ABŞ-ın İrs Fondu (“Heritage Foundation”) araşdırma institutu tərəfindən “İqtisadi Azadlıq İndeksi 2022” hesabatı açıqlanıb. Azərbaycan hesabatda 177 ölkə arasında 61,6 balla 75-ci yerdə qərarlaşıb və siyahıya nəzərə salsaq görərik ki, MDB və region ölkələrindən bir neçə bənd irəlidədir. 

Lakin bir çox ekspertlər hesab edirlər ki, hesabat tərtib olunarkən yenə də ikili standartlara yer verilib, Azərbaycanda son 2 ildə biznes islahatlarının səmərəliliyi və iqtisadi azadlığa müsbət təsirləri kimi faktorlar nəzərə alınmayıb.

Bəlli olur ki, tədqiqat qrupu hətta əksər sub-indikatorlara görə, Azərbaycandan xeyli geridə qalan Ermənistanı ümumi balla 65 əmsalı üzrə qiymətləndirərək 58-ci yerə irəli atıblar. Hər iki ölkə “orta dərəcədə azad” dövlətlər qrupunda təsnifləşdirilsə də, əksər metodoloji əmsallarda kifayət qədər ziddiyyətlər var.  


Faktyoxla Lab. “İrs Fondu”nun  “İqtisadi Azadlıq İndeksi 2022” hesabatını dəyərləndirib. Doğrudanmı, Ermənistan iqtisadi azadlığı müəyyən edən meyarlara görə, Azərbaycandan daha yaxşı göstəricilərə malikdir?
Bunu bir-bir, bütün istiqamətlər üzrə beynəlxalq təşkilatların verdiyi rəy və qiymətləndirmələrə əsasən, araşdırmağa çalışaq.

Hesabatdakı təfərrüatlara keçməzdən əvvəl xatırladaq ki, “İqtisadi Azadlıq İndeksi” 4 əsas indikator və 12 spesifik sub-indikator əsasında iqtisadi azadlığa təsir amilləri cəmləyərək vahid bal və reytinq ilə dünya ölkələrini iqtisadi azadlıq səviyyəsini qiymətləndirir.
1-ci indikatora “Mülkiyyət hüquqları”, “Məhkəmə sisteminin effektivliyi”, “Dövlətin bütövlüyü” üzrə istiqamətlər daxildir.
“Dövlətin iqtisadi gücü” adlı 2-ci indikatora “Vergi yükü”, “Dövlət xərcləri”, və “Fiskal sağlamlıq” sub-indikatorları aiddir.
3-cü indikator – “İdarəetmənin səmərəliliyi”nə isə “Biznesin azadlığı”, “Əməyin azadlığı” və “Monetar azadlıq” sub-indikatorları daxildir.
Nəhayət, 4-cü “Azad bazar” indikatoruna 3 sub-indikator - “Ticarət azadlığı”, “İnvestisiya azadlığı” və “Maliyyə azadlığı” aid edilir.
(Mənbə)


Yuxarıda qeyd edilən bütün istiqamətlər üzrə hesablanma metodologiyası, yəni ölçmə düsturu Dünya Bankının (DB) müəyyənləşdirdiyi beynəlxalq prinsiplərə əsaslanır.

Əvvəlcə, “Qanunun aliliyi” indeksinin hər bir parametri üzrə gerçək vəziyyətə diqqət edək.
Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi göstəriciləri üzrə ilk 20-likdə qərarlaşıb. Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda müvafiq dəyişikliklərdən sonra əmlakını rəsmi qeydiyyata alınması tam asanlaşdırılıb, lazımı sənədləri təqdim etməklə cəmi 7 günə bu icazəni almaq, ən qısa müddətdə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən elektron çıxarış əldə etmək mümkündür. Bu proses tamamilə elektronlaşdırılıb və məmur ünsiyyəti aradan qalxıb, bütün xidmətlər bir pəncərədən göstərilir. (Mənbə)


Ermənistan isə yuxarıda qeyd edilən hər bir istiqamət üzrə Azərbaycandan xeyli geridə yer alır, əksər göstəricilər üzrə 45-70-ci yerləri bölüşür. (Mənbə)
Azərbaycan, həmçinin, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi-2021” hesabatında “Mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci yerdə qərarlaşıb.

Bundan başqa, “Məhkəmə sisteminin effektivliyi” sub-indeksi üzrə də bədnam ölkədə vəziyyət heç də ürəkaçan deyil. Hətta “İrs Fondu”nun analitikləri də həmin hesabat sənədində qeyd edirlər ki, qanunun aliliyi və məhkəmə sistemi bu ölkədə aşağı səviyyədədir. Məhkəmələr sistemli siyasi təsirlə üzləşir, məhkəmə institutları isə səmərəsizlikdən və institusional korrupsiyadan əziyyət çəkir. (Mənbə)

İndi Azərbaycanda məhkəmə sisteminin effektivliyi barədə beynəlxalq iqtisadi icmanın verdiyi rəyə diqqət edək. BMT-nin İnkişaf Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankının dəyərləndirmələrində əsasən, son illərdə məhkəmə islahatlarının aparılması, xüsisilə də Kommersiya və iqtisadi məhkəmələrin ayrıca fəaliyyətinin təmin edilməsi, həmçinin e-məhkəmə sisteminin yaradılması sayəsində biznes və digər iqtisadi subyektlərin hüquqlarının qorunması təmin edilib. Nəticədə Azərbaycan beynəlxalq hesabatlarda “investorların maraqlarının qorunması”, “müqavilələrin icrasının təmin edilməsi”, müflisləşmənin həlli” meyarları üzrə 40 ölkənin sırasına daxil olub. (Mənbə) 

Belə olan halda Ermənistanın bu indeks üzrə Azərbaycandan 2 dəfə yaxşı göstəriciyə malik ölkə kimi təqdim edilməsi hansı hüquqa və məntiqə əsaslana bilər? Bu, beynəlxalq iqtisadi hüquqa olan münasibətin ikili yanaşma nümunəsi deyilmi?
Hesabatın ən mühüm fundamantel indekslərindən biri olan “Dövlətin iqtisadi gücü” meyarları üzrə isə açıq-aşkar haqsızlığa, ədalətsiz yanaşmaya yol veriblər.  Belə ki, “Vergi yükü”, “Dövlət xərcləri”, və “Fiskal sağlamlıq” sub-indikatorlarının hər birində Ermənistanın acınacaqlı vəziyyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF)  qiymətləndirmələrində aydın şəkildə öz əksini tapıb. Hər iki qurumun tələbinə görə, xarici borcun ÜDM-ə nisbəti 60 faizi keçdikdə fəlakətli hesab edilir və ölkənin fiskal sağlamlığı təhlükə altına düşmüş olur. Ermənistanda isə xarici borc ötən il 62,3 faizə çatmaqla ən pis həddi də arxada qoyub. (Mənbə)

Xarici borca xidmət haqları ÜDM-in 8,4 faizini təşkil edib, yəni beynəlxalq praktikada təhlükəli hədd hesab edilən 5%-dən 2 dəfə artıq borc xidmətləri yaranıb. (Mənbə)

Bundan başqa, Ermənistanın büdcə kəsirinin ÜDM-də faizi də artıb. Erməni nəşrləri yazır ki, ümumi vergi yükünün ümumi daxili gəlirin 22,5%-ni təşkil edir. Son 3 ildə dövlət xərcləri ümumi ÜDM-in 26,5%-ni, büdcə kəsiri ÜDM-in orta hesabla 3,2%-ni, dövlət borcu isə ÜDM-in 62,8%-ni təşkil edir. (Mənbə) 

İndi isə gəlin eyni göstəricilər üzrə Azərbaycanın vəziyyətinə diqqət edək. 2021-ci ilin ortalarında Azərbaycanın birbaşa xarici dövlət borcu 8,8 milyard dollar olmaqla ÜDM-in 20,7 faizini təşkil edib. Yəni, Ermənistanla müqayisədə 3 dəfədən çox azdır. (Mənbə)

Həmçinin, Azərbaycanın dövlət borcuna xidmət haqları da çox aşağıdır, 2021-ci ildə bu rəqəm cəmi 2,3 faizini təşkil edib. 2022-ci ildə isə bu rəqəm 1 milyard 792 milyon manat olmaqla 1,8 faizə düşəcək. Yəni, bu göstərici üzrə də Ermənistandan 5-6 dəfə daha yaxşı vəziyyətdəyik. DB, BVF-nin və digər təşkilatlar təsdiqləyir ki, Azərbaycanda fiskal yük çox aşağıdır, vergi dərəcələri orta dünya göstəricisindən də aşağıdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan “Paying taxes” (“Vergilərin ödənişi”) göstərici üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin əksəriyyətini qabaqlayır.
(Mənbə: Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası)

Digər bir fiskal dayanıqlılıq - dövlət büdcəsinin kəsiri üzrə də Azərbaycan Ermənistandan 4-5 dəfə yaxşı gösətiriciyə malikdir. 2021-ci il dövlət büdcəsinin kəsiri 3,1 milyard manat proqnozlaşdırılsa da faktiki olaraq kəsir 1, 017 milyard manat təşkil edibdir. Bu da ÜDM-in 1,1 faiz deməkdir. (Mənbə) 
Beləliklə, real faktlar və əsaslı dəlillər hər şeyi gün işığı kimi əks etdirir, Ermənistan bütün fiskal parametrlər üzrə Azərbaycandan qat-qat geridədədir, ancaq İRS Fondunun hesabatında bu ölkənin “Vergi yükü” üzrə balı 86.9,  “Dövlət xərcləri” üzrə 78.9 və “Fiskal sağlamlıq” üzrə 75.5 əmsalla qiymətləndirilib. Azərbaycan həmin meyarlar üzrə analoji olaraq 87.7, 62.7 və 99.1 əmsalla dəyərləndirilib. Yəni, təxminən eyni, hətta bir qədər də “yaxşı”.

Hesabatı hazırlayanların bu qədər saxtakarlığa, inanılmaz ayrı-seçkiliyə yol verməsi obyektivlik hissini unutmaq deməkdir. Bu, həm də beynəlxalq iqtisadi metodologiyanı dünya standartları kimi qəbul etdirmiş DB-nin və BVF-nin ali meyarlarına qarşı da hörmətsizlikdir.

3-cü indikator – “İdarəetmənin səmərəliliyi”nə isə “Biznesin azadlığı”, “Əməyin azadlığı” və “Monetar azadlıq” sub-indikatorları daxildir. Ermənistana bu göstəricilər üzrə 64.9, 47.2 və 77.5 bal qiymət verilib. Azərbaycan isə eyni analoji sub-indekslər üzrə 64.6, 55.9 və 74.5 balla dəyərləndirilib. Yəni, belə qənaət yaranır ki, Azərbaycan “Biznesin azadlığı” və “Monetar azadlıq” göstəricilərinə görə, Ermənistandan aşağıdadır.
“Biznesin azadlığı” (Business Freedom) dedikdə beynəlxalq praktikada hüquqi-normativ və infrastruktur mühitinin biznes müəsisələrinin səmərəli fəaliyyətinə təsir dərəcəsi ölçülür. Bu metodoligiyanın da əsas müəllifi Dünya Bankıdır. Burada əsas komponentlər kimi prosedur (say), biznesə başlamanın vaxt əmsalı (günlər), xərc, minimal kapital, lisenziyanın alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma və digər göstəricilər nəzərə alınaraq bal təyin edilir. Azərbaycan neçə ildir ki, Dünya Bankının hesabatlarında  “Biznesə başlama” (Starting business) göstərici üzrə 9-cu yerə layiq görülüb. Azərbaycan həmin prosedurlar üzrə Avropa və Mərkəzi Asiya ölkələrinin əksəriyyətini üstələyir. 
(Mənbə. Dünya Bankı və Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası).


