REAL partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Dövlət Neft Fonduna daxil olan vəsaitlərin israfcala xərclənməsi barədə açıqlama verib. Onun fikrincə neftdən daxil olan gəlirlər hökumətin xərclərini ödəyə bilmir və bu səbəbdən Dövlət Neft Fonduna (DNF) daxil olan vəsaitlər “əriyir”. Sitat: Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 milyard 589 milyon 701,9 min manat, xərcləri isə 12 milyard 789 milyon 674,6 min manat məbləğində təsdiq edildi. Artıq bir neçə ildir ki, Neft Fondu qazandığından artıq xərcləyir, bu o deməkdir ki, gələcək nəsillər üçün "təhlükəsizlik yastığı" rolu oynamalı olan Neft Fondunu bizim nəsil, hökumətin  bacarıqsızlığına və buna bizim nəslin göz yumduğuna görə yeyib-bitirir. Bizim nəsil öz üzərinə düşən məsuliyyəti hiss etmir, normal sistem qurmaq istəmir, nəticədə gələcək nəsillərin şansını da əllərindən alıb "yeyirik».


N.Cəfərlinin bu iddiası nə dərəcədə əsaslıdır, həqiqətənmi dövlət neft-qaz satışından daxil olan valyuta rezervlərini xərcləyib qurtarmaqdadır? Faktyoxla Lab. bunu araşdırıb.

Əvvəla, proqnoz yekun və dəyişməyəcəyi 100 faiz təminat verilən iqtisadi göstərici deyil, proqnoz nisbi xarakter daşıyır və artma-azalma tendensiyasına əsaslanır. Ona görə də, istənilən sahə ilə bağlı proqnozların dəyişməsi labüddür və bunu istər neft, istərsə də qeyri-neft gəlirlərində görmək mümkündür. Yəni, ölkənin iqtisadi potensialının artım gücünə münasib olaraq neft və yaxud qeyri-neftlə bağlı proqnozların dəyişməsi hər maliyyə ilinin sonunda baş verə bilər və verir də. Bunu 2020-ci ilin yekun maliyyə ilində və hazırda 2021-ci ilin 11 aylıq iqtisadi göstəriciləri əsasında təsdiq edə bilərik.
2020-ci ildə dünyada baş verən ağır pandemiyanın zərələrinin neft tədarük edən ölkələrə, o cümlədən Azərbaycana təsirləri hər kəsə bəllidir. Ötən ilin mart ayından etibarən dünyada neftin kəskin şəkildə ucuzşalması və 20 dollara qədər enməsi Azərbaycanın neft gəlirlərinə mənfi təsir etdi. Bütün bu ağır təlatümlərə baxmayaraq, Dövlət Neft Fondu büdcə qarşısında bütün xərclərini tam yerinə yetirdi. 2020-ci ildə büdcənin icrasına dair göstəricilərə diqqət etsək aydın olur ki, neft və qeyri-neft sektorları üzrə daxilolmalar ağır pandemiya ilində cəngiməyib. Maliyyə Nazirliyinin hesabatına əsasən, 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. 2020-ci  ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri  isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra olunub. Dövlət Vergi Xidməti büdcəyə 7 milyard 387 milyon manat, (197 milyon manat çox), Dövlət Gömrük Komitəsi 3,8 milyard manat (108 milyon manat çox) Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 faiz və ya 12 milyard 200 milyon manat həcmində olub. (Mənbə)

Büdcədə neft transfertlərini tam şəkildə icra edən Dövlət Neft Fondu neft qiymətlərinin 3,5 dəfə ucuzlaşmasına və büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına Neft Fondunun aktivlərinin həcmində artımı təmin etdi. Yəni, Fondun valyuta ehtiyatlarının sabitliyi və dayanıqlığı qorundu. 2021-ci il yanvarın 1-nə Fondun aktivləri ötən ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,56 faiz artaraq 43 milyard 564,3 milyon dollara çatdı. Həmçinin, 2020-ci ildə qızıl ehtiyyatlarını 0,6 ton artıraraq 101,8 tona çatdırmağa nail oldu. (Mənbə)


2021-ci ilin yanvarında 43,5 milyard valyuta rezervləri olan DNF-nin yanvar-sentyabr ayları ərzində, yəni cəmi 9 ayda 700 milyon dollar yenidən artaraq 44 milyard 226,4 milyon ABŞ dolları təşkil edib. Artım Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. (Mənbə)

İndi Natiq Cəfərlinin açıqlamasına bir daha diqqət edək. Düşünürük ki, müxalif  fikirli olsa belə, gərək iqtisadçı rəqəmlərə, faktlara istinadən fikir yürütsün. Açıqladığımız rəqəmlərdən də görünür ki, hazırda DNF-nin gəlirləri daha əhəmiyyətli həcmlərdə artmaqda və xərclərini üstələməkdədir. Dövlət Neft Fondunun 2021-ci ilin ötən müddətdəki büdcə gəlir və xərclərinə diqqət etməklə bunu çox asanlıqla görmək mümkündür.

Məlum olduğu kimi DNF-nin cari ildə gəlirləri 8 milyard 169,1 min manat, xərcləri isə 12 milyard 249 milyon 435,5 min manat məbləğində təsdiq edilibdir. (Mənbə)

İndi gəlin diqqət edək, 2021-ci ilin ötən 11 ayında DNF-nin gəlirləri nə qədər olub, xərcləri nə qədər?

2021-ci ilin yanvar-noyabr aylarında Neft Fondunun təkcə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və kondensat satışından qazancı 5 milyard 550 milyon dollar təşkil edib. Yəni, milli valyuta ilə hesabladıqda, təxminən 9,4 milyard manat gəlir qazanıb. Halbuki yuxarıda da vurğuladığımız kimi DNF-nin 2021-ci il üzrə gəlirləri 8,1 milyard manat təsdiq edilib. Hələ ilin başa çatmasına bir ay qalmasına baxmayaraq, DNF proqnozlaşdırıldığından 1,3 milyard manat çox gəlir əldə edib. Bu isə onu deməyə əsas verir ki, 2021-ci ilin dekbar ayında mənfəət nefti və qazın satışı, aktivlərinin idarə edilməsi, bonus və s. sahələrdən də gəlirləri nəzərə aldıqda DNF-nin 2021-ci ilin maliyyə ilinin yekununda xalis qazancı 6,5 milyard dollara çatacaq. Yəni, 11 milyard manat.
İndi isə gələk xərclərə, Neft Fondu 2021-ci ilin yanvar-sentyabr ayları ərzində, yəni ilin 3 rübündə xərcləri 7,3 milyard manat təşkil edib. Aya təxminın 800 milyon manat. Cari ilin ötən 9 ayı ərzində büdcəyə pul köçürən fiskal orqanlar arasında Dövlət Vergi Xidməti xüsusu fəallıq göstərib, 6 milyard 354,4 mln. manat vəsait ödəyib ki. bu da proqnozdan əlavə 1 milyard 66,7 mln. manat çox vəsaitdir. Dövlət Gömrük Komitəsi də dövlət büdcəsinə 3 milyard 193,2 mln. manat ödəməklə proqnozdan əlavə 352,2 mln. manat çox ödəniş aparıb. Demək, vergi və gömrük büdcəyə birlikdə 1,4 milyard manatdan artıq vəsait mədaxil edib. Bundan başqa, büdcəyə dövlət əmlakının icarəyə verilməsindən 11,5 milyon, ödənişli xidmətlərdən 80,2 milyon, sair daxilolmalar üzrə 162,1 milyon manat daha çox pul daxil olub. (Mənbə)


Göründüyü kimi büdcənin qeyri-neft gəlirləri təxminən 1,8 milyard manata yaxın artıq icra edilib. Nəticədə, qeyri-neft fiskal yığımlar bu həcmdə artığından neft transfertlərinə, yəni Dövlət Neft Fondunun büdcə xərclərinin tam həcmdə ödənilməsinə də ehtiyac qalmayıb. Beləliklə, Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertlərin azalmasına səbəb olub. Bu da vurğuladığımız kimi qeyri-neft gəlirləri 1,8 milyard manata yaxın çoxaldığından Neft Fondunun xərclərini əvəzləyib.

Yeri gəlmişkən, 2021-ci ilin 11 ayı ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub, proqnoza 21 faiz artıq əməl edilib. Yəni, büdcəyə vergi daxilolmaları 1,1 milyard manat çoxdur. (Mənbə)

2021-ci ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 9,8 faiz artaraq 3,937 milyard manata bərabər olub. Yəni tək gömrük orqanları dövlət büdcəsinə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürüb. (Mənbə)

Beləliklə, vergi-gömrük ilin başa çatmasına hələ 1 ay qalmış, öz planlarını tam icra etməkdən əlavə, birlikdə 1,5 milyard manat vəsaiti təmin ediblər. Digər büdcədənkənar ödəmələr də təxminən 11 ayda 300 milyondan çox olub. Demək, 2021-ci ilin yekununda büdcədə nəzərdə tutulan proqnozdan əlavə 1,9 milyard manata yaxın qeyri-neft gəlirləri olacaqdır ki, bu da neft transfertlərinin azalmasını labüd edir. Daha dəqiq desək, büdcədə lazımı qədər vəsait təmin edildiyindən, Neft Fondunun qarşısına qoyulmuş 12,2 milyard manat transfertin ödənilməsinə lüzum qalmayacaq. Fondun xərcləri azalmış olacaqdır.


Beləliklə, 2021-ci ilin sonunda Neft Fondunun gəlirləri proqnozlaşdırılandan 3 milyard manat çox, xərcləri isə 1,5-1,8 milyard manat az gözlənilir. Halbuki Fondun 2021-ci il büdcəsi 4,2 milyard manat kəsirlə təsdiq edilib. Proqnozdan fərqli olaraq icra göstəricisi təsdiq edir ki, DNF-nin gəlirləri xərclərini üstələyir.
Bütün bu gerçək iqtisadi mənzərə isə onu deməyə əsas verir ki, Neft Fondu ili əhəmiyyətli qazancla başa vurmuş olacaq. DNF-nin gəlirlərinin artımı strateji valyuta rezervlərinin həcminin 45 milyardı ötməsinə səbəb olacaq.

Bir daha Natiq Cəfərlinin fikirlərinə qayıdaq. Müxaliffikirli iqtisadçıdan  soruşmaq lazımdır, Neft Fondu qazandığından artıq xərcləyir, ya bəlkə əlavə ehtiyatlar toplayır? Neft gəlirləri xərclənib qurtarır, yoxsa, Fondun rezervlərində artaraq gələcək nəsillər üçün etibarlı maliyyə mənbəyi kimi əhəmiyyətini möhkəmləndirir.
Burada bir məqama da nəzər salmaqda fayda vardır, Dövlət Neft Fondu ay ərzində təxminən 700-800 milyon dollar vəsaiti valyuta hərraclarında sataraq büdcəyə transfert etmək gücündədir. Noyabr ayı ərzində valyuta hərraclarında 853,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, da o deməkdir ki, DNF-nin ölkədə valyuta tələbini təmin etmək üçün gəlirləri tam kifayət edir. (Mənbə)

Yeri gəlmişkən, valyuta hərraclarında aylıq dollar tələbi adətən 500-550 milyon manatı ötmür. İlin son aylarında, noyabr-dekabrda iqtisadi fəallığın və xarici iqtisadi ticarət subyektlərinin adətən ilin sonlarında daha çox valyuta tələbi yarandığından hərraclarda da dollar satışı əsasən son 2 aya təsadüf edir, ondan əvvəlki aylarda bu rəqəm 550 milyonu ötmür. Məsələn, oktyabr ayı ərzində valyuta hərraclarında 539 milyondan çox dollar satılmayıb. (Mənbə)

Beləliklə, heç kim tam zəmanət verə bilməz ki, 2022-ci ildə Neft Fondunun gəlirləri 10,5 milyard manat olacaq. 2021-ci ildə bu rəqəm 11 milyarda yaxınlaşırsa, gələn il həm neft ixracının artması, həm də TAP kəməri ilə qaz həcminin artmasının müqabilində DNF-nin neft-qaz satışlarından əldə etdiyi mənfəətin məbləğinin də yüksəlməsi gözləniləndir. Onu da nəzərə alsaq ki, artıq qlobal bazarlarda investisiya alətləri və daşınmaz əmlak bazarları, eləcə də bank bazarlarının sabitləşməsinə və fəallaşacağına dair nikbin ümidverici gözləntilər var, belə olan halda Neft Fondunun investisiya portfelindəki aktivlərin idarə edilməsindən 3 milyarddan artıq gəlir əldə edəcəyi şübhə doğurmur. 


Onu da nəzərə almaq lazımdır ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində deyilir ki, 2022-ci ildən sonrakı illərdə neft gəlirlərinin payı hər il azalacaq və 2025-ci ildə büdcədə əsas yük qeyri-neft sektorunun üzərinə düşəcək. Yəni, Neft Fondunun transfertləri azalmağa doğru gedəcək və neft ehtiyatları da böyüyəcək.
2022-ci ildə də DNF-nin gəlirlərinin artımı fonunda xərclərin azalması baş verəcəkdir. Çünki bunu özünü tamamilə doğrultmuş iqtisadi təcrübədən və büdcə-fiskal məntiqi ilə yanaşaraq tam qəti şəkildə təsdiq etmək mümkündür. Ən mühüm faktor isə bundan ibarətdir ki, 2020-ci ildə ağır pandemiya dövründə ehtiyatları azalmayan Fondun bundan sonrakı optimist neft satışı periodunda, üstəlik də, 2022-ci ildən etibarən Avropaya nəql edilən qaz ixrac həcmlərinin yüksəlməsi fonunda DNF-nin gələcəkdə gəlirləri və rezervləri daha çox artmış olacaqdır. 

Nəticə: N.Cəfərlinin “gələcək nəsillərin payı yeyilir” fikri qeyd edilən arqumentlərdən sonra olduqca məntiqsiz görünür və heç bir iqtisadi əsası olmayan iddiadır.