Qazaxıstanın tanınmış nəşri Ermənistanla bağlı material dərc edib. Yazıda bu ölkənin nə ilə məşhur olması haqda məlumat verilib. “Burada xalçalar qoşa erməni düyünü ilə toxunur. Sapları boyayarkən yalnız təbii boyalardan - məsələn, qoz və nar qabığı, yerkökü, tut, indiqo - və dörd fiksatordan istifadə olunur ki, xalçaları yuyan zaman rənglər solmasın və qarışmasın”. “Erməni xalçaları” haqda bu məlumatı nəşrə “Megeryan karpet” şirkətinin istehsalat direktoru Leonid Andreasyan verib.
O bildirib ki, bütün naxış və ornamentlər müəyyən məna daşıyır. “Mənasız erməni xalçaları yoxdur. Sərgi zalında Ermənistan istehsalı olan yüzlərlə hazır əl işi olan xalça var. Bir növü istisna olmaqla hamısı fabrik qiymətinə satılır. Həmin növdən isə cəmisi100 ədəd hazırlanır və "erməni soyqırımı"nın tanınmasında böyük xidmətləri olan insanlara təqdim olunur” - Qazaxıstan nəşri yazır.
Faktyoxla Lab. nəşrin materialında hansı erməni xalçalarından bəhs edildiyini öyrənməyə çalışıb.
Ondan başlayaq ki, Ermənistanda dəfələrlə bəyan edilib ki, “erməni xalçaları” başqa xalqların xalçalarından ciddi şəkildə fərqlənir.
Vətən müharibəsindən sonra ermənilərin Qarabağdan, xüsusən Şuşadan oğurladıqları xalçaların sərgisini İrəvanda təşkil etməsi xalçaçılıq üzrə mütəxəssisləri həm təəccübləndirdi, həm də hiddətləndirdi. Sərgidə, oğurlanmış 160 xalçadan 71-i nümayiş etdirilib. Etnoqraf Vardan Asatryan iddia edib ki, sovet dövründə azərbaycanlılar kəndləri gəzərək ermənilərdən xalçalar alırdılar: “Hər kəs bu barədə bilirdi. Bəzən də bunu erməni tacirləri vasitəsilə edirdilər. Tarixin ən mühüm epizodlarını silməklə Qarabağdan qiymətsiz xəzinələr aparıblar. Sübut olunmuş faktdır ki, xalçaçılıq oturaq xalqlara xasdır, köçərilər heç vaxt bununla məşğul olmayıblar. Azərbaycanlılar bu xalçaları götürərək, onları öz tarix və mədəniyyətlərinə aid etmək istəyirdilər”.
Səlcuqların gəlişi ilə meydana çıxan “erməni ornamentləri”
İndi isə diqqəti İrəvanda sərgilənən xalçalara yönəldək. Sərgidəki xalçaların fotoşəkillərinə diqqət yetirsəniz, müşahidə edərsiniz ki, onlar hər bir azərbaycanlı ailəsinin evində olan xalçalara heyrətamiz dərəcədə oxşayır. Demək olar ki, eyni naxışlar, ornamentlər və motivlər. Azərbaycan xalçalarındakı simvollar – medalyonlarda səkkizguşəli ulduz, bərabərbucaqlı xaç, "üç dünya" sxemi - dünyanın türk-şaman mənzərəsi, "arzular ağacı" arxetipi, svastika, S şəkilli elementlərdən ibarətədir. Mütəxəssislərin fikrincə, bu simvollar yalnız qədim türk inancının, irsinin qorunub saxlanıldığı Türk-Azərbaycan mühitində yarana bilərdi.
Ermənilərin özlərinə aid etdikləri bir çox ornamentlər isə səlcuqların bu regiona gəlişindən sonra meydana çıxıb. XI-XII əsrlərdən başlayaraq səlcuq tayfalarının Orta Asiyadan Azərbaycana, daha sonra Kiçik Asiyaya yürüşü həm də məşhur səlcuqlu xalçalarının istehsalı ilə xatırlanır. Oxşar ornamentli motivlər geniş əraziyə yayılıb, xalqların genetik birliyini, tarixi və mədəni əlaqələrini əks etdirən ortaq xalça ənənələri qurulub.
Səlcuqlu üslubunda toxunmuş Azərbaycan xalçalarının kompozisiyası ortada kiçik romb və xaçların uclarında qarmaq şəkilli elementlərdən ibarətdir. Bu motiv Orta Asiyada "kaykalak”, Azərbaycanda "köhnə-naxış" adlanır. Xaç və romb həm həndəsi xüsusiyyətinə, həm də mənasına görə bir-birinə ziddir. Xaç səma odu ilə əlaqələndirilir və sonsuzluğa doğru hərəkəti göstərir; Bu simvol ilahi enerjinin özünü xarici dünyaya göstərməsi kimi xarakterizə olunur. Bərabər uclu xaç, qədim Türklərin tək tanrısı olan Tenqrinin simvolu, türklər arasındakı mənəvi aləmin harmoniyasının təcəssümüdür. Romb, sərhədlərdə bir növ qadağanı, daxilə doğru hərəkəti və sabitliyi simvollaşdırır. Romb-kvadrat isə əsas elementlərdən biri - yerlə əlaqələndirilir.
Azərbaycanın xalça və kilimlərində üçbucaq, kvadrat, romb təsvirləri çox geniş yayılıb. Bunlar Qazax zili, Şirvanın “Bico”, Qarabağın heybəsi, məfrəşi, duz üçün xalça xurcunları (Şuşadan oğurlanan belə nümunələr İrəvanda nümayiş etdirilib) və başqalarıdır. Bundan əlavə, Qazax, Şirvan və Qarabağ xalçalarında üçbucaq şəklində özünəməxsus ornamentə tez-tez rast gəlinir. Erməni tərəfinin “bizimdir” dediyi xalça naxışlarından biri də “əjdaha”dır. Şuşadan oğurlanmış xalçalarda bu ornament də var. Bir əsrdən çoxdur ki, əjdaha ornamentli xalçaları bir çox xarici və sovet tədqiqatçılarının diqqətini cəlb edir. Doktor Çarlz Qrant Ellisin əsasını qoyduğu “Tekstil” Muzeyinin (Vaşinqton) 50 illik yubileyinə həsr olunmuş erkən Qafqaz xalçalarına dair monoqrafiyası, əsasən əjdaha ornamentli xalçalara həsr olunub.
"Əjdaha"
Ellis ümumilikdə əjdaha təsvirli xalçaların mənşəyinə dair fikir yürüdür. O, bir çox məşhur nəşrlərdə Quba xalçalarının (əjdaha təsvirli xalçalar nəzərdə tutulur) ermənilərə aid edildiyini və bu şübhəli fərziyyənin F.R.Martinin “Xalçanın tarixi” kitabında daha da dərinləşdirildiyini yazır, hansı ki, XIII əsr erməni əlyazmasına əsaslanaraq erməni xalçaçılığının qədimliyini təsdiqləyir. Ellis Quba, Şirvan, Qarabağ, Qazax, bütövlükdə Azərbaycan xalça məktəbinin təhlili əsasında Henri Yakob və Artur Poupun bu fərziyyəni inkar etdiyini yazır. Ellisin qeydlərinə görə, erməni dilində yazısı olan xalçaların arasında Sovet dövründə İrəvan yaxınlığında toxunan xalçalar da var. Çexiyalı alim Lyudmila Kibalova da əvvəllər erməni və ya monqol xalçaları kimi qəbul edilən “əjdaha” təsvirli xalçaların yerli Azərbaycan mədəniyyəti ilə əlaqəsinin sübut olunduğunu qeyd edib.
Xatırladaq ki, amerikalı Artur Poup (7 fevral 1881 - 3 sentyabr 1969) İran incəsənəti üzrə mütəxəssis və “Fars İncəsənəti icmalı”nın redaktoru olub. Eyni zamanda fəlsəfə və estetika üzrə universitet professoru, arxeoloq, fotoqraf, siyasi fəal, muzey direktoru və planlaşdırıcı, pianoçu, dizayner və beynəlxalq elmi təşkilatın qurucusu idi.
Yeri gəlmişkən, Luvr kolleksiyasında “əjdaha ornamenti”ndə “Çələbi” adlı məşhur Qarabağ xalçası var. Mütəxəssislər izah edirlər ki, “Çələbi” xalçasının medalyonları günəşi simvolizə edir. "Çələbi" və ya "Bərdə" kompozisiyalı xalçalar Qarabağ kəndlərində, eləcə də Bərdədən 10 km şərqdə yerləşən Çələbi kəndində toxunurdu. Xalçanın mərkəzində "Çələbi" xalçaları üçün xarakterik olan iki eyni "göl" elementi var. Qarabağın xalçaçılıq sənətində geniş yayılmış "günəş" və ya "çələbi" elementi günəşi ifadə edir. Bunlar Qarabağ tipli digər xalça qruplarında da istifadə edilmişdir. Bu element "Əjdahalı" xalçaların bəzədilməsində xüsusi yer tutub.
"Çələbi"
Asatryan həm də onu bilmir ki (bəlkə də bilir, amma etiraf etmir), Qarabağda, Xocavənddə "dəst-xalı-gəbə” xalça dəstləri toxunur. Qarabağdakı evlər hündür və geniş idi, bu səbəbdən mənzillərə uyğun olaraq bir neçə xalça toxunurdu. Ən böyük xalça "xalı" adlanır, uzunluğu 4-7 metr arası olur. İki yan xalça da eyni uzunluqda, amma bir qədər ensiz olur və "kənarə" adlanır. Asatryan isə İrəvanda sərgilənən bu tip nümunələri “kəsilmiş” adlandırır, bir kompozisiyanın hissələri olduğunu zənn edir. Başqa bir nümunə kimi Qarabağda toxunan "Qoca" xalçasını göstərmək olar. Xalçanın adı Xocavənd kəndinin adından götürülüb. XVIII əsrdə bu xalça "Xocan" adı ilə tanınırdı, sonra "Qoca" adı ilə əvəzlənib.
"Qoca"
Azərbaycanlılar yox, ermənilər alıb
İndi isə Asatryanın azərbaycanlıların guya kəndləri gəzərək ermənilərdən xalça alması iddiasına diqqət ayıraq. Məsələ burasındadır ki, bu vəziyyət Asatryanın dediyi kimi deyil, tam əksinədir. XIX əsrin ikinci yarısında Azərbaycanın bütün bölgələrində xalça və xalılar toxunurdu. Şirvan və Quba bölgələrində toxunana xalçalar Bakıda, Qazax və Gəncə xalçaları Tbilisidə, Qarabağ xalçaları Təbriz və İstanbulda satılırdı. Qubada toxunan xalçaların əsas alıcıları yerli yəhudilər, Qarabağ, Gəncə, Salyan və Muğanda ərsəyə gələn xalçaları isə ermənilər alıb satırdı. Əksər hallarda xalçaçılar öz məhsullarını çox ucuz qiymətə dəllallara satmaq məcburiyyətində qalırdılar. Xalçanı ticarət məqsədi ilə alan dəllallar isə onlara özlərinin uydurduqları adlar verirdilər. Xarici ədəbiyyatda bu adlara bu günə qədər rast gəlmək olar. Erməni tarixçisi Sebeos Roma imperatoru Herakliusun hərbi əməliyyatlarından bəhs edərkən yazır ki, o, regiona yürüş edərkən çox sayda güllabduzluq tiftiksiz xalçaları, qızıl və gümüş saplardan toxunan ipək parçaları (tiftiksiz şəddə və zili xalçaları nəzərdə tutulur), gümüş qabları, kətan paltarları müharibə qəniməti kimi aparıb. Bundan başqa ərəblərin basqınlarından sonra da Azərbaycandan çox sayda xalça və xalça məmulatları aparılıb.
Erməni əsilli tədqiqatçının etirafı
Erməni əslilli Rusiya tədqiqatçısı, "Zaqafqaziyanın xalça sənəti" əsərinin müəllifi İsayev indiki Ermənistan ərazisindəki Sevan gölü (tarixi adı Göyçə gölü -red.) regionunu araşdıraraq burada yalnız türkdilli əhalinin xalçaçılıqla məşğul olduğunu qeyd edib. Bu fakt xalçaçılığın ermənilər üçün heç vaxt xarakterik olmadığını və "erməni xalçası" anlayışının yalnız son onilliklərdə meydana gəldiyini bir daha təsdiqləyir.
Asatryanın İrəvanda nümayiş etdirdiyi xalçalar Azərbaycan əraziləri işğal edildikdən sonra ələ keçirilib. Həmin xalçalar indi Ermənistanda şəxsi kolleksiyalarda saxlanılır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müşaviri olmuş Vardan Xaçatryan böyük xalça kolleksiyasına sahibdir ki, onların da əksəriyyəti Azərbaycan xalçalarıdır. Yəni işğaldan sonra Azərbaycan ərazilərindən yağmalanıb. Hətta bu kolleksiyada namaz qılmaq üçün nəzərdə tutulmuş məşhur “Namazlı” xalçası da var.
Şuşa Qarabağ xalçaçılığının paytaxtı olub. Şuşa işğal edildikdən sonra şəhərin Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan xalçalar Ermənistana aparılıb, oradan da xarici ölkələrə və auksionlara ixrac olunub. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri qədim xalça və xalça məmulatlarını yağmalayıblar və sonradan baha qiymətə satıblar.
Xalça Muzeyinin Şuşa filialı əvvəllər Mehmandarovlar ailəsinin malikanəsində yerləşib. 1992-ci ildə şəhər ermənilər tərəfindən işğal edilərkən muzey işçiləri həyatlarını təhlükəyə ataraq eksponatların bir hissəsini çıxara biliblər. Ermənilər işğaldan sonra xalça istehsal etmək üçün emalatxana tikiblər. İstehsal etdikləri xalçaların naxış və bəzəkləri də Azərbaycan xalçalarından oğurlanıb. İşğal zamanı Şuşada sərgilənən və daha sonra Ermənistana aparılan xalçalar da Azərbaycan xalçaları əsasında toxunub.
ABŞ-da heyrətamiz hadisə
2017-ci ildə qeyri-adi hadisə baş verib. Buna “erməni həyasızlığı” da demək olar. ABŞ-da yaşayan azərbaycanlı Elşad Tahirov hərracların birində "Ermənistanın antik xalçası - Qarabağ" adı altında sərgilənən Azərbaycan xalçasını görüb. Bir erməni 25 il onda olan xalçanı satışa çıxarıbmış. Həmin vaxt Tahirov üzərində “Anasından oğluna ad günü hədiyyəsi” sözləri yazılan xalçanı alaraq Azərbaycana göndərib. Azərbaycanda xalçanın əsl sahibinin tapılması üçün ictimaiyyətə müraciət olunub və xalça müvəqqəti saxlanılmaq üçün Muzeyə verilib.
Ermənilər dünyada məşhur olan və yüksək qiymətləndirilən Azərbaycan xalçalarını saxtalaşdırmaqla kifayətlənməyiblər, həm də ticarət məqsədilə istifadə ediblər. Qarabağın Ermənistanın işğalı altında qaldığı illərdə müxtəlif beynəlxalq hərraclarda Qarabağ xalçalarına da rast gəlinib. Təəssüf ki, onların əksəriyyəti dünyaya yayılıb, ya şəxsi kolleksiyalarda saxlanılır, ya da "erməni xalçası" adı altında muzeylərin ekspozisiyalarında nümayiş olunur. Ancaq möcüzələr də baş verir.
Məsələ burasındadır ki, erməninin ABŞ-da satmaq istədiyi bu kiçik ölçülü xalça qədim əl işi deyil. 1971-ci ildə toxunsa da, 300 illik xalça kimi görünür. Erməni də bundan yararlanaraq qeyri-peşəkarları aldatmağa cəhd edib, xalçanı "erməni antik xalçası” adı ilə sırımağa çalışıb. Ancaq erməni özü də fərqində olmayıb ki, xalçada istehsal tarixi açıq şəkildə göstərilib və üzərində kiril əlifbası ilə Azərbaycan dilində “Anasından oğluna ad günü hədiyyəsi” yazılıb. Mütəxəssislərin fikrincə, naxışlar xalçanın Ağdamda toxunduğunu göstərir.
Sonda onu da qeyd edək ki, toxuculuğa həsr olunan Rusiya saytlarından birində Azərbaycan xalçasına geniş yer verilir. “Qazax”, “Gəncə”, “Qarabağ” xalçalarında hər kv. dm-də qoşa düyün sayının 900 ilə 1600 arasında, xovlu hündürlüyünün 8-11 mm olduğu göstərilir. "Quba", "Şirvan", "Xilə" xalçalarında 1 dm2-də 1600-2500 düyün, xovlu hündürlüyünün 3-5 mm olduğu qeyd edilir.
"Erməni xalçaları"na gəldikdə, sözügedən mənbədə qeyd edilir ki, struktur göstəricilərinə görə erməni xalçaları digər Qafqaz xalçalarına bənzəyir. Başqa sözlə, “erməni xalçası” kimi müstəqil bir anlayış mövcud deyil.