Qlobal inflyasiyanın Ermənistan iqtisadiyyatına dağıdıcı təsiri və ölkənin valyuta bazarında baş verən süni spekulyasiyalar ölkədə ən çox xarici ölkələrə mal ixrac edən sahibkarlara ciddi ziyan vurmaqdadır. Ermənistan mediası yazır ki, artıq beynəlxalq bazarlarda Azərbaycan mallarının rəqabəti daha çox yüksəlir və ermənilərin kənd təsərrüfatı mallarını sıxışdırıb çıxarır. Bu səbədən son 2 ayda Ermənistan ixracatçılarının MDB və yaxın region ölkələrinin bazarındakı payı azalıb.

Ermənistanın “Mantaşyants” Sahibkarlar İttifaqının sədri Vahram Mirakyan bildirib ki, İrəvan hökumətinin, xüsusilə də iqtisadi komandanın yürütdüyü uğursuz siyasət sayəsində erməni ixracatçıların vəziyyəti pisləşir və onların xarici bazarlara çıxardığı malın maya dəyəri hədsiz baha olduğundan rəqabətdə uduzur. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan erməni sahibkarların Rusiya, Belarus və digər ölkələrə çıxardığı malların satış qiyməti əvvəlki kimi qalsa da, ixracın maya dəyəri yüksəlib, bu isə ixracatçıların zərərlə üzləşməsinə səbəb olub. Nəticədə mövcud vəziyyətdən istifadə edən Azərbaycan sahibkarları əlverişli tariflərlə xarici bazarlarda öz rəqabət üstünlüklərini möhkəmləndirərək erməniləri sıxışdırmaqdadır. Belə vəziyyət həm erməni sahibkarların bazarları itirməsinə, həm də ölkənin beynəlxalq ixrac balansının aşağı düşməsinə gətirib çıxarır. (Mənbə)

V.Mirakyan bildirib ki, mövcud vəziyyətin yaranmasının birbaşa günahkarı  Ermənistanın azğınlaşmış məmurlarıdır. Mirakyanın fikrincə, oxşar vəziyyət ölkənin ixracında və valyuta gəlirlərində mühüm yer tutan içkilərin ixrac bazarında da müşahidə olunur. “Məsələn, şərab ixracı ilə məşğul olan bir müəssisə 100.000 dollar dəyərində məhsul ixracından cəmi 10% mənfəət əldə edib ki, maya dəyəri, gömrük rüsumları, vergilər və s. bütün xərcləri nəzərə aldıqda həmin sahibkar 10% zərərə məruz qalır”.


Erməni sahibkarlar hökumətə müraciət edərək məhsullarının xarici bazarlarda rəqabətə davamlılığını qorumaq məqsədilə dövlətin ixracatçılara dəstək göstərməli olduğunu bildirirlər. “Ararat Abricon” spirtli içkilər zavodunun direktoru Karen Xaçikyan deyir ki, son bir ayda dram təxminən 15% dəyər itirib. Çünki son bir ayda ölkədə iqtisadi fəallıq o qədər artmayıb və dramın məzənnəsinin möhkəmlənməsi üçün ölkəyə kifayət qədər xarici valyuta daxil olmayıb. Ancaq hökumət guya inflyasiyanı sabitləşdirmək üçün Mərkəzi Banka süni şəkildə dramı “bahalaşdırmaq” tapşırığı verib və süni olaraq məzənnə spekulyasiyalarından sahibkarlar əziyyət çəkir. “Əvvəllər 1 dollar  520 dram olanda 500 dram dəyərində mal satmaqla qazanc əldə edə bilirdik. İndi malın eyni maya dəyəri ilə 430 drama mal satırıq. Məsələ burasındadır ki, fakturalarda malın valyuta dəyəri göstərildiyi halda, Mərkəzi Bankın kurs məzənnəsi nəzərə alınmır. Sənədlərə əsasən, guya sahibkarlar qazanc əldə edir, məqsəd həm də sahibkarları gəlıir vergisi ödəməyə məcbur etməkdir.Təbii ki, bütün ixracatçılarımız itkilərə məruz qalır. Bu proses dayandırılmasa, o zaman Ermənistan məhsulları rəqabətə davam gətirməyəcək və onların yerini Qazaxıstan, Özbəkistan və digər ölkələrin malları tutacaq”. (Mənbə)

Ermənistanın ixrac icmasının və “Mantaşyants” Sahibkarlar İttifaqının sədrinin dediklərini 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın və Ermənistanın xarici ticarətlə bağlı statistikası da təsdiqləyir.
Azərbaycanın 2022-ci ilin ilk 4 ayında ümumi ticarət dövriyyəsinin həcmi təxminən 15,9 milyard dolar təşkil edib ki, onun 11,8 milyrd dolları ixrac məhsullarıdır. (Mənbə)


Azərbaycan hesabat dövründə 965,5  milyon dollar dəyərində qeyri-neft malları ixrac edib, bu, 2021-ci il ilin mübafiq dövrü ilə müqayisədə 268,6 milyon dollar və ya 38,5% çoxdur. Həmin dövr ərzində ölkəmiz tərəfindən Türkiəyə 333,7 milyon dollar, Rusiya Federasiyasına 191,7 milyon dollar, Gürcüstana 61 milyon dolları, İsveçrə Konfederasiyasına 51 milyon dollar və ABŞ-a 39,4 milyon dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
(“Azərbaycanın ixrac icmalı, 2022,  yanvar-aprel ayları)

İxracda meyvə-tərəvəz məhsullarının payı təxminən da kifayət qədər yüksəlib, 162,2 milyon dollar olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% çoxdur.

Ermənistanın isə cari ilin ilk 4 ayınyda ticarət dövriyyəsinin həcmi isə 2.9 milyard dollar təşkil edib ki, onun da cəmi 1 milyard 025 milyon dolları ixrac məhsullarıdır. İxracda mədənçıxarma (332 milyon dollar), qiymətli metallar və və qeyri-qiymətli metallar (130 +148 = 278 milyon dollar), eləcə də digər toxucluq və sənaye mallarını (təxminən 400 milyon) çıxdıqda Ermənistanın  aktiv kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz, ərzaq və içkilər) ixracı təxminən 250-300 milyon dollar təşkil edir. Yəni, Azərbaycandan ən azı 3 dəfə az ixrac qeydə alınıb. Azərbaycandan bir ayda təxminən 42 milyon dollar həcmində kənd təsərrüfatı malları ixrac olunur, Ermənistandan isə 13 milyon dollar.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan ixracatçı sahibkarların başqa problemlərinə də toxunaraq ölkənin ixrac balansında itkilərin yaranmasında gömrük-keçid prosesinin də əsas amillərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Yuxarı Lars keçid məntəqəsində yaranan uzun növbələr erməni yük daşıyıcılarına, o cümlədən ixracatçılara böyük itkilər verir


Məsələ ondadır ki, Ermənistanın beynəlxalq bazarlarda rəqabətdə ayaqda qala biləcək müəssisələrinin inkişafı üçün davamlı sərmayələr, rəqabətədavamlı məhsul istehsalını qorumaq üçün yeni texnologiyalar və innovasiyalar lazımdır. Bu ölkədə investisiyaların hədsiz çatışmazlığı məhz həmin ixrac şirkətlərinin fəaliyyətinə də təsir edir, onlar xarici bazarlara rəqabətdə uduzurlar. 

Azərbaycan hökumətinin isə yerli ixraca xüsusi dəstəyinin artması, qeyri-neft ixracını stimullaşdırmaq məqsədilə ixrac təşviqi vəsaitlərinin verilməsi qlobal bazarlarda dayanıqlı və rentabelli möhkəm sütunu olan ixracatçılar sinfinin formalaşmasına səbəb olub. Ölkəmizin xaricdən  çoxsaylı ixrac sifarişləri üzrə ixtisaslaşmış tədarükçü şirkətləri artıq beynəlxalq bazarlarda layiqli yerlərini tutaraq “Made in Azerbaijan” brendi ilə daha da rəqabət üstünlüklərini daha da artırır. Bu gün qeyri-neft sektoru üzrə beynəlxalq bazarlarda xüsusi payı və reytinqi olan qeyri-dövlət ixracatçı şirkətlər onlarla ölkədə böyük bazar payına malikdir. (“Azərbaycanın ixrca icmalı, 2022,  səh 14).

Göründüyü kimi Ermənistan hökumətinin uğursuz iqtisadi siyasəti, yerli ixracatçıların dövlət dsətyindən kənarda qalması, üstəlik tənzimləyici iqtisadi orqanların səmərəsiz qərarları və yanaşmaları az-çox valyuta gətirən ixrac sektorunu da çökdürməkdədir. Bu isə Ermənistanın beynəlxalq ticarətdəki hədsiz kiçik payının da əldən çıxmasına, Azərbaycanın əlinə keçməsinə səbəb olur.