Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) Ermənistan pavilyonunda saz, tar, ud və kanon bu ölkənin qədim "milli musiqi alətləri" kimi təqdim edilir. Bu haqda oxu.az məlumat yayıb.
Ermənilərin Azərbaycan xalqının maddi-mədəni irsini oğurladıqları bəllidir. Amma onların budəfəki oğurluğu dünya mədəni irsinə əl uzatmaqdır. Çünki sərgidə ermənilərin “milli alət” kimi təqdim etdikləri alətlərin arasında elələri var ki, dünya mədəni irsinə məxsusdur.
Faktyoxla Lab. olaraq XTNS-də “erməni musiqi alətləri” kimi təqdim olunan tar, saz, kanon(qanun) haqda kiçik araşdırma apardıq.
Başlayaq uddan. Ud haqda elə Rusiya mənbələrində kifayət qədər geniş və dolğun məlumat var. Biz də Rusiya mənbələrinə istinad edəcəyik ki, obyektivliyi qoruya bilək.
Udun Avropada yaratdığı bəstəkarlar qalaktikası
Rusiya mənbələrində qeyd olunur ki, qartal lələyi ilə çalınan dolğun və məlahətli səsli udun adı ərəb mənşəlidir (“əl-ud”un qısaldılmış şəklidir). Rusların “lyutnya”, almanların “laot”, italyanların “lyuto”, ispanların “laud” alətlərinin adları “əl-ud”dan alınmadır. Rus mənbələri etiraf edirlər ki, udun yaranma tarixini tam dəqiqliyi ilə izah etmək mümkün deyil. Çünki buna bənzər alətlər hələ 4 min əvvəl Misir, Mesopotamiya, Çin, Hindistan, Assuriya, Qədim Yunanıstan və Romada mövcud olub. Bununla belə, avropalı sənətşünaslar rusların “lyutnya”sının, almanların “laot”unun, italyanların “lyuto”sunun, ispanların “laud”unun sələfinin məhz Yaxın Şərqdə xüsusi ehtiram bəslənilən ud olduğunu etiraf edirlər. (Mənbə)
Udun Avropanı fəth etməsi isə VIII əsrdə İspaniyadan başlayıb. Alət nəinki bu ölkənin mədəniyyətinə çox tez qoşuldu, həm də səlib yürüşləri nəticəsində digər Avropa ölkələrində - İtaliya, Fransa, Almaniyada sürətlə populyarlaşmağa başladı. Hətta həmin ölkələrdə olan bir sıra alətləri də sıradan çıxartdı. Udun sürətlə artan populyarlığı Avropa ölkələrində gözəl lyuto bəstəkarlarının qalaktikasını yaratdı. İtaliyada - F. Spinaçino, F.Milano, V.Qaliley, A.Rippe, G.Morley, V.Kapirola, A.Piccinini, İspaniyada - L.Milan, M.Fuenlyana. Almaniyada - H.Hoyzidler, M.Hoyzidler, İ.Kapsberger, S.Vays, V.Lauffenştayner, İngiltərədə - D.Daulend, D.Conson, F.Kattinq, F.Rosseter, T.Kampion, Polşada - V.Dluqoray, J.Reys, D.Kato, K.Klabon, Fransada - E.Qotye, D.Qotye, F.Dyufau, R Vize. (Mənbə)
XVII-XVIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmış ud tədricən Avropada üstünlüyünü itirir və onun yerini skripka, gitara, pianino kimi alətlər tutur. Amma ud Şərq ölkələrində populyarlığını həmişə qoruyub. Bütün bu mənbələrdə, bəstəkarların arxivlərində udun qədim erməni aləti olduğu barədə bircə kəlmə də yoxdur. Hər kəs bu alətin Avropaya Yaxın Şərqdən gəldiyini etiraf edir. Maraqlıdır, ud Avropada bəstəkarlar qalaktikası yarada bilibsə, nə əcəb ermənilərin arasında bircə belə bəstəkar da yetişməyib?
İndi isə erməni mənbələrinə diqqət edək. Ermənilər də udu elə “ud” adlandırırlar: Erməni udu (Հայկական ուդ – Haykakan ud)
Ermənilər izah verirlər ki, ud simli alətdir. Farslarda yaranmış,sonralar ərəblərə keçmişdir. Yaxın Şərq, Mərkəzi Asiya və Ermənistanda (həmçinin qədim zamanlardan) geniş yayılmışdır. “Erməni udu” 6 simlidir (ilk beşi cüt-cüt), interval- kvarta, sekunda (kiçik oktavanın mi, lya, si birinci oktavanın mi, lya ikinci oktavanın re). Görkəmli erməni ud ifaçısı - Soğomon Qriqori Altunyanı qeyd etmək olar. Digər mənbədə qeyd olunur ki, “Matenadaran”da (ermənis əlyazmalar arxivi) udun bir neçə nümunəsi təqdim olunur.
Sazın Azərbaycanda yaratdığı qalaktika
İndi isə keçək saz və tara. Əslində bu alətlərlə bağlı ermənilərlə mübahisə aparmaq bir qədər yersiz görünür. Çünki klassik Azərbaycan ədəbiyyatında, dastanlarında bu alətlərdən o qədər bəhs edilib ki, saymaqla qurtarmaz. Məsələn, tarın adı XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilir. Sazı isə Şah İsmayıl Xətai belə tərənnüm edirdi:
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Saz Azərbaycan mədəniyyətinin elə ayrılmaz hissəsi olub ki, ud Avropada bəstəkarlar qalaktikası yaratdığı kimi, saz da Azərbaycanda aşıqlar qalaktikası yaradıb. Aşıq Qurbani, Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər və daha on minlərlə... Maraqlıdır ki, bu aşıqların əksəriyyəti Qərbi Azərbaycandan olub. Özlərinin aşıqları olmayan ermənilər isə Azərbaycan aşıqlarını toylarına dəvət ediblər. Aşıq Ələsgər o qədər erməni toyu edib ki... Və ermənilər də Azərbaycan musiqilərini, rəqslərini məhz həmin toylarda eşidib, sonra da mənimsəyiblər. “Saz mənimdir” deyən bir xalqın cəmisi bir aşığı var. Söhbət Sayat Novadan gedir. Amma Sayat Novanın da erməni olması şübhəlidir. Birincisi, bu aşığın yazdıqlarının əksəri Azərbaycan və gürcü dillərindədir. Sayat Nova özünü Azərbaycan dilində belə təqdim edir:
Birisi diyər: Sayat Nova haradan?
Birisi Hind deyər, biri Həmədan.
Vətənim Tiplizdir, səmti-Gürcüstan,
Anam havlabarlu, atam hələblü.
Yəni Sayat Nova Ermənistan adı çəkmir. Bəzi alimlərin fikrincə, o, erməni yox, alban (qıpçak) aşığıdır. Lap deyək ki, Sayat Nova ermənidir. Amma əsərlərinin əksəriyyətini Azərbaycan dilində yazması nəyin sübutudur? Onun sübutudur ki, o, Azərbaycan aşıqlarından öyrənib, bəhrələnib, dərs alıb. Yəni sazın əsl sahiblərindən.
Saz Azərbaycan dastanlarının da ayrılmaz hissəsidir. Götürək “Koroğlu” dastanını. Bu dastanda saz Koroğlu üçün Misri qılınc, Qır at mərtəbəsindədir. Üstəlik, dastanda Aşıq Cünun obrazı da var. O başqa məsələ ki, ermənilər “Koroğlu” dastanının da onlara məxsus olduğunu iddia edirlər.
Bəs erməni mənbələri saz haqda nə yazırlar? Udda olduğu kimi bu musiqi alətini də bizim kimi saz adlandırırlar ( սազ – saz). Ermənistan ensiklopediyasında yazılır ki, qazıntı materialları, xaçkarlar, qəbir daşları, orta əsr miniatürləri, eləcə də tarixçilərin ifadələri sübut edir ki, qədim Ermənistanda müxtəlif ayinlər zamanı və müharibə zamanı çoxlu müxtəlif musiqi alətlərindən istifadə olunub. Ermənistanda simli alətlərdən arfa, tar və saz, ud və kanun, kaman,kamança göstərmək olar.
Digər mənbədə yazılıb: Bütün sivil xalqlar kimi, erməni xalqının da öz milli musiqi mədəniyyəti, özünəməxsus melodiyaları və həmin melodiyaların ifa olunduğu unikal alətləri var. Qədim zamanlardan ziyafətlərdə, şənliklərdə, mərasimlərdə xanəndələr musiqiçiləri öz alətləri ilə müşayiət etmişlər. Əvvəlcə çox sadə bir kompozisiyaya sahib idilər. Onlar qamışdan, gildən, ağacdan, və sümükdən düzəldilirdi. Orta əsrlər Ermənistanda geniş yayılan alətlər kanon, saz, tar, kamança və s. Amma əsrlər boyu xalqlar arasındamədəni əlaqələr nəticəsində bu alətlər qonşu ərazilərə yayılıb, dəyişib təkmilləşib. Artıq XIII-XV əsrlərdə səlnaməçilərimizin əsərlərində qeyd olunan alətlərin bir çoxu Qafqazda, İranda, Türkiyədə və ərəb dünyasında geniş yayılmağa başladığı üçün ümumi şərq alətləri hesab olundu.
Füzulinin “sirr sandığı”
Kanon, əslində isə “qanun” da Rusiya və Avropa mənbələrində Yaxın Şərq aləti kimi təqdim olunur. Böyük Azərbaycan mütəfəkkiri Məhəmməd Füzuli bu aləti “sirr sandığı” adlandırıb. Dahi şair “Yeddi cam” əsərində qanunu belə vəsf edib:
Bir gün gecə məclisimiz vardı ki, ondan,
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.
Xam nəğmələrlə edərək aləmi məmnun,
Bir huri-mələk çalırdı iri bir qanun.
Однажды ночью шёл меджлис, весельем развлекая,
Да тем, что грусть-тоска была забыта, далека,
Звучали песни царские и дева рая
Гануном услаждала слух всем, радуя сердца.
Bu musiqi alətini də ermənilər məhz türklərdən oğurlayıblar. Türkiyə türklərinin istifadə etdiyi qanun Azərbaycandakı alətdən bir qədər fərqlidir. Türkiyədə istifadə olunan qanun bir qədər uzundur və sazlanmasında da fərq var. Ermənilərin istifadə etdiyi qanun məhz Türkiyədəkinin oxşarıdır. Bir elementi də farsların qanunundan götürüblər. Qanunda üçlü simlər, əsasən 24 cərgədə düzülür. Fars qanununda isə 26 cərgə var. Ermənilər də farslardan məhz bu elementi götürüblər. Rusiyalı mütəxəssislər etiraf edirlər ki, Azərbaycan aləti digərlərindən daha yüksək səslənir. Qeyd edək ki, Fransanın Konyak şəhərinin incəsənət muzeyində məhz qədim Azərbaycan qanunu nümayiş edilir. (Mənbə)
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov öz yazılarında qeyd edirdi ki, əgər bu gün hər bir musiqiçi üçün fortepianoda ifa etmək vacibdirsə, keçmişdə Şərq musiqiçiləri də qanunda ifa etməyi özləri üçün vacib hesab edirdilər.
Ermənilərin “Erməni kanonu” (Հայկական քանոն – Haykakan kanon) adlandırdıqları bu musiqi aləti haqda yazırlar ki, kanon növünə görə 3 yerə bölünür: 1)ərəb kanunu, 2) fars qanunu, 3)erməni kanonu
Erməni kanonunun özünəməxsus yeri var və digər millətlərin kanonlarından özünün intuasiya səsi, texniki quruluşu, ifadə olunma növlərinə və musiqi ifaçılığına görə fərqlənir. Artıq qeyd etdik ki, ermənilər bu alətdə edilmiş dəyişikliyi farslardan götürüblər, yəni heç bir yenilik yoxdur.
Kəlbəcər ərazisi Ermənistana aiddir?
İndi isə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) Ermənistan pavilyonunda nümayiş olunan daha bir ekspozisiya haqda.
15 yanvar 2022-ci ildə youtube kanalında nümayiş olunan bir tanıtım çarxında VDNX-nın Ermənistan pavilyonunda təmir işlərindən sonrakı vəziyyəti əks edilib. Hər bir ekspozisiya ayrıca görüntülü təqdim edilir. Həmin ekspozisiyalar arasında diqqətimizi ermənilərin “Dadivank məbədi” kimi təqdim etdiyi Qarabağdakı Xudavəng məbədi cəlb etdi. Bəllidir ki, Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Dədəvəng (Xudavəng) monastrı Qafqaz Albaniyasının qədim sivilizasiya nümunələrindən biri hesab olunur.
Xudavəng monastırı, həmçinin Dadivəng və Xutavəng — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir.
Əvvəllər işğal olunmuş ərazilərdə yerləşən 128 alban kilsəsinin, demək olar ki, hamısı, o cümlədən Kəlbəcərdəki Xudavəng, Laçındakı Ağaoğlan monastrları, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amaras kilsəsi erməni qriqorian kilsələrinə çevrilib. (Mənbə)
Məsələ bundadır ki, Rusiya paytaxtında nümayiş olunan həmin sərgidə məbəd haqda yaradılan ekspozisiyanın məlumat lövhəsində bu məbədin Ermənistana aid olduğu qeyd edilir və Tərtər çayı yaxınlığında yerləşdiyi göstərilir. Bu isə Azərbaycan ərazisini öz ərazisi kimi göstərmək, faktları saxtalaşdırmaq, beynəlxalq hüquq və prinsiplərə hörmətsizlikdir.
Nəticə: Saz, ud, qanun, tar qədim erməni aləti deyil. Sadəcə ermənilər Yaxın Şərqdəki hər bir xalqdan müəyyən aləti mənimsəyib və sonra da onu “qədim erməni aləti” kimi təqdim edib. Amma təqdim etməklə həmin aləti özününkü etmək mümkün deyil. Hər bir alət məxsus olduğu xalqa neçə-neçə sənətkar bəxş edib. Ermənilərin sazı, tarı, qanunu, udu “qədim erməni aləti” kimi təqdim etməsi təəccüblü deyil. Təəccüblü o olardı ki, həmin sərgidə bu alətlərin erməni xalıq arasından yetişdirdiyi sənətkarlar da təqdim olunardı.
Saz, kaman, tar, qanun, dolma, paxlava, rahat lukum, xaçaburi illərin oğurluğu və plagiatlığıdır. Amma Xudavəng məbədini və Kəlbəcəri Ermənistan ərazisi kimi qələmə verib, bunu nümayiş etdirmək beynəlxalq qanunlara, norma və prinsiplərə ziddir, böyük skandaldır. Bu məsələ ilə bağlı müvafiq qurumların addım atacağına əminik və reaksiyanı gözləyirik.