Ermənistan isə DB-nin yenə də əsas istinad düsturu olan “Biznesin azadlığı”nın bütün komponentləri üzrə Azərbaycandan xeyli geridədir. (Mənbə)
Bu, təkzibolunmaz reallığı Ermənistanın öz iqtisadçıları da etiraf edirlər, bildirirlər ki, hakimiyyət orqanlarının biznesə müdaxiləsi hələ aradan qalxmayıb, biznesin qeydiyyatı prosesi sadə olsa da, xarici investorların əmlak əldə etməsində bir sıra məhdudiyyətlər var. (Mənbə)


Göründüyü kimi, bu ölkənin yuxarıda qeyd etdiyimiz indikator üzrə də əmsalları bir neçə dəfə şişirdilib.
Yaxud, “Monetar azadlıq” göstəriciləri üzrə
(“Monetar azadlıq” qiymət sabitliyi və qiymətlərə nəzarət səviyyəsinin və ölkənin milli valyutasını məzənnə sabitliyi göstəricisidir) Ermənistanın hansı bərbad vəziyyətdə olmasını isbat etməyə ehtiyac yoxdur, bu ölkənin rəsmi statistikası, beynəlxalq kredit təşkilatlarının rəyləri göstərir ki, monetar, pul-kredit siyasəti çöküş vəziyyətindədir. 2021-ci ildə Ermənistanda rəsmi inflyasiya rəqəmi 7,7 faiz olub, milli valyuta dramın məzənnəsi yanvarda 1 dollara qarşı 14,1 min dramdan dekabrda 15,5 min drama qədər yüksslib. Yəni, 10,6 faiz ucuzlaşıb. (Mənbə)

Nəhayət, “İqtisadi Azadlıq İndeksi 2022” hesabatındakı sonuncu - “Azad bazar” indikatorunun 3 sub-indikatoru - “Ticarət azadlığı”, “İnvestisiya azadlığı” və “Maliyyə azadlığı” üzrə bal əmsalları üzrə də fərqləri nəzərdən keçirək.
Ermənistan yeganə region ölkəsidir ki, mal və xidmətlərin idxal və ixracı əsas etibarilə 2 ölkənin – Rusiya və İranın inhisarındadır. Cəmi 2 milyard dollar həcmində ixracı vardır, belə olan halda hansı ticarət azadlığından söhbət gedə bilər?
Azərbaycanın isə idxal-ixrac coğrafiyası hədsiz dərəcədə geniş və azaddır. Xarici ticarət partnyorların sayı isə təxminən 190 ölkəni əhatə edir, 2021-ci ildə hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac edilib, 174 ölkədən isə idxal olunub. Xarici ticarət dövriyyəsi 35 milyard 556 milyon dollar olub. Ticarət dövriyyəsinin 23 milyard 850 milyon dollarını və ya 67,1 faizini ixrac, 11 milyard 705 milyon dollarını isə idxal təşkil edib. (Mənbə) 


Ermənistanda investisiya azadlığı da ürəkaçan deyil. Xarici investorlar dedikdə, İran və Rusiya başa düşülür.
Azərbaycanda isə investisiya azadlığı hədsiz genişdir, təkcə 2021-ci ilin dekabrın 1-nə 16.732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. (Mənbə)
“Maliyyə azadlığı” (Financial Freedom) dövlət nəzarətindən asılılıq və maliyyə sektorunda müdaxilənin ölçüsü olaraq bank səmərəliliyinin göstəricisidir. Biznesin bank və kredit təşkilatlarına əlçatanlığı bu əmsalın formalaşmasında əsas rol oynayır. Ermənistan “Doinng Business” hesabatında kreditlərə çıxış indeksi üzrə 48 dəfə geridədir. (Mənbə)

Beləliklə, beynəlxalq iqtisadi praktikada qəbul olunmuş iqtisadi azadlığı müəyyən indekslərin hər biri üzrə təhlillər də təsdiqləyir ki, Azərbaycan Ermənistandan daha yaxşı mövqeyə malikdir. Bunun müqabilində “İRS Fondu”nun “İqtisadi Azadlıq İndeksi 2022” hesabatında Ermənistanın ön sıralamada yerləşdirilməsi ədalətsizliyin, qeyri-obyektivliyin və saxtakarlığın növbəti təzahürü hesab edilməlidir.