“Azadlıq qəzeti” “Facebook” səhifəsi ABŞ senatoru Cin Şahinin (Jean Shaheen) öz “X” hesabında həbsdə olan jurnalist Ülviyyə Əli haqqında status yazdığını bildirib. Səhifənin yazdığına görə, senator “Azərbaycanda insan hüquqları pozuntularını ifşa etdiyinə görə həbs edilən Amerikanın Səsinin müxbiri Ülviyyə Əlini bu həftə önə çıxarmaqdan qürur duyuram. Həbsindən əvvəlki son mesajında Ülviyyə xəbərdarlıq etmişdi ki, Azərbaycan dövləti müstəqil mediaya qarşı dözümlülüyünü tamamilə itirib" ‒ yazıb.
Bəs “müxalifətin” əsas ruporlarından olan “qəzetin” fəaliyyətini anti-Azərbaycan şəbəkənin işinə uyğun qurmuş senator Cin Şahinin fikirlərini tirajlamaqda məqsədi nədir?
Belə olan halda, biz “Azadlıq qəzeti” “Facebook” səhifəsinin əməkdaşları ‒ Əli Kərimli və yaxın ətrafının diqqətinə bu xanımın anti-Azərbayan mövqeyini əks etdirən faktları xatırlatmaq istərdik.
Fakt 1. Senatorun fərdi saytında 29.11.2023-cü il tarixində “Şahin Senat tərəfindən “Ermənilərin müdafiəsi haqqında” qanunun qəbul olunmasını alqışlayır” başlıqlı məqalə yayımlanıb.
Məqalədə qeyd olunur ki, Nyu-Hemşirdən seçilən demokrat Cin Şahin Hari Piters (Miçiqandan, demokrat) tərəfindən təklif olunan “Ermənilərin müdafiəsi haqqında” qanuna hər iki palatanın səs verməsini alqışlayıb. “Bu qanun Azərbaycan Hökumətinin Dağlıq Qarabağda yaşayan etnik ermənilərə hücumundan sonra qəbul olunub və qanuna görə, ABŞ hökumətinə iki il ərzində təhlükəsizlik sahəsində Azərbaycana yardımı qadağan edir” ‒ deyə qeyd olunan məqaləyə xanım senatorun sözləri əlavə edilib: “Azərbaycan Hökumətinin minilliklər ərzində Dağlıq Qarabağda yaşayan erməni sakinlərinə qarşı dəhşətli hücumu 100 min dinc sakinin öz evlərini məcburi tərk etməyə səbəb oldu. Bu isə növbəti fəlakətlərin qarşısını almaq üçün bu gün təcili və təsirli tədbirlər görülməsini tələb edir”
Məqalənin sonunda qeyd olunub ki, Azərbaycanın “Dağlıq Qarabağa” hücumundan sonra senator Şahin ikipartiyalı “birgə bəyanat”ın müəllifi olub və həmin bəyanatda ABŞ Adminstrasiyasından Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzünün qarşısının alınması üçün əməli addımlar atılması tələb edilir.
Fakt 2. 20.09.2023-cü il tarixində senatorun saytında “Cin Şahin Dağlıq Qarabağda zorakılıq və siyasi iğtişaşları pisləyən ikipartiyalı qrupa rəhbərlik edir” başlıqlı məqalə dərc edilib.
Məqalədə bildirilir ki, Senatın xarici işlər altkomitəsinin sədri Cin Şahin beş digər senatorla birgə ABŞ Adminstrasiyasına müraciət ünvanlayıblar. “Dağlıq Qarabağda gördüklərimiz dərin narahatlıq doğurur: çoxəsrlik yerli əhali olan Dağlıq Qarabağın etnik erməniləri Azərbaycan hökumətinin onlara qarşı yönəltdiyi zorakılıqlara görə öz ata-baba yurdlarını tərk etməyə məcbur olurlar” ‒ deyə qeyd olunan müraciətdə senatorlar Administrasiyanı fəaliyyətlərini Avropa İttifaqı ilə koordinasiya etməyə və [Prezident] Əliyevə aydın mesaj göndərməyə çağırırlar: “Bundan sonra istənilən hərbi əməliyyat tamamilə qəbuledilməzdir və nəticələri olacaq. ABŞ-nin avropalı tərəfdaşlarımızla birlikdə əlavə humanitar yardım göndərməsi, Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində beynəlxalq müşahidəçilər yerləşdirməsi və erməni əhalisini bizim sarsılmaz dəstəyimizə inandırması mütləqdir” .
Yekunda isə “Qəbuledilməz etnik təmizləməyə və açıq təcavüzünə görə Azərbaycanın məsuliyyət daşımasının vaxtı çatıb”-imperativi yazılıb.
Fakt 3. Xanım senator 20 sentyabr 2023-cü ildə “X” profilində “Mən Dağlıq Qarabağda - etnik ermənilər yaşayan bölgədə Azərbaycanın yeni hərbi hücumu barədə xəbərləri diqqətlə izləyirəm və Azərbaycanı zorakılığı dərhal dayandırmağa çağırıram. Nyu-Hempşir böyük erməni diasporunun məskənidir və mən onların Dağlıq Qarabağdakı etnik ermənilərin təhlükəsizliyi ilə bağlı dərin narahatlığını bölüşürəm.”- məzmunlu status paylaşmışdır.
Belə faktlar hədsiz çoxdur. Lakin bu mövzunu burada saxlayıb, diqqəti digər məqama ‒ Ülviyyə Əlinin də onu dəstəkləyən ermənipərəst senatordan fərqlənmədiyini göstərən faktlara nəzər salaq.
Əvvəlcə onun kimliyi barədə açıq mənbələrdən topladığımız məlumatları çatdırırıq:
Ülviyyə Əli və yaxud Quliyeva Ülviyyə Əli qızı 13 oktyabr 1993-cü ildə Göyçay rayonunda anadan olub. Ailəsi ilə bir neçə ay Bakıda yaşadıqdan sonra Rusiyanın Tambov şəhərinə köçüblər. O, 8 yaşına kimi Rusiyada yaşayıb. 2001-ci ilin iyununda Azərbaycana qayıdıb.
2012–2016-cı illərdə “NİDA”nın üzvü olaraq fəaliyyət göstərib. İki dəfə “NİDA”nın Nəzarət Təftiş Komitəsinə üzv seçilib, "Qanunsuz olaraq həbs edilmiş Nidaçılara dəstək ol!" kampaniyasının rəhbəri olub.
Özünü jurnalist kimi qələmə versə də dəfələrlə digər feminist və təxribatçı gənclər kimi aksiyalarda birbaşa iştirak edib, paylaşdığı status və postlarla maksimum dərəcədə qızışdırıcı mövqe tutub. 26 yanvar 2013-cü ildə "Silahları üstümüzdən çəkin!" aksiyası zamanı saxlanılıb və inzibati xəbərdarlıq alaraq sərbəst buraxılıb.
2017-ci ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc Hüquq Müdafiəçiləri" təlim proqramının “məzunu” olub. Qeydiyyatsız fəaliyyət göstərən "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" (SMDTM), "Benefisiar" Hüquqi Yardım Mərkəzi, "Qadın Üçün" təşəbbüs qrupu kimi bir sıra qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib.
2019-cu ildə ABŞ Dövlət Departamentinin Liderlik üzrə Beynəlxalq Ziyarətçi Proqramında (IVLP) iştirak edib.
2024-cü ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Konfransı (COP29) ərəfəsində Azərbaycan əleyhinə hazırlanan əksər hesabatlarda, yazılan məqalələrdə, verilən açıqlamalarda Ülviyyə Əlinin rolu və imzası olub və o, qlobal miqyaslı bu tədbiri maksimum dərəcədə gözdən salmağa çalışan şəbəkədə yer alıb.
Ülviyyə Əli 2016-cı ildən etibarən müxtəlif illərdə “Azadlıq Radiosu”, "Toplum TV", "Mikroskop Media", "Amerikanın Səsi", Soros Fondunun "OC Media", "Fakt Yoxla" və "JAM news" saytları ilə əməkdaşlıq edib.
Fəaliyyəti boyu Azərbaycan dilində feminizm məzmunda materiallar yaratmağı və feminist ideyaları yaymağı hədəfləyən "Fem-Utopia" platforması və LGBTQ-feminizm mövzulu xəbərlər dərc edən "Qıy vaar!" platformaları üçün də materiallar hazırlayıb. 2021-ci il üzrə “LGBTIQ+”-la bağlı hadisələrin mətbuatda işiqlandırılmasında fəal rol oynadığı üçün “QueeRadar” mükafatı ilə təltif edilib. "LGBTİQ+ vətəndaşlarla bağlı xəbərlər necə işıqlandırılmalıdır?" mövzusunda da təlimlər keçib.
2021-ci ilin dekabrında Ülviyyə Əli “I'm not your puppet” (“Mən sənin kuklan deyiləm”) yazılmış köynək geyinərək Azərbaycan dövlətinin “Media haqqında” yeni qanun layihəsinə etiraz edib.
2019–2025-ci illərdə "Amerikanın Səsi" (VoA) radiosunun Azərbaycan xidmətində çalışıb. Fəaliyyəti ərzində “VoA”-da dərc olunmuş və yayınlanmış xeyli anti-Azərbaycan məzmunlu xəbər və reportajın müəllifi olub.
11 fevral 2020-ci ildə Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısındakı aksiyada, 14 sentyabr 2020-ci ildə "Gənclik" metrostansiyasında keçirilən icazəsiz və qanunsuz "Tofiq Yaqubluya azadlıq!" aksiyası, 13 oktyabr 2020-ci il tarixdə Baş Prokurorluğa çağırılan Qiyas İbrahimova dəstək aksiyası, 4 avqust 2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin inzibati binasının qarşısında feministlərin xuliqanlıq aksiyasında jurnalist kimi deyil, sırf aksiya iştirakçısı kimi təxribatlara cəhd etdiyi üçün digər həmkarları ilə birgə saxlanılıb.
Ülviyyə Əli 2023-cü ilin fevralında “Media haqqında” Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş şərait yaratdığını bildirmiş və onunla eyni düşüncədə olan jurnalist və blogerlərlə hazırlanan mövqe sənədinə imza atan 40 nəfərdən biri olmuşdur. Həmin Qanundan sonra Ülviyyə Əli "Reyestrsiz Media" platformasını təsis etmişdir.
2025-ci ilin fevralında "Amerikanın Səsi"nin müxbir akkreditasiyaları ləğv olunandan sonra Ülviyyə Əli yenə də öz jurnalist fəaliyyətini dayandırmayıb və öz reportajlarını şəxsi platformasında paylaşacağını bildirib. Bundan sonra o, reportajlarını şəxsi “Facebook” səhifəsindən yayımlayıb və “jurnalist” fəaliyyətinə davam edib.
2025-ci il mayın 7-də saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda o, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Ülviyyə Əli həbs olunmazdan əvvəl ictimaiyyətə müraciət ünvanlayaraq həbs oluna biləcəyini vurğulayıb və bu səbəbdən ölkədən iki dəfə çıxmaq istəyərkən geri qaytarılıb.
İndi isə, Ülviyyə Əlinin qaranlıq fəaliyyəti, yol verdiyi qanun pozuntularına aydınlıq gətirək. Araşdırmanın bu hissəsində “Baku TV”-nin “Toplum TV, Fakt Yoxla, Meydan TV/ Ülviyyə Əlinin təxribatçı karyerası” hazırladığı video-süjetə istinad edəcəyik.
Fraqment 1. “2018-ci ilin sentyabr ayında "Human Right House Foundation" və "People in Need" təşkilatlarının maliyyə dəstəyi ilə Belarus və Ukrayna hüquq müdafiəçiləri ilə birgə Krıma səfər edərək "Crimea: Breaking The Wall of Silence" hesabatının hazırlanmasında iştirak edib”.
Burada qeyd olunan iki təşkilata diqqət edək.
Human Right House Foundation (HRHF) ‒ Norveçdən idarə olunan QHT-dir. BMT-də məşvərətçi və Avropa Şurasında iştirakçı statusu var. Təşkilatın Avropa, Balkan və Cənubi Qafqazın 11 ölkəsində 16 “İnsan hüquqları Evi” fəaliyyət göstərir.
HRHF-nin mənzil-qərargahı Norveçin paytaxtı Oslodadır (16 əməkdaşı var). Bundan əlavə Cenevrədə ofisi, Brüssel və Tbilisidə nümayəndəlikləri var. Təşkilatın əsas sponsorları: Norveç Xarici İşlər Nazirliyi, İsveçrə Xarici Əlaqələr Federal Departamenti, Avropa İttifaqı, Açıq Cəmiyyəti İnstitutu Fondu (Soros fondu), Finlandiya Xarici İşlər Nazirliyi, Avropa Demokratiyanın inkişafı Fondu (EED), Çex Respublikasının Xarici İşlər Nazirliyi və digər rəsmi dövlət qurumlarıdır.
Bu təşkilatın saytında 2025-cü ilin iyul ayına qədər 25 qərəzli və həqiqətə uyğun olmayan məqalə dərc olunub.
İkinci təşkilat “People in Need”-dir ki, üzərində çox dayanmağa ehtiyac görmürük. Bu təşkilat, Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələdən sonra təsis olunan, Qarabağda separatizmi dəstəkləyən, Qarabağ ermənilərinə hər cür maddi dəstək verən destruktiv bir qurumdur. Təşkilatın uzun müddət rəhbəri olmuş Yaromir Ştetinanın Avropa Parlamentində Azərbaycana qarşı fəaliyyəti hələ də xatırlanır. Təşkilatın Azərbaycana qarşı fəaliyyəti haqda daha ətraflı bu linkdə tanış olmaq mümkündür.
Fraqment 2. “Ülviyyə Quliyeva Almaniyada qeydiyyatda keçirilmiş "Vereinigung für die Demokratie e. V." (Demokratiya Uğrunda Birlik - red.) təşkilatı üzərindən "Meydan TV"ni idarə edən Metyu Kasperlə imzaladığı müqavilə əsasında əvvəlcə aylıq 550, sonra isə 600 avro müqabilində "Olivia" təxəllüsü ilə əməkdaşlıq edib, eləcə də media resursunun əsas heyəti ilə birlikdə Avropa ölkələrində təşkil edilmiş təlimlərində iştirak edib”.
"Vereinigung für die Demokratie e. V." Almaniyada fəaliyyət göstərir. 100-dən çox quruma qrant ayırır, özünə isə 6-7 donor dəstək olur.
Azərbaycan seqmentində dağıdıcı və təxribatçı mövqeyi ilə seçilən “Meydan TV” və Rusiya müxalifətinin əsas ruporu olan “ROMB”-un təsisçisidir.
Fraqment 3. "Amerikanın Səsi" ölkədəki fəaliyyətini dayandırdıqdan sonra Ülviyyə Quliyeva cari ilin mart ayından başlayaraq, 600 avro qarşılığında Qafqaz regionundan xəbərlər hazırlayan "Jam news" media resursu ilə onlayn qaydada əməkdaşlıq etməyə başlayıb.
Ülviyyə Quliyeva xaricdən olan ödənişləri qəbul etmək üçün Gürcüstanın "TBC" bankında "GE73TB0000002511034003" və "GE92TB7689845164400001" saylı hesablar açıb.
Onun "Amerikanın Səsi" media resursundan aldığı əməkhaqqı "U.S. Agency For Global Media" təşkilatının, ABŞ-nin "Citibank" və "JP Morgan Chase & Go", Almaniyanın isə "Commerzbank" banklarındakı hesablarından mümkün nəzarət tədbirlərindən yayınmaq məqsədilə "TBC" bank hesabına göndərilib. Nümunə olaraq qeyd etmək olar ki, o, "Amerikanın Səsi" media qurumundakı fəaliyyətinə görə təkcə 2023-cü ilin fevral ayında 3245 ABŞ dolları miqdarında vəsait əldə edib.
Burada qeyd edəcəyimiz əsas məqam “Jam news" media resursu haqdadır. Bəllidir ki, bu media resursunun donorlarının böyük əksəriyyəti Soros Fondu ilə ya birbaşa, ya da dolayısı ilə bağlı qurumlardır.
“Go Group”-un layihəsi olan “JAM news” 2016-cı ildə jurnalist Marqarita Axveliani tərəfindən təsis edilib. İlkin komandanın əksəriyyəti əvvəllər “Müharibə və Sülh Reportajı İnstitutu”nda (IWPR) işləyiblər. Bu media qurumunda vaxtilə “Dağlıq Qarabağ” adlı müstəqil bölmə fəaliyyət göstərib və əməkdaşları arasında erməni əsillilər üstünlük təşkil edirlər. Ülviyyə Əlinin məhz bu media qurumu ilə əməkdaşlıq etməsi təsadüfi sayıla bilməz.
Fraqment 4. “22 may ‒ 4 iyun 2023-cü il tarixlərində "Rosa Luxemburg Stiftung" təşkilatının maliyyə dəstəyi ilə Berlin şəhərində "InterCity" hotelində Azərbaycan və Ermənistandan olan feminist fəalların iştirakı ilə keçirilmiş tədbirdə Ülviyyə Əlidən başqa Rövşanə Orucova, Gülnarə Mehdiyeva, Nisə İsmayılzadə eləcə də, Gayani Ayvazayan, Arpi Balyan, Hasmik Qriqoryan və Armeni Karapetyan iştirak ediblər”.
Həmin tədbirdə iştirak edənlər haqda mediada kifayət qədər məlumat verildiyi üçün bu mövzuya toxunmuruq.
Diqqətimizi tədbirin təşkilatçısı və əsas maliyyəçisi olan "Rosa Luxemburg Stiftung" (RLS) cəlb edib. Belə ki, sosial analiz və siyasi təhsil üzrə ixtisaslaşmış bu təşkilat Almaniyanın “Sol partiyası”na (Die Linke) məxsusdur. 1990-cı ildə “Sosial analiz və siyasi təhsil Assosiasiyası” adı ilə təsis edilib, 2000-ci ildə adı “Roza Lüksemburq Fondu” olaraq dəyişdirilib. İki il sonra Fondun əsasında Demokratik Sosializm Partiyası qurulub. Fond fəaliyyət göstərdiyi müddətdə Almaniyanın sol təmayüllü təşkilat və dövlət fondları ilə əməkdaşlıq edib.
Təşkilatın həqiqi üzvlərinin siyahısına baxdıqda orada türk ad və soyadlı şəxslərə rast gəlmək olur. Ötəri araşdırma ilə müəyyənləşdirdik ki, türk soyadlı şəxslərdən Güldane Tokyürek və açıq-saçıq yazıları ilə tanınan Reyhan Şahin ələvi, Cigdem Kaya-Boztemur isə etnik mənsubiyyəti kürd olan, PKK-yə rəğbət bəsləyən şəxsdir.
Fondla bağlı daha ciddi bir məqam. Almaniya mətbuatının yazdığına görə, 2013-cü ildə RLS-nin yeni mənzil-qərargahı üçün memarlıq müsabiqəsi elan olunub və Kim Nalleveq- Moyya Truxilyo cütlüyünün ideyası qalib gəlib. Almaniya Bundestaqı bu layihə üçün 20 milyon avro ayırıb. 5700 m²-lik sahəsi olan qərargah Berlinin Fridrixshayan rayonunda dəyəri 2,8 milyon avro olan ərazidə yerləşir. Bu işin görülməsi üçün 2013-cü ilin yayında "Straße der Pariser Kommune 8 GmbH & Co. KG” daşınmaz əmlak üzrə şirkət təsis edilib. “Die Welt” qəzetinin araşdırmasına görə, bu şirkət, Fonda deyil, Şərqi Almaniyanın (ADR) xüsusi xidmət orqanı olmuş “Ştazi”-nin keçmiş əməkdaşı, xüsusi xidmət kapitanı Matias Şindlerin aktivləri hesabına yaradılıb. Bu məlumat mediada yayılandan sonra Fond ADR-in xüsusi xidmət orqanının əməkdaşı ilə əlaqələrinə aydınlıq gətirməkdən yayınıb, bu mövzuya oxunmaq istəməyib. Həmin vaxt tikintiyə məsul olan Bodo Ramelov da (2020-ci ildə Sol Partiyanın birinci katibi olub) açıqlama verməkdən imtina etmişdir.
Burada diqqətçəkən məqam, adı qeyd edilən şəxsin ADR-nin xüsusi xidmət orqanlarının əməkdaşlarının hazırlanmasında rolu olan dövlətlə bağlılığının mövcud olmasıdır. Ülviyyə Əli və digərlərinin həmin tədbirdə iştirakı bu baxımdan şübhəli nüansları ortaya çıxardır. Bir daha təkrar edirik, Ülviyyə Əlinin ailəsi 8 il Rusiyada yaşadıqdan sonra qəfil Azərbaycana dönüblər. Onun yeniyetməlik dövründə ilk olaraq təxribatçı və dağıdıcı təşkilat kimi tanınan “NİDA”-ya üzv olması da təsadüfi deyil.
Fraqment 5. “Baku TV”-nin araşdırmasında bu hissəyə diqqət edək: “2015-ci ildə yaradılmış və mərkəzi ofisi Praqa şəhərində yerləşməklə əsasən keçmiş sovet ölkələrində yaşayan rusdilli əhaliyə hədəflənmiş media şəbəkəsi olan "The Russian Language News Exchange" ilə "Meydan TV"nin birgə layihəsinə dair sənəd aşkar edilib.
Həmin layihəyə əsasən hazırlanacaq materiallar Vətən müharibəsindən sonra məcburi köçkünlərin azad edilmiş ərazilərə köçürülməsi mövzusunu əhatə etməli idi. Layihənin rəhbəri mühacirətdə olan Belarus jurnalisti Vitali Ruhayindir.
"The Russian Language News Exchange" (RLNE) layihəsinin adı oxucularda çaşqınlıq yaratmasın. Bu layihə, Rusiyaya qarşı deyil, daha çox Azərbaycana qarşı yönəlmiş bir layihə kimi hazırlanıb. Olduqca məxfi, saytlarındakı istənilən bir məlumatla tanış olmaq üçün özlərinin verdikləri şifrə tələb edən layihədir.
Bu layihənin bir tərəfdaşı artıq qeyd edildiyi kimi “Meydan TV”, digəri isə Soros Fondunun media təsisatı sayılan “JAM news” olub.
“Meydan TV”-nin saytında layihə tərəfindən dəstəklənən iki yazınının adını təqdim edirik. Bunlardan biri “Azərbaycanın yeni media qanunu müstəqil jurnalistikanı necə məhdudlaşdırmağa yönəlib”, digəri isə “Azərbaycanda nifrət nitqi və tənqidçilik” adlanır. Bu məqalələr o vaxt yayılıb (2021-ci ildə) ki, Ermənistan Azərbaycanı ermənilərə qarşı “nifrət nitqi”ndən istifadə etdiyini davamlı tirajlayırdılar.
Fraqment 6. “Ülviyyə Əli ölkədə jurnalistika fəaliyyətinə maneə törədilməsini bəhanə gətirərək, psixoloji sarsıntılara görə reabilitasiya proqramına qatılmaq üçün "Civil Rights Defenders" təşkilatından 2028 avro qrant alıb, eləcə də əlavə maddi yardım əldə etmək məqsədilə "Protect Defenders", "Federation Internationale des ligues des droits de l"Homme" Fransa beynəlxalq insan hüquqları liqası və "Front Line Defenders" təşkilatına müraciətlər edib”.
Burada "Federation Internationale des ligues des droits de l"Homme" (FIDH) təşkilatına diqqət yetirmək lazım gəlir.
Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) 1922-ci ildə təsis edilib. Hazırda 100-dən çox ölkənin 184 təşkilatını özündə birləşdirir.
Bu təşkilatın sponsorları arasında Fransa ilə əlaqəli qurum və təşkilatlar üstünlük təşkil edirlər. Onlardan “Agence Française de Developpement” (AFD), “Fransanın Avropa və Xarici İşlər Nazirliyi”, Paris meriyası, “Beynəlxalq Frankofoniya Təşkilatı” (OIF), Fransanın Malidəki Səfirliyi, “Fondation de France”, “Fond Nicolas Puech”, “Fondation Yo və Anne Marie Hamoud” və digərlərini göstərmək olar.
Təşkilatı diqqətdə saxlamağımıza səbəb FIDH rəhbərliyində iki erməni əsilli şəxsin olmasıdır.
Bunlardan biri təşkilatın vitse-prezidenti Artak Kirokosyan, digəri isə hüquqşünas və beynəlxalq əlaqələr üzrə məsləhətçi Filip Kalfayandır.
Vitse-prezident Artak Kirokosyan “erməni soyqırımı” tədbirində iştirak etdiyi haqda açıq mənbələrdə məlumatlar var.
Qeyd edək ki, bu təşkilat Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə “FIDH tərəfləri atəşkəs rejiminə riayət etməyə və muzdlu döyüşçülərdən istifadəyə görə qınamağa çağırıb” başlıqlı bəyanat yaymışdı. Sitat: “Azerbaijan and Turkey to stop the use, recruitment, financing or training of mercenaries in violation of international law”.
Təşkilatın 21 sentyabr 2023-cü ildə birgünlük anti-terror tədbirləri ilə bağlı yaydığı bəyanat isə bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. “Azərbaycanın Dağlıq Qarabağa hücumu etnik ermənilərin soyqırımı riskini artırır”.
Beləliklə, bu araşdırmamızda “Azadlıq qəzeti” “Facebook” səhifəsinin paylaşımında anti-Azərbaycan şəbəkənin üzvünə - amerikalı senatora bəh-bəhlə yer verməsi, “qəzetin” əsl simasını bir daha göstərdi.
Eyni zamanda, jurnalist kimi beynəlxalq ictimaiyyətə təqdim edilən Ülviyyə Əlinin qaranlıq fəaliyyətinə aydınlıq gətirildi.