AXCP sədri Əli Kərimli Azərbaycan əhalisinin böyük bir qisminin yoxsulluq şəraitində yaşadığına dair iddialarla çıxış edib.
Faktyoxla Lab. bu iddialara aydınlıq gətirib.
Əvvəla qeyd edək ki, Ə. Kərimli bu “faktları” “JAMnews”-un “facebook” səhifəsində dərc edilmiş yazıdan götürüb və oradakı rəqəmləri olduğu kimi kopyalayaraq öz şərhi kimi təqdim edib.
İkincisi, o, iddia edir ki, əhalinin azı 40 faizi yoxsul yaşayır və bunu rəsmi dövlət statistikası da təsdiq edir. Azərbaycanın rəsmi statistikasında belə bir rəqəm və ya rəy olmayıb və belə bir ifadənin səsləndirilməsi özü dövlət qurumunun məlumatlarını saxtalaşdırmaq və böhtan atmaqdır.
Üçüncüsü, Ə.Kərimli başqa bir rəqəm üzərində dayanaraq qeyd edir ki, 2024-cü ildə ölkə əhalisinin 13,2 faizinin aylıq gəliri 270 manatdan da az olub və bu yoxsulluq əlamətidir.
Diqqət edin, əvvəlcə yoxsulluğun 40 faiz olduğunu deyir, sonra isə 13,2 faiz. Hətta son cümlələrdə əhalinin 70 faizinin yoxsul olduğunu iddia edir.
Göründüyü kimi, onun dedikləri və irəli sürdüyü rəqəmlər bir-birilə ziddiyət təşkil edir. Bütün bunlar Kərimlinin iddialarının hər birinin saxta, açıq yalan olması təəssüratı yaradır və biz həmin yalanların hər birini konkret əsaslandırlmış fakt və dəlillərlə təsdiqləməyə çalışacağıq.
Birincisi, DSK-nın açıqladığı nəşrdə ölkə əhalisinin deyil, ev təsərrüfatlarının adambaşına düşən gəlirlərinin tədqiqindən bəhs olunur. Əli Kərimli isə əhali qrupu ilə ev təsərrüfatlarının fərqini müəyyən edə bilmədiyindən mövzunu qarışdırır. Əhalinin nominal gəlirlərinə əməkhaqları, müavinətlər, təqaüdlər, pensiyalar, sahibkarlıq və əmlak gəlirləri, investisiyalardan, faizlərdən vəsaitlər və s. daxildir.
Nominal gəlirlər pul vahidi ilə ölçülən, inflyasiyadan əvvəlki gəlirlər deməkdir. Yəni vətəndaşın il ərzində qazandığı ümumi pul məbləğidir ki, qiymət səviyyəsindəki dəyişikliklər nəzərə alınmır.
Ev təsərrüfatı dedikdə isə bir yerdə yaşayan, gəlir və əmlakını tam və ya qismən birləşdirən, bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirən qrup nəzərdə tutulur. Yəni əhali daha böyük sosial qrupdur. Ev təsərrüfatlarının gəlirlərinin formalaşması, onların nominal gəlirlərini və bu gəlirlərin satınalma gücü səviyyəsini müəyyən edir.
Nominal gəlirlər ölkə əhalisinin adambaşına düşən milli gəliri ÜDM-də adambaşına düşən gəlirlə ölçülür və statistikaya görə Azərbaycan əhalisinin gəlir potensialı nəinki azalır, əksinə hər il artır. Bu proses ötən il də davam edib və 2024-cü ildə əhalinin hər nəfərinə düşən milli gəlir (ÜDM) 12 min 382,5 manata bərabər olub ki, bu aylıq 1031,8 manat deməkdir. mənbə
2024-cü ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki il ilə müqayisədə 6,4 faiz artım nümayiş etdirib.
(Mənbə: Əhalinin nominla gəlirlərinin artım dinamikası)
Məhz bu baxımdan “əhalinin gəlirləri azalıb, əhalinin yoxsullaşması artır” və bu tipli “həyəcanlı anons”larla çıxış edən Kərimli digər mövzularda olduğu kimi bu mövzuda da özünü gülünc vəziyyətə salır.
İkincisi, Dövlət Statistika Komitəsinin (DSK) “Ev təsərrüfatları tədqiqatının yekunları” adlı rəsmi nəşrində yuxarıda da vurğuladığımız kimi əhalinin nominal gəlirlərinin formalaşma mənbələri və strukturundan söhbət getmir. Nəşrdə ev təsərrüfatlarının gəlir və xərcləri, müxtəlif sahələr üzrə istehlakı, həmçinin gəlirlərin faiz nisbətləri əks olunub. Ümumi mənzərə isə ondan ibarətdir ki, 2024-cü ildə əhalinin adambaşına düşən orta aylıq gəlirləri əvvəlki ilə nisbətən 5 faiz artıb. Belə ki, 2023-cü ildə bir ev təsərrüfatının üzvünə düşən orta gəlir 343,2 manat olduğu halda, 2024-cü ilin yekununda bu rəqəm 359,2 manat təşkil edib.
(“Ev təsərrüfatları tədqiqatının yekunları”. Səh 10)
2024-cü ildə isə ölkə üzrə yaşayış minimumu 270 manat məbləğində təsdiq edilib.
Bu o deməkdir ki, ötən il ev təsərrüfatlarının gəlirləri yaşayış minimumundan 90 manat çox olub.
Üçüncüsü, Kərimlinin ev təsərrüfatlarının adambaşına düşən gəlirlərə görə bölgüsündə yaşayış minimumundan, yəni 270 manatdan aşağı olan qrupların faiz nisbətinin 13,2 olması barədə dedikləri də həqiqəti əks etdirmir.
DSK-nin tədqiqat yekunlarına diqqət etsək, adambaşına düşən gəlirlərə görə faiz nisbətinin 13,2 faiz deyil, 8 faiz olduğunu görə bilərik. Belə ki, həmin nəşrin 43-cü səhifəsində, cədvəl 32-də (Şəhər və kənd yerləri üzrə şəxslərin adambaşına gəlirə görə bölgüsü) aylıq gəlirləri 180-270 manata qədər olan şəxslərin ölkə üzrə say nisbətinin (180 manata qədər - 0,3, 180-190 arasında 0,4, 190,1-200 arasında 0,6 faiz, 200,1-210 arası 0,6 faiz, 210,1- 220 arası 0,7 faiz, 220,1-230 arası 0,5 faiz, 230,1-240 arası 0,9 faiz, 240,1- 250 arası 1,2 faiz, 250,1-260 arasında olanlar 1,3 faiz və 260,1 -270 arasında olanlar 1,5 faiz = cəmi 8 faiz) 8 faizə bərabər olduğu qeyd edilib.
Dördüncüsü, Kərimlinin Azərbaycanda aylıq gəlirinin yaşayış minimumundan az
olan vətəndaşları qanunvericiliyə görə, rəsmən yoxsul əhali hesab etməsi də gülünc fərziyyədir. Çünki yaşayış minimumu yoxsulluq həddini müəyyən edən əsas sosial meyar deyil. Yoxsulluq həddi beynəlxalq sosial ehtiyac normasıdır və bunu Azərbaycanın və yaxud digər dövlətlərin orqanları ölçmür. Yoxsulluğun ölçülməsində başlıca meyar Dünya Bankını (DB) metodologiyasıdır. DB-nin dünya ölkələri üzrə tərtib etdiyi həmin metodoloji meyara əsasən, hazırda (2025-ci ilə qədər 2,1 dollar idi) gündəlik gəlirləri 3 dollardan (5,1 manat) az olan şəxslər yoxsul hesab edilir. ourworldindata
Bu isə o deməkdir ki, Azərbaycanda (3*31= 93 dollar və ya 158,1 AZN) aylıq gəliri 158 manatdan az olan ev təsərrüfatlarının üzvləri yoxsul hesab olunurlar. Biz DSK-nın müvafiq nəşrindən də görürük ki, Azərbaycanda aylıq gəlirləri ən aşağı sosial qrupun orta gəliri 180-270 manat arasındadır. Ona görə də, həmin insanlar qətiyyən yoxsulluq həddində yaşayanlar kimi təsnif edilə bilməzlər. Əgər həmin insanların gəlirləri 158 manatdan aşağı olsaydı, onları həqiqətən yoxsul sosial qrupa aid etmək olardı.
Kərimli və istinad etdiyi “mənbə” - “JAMnews” isə bu sosial hesablama metodologiyasını anlaya bilmədiyindən cəfəngiyyat hesablamalarla özlərinə məxsus yoxsulluq düsturu icad etməyə çalışıblar. Onlar bir qədər məsuliyyətli və ciddi olsalar Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərinə diqqət etməklə həqiqi yoxsulluq həddinin neçə faiz-bənd olduğunu görər və yalan danışmaqdan, dezinformasiya yaymaqdan çəkinərdilər.
Həmin nəşrin 11-ci səhifəsində son 14 ilin, o cümlədən 2024-cü ildəki yoxsulluq göstəriciləri detallı əks olunub və 2010-cu ildən sonra Azərbaycanda birrəqəmli yoxsulluq səviyyəsinin qeydə alındığı görünür. Əsas müqayisə mövzusu olan 2024-cü ildə isə yoxsulluğun həddi 5,3 faiz təşkil edib. mənbə
Yeri gəlmişkən, beynəlxalq praktikada yoxsulluq həddinin təyinində əsas sosial yük- qida, geyim, kommunal və zəruri ehtiyacların təminedilmə imkanları hesab olunur. Həmin həyati əhəmiyyət daşıyan xərclər ödənilirsə, ev təsərrüfatı üzvü yoxsul hesab edilmir.
Azərbaycanda əhalinin istehlak xərclərinin strukturuna diqqət etsək görərik ki, xərc portfelində qida malları 42,9 faiz, qeyri-qida məhsulları 13,4 faiz, xidmətlər 41,2 faiz, tütün məmulatları 1,9 faiz, alkoqollu içkilər 0,6 faiz təşkil edir. Yəni ev təsərrüfatları cəmi xərclərin 158,1 manatı qidaya yönəlir, 21,2 manat paltar və ayaqqabıya, 28,7 manatını su, işıq, qaz və digər yanacaq xərclərinə, 27,6 manatı ev əşyaları və məişət texnikası və digər avadanlıqların alınması və bərpasına, 19 manatı səhiyyə xidmətlərinə, 24,3 manatını nəqliyyata, 12,3 rabitə xidmətlərinə, 6 manat isə təhsil xərclərinə yönəldir.
Beləliklə, bu statistika da ona işarə edir ki, Azərbaycanda ev təsərrüfatları gəlirlərinin yarısından azını qida xərclərinə, qalan yarısını isə əlavə tələbatlarına yönədir. Bu isə yoxsulluq təhlükəsi təzyiqinin xeyli uzaq olmasının göstəricisidir.
Beşincisi, Əli Kərimlinin növbəti iddiasında 26,7 faiz ev təsərrüfatını yoxsul kimi qələmə verməklə növbəti böhtanını səsləndirir. Həmin 26,7 faiz ev təsərrüfatlarının aylıq gəliri 270-340 manat arasında olduğu və yaşayış minimumunu ötdüyü, habelə yoxsulluq göstəricisini (158 manat) 2,2 dəfə üstələdiyi halda insanların böyük bir hissəsini yoxsul adlandırmaq bütün etik çərçivəni aşmaq, utanmadan cəmiyyəti aldatmaq və məsuliyyətsizlikdir.
Hətta bu azmış kimi dövlətin rəsmi statistikasının adından təsdiqedici fakt kimi spekulyasiya etməklə ölkə əhalisinin 40 faizinin, hətta 74 faizinin yoxsulluq içərisində yaşamasını iddia etmək Kərimlinin müqayisiəolunmaz saxtakarlığının təzahürüdür.
Ölkədə dövlət qulluqçuları, prokurorluq, hüquq-mühafizə, daxili işlər, müdafiə, sərhəd qoşunları, təhlükəsizilik orqanlarının, vergi, maliyyə, gömrük, sosial müdafiə, səhiyyə, təhsil və s. qurumların əməkdaşlarının sayı 2 milyon nəfərdən çoxdur. Pensiya və müavinət alanların sayı isə 1,5 milyondan artıqdır. Bura 1,7 milyon nəfər muzdlu işçini də əlavə etdikdə bu sosial qrupların sayı təxminən 5,5 milyon nəfərə yaxın edir. Ölkə əhalisinin 55 faizini təşkil edən bu qrupların aylıq gəlirlərinin ən aşağı rəqəmi götürsək 400 manatdır ki, bu da minimum əmək haqqı və minimum pensiya (320 manat) həddindən yüksəkdir.
Burada bir ciddi məqamı da qeyd etməyi vacib hesab edirik. Azərbaycanda ev təsərrüfatlarının əhəmiyyətli bir hissəsinin gəlirlərinin tərkibində dövlətin ayırmaları (pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər, özünüməşğulluqdan əldə edilən gəlirlər və s.) rəsmi statistikada əksini tapsa da, muzdlu iş, kənd təsərrüfatı məhsullarının istehsalı, mülkiyyətin icarəsindən qazanılan gəlirlər, dividentlər və s. göstərilmir (gizlədilir). Hazırda ev təsərrüfatlarının aylıq adambaşına düşən gəlirinin hər 100 manatının təxminən 40-45 manatı maaşlardan, 15 manatı pensiya və müavinətlərdən, 5 manatı isə digər sosial ödənişlərdən formalaşır və bu hər il artır. Yerdə qalan mənbələrdən, yəni ev təsərrüfatlarının bilavasitə özlərinin qazandığı gəlirlər isə sanki yerində sayır. Bu göstərici, həmin gəlir mənbələrinin gizlədildiyinə işarədir. Bunun isə əsas səbəbi insanların gəlirlərini daha aşağı göstərərək vergidən yayınmağa çalışmasıdır. “Kölgə iqtisadiyyatı”nın təzahürlərindən biri kimi hələ də qalmaqda olan bu hal nəticəsində təxminən hər ev təsərrüaftının adambaşına düşən real gəlirinin 30-40 faizi statistikadan kənarda qalır. Əgər həmin gəlirlər real statistikada öz əksini tapdığı halda ev təsərrüfatının ən zəif bəndi olan üzvünün də gəlir portfeli 70-80 manata yaxın artmaqla yaşayış minumuna tam cavab verir.
Bu reallığı beynəlxalq institutlar da etiraf edir. Məsələn, “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin ekspertləri hesab edirlər ki, Azərbaycanda real gəlirləri daha çox olan ev təsərrüfatlarının sayı kifayət qədər böyükdür. Agentliyin qənaətinə görə, illik gəlirləri 25 min dollardan yuxarı olan ev təsərrfütları 2027-ci ilə 24,4 faiz artaraq 695 mini ötəcək. Bu isə ev təsərrüfatlarının ümumi portfeldə həmin sosial qrupların payının 32 faizə çatması deməkdir. istinad
Yuxarıda Azərbaycanda nisbi yoxsulluq səviyyəsinin 5,3 faiz civarında olduğunu vurğuladıq. Müqayisə üçün ətraf regionların, bir çox dövlətlərin vəziyyətini də xatırlatmaqla Kərimli və “JAMnews” üçün əsl gerçəkliyi çatdıraq.
Hazırda ən inkişaf etmiş ölkələrdə- ABŞ, Almaniya, Fransa, Çin, Yaponiya və s. ölkələrdə əhalinin yoxsuluq səviyyəsi Azərbaycandan yüksəkdir. Bu iddia deyil, faktdır. Müxtəlif qitə və regionlar üzrə yoxsuluq həddi 12-25 faiz nisbətindədir. Misal üçün, Avropanın iqtisadi lideri Almaniyada bu rəqəm 14,8 faizdir. Polşada 11,8 faiz, Fransada 15,6 faiz, Finlandiyada 12,2 faiz, İsveçdə 16,1 faiz, Norveçdə 12,2 faiz, İspaniyada 20,2 faiz, Böyük Britaniyada 18,6 faiz, İtaliyda 20,1 faiz, Rusiyada 11 faiz təşkil edir. ABŞ-də yoxsulluq həddi 18 faiz təşkil edir, yəni 350 milyon nəfərin 65 milyon nəfəri yoxsulluq içərisində yaşayır. worldpopulationreview
Cənubi Qafqazda və yaxın regionlarda ən aşağı yoxsulluq səviyyəsi Azərbaycandadır. Dünya Bankının hesabatında Azərbaycanda yoxsulluğun 5,9 faiz olduğu əks etdirilir.
Qonşu Gürcüstanda nisbi yoxsulluq səviyyəsi 18,8 faiz, mütləq və ya ifrat yoxsuluq həddi 9,4 faizdir. geostat
Nəticə
- Əli Kərimli və onun istinad etdiyi “JAMnews”-un saxta, yalan məlumatlarla manipulyasiya etməklə cəmiyyəti aldatmağa çalışıblar;
- Kərimli dəqiqləşdirmədən, rəqəmlərin doğru olub-olmadığını yoxlamadan “JAMnews”-un qeyri-dəqiq rəqəmləri üzərində spekulyasiya etməyə çalışıb;
- “JAMnews”-un yalan məlumatları öz sözləri ilə paylaşan Əli Kərimli Dövlət Statistika Komitəsinin “Ev təsərrüfatı tədqiqatı” adlı 2024-cü il nəşrindən götürülərək konteksdən çıxarılan bəzi rəqəmlər üzərində manipulyasiya edib, Azərbaycan əhalisinin yoxsulluq faizlərinə dair fərqli və ziddiyyətli rəqəmlər sadalayıb;
-DSK-nın açıqladığı nəşrdə ölkə əhalisinin deyil, ev təsərrüfatlarının adambaşına düşən gəlirlərinin tədqiqindən bəhs olunur;
-Əli Kərimli isə əhali qrupu ilə ev təsərrüfatlarının fərqini müəyyən edə bilmədiyindən ya mövzunu qarışdırıb, ya da qərəzli yanaşaraq saxtakarlığa yol verib.