ADR hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu ölkəmizin 2023-cü ilin yanvar ayı üzrə açıqlanmış makroiqtisadi göstəricilərini əsas gətirərək iqtisadiyyatda tənəzzül başladığına dair iddia ilə çıxış edib. İqtisadçı qeyd edir ki, 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunması tənəzzüldür və böyülk ehtimalla bu tənəzzül fevral ayında da davam edəcək.

Faktyoxla Lab. iqtisadçı alimin iddialarına aydınlıq gətirib.

Əvvəlcə, “iqtisadi tənəzzül” ifadəsi haqda açıqlama verək. Beynəlxalq praktikada tənəzzülün elmi-iqtisadi izahından danışarkən ölkə iqtisadiyyatının son iki rübündə, yəni son altı ayda bütün iqtisadi məlumatların araşdırılmış yekunu dəyərləndirilir. Təhlil edilən iqtisadi məlumatlar arasında ümumi daxili və ümumi milli məhsul, əhalinin real gəlirləri, investisiyalar, məşğulluq səviyyəsi, sənaye istehsalı, pərakəndə satış dövriyyəsi, ölkənin milli gəlir əldəetmə imkanları, tədiyyə balansı və s. götürülür. Həmin iqtisadi məlumatların hamısında azalma tendensiyası qeydə alındıqda bu, "iqtisadi tənəzzül" kimi qiymətləndirilir.

İndi gəlin Azərbaycan Dövlət Statistika Komitəsinin yanvar ayı üzrə açıqladığı bəzi makroiqtisadi göstəricilərə diqqət edək. Komitənin açıqlamasında qeyd edilir ki, 2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,7 faiz artmışdır. mənbə

Birincisi, 2023-cü ilin hələ ilk ayı yeni başa çatıb və makroiqtisadi göstəricilər bir ay üzrə təhlil olunmur, yuxarıda da vurğuladıq ki, yarımillik və yaxud illik göstəricilər əsasında ümumi qiymət verilir. Ona görə də, ÜDM-in 12 aylıq həcmi və dinamikası əldə olunmadan, il başa çatmadan cəmi 1 aylıq göstəriclər əsasında “iqtisadi tənəzzül” rəyi yaratmaq daha çox manipulyasiya və riyakarlığın əlamətidir.
Yanvar ayında ÜDM-in azalmasının səbəblərinə gəlincə, bu, bütün ölkələrin iqtisadiyyatlarına xarakterik haldır. Çünki, il yeni başlayır, yanvar ayı əvvəlki ildən növbəti ilə keçid mərhələsidir, maliyyə mənbələri hələ yeni formalaşır, büdcə gəlir və xərclərinin təmin olunması adətən fevralın ilk həftəsində nizamlanır və s. Sözsüz ki, bu amillər yanvar ayında iqtisadi sektorlarda, xüsisilə də dövlət təşkilatlarında tələbat və istehlakı müvəqqəti ləngidir, məcmu istehlak azalır. Ancaq sonrakı aylarda təmin olunan maliyyə mənbələri və fiskal artımlar sayəsində iqtisadi aktivlik və məcmu tələb də artır. Bu baxımdan ÜDM-in artımı da adətən fevral-mart ayından başlayır. Ona görə də, bir aylıq ÜDM-in azalması fonunda əlavə dəyərin kiçilməsi qənaəti formalaşdırmağa siyasi dələduzluq da demək olar.

İkincisi, iqtisadi tənəzzülü təkcə ÜDM-in azalması ifadə etmir, yuxarıda da vurğuladıq ki, bunun üçün bir neçə iqtisadi göstəricinin azalması qeydə alınmalıdır. Azərbaycanda yanvar ayında ÜDM-in qeyri-neft sektorunda 1,7 % artım baş verib. Yəni, qeyri-neft ÜDM-i ümumi ÜDM-i (1,5%) üstələyib. Bu da onu göstərir ki, iqtisadiyyatın əsas ağırlıq mərkəzi qeyri-neft sektorudur və neft gəlirləri azalsa da, iqtisadiyyatı ayaq üstündə saxlayacaq real sektor, mənbə var. Bu, həm də onu deməyə əsas verir ki, məhz qeyri-neft təməlləri üzərində müsbət dinamika fonunda qarşıdakı aylarda ölkə üzrə ÜDM və əlavə dəyər istehsalı yüksələcək.

Üçüncüsü, ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edən 20-dən artıq göstəricinin mütləq əksəriyyəti üzrə yanvarda müsbət meyillər əldə edilib. Məsələn, 2023-cü ilin yanvar ayında əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 2,5 dəfə artıbdır.

Təkcə bu rəqəm İbadoğlunun “yanvar ayında büdcədən maliyyələşən dövlət xərcləmələrinin azalması” fikrini heçə endirir. Çünki qeyri-neft sahəsində yönəlmiş 2,5 dəfə artan ümumi sərmayələrin təxminən yarısı dövlət sərmayələridir ki, bunun da başlıca səbəbi məhz büdcə xərclərinin artması ilə bağlıdır. mənbə Habelə, yanvarda pərakəndə ticarət dövriyyəsi 4,3 milyard manat təşkil etməklə real ifadədə 2,9 faiz böyüyüb. Bu fakt həm də İbadoğlunun “əhalinin alıcılıq qabliyyətinin aşağı düşməsi” barədə fikrini təkzib edir. mənbə

Statistik məlumatlara diqqətlə baxılarsa, iqtisadi göstəricilərin mütləq əksəriyyətində müsbət dinamika qeydə alındığını görmək olar.

“BTC-nin fəaliyyətinə fasilə verməsi və bundan iqtisadiyyatın zərər görməsinə” gəlincə, xatırladaq ki, BTC cəmi 5 gün dayanıb və səbəbi bütün dünyanı heyrətə gətirən dəhşətli zəlzələdir. Fors-major hallarda bütün ölkələrin ticarətində belə halların yaranması müşahidə olunur. Azərbaycan gündəlik təxminən 650 min bareli neft ixrac edir və bu o deməkdir ki, 5 gündə 3,3 milyon barelə yaxın neft ixracı ləngiyib. Ölkəmizin illik neft ixracı isə təxminən 255 milyon bareldir. Yəni, qardaş ölkədə yaşanan bu ağır günlərdə Azərbaycanın illik neft ixracı həcminin 1,4 % nisbətində məhsulu ləngiyib. Bu, “1,4 faizin” illik ixracdan əldə olunan gəlirlərə təsiri isə hədsiz dərəcədə kiçikdir. Onu da unutmaq olmaz ki, 5 gün ərzində ixracı dayanmış neft məhsulları növbəti günlərdə sifarişlər üzrə bağlanmış kontraktlar üzrə öz alıcılarına tam həcmdə çatdırılacaqdır ki, bu da neft ixracında yaranmış kəsirin də aradan qalxmasına səbəb olacaq.


Üstəlik Azərbaycanda artıq neftlə yanaşı, qaz ixracı yanacaq nəqlində prioritetə çevrilib. Azərbaycan 2023-cü ildə 24,5 milyard kub.metr qaz nəql etməyi planlaşdırır. Bu isə faktiki olaraq neft istehsalı və ixracı azalsa belə ümumilikdə yanacaq məhsullarının ixracından əldə edilən gəlirləri nəinki kompensasiya etməyə, həmçinin əlavə olaraq ən azı 7-8 milyard dollar gəlir əldə etməyə imkan verir. mənbə


Nəticə:

  • İbadoğlu “iqtisadi tənəzzül” sözünün ya iqtisadi izahını bilmir, ya da məqsədli şəkildə oxucularına yalan məlumat verməklə onları aldadır

  • İbadoğlu onu da bilmir ki, iqtisadi tənəzzülü təkcə ÜDM-in azalması ifadə etmir, bunun üçün bir neçə iqtisadi göstəricinin azalması qeydə alınmalıdır. Azərbaycanda yanvar ayında ÜDM-in qeyri-neft sektorunda 1,7 % artım baş verib. Yəni, qeyri-neft ÜDM-i ümumi ÜDM-i (1,5%) üstələyib.

  • Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 2,5 dəfə artıbdır. Təkcə bu rəqəm İbadoğlunun “yanvar ayında büdcədən maliyyələşən dövlət xərcləmələrinin azalması” fikrini heçə endirir.

  • Yanvarda pərakəndə ticarət dövriyyəsi 4,3 milyard manat təşkil etməklə real ifadədə 2,9 faiz böyüyüb. Bu fakt həm də İbadoğlunun “əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi” barədə fikrini təkzib edir