İnformasiya Texnologiyaları tədqiqatları üzrə ixtisaslaşmış “Speedtest Global Index” təşkilatı dərc etdiyi son hesabatda Azərbaycanı sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 116-cı yerdə qərarlaşdırıb. Hesabatda bildirilir ki, Azərbaycanda orta yükləmə sürəti 29,14 Mbit/s təşkil edib. Azərbaycan mobil internetin sürətinə görə, 140 ölkə arasında 40.97 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb ki, bu da qeyd edilən rabitə növü üzrə 3 pillə irəliləmək deməkdir. istinad
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqladığı rəqəmlərdən də aydın olur ki, Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti “Speedtest Global Index”in əks etdirdiyi göstəriciyə uyğundur. Nazirliyin açıqlamasına görə, mart ayında internetin orta sürəti 26.3 Mbps təşkil edib. mənbə
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında İT göstəriciləri üzrə hər il mövqeyini yaxşılaşdırır, eləcə də həmin qurumun “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index (GCI) hesabatında respublikamız 40-cı yerdə qərarlaşmaqla İT üzrə inkişaf etmiş ölkələrdən olduğunu təsdiqləyib. istinad Yəni, faktiki olaraq ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr, eləcə də dövlət-özəl sektor tərəfdaşlığı sayəsində regionlarda ADSL (telefon üzərindən) vasitəsi ilə internetə çıxış hazırda genişzolaqlı internetə keçidlə müşayət olunmaqdadır. Məhz bu İT quruculuğunun nəticəsidir ki, sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50 faiz artıb. 2024-cü ilin sonuna qədər isə ölkəmizdə bütün yaşayış məntəqələrində genişzolaqlı internet infrastrukturunun qurulması yekunlaşacaq və ən ucqar bölgədə belə yüksəksürətli internetə çıxışın təmin edilməsi mümkün olacaq. Eyni zamanda, RİNN-nin 5G yeni nəsil internet şəbəkəsinin qurulması ilə bağlı proqramı internetin tamamilə yüksək dünya göstəricilərinə çatmasını hədəfləyib. istinad
Bütün bunlar onu göstərir ki, ölkəmizdə genişzolaqlı internetin möhkəm sütunları qurulub və sürət rəqəmsal əsrin sürətinə həmahəng olaraq çatdırılacaqdır.
Biz isə internetin sürətinin zəif və güclü tərəflərinə deyil, daha çox, iqtisadiyyata ötürürücülük və faydalılıq əmsalına, ələxsus da hazırda ölkəmizdə ən başlıca hədəflərdən biri olan “rəqəmsal iqtisadiyyat” quruculuğuna hansı töhfələr verə bilməsindən danışacağıq.
Azərbaycanda internetin sürəti və fasiləsizliyi iqtisadiyyatın inkişafında hansı əhəmiyyət kəsb edir?
Məlumdur ki, Azərbaycanda internet əsrinin çağırışlarına uyğun olaraq elektron və rəqəmsal inkişaf strategiyaları müəyyən edilərək icra olunmaqdadır. Ölkəmizdə “Elektron Hökumət” quruculuğu təxminən 10 ildir ki, formalaşıb. Prezidentin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamına, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, “Elektron Hökumət” arxitekturası qurulub. Məqsəd İT-nin imkanlarından faydalanmaqla dövlət və özəl sektorda çoxfunksiyalı elektron xidmətlərin geniş tətbiqinə nail olmaqdır. mənbə
Elektron xidmətlərin ən mühüm prioriteti qeyri-nağd və rəqəmsal ödəniş sistemlərinin təmin olunmasıdır ki, internet bu sistemdə vacib atributlarından biri kimi çıxış edir. Ötən illər ərzində nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı təkmil qanunvercilik bazası yaradılıb, qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan Milli Ödəniş Sistemi (MÖS) qurulub. Bu sistemin əsas sütunlarından biri olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) istifadəyə verilib. Mərkəzi Bank və aidiyyəti qurumlar bank sektoru ilə birlikdə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin həcminin artırılması istiqamətində davamlı olaraq müxtəlif layihələr reallaşdırıb və həmin təşəbbüslər davam etdirilməkdədir. istinad
2016-cı ildə qəbul olunmuş “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası rəqəmsal hesablaşmaların mümkün formalarını müəyyən etməklə yuxarıda qeyd edilən hədəflərə yönəldilib.
Eyni zamanda, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, nağd qaydada həyata keçirilmənin məhdudlaşdırılması, nağd ödənişlər aparan vergi ödəyicilərinə qarşı maliyyə sanksiyasının tətbiqi, nağdlaşma əməliyyatının vergiyə cəlb edilməsi üzrə müvafiq maddələr təsbit olunub. Nəticədə bu tədbirlər nağdsiz ödənişlər bazarına öz mühüm təsirlərini göstərib. mənbə
Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə maliyyə vəsaitlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən Hökumət Ödəniş Portalına (HÖP) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının, bələdiyyələrin, səhm paketi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət ali təhsil müəssisələrinin, sığorta şirkəti və mobil rabitə operatorlarının, digər təsərrüfat subyektlərinin inteqrasiyası təmin olunub. Habelə “ASAN xidmət” mərkəzlərində aparılan ödənişlərin qəbulu HÖP infrastrukturu vasitəsilə həyata keçirilməkdədir. mənbə
Bütün bunlarla yanaşı, Mərkəzi Bank, Dövlət Vergi Xidməti və digər aidiyyatı orqanlar qeyri-nağd iqtisadiyyatın təsirlərini minimallaşdırmaq, nağdsız ödənişləri stimullaşdırmaq üçün ticarət, iaşə, xidmət və digər biznes təsərrüfatlarında POS-terminallar quraşdırılmasını və kart ödəniş alətlərinin çeşidlərinin artırılmasını genişləndirib. Bunun nəticəsidir ki, qeyri-nağd ödəmə kanalları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə ən azı 50%, artıb. Qeyri-nağd ödəniş alətlərindən biri kimi POS-terminalların da sayının artırılması da diqqət mərkəzində olub ki, 2023-cü il yanvarın 1-ə qədər dövr ərzində ölkə üzrə quraşdırılan həmin cihazların sayı 80 min ədədə çatıb. Nəticədə 2022-ci ildə POS-terminallar vasitəsilə aparılan tranzaksiyaların sayı 2021-ci il ilə müqayisədə 89,4 faiz artaraq 199 milyon ədəd, dövriyyənin həcmi isə 47,7 faiz artaraq 5,8 milyard manat təşkil edib. istinad
Eləcə də 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” platforması da məhz nağdsız ödənişlərin dövriyyəsinin həcminin artmasına və iqtisadiyyatda şəffaflıq, inkişafın sürətləndirilməsi kimi prioritetlərə hədəflənib. Bu layihənin tətbiq edildiyi vaxtdan 2023-cü ilin may ayınadək 425,1 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. istinad
Beləliklə, genişçeşidli elektron platformaların qurulmasında başlıca məqsəd “kölgə iqtisadiyyatