş 5 milyard manat” ifadəsinin hansı bölmə, yarımbölmədə və abzasda əks etdirildiyini axtramağa çalışaq.

Palatanın elektron resursunda yerləşdirilmiş “2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi”ndə büdcə xərclərinin istifadəsi bölməsində bu suala cavab tapmaq mümkündür. Həmin bölmədə (IV Bölmə. Dövlət büdcəsi xərclərinin təhlili. Səh 61) qeyd edilir ki, cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 24 milyard 668,2 milyon manat məbləğində icra edilib ki, bu da proqnozla müqayisədə 9,2 faiz, əvvəlki ilin icra göstəricisi ilə müqayisədə isə 2 faiz azdır.

Bu, 9 aylıq xərclərin icrasına dair məlumatdır, bizə isə 8 aylıq icra göstəriciləri lazımdır, ona görə də həmin ayların göstəricilərini izləyək. 8 ay üzrə xərclərin proqnoz və icrasına dair cədvəldən görünür ki, 2025-ci ilin yanvar ayında büdcənin xərc proqnozu 2.327,1 milyon, fevralda 2.961 milyon, martda 2.991,9 milyon, apreldə 2.912 milyon, mayda 3.003 milyon, iyunda 3.080 milyon, iyulda 3.311 milyon, avqust ayında 3.139 milyon manat vəsait xərclənib. Beləliklə, cəmi 8 ayda xərc proqnozu 23 milyard 725 milyon manat təşkil edib. mənbə

Bu, Maliyyə Nazirliyinin yuxarıda göstərdiyimiz statistikası ilə tam uyğundur. Yəni MN-nin 8 aylıq xərc proqnozu ilə Hesablama Palatasının rəsmi statistikasaındakı göstəricilər eynidir.
HP-nin xərclərin 8 aylıq icra göstəricilərinə diqqət edək. Cədvəldən görünür ki, yanvardan başlayaraq avqust ayına qədər olan dövrdə, yəni 8 ayda xərclər proqnozdan az və çox həcmlərdə icra edilib. Məsələn, yanvarda xərclər proqnozdan 0.5 faiz, fevralda 2,3 faiz, iyunda 10,5 faiz çox icra edilib. Yəni, büdcədə nəzərdə tutlduğundan daha çox pul xərclənib. Digər aylarda isə xərclər proqnozdan az icra edilib. Ümumilikdə, 2025-ci ilin 8 ayı ərzində isə toplam 22 milyard 308 milyon manat məbləğində xərc icra edilib. Proqnozla real xərcin icrası arasındakı fərq 1,4 milyard manat olub.
Maliyyə Nazirliyinin statistikasında da bu rəqəm 22 milyard 308 milyon manata bərabərdir.
Göründüyü kimi Hesablama Palatasının rəsmi statistikası ilə MN-nin statistikası tam üst-üstə düşür və büdcədə 8 ayda 1,4 milyard manat vəsaitin xərclənmədiyi məlum olur.
Beləliklə, “Azadlıq qəzeti” facebook səhifəsi”nin 8 ayda “büdcədə 5 milyard manat vəsait xərclənməyib” iddiası həm yalandır, həm də Hesablama Palatasının adından sui-istifadə etməklə bu quruma qarşı atılan böhtandır.

Bu xüsusda sual oluna bilər ki, bəs büdcədə 8 ay ərzində 1,4 milyard manat vəsait niyə artıq qalıb və xərclənməyib?

Büdcə prosesindən anlayışı olanlar bilir ki, büdcədə nəzərdə tutulan xərc tapşırıqları sifarişçi təşkilatlar tərəfindən müvafiq xərc sənədləri təqdim edilməklə yerinə yetirilir. Əməyin ödənişi və sosial təminat və digər xərclər istisna olmaqla, büdcədən ayrılan vəsaitlər dövlət satınalması və tenderlər vasitəsilə icra olunur. Bəzi təşkilatlar, əsas etibarilə büdcədən investisiya alan, tikinti, infrastruktur, iqtisadi fəaliyyət və s. sahələr üzrə vəsait əldə edən dövlət və özəl şirkətlər, hüquqi şəxslər satınalma və tender prosesləri üçün tələb olunan zəruri sənədləri gecikdirdiyindən onlar üçün nəzərdə tutulan xərc sifarişləri də növbəti aylara keçir. Bu səbəbdən büdcədə xərclərin icrası aylar üzrə artır və ya az olur. Bu çoxalma və azalmanı Hesablama Palatasının 8 aylıq xərc cədvəlindən də görmək mümkündür.
Ona görə də, əvvəlki aylarda icra olunmamış xərc tapşırıqları, o cümlədən 2025-ci ilin 8 ayında artıq vəsait kimi xəzinədə qalmış 1,4 milyard manat məbləğ sifarişçilərə aid “icrasını gözləyən xərclər” sayılır. Büdcə xərcləri ilin sonunda bağlandığından əvvəlki aylarda icra olunmamış xərc tapşırıqları da ilin yekununda tam bağlanır. Bu o deməkdir ki, 1,4 milyard manat vəsait də sifarişçi təşkilatların xərci kimi dekabrın sonuna qədər onların sərəncamına veriləcək və 100 faiz büdcə xərcləri təmin olunacaq.

Onu da qeyd edək ki, bəzən bu prosesi “profisit” hesab edərək, yanlışlığa yol verilir. Profisit icrası başa çatmayan layihələrə xərclənməyən vəsait deyil, profisit büdcədə bütün xərc maddələri təmin edildikdən sonra artıq qalan büdcə vəsaitidir.
Bundan başqa, büdcə sistemində “qənaət edilmiş vəsaitlər” anlayışı da mövcuddur. Beynəlxalq praktikada hər bir dövlətin büdcə zərfində il ərzində qənaət edilmiş vəsaitlərə rast gəlinir. Bunun da səbəbi büdcədə hansısa sahələr üzrə proqnozlaşdırılmış tədbirlərin təxirə düşməsi, yaxud növbəti ilə keçirilməsi, bir sıra layihələrin büdcədənkənar fondlar hesabına maliyyələşdirilməsi və s. hallar olur ki, nəticədə həmin pullar ehtiyat normalar kimi ilin sonunda büdcə kəsirinin bağlanmasına, xarici dövlət borcunun ödənilməsinə yönəldilir. Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə uyğun olaraq hesabat ili ərzində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətin Dövlət Büdcəsinin Ehtiyat Fonduna yönəldilməsi həyata keçirilir.

Bu baxımdan, büdcə xərclərində nəzərdə tutulmuş proqnozdan az vəsaitin xərclənməsi də büdcə qanunauyğunluqlarından biri hesab edilir.
Bütün bu fakt və arqumentlər bir daha onu əsaslandırır ki, “Azadlıq qəzeti” facebook səhifəsi”nin büdcədə 55 layihənin icra edilməməsinə görə 5 milyard manatın xərclənməməsi iddiası yalandır.  
Azərbaycanın dövlət büdcəsi isə Estoniya və İsveçin büdcəsi arasında aparılan müqayisələrə gəlincə, qeyd edilən səhifə bu məsələdə də açıq spekulyasiya edir.
Azərbaycanın dövlət büdcəsinin 2025-ci ildə gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat məbləğində təsdiq edilib. Büdcə zərfinin həcmi dollar ifadəsi ilə 24,5 milyard ölçülür.
Estoniyanın dövlət büdcəsinin gəlirləri isə 2025-ci ildə 18,5 milyard ABŞ dolları, xərcləri isə 19,1 milyard ABŞ dolları məbləğində təsdiq edilib.

 
Yəni Azərbaycanın dövlət büdcəsi Estoniyanın büdcəsindən 5,5 milyard dollar çoxdur. Göründüyü kimi bu cür müqayisəni ortaya atanlar bu məsələdə də qərəzli yanaşma sərgiləyirlər.
Səhifədə qeyd olunan digər müqayisə - İsveçə gəlincə, 1995-ci ildən Avropa Birliyinin (AB) üzvü olan və ərazisinin həcminə görə (450.295 km²) AB ölkələri arasında üçüncü yerdə qərarlaşan bu dövlətin 70-80 illik dayanıqlı bazar iqtisadiyyatı formalaşıb və birbaşa ABŞ-Avropa iqtisadi zəncirinin tərkib hissəsidir. Çoxşəbəkli tranzit marşrutları, liman daşınmaları, hidroelektrik malların ixracı, mədənçıxarma sənayesi, telekommuniksiya üzrə qlobal bazarda güclü xarici ticarət partnyorları (Almaniya, Böyük Britaniya, Danimarka, ABŞ, Norveç) qurmuş bu dövləti 20-30 illik liberal iqtisadiyyat qurmuş və müstəqilliyinin 29 ilini Ermənistanın işğal siyasəti nəticəsində üzləşdiyi ağır problemlərə həsr etmiş Azərbaycanla müqayisə etməyin heç bir məntiqi izahı ola bilməz.

Nəticə

- “Azadlıq qəzeti” facebook səhifəsi”nin büdcə ilə bağlı irəli sürdüyü iddialar heç biri fakta, tutarlı arqumentlərə, göstəricilərə əsaslanmadığından manipulyasiya məqsədi daşıyır;

- Hesablama Palatasının büdcənin icrasına dair açıqladığı rəqəmlərdə “xərclənməmiş 5 milyard manat” ifadəsi yoxdur, bu rəqəm 1,4 mlrd manatdır;

- 2025-ci ilin 8 ayında artıq vəsait kimi xəzinədə qalmış 1,4 milyard manat məbləğ sifarişçilərə aid “icrasını gözləyən xərclər”dir;

- Səhifə Estoniyanı misal gətirməklə təkrar saxtakarlığa yol verib.

 

Oxşar məqalələr: