Artak Beqlaryan adlı erməni istifadəçi 13 yanvar 1990-cı ildə Bakıda baş vermiş hadisələrlə bağlı (onlar “Bakı pogromları” adlandırırlar) tvit ataraq özünəməxsus şərh vermiş və 4 foto paylaşmışdır.
Faktyoxla Lab. erməni istifadəçilərin “Bakı talanları” (pogromları) adlandırdıqları bu hadisələrə bir daha aydınlıq gətirib, fotoların həqiqiliyini yoxlayıb.
Öncə 13-15 yanvar 1990-cı ildə Bakıda baş verən hadisələr haqda.
Əgər 1987-ci ildə SSRİ-nin çöküşünün təməli qoyulmuşdusa, 1988-ci il Sovetlər Birliyinin tabutuna ilk mismarların vurulması hadisələri ilə yadda qaldı. Mütəxəssislər hesab edirlər ki, SSRİ-nin çöküşünün başlandığı 1988-ci ildə ölkə ərazisində 20-yə qədər münaqişəli ərazilər var idi. Bunlardan ən səs-küylüsü “Dağlıq Qarabağ”ətrafında başlanmış müzakirələr idi. (Александр Яковлев. Перестройка: 1985—1991. М., Международный фонд «Демократия», 2008. С.182). 1988-ci ilin fevralında Dağlıq Qarabağ muxtar vilayətində separatçı meyllərin açıq müstəviyə keçməsi və xüsusilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət sovetinin qərarı gərginliyi son həddə çatdırdı. Stepanakertdəki (Xankəndi) hadisələri qiymətləndrərkən Sov İKP MK-nın Baş Katibi Qorbaçov Siyasi Büronun iclasında etiraf edirdi ki, “impuls Ermənistandan gəlir”. (Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.89). Lakin bu “impulsun” qarşısını almaq üçün praktiki olaraq heç bir iş görülmür, hətta Moskva tərəfindən ermənilərin separatçı tələbləri bəzən “aşkarlıq və plüralizm şousunda” himayə edilirdi.
İlk olaraq 1988-ci ilin fevral ayının 28-də Sovet xüsusi xidmət orqanlarının birbaşa təşkilatçılığı və idarəçiliyi ilə Sumqayıt hadisələri baş verdi. Bu hadisələrdə 26 erməni və 6 azərbaycanlının qətlə yetirilməsi (iğtişaşları milliyyətcə erməni Eduard Qriqoryan təşkil edib, yönəltdiyi faktlarla sübut olunub) milli qarşıdurmaları barışmaz müstəviyə yönəltdi.
Həmin ilin payızında Ermənistan SSR-dən qovulmuş azərbaycanlı qaçqınlara Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən qovulmuş azərbaycanlı qaçqınlar da əlavə olundu. (həmin hadisələr zamanı Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc vətəndaş qətlə yetirilmişdi). Qaçqın dalğası altında respublikanı xaos bürüdü. 1989-cu il dekabr ayının 1-də Ermənistan Ali Sovetinin “Dağlıq Qarabağın Ermənistan SSR-yə birəşdirilməsi haqqında” qərar qəbul etməsi Azərbaycanda vəziyyəti Sovet orqanlarının nəzarətindən çıxardı.
Dekabr ayının 31-i axşamı isə Araz çayı boyunca 137 km-lik məsafədə SSRİ-nin İranla Azərbaycandan keçən sərhəd qurğuları dağıdıldı. Arazın hər iki sahilində yaşayan azərbaycanılar çayı keçərək görüşdülər. Maraqlıdır ki, tam heyətdə xidməti yerində olan sərhəd qoşunları baş vermiş hadisəyə biganə qaldılar və Azərbaycan SSR tərəfindən İranla sərhəd xəttinin dağıdılmasına müdaxilə etmədilər.
Münaqişə başlayandan bəri Ermənistanda azərbaycanlıların yaşadığı 185 kənd dağıdılmış, qovulan əhalinin sayı 230 min nəfər çatmış, 31 min yaşayış evi, 165 kolxoz və sovxoz qarət edilmiş, əsasən Quqark və Masis rayonlarında 216 nəfər azərbaycanlı öldürülmüş, 1154 nəfər yaralanmışdı.
Sov.İKP MK katibi Andrey Girenko Bakıya gələn kimi 1990-cı il yanvar ayının 6-da respublika partiya təşkilatında müşavirə keçirir və Moskvanın mövqeyini açıqlayır. Elə həmin gün Mərkəzi Komitədəki müşavirə ilə eyni vaxtda, Azərbaycan SSR Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli III konfransı işə başlayır. Əbülfəz Əliyev (Elçibəy) başda olmaqla əsasən hərəkat daxilindəki liberal düşərgəni təmsil edən 14 nəfərdən ibarət yeni idarə heyəti seçildi. Lakin hərəkat daxilində olan radikal xəttin tərəfdarları bununla razılaşmır və yanvarın 13-də keçirilən mitinqdə Milli Müdafiə Şurasının yaradıldığı haqqında məlumat elan edilir. Şuranın sədri Əbülfəz Elçibəy olsa da qalan 4 üzvü (Etibar Məmmədov, Nemət Pənahov, Xaliq Bahadur, Rəhim Qazıyev) bilavasitə radikallardan ibarət idi. “Bu mahiyyəti etibarilə paralel hakimiyyət strukturu elan etmək idi. O, öz üzərinə erməni təcavüzünə silahlı müqavimət göstərməklə yerlərdə şəraitə nəzarət etməyi götürmüşdü”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.166).
Mitinqin gedişində Bakıda erməni talanlarının başlandığı və hakimiyyət orqanlarının, xüsusilə milis orqanlarının hadisələrə müdaxilə etmədikləri barədə məlumatlar yayılır. Talanlar başlandıqdan sonra SSRİ Daxili işlər nazirinin Bakıda olan müavini Liskauskas, Daxili qoşunların Bakıda yerləşdirilmiş 12 min şəxsi heyətindən talançılara qarşı istifadə edilməsinə icazə vermədi və ona qarşı deyilən tənqidlərə çox qısa olaraq belə cavab verdi: “Məsələni Moskva ilə həll edin. Qayda-qanun yaratmaq üçün mənə əmr və əlavə qüvvələr lazımdır”.( Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.276).
Yanvarın 13-dən 14-nə keçən gecə baş vermiş hadisələr zamanı erməni millətindən olan 32 nəfər qətlə yetirilmişdi. Hakimiyyət orqanlarının, xüsusilə, daxili qoşunların Bakıda olan hissələrinin qətllərin qabağını almağa heç bir cəhd göstərməməsi Moskvanın hansısa niyyətindən xəbər verirdi. “13 yanvar 1990-cı il axşam və 14 yanvar 1990-cı ilə keçən gecə Bakı şəhərinin ayrı-ayrı yerlərində şəhərin erməni əhalisinə qarşı zor işlədilməsi halları olmuşdur. Növbəti gün ərzində də kiçik miqyaslı cinayətlər olmuşdur. Rəsmi məlumatlara görə, iki gün ərzində 32 erməni öldürülmüşdür. Azərbaycanlılar arasında da qurbanlar var. …Faktların ilkin araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan xüsusi adamlar tərəfindən törədilmişdir. Bu, həmin adamların qabaqcadan hazırlandığını göstərir. Bəs onların arxasında hansı qüvvələr dayanır, təşkilatçı kimdir?” (Balayev Aydın, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər. Bakı, 2000. S.56-57). Hadisələrin Bakıda fövqəladə vəziyyət elan etmək istəyən qüvvələrin gizli əli ilə təşkil olunduğu bir fakt idi.
Beləliklə, Bakıda kütləvi talanlar baş verdi, qətllər, qarətlər törədildi. Şəhərdə başıpozuqluq, hərc-mərclik höküm sürürdü. Bütün bunlar sonrakı günlərdə - yanvar 18-19-da səngidi, tamamilə dayandı. Bu vəhşilik, zorakılıq, ölüm, qarət həmin vaxt Bakı şəhərində yerləşən SSRİ Daxili İşlər Nazirliyinin qoşunlarının, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin gözü qarşısında baş verirdi. Bütün bunlar məkrli bir oyundan xəbər verirdi. Hakimiyyət strukturları, güc nazirlikləri bu talanı, dağıntını, xaosu yalnız seyr etməklə kifayətlənirdi. Moskvaya göndərilən axın-axın məlumatlarda Bakıda vəziyyətin idarəolunmaz xarakter aldığı göstərilir, kömək istəyirdilər. Əslində, bunun bir məqsədi vardı: Bakıya qoşun yeritmək...
Yanvarın 19-u gecə saatlarında xalqdan xəbərsiz Bakıda fövqəladə vəziyyət elan edilir və yanvarın 20-i Bakıda kütləvi insan qətli törədilir. Bütün bunlar onu deməyə əsas verir ki, 13-15 yanvarda Bakıda baş verən talanlar SSRİ DTK-sı və rəhbərlikdə olan erməni əsilli vəzifəlilər tərəfindən 1 həftə sonra Bakıya qoşun yeridilməsinə zəmin yaratmaq üçün təşkil olunub.
İndi isə Artak Beglaryanın paylaşdığı fotolara diqqət yetirək.
İlk fotoda bir neçə nəfərin aeroport sərnişindaşıma nəqliyat vasitəsindən düşərək hərəkət etdiyinin şahidi oluruq.
Araşdırmalara görə foto Krasnavodsk aeroportunda çəkilib. Fotonu təsirli edən stulda daşınan ahıl qadının görüntüsüdür. Amma bu foto ilə Ermənistandan qovulan azərbaycanlıların görüntüsünü müqayisə etsək, stulda daşınan ahıl qadının əsl turist görkəmində olduğu təsəvvürü yaranar.
Bir məqamı da xatırladaq: Həmin dövrdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rus bölməsində oxuyan Zaur Babayev danışır ki, yanvarın 5-də meydan dağıdılsa da, komendant saatı elan edilsə də, şəhərdə heç bir ajiotaj və təhlükə yaradan vəziyyət yoxuydu. «Amma ermənilər köçürdü. Elə bil onlara kimsə, nəsə demişdi, çıxıb gedirdilər. Ya evlərini satırdılar, ya da geriyə qayıtmaq ümidiylə evlərini boş qoyurdular. Bizdən məlumatlı görünürdülər. Soruşanda ki, niyə köçüb gedirsiniz, cavab verirdilər ki, Sumqayıt hadisələrinin təkrar olacağından narahatıq. Ancaq bu hadisələrin olacağını göstərən heç bir əlaməti görmürdük. Yanvarın 13-nə kimi şəhərdə erməni az qalmışdı». (Mənbə)
Beglaryanın paylaşdığı ikinci fotoda ağlayan iki nəfər əks olunub.
Bu fotoda olan gənc oğlan hərbi geyimdədir. Hərbi formanın boğazlığı (podşivka) bunu deməyə əsas verir. 1990-cı ildə isə nə ermənilərdə, nə də azərbaycanlılarda ordu yox idi və həmin dövrdə gəncin sovet ordusunun hərbi qulluqçularının mundirindən başqa hərbi forma geyinməsini iddia etmək, heç təsəvvürə gətirmək belə absurddur. Foto çox böyük ehtimal ki, I Qarabağ müharibəsi zamanı çəkilib.
Yəni, bu fotonun 13-15 yanvar 1990-cı il hadisələrinə heç bir aidiyyatı yoxdur.
Paylaşılan 3-cü fotoya diqqət edək.
Bu fotonun da Bakıya, Azərbaycana heç bir aidiyyatı yoxdur. Foto 9 aprel 1989-cu ildə Tbilisinin Rustaveli prospektində çəkilib.
Nəhayət, 4-cü foto haqda.
Maraqlıdır ki, tək Beglaryan deyil, digər erməni istifadəçilər də davamlı olaraq Azərbaycanda baş verən faciəvi hadisələri öz adlarına çıxıb, öz başlarına gəlibmiş kimi təqdim edir, hadisələrdən məlumatsız oxucuları rahatlıqla aldadırlar.
Bu fotolar 21 yanvar 1990-cı ildə Bakıda çəkilib. Fotonun müəllifi isə Azərbaycanlı fotoqraf Asim Talibdir.
Həmin fotoda görünən gənc haqda belə məlumat əldə etmişik. Adı Ələddindir, 2-ci “Taksimotornı” deyilən idarədə taksi sürücüsü işləyirmiş. Əslən Ermənistan SSR Amasiya rayonundandır.
Ermənilərin azərbaycanlılara məxsus fotoları götürərək özünükiləşdirdikləri və saxta xəbər yaydıqları yüzlərlə faktdan yalnız birini göstəririk.
Bu fotolar isə ermənilər və sovet DTK-sı tərəfindən yayılan, heç bir əsası olmayan, mərkəzi və xarici mediaya ötürülən tam saxta xəbəri əks etdirir. Qeyd edilən fotolarda iddia olunur ki, 20 yanvar hadisələri öncəsi Azərbaycanda rus milliyətindən olan şəxslərin evlərinə "ruslar" sözü yazılır və bununla da onları izdihamın diqqətini çəkmək üçün istifadə edirmişlər.
Bu saxta məlumatı araşdırmaq üçün əlavə şərhə ehtiyac yoxdur. Foto-scrinlər danışır.
Nəticə: Artak Beglaryanın yazdığı sözlər kütlə ilə manipulyasiyadır, faktlar təhrif olunub. Paylaşılan fotoların isə Bakıda baş verən hadisələrə heç bir aidiyyatı yoxdur.
Materialın videosunu təqdim edirik: