Türkiyədə prezident seçkilərinin birinci mərhələsi başa çatıb. Təbliğat və təşviqat kampaniyası çərçivəsində namizədlər, namizədlərin tərəfdarları tərəfindən ənənəvi və sosial mediada bir çox mübahisəli paylaşımlar yayılmışdır.
Faktyoxla Lab. həmin paylaşımlarla bağlı faktaraşdırmaları təqdim edir.
İddia 1. Əkrəm İmamoğlunun Ərzurumdakı mitinqi zamanı mitinq iştirakçılarını daşlayanlarla polisin əlbir olması haqda yayılan foto.
Türkiyə müxalifəti tərəfindən yayılan bu foto geniş müzakirələrə səbəb olmuşdu.
Faktyoxlaması: Axtarış zamanı bu fotoların 2015-ci ilin 4 iyununda HDP həmsədri Səlahəddin Dəmirtaş və 5 iyunda musiqiçi Fərhad Tunç tərəfindən tvitterdə paylaşıldığını aşkar etdik. Paylaşımlarda Səlahəddin Dəmirtaş “bu gün Ərzurum mitinqindən öncə. Şərhə ehtiyac yoxdur” deyə qeyd edib.
Musiqiçi Fərhad Tunç isə "Efkan Ala: Ərzurum sülh şəhəridir. Bu gün baş verənlərə və xüsusilə də bu fotolara baxanda insan özünü dinc hiss edir!” deyə paylaşım edib.
Nəticə: Məlumat saxtadır. Fotolar 4 iyun 2015-ci ilə aiddir.
İddia 2. Digər mübahisəli və geniş paylaşılan foto isə İstanbul meri Əkrəm İmamoğlunun Ərzurumda daşlanma hadisəsindən sonra xəsarət alması ilə bağlı olub. Fotoda Əkrəm İmamoğlunun sol əlinin sarğılı olması və kateter ilə sistem qoşulması görüntüsü var.
Faktyoxlaması: Səhiyyə işçisi, Professor Mustafa Şahin həmin görüntü haqqında “CHP-nin Ərzurumda keçirilən mitinqində baş verənlər təəssüf doğurur və qəbuledilməzdir. Ancaq mən 42 ildir ki, səhiyyə sistemindəyəm və belə damar girişinin açıldığını görməmişəm. Venöz qan axını yuxarıya doğrudur. Burada venaya qoyulan kateter başaşağıdır və nə maye, nə də qan verilə bilər”- deyə şərh bildirib.
Kiçik araşdırma nəticəsində məlum oldu ki, paylaşılan şəkil Ekrem İmamoğlunun 2020-ci ildə “Covid-19” səbəbiylə müalicə aldığı xəstəxanadan paylaşdığı “29 Oktyabr” Respublika Bayramının təbrik videosundan götürülmüş skrindir.
Nəticə: Məlumat saxtadır. Foto 2020-ci ilə aiddir. Kateterlər olan fotonun Ə.İmamoğluna aidiyyatı yoxdur.
İddia 3. Paylaşımlardan biri də “Vətəndaş Kamal Kılıçdaroğlunun Seçki Mahnısını Oxuyaraq Metro Pilləkənlərindən qalxıb” adlı videodur.
Faktyoxlaması: “Seçim Hattı” adlı troll şəbəkəsinə bağlı tvitter hesabının paylaşdığı video əslində köhnədir. Bu video, "prank videoları" çəkən youtuber Aras Karafilin Levent Yükselin "Tuana" mahnısını yüksək səslə oxuyaraq, ətrafdakıları "trolladığı" videodur.
Aras Karafil tərəfindən 7 oktyabr 2015-ci il tarixində insanları trollamaq məqsədilə çəkilib və “metrodan çıxan insanları trolladım” başlığı ilə paylaşılıb.
Nəticə: “Vətəndaş Kamal Kılıçdaroğlunun Seçki Mahnısını Oxuyaraq Metro Pilləkənlərindən qalxıb” iddiası yalandır. Youtuber Aras Karafilin Levent Yükselin "Tuana" mahnısını xuya-oxuya pilləkanları qalxması haqda videodur.
İddia 4. Fransada yaşayan türklərin Osmanlı dövrünə aid qiyafələrdə səsverməyə gəldiklərini əks etdirən video.
Faktyoxlaması: Əslində bu video köhnə tarixli videodur. 2017-ci ildə Fransanın Strasburq şəhərində 12 nəfərin referenduma bu qiyafədə gəlməsi zamanı çəkilib.
Nəticə: Video 2017-ci ildə Fransada qeydə alınıb, son seçkilərə aidiyyatı yoxdur.
İddia 5. CHP və İYİ Partiyanın mitinqdindən iştirakçı izdihamını əks etdirən fotolar.
Faktyoxlaması: 12 may 2023-cü ildə keçirilən CHP-nin Ankara mitinqi və 23 aprel 2023-cü ildə Konyada keçirilən "İYİ Partiya" mitinqinə aid olduğu iddia edilən paylaşımlardakı şəkillər əslində 18 dekabr 2022-ci ildə Argentinanın Dünya Kubokuna sahiblənməsini qeyd edən çoxsaylı azarkeşlərin paytaxt Buenos-Ayresdə şadyanaqlığını əks etdirən görüntülərdir.
Nəticə: Fotonun Türkiyəyə aidiyyatı yoxdur. Fotolar Argentinada çəkilib.
İddia 6. Talibana aid tvitter hesabından Prezident Ərdoğana dəstək verən paylaşım. Tvitdə "Əfqanıstan İslam Əmirliyinin dini lideri Hibətullah Axundzadə Türkiyə vətəndaşlarını Ərdoğana səs verməyə təşviq edib. Türkiyə prezidentini də ölkəmizə səfərə dəvət etdi” yazılıb.
Faktyoxlaması: Əfqanıstandakı Taliban lideri Hibatullah Axundzadənin tvitter hesabından seçkidə Prezident Rəcəb Tayyib Ərdoğana dəstək çağırışı haqda paylaşım saxtadır.
Məsələ bundadır ki, mətnin yazıldığı paylaşım saxta profildən edilib. Əfqanıstan İslam Əmirliyinin sosial media hesablarında Hibatullah Axundzadənin Türkiyədə keçiriləcək seçkilərlə bağlı yazısına və ya prezident Ərdoğana dəstək mesajına rast gəlmək olmur. Sözügedən hesabın Taliban rejimi və ya Əfqanıstan İslam Əmirliyinin qurumları ilə heç bir əlaqəsi olmadığı bəlli olub. “knowyourmeme.com" saytının araşdırmasına görə bu hesab satirik paylaşımlar etməklə tanınır. 2023-cü ilin yanvar ayından aktiv olan hesab Qərb izləyicilərinin hiyləgər trolluğu sayəsində mart ayında "viral" olub.
Nəticə: Bu paylaşımı edən tvitter hesabı saxtadır. Əfqanıstandakı Taliban lideri Hibatullah Axundzadənin əsl tvitter paylaşımlarında Türkiyədə keçiriləcək seçkilərlə bağlı yazıya və ya prezident Ərdoğana dəstək mesajına rast gəlinmir.
İddia 7. Seçki günü müxalifətə bağlı tvitter səhifələrinin "Rəcəb Tayyib Ərdoğan səs verməzdən öncə sırada dayanan uşağa şillə vurdu" paylaşımı da diqqət cəlb edib.
Faktyoxlaması: Əslində isə səsvermə mənqəsinə ailəsi ilə gələn Türkiyə prezidenti öz nəvəsinə zarafatla üzünə toxunub. Ərdoğanın üzünə zarafatla vurduğu uşaq Bərat və Esra Albayrağın oğlu Məhmət Akif Albayrakdır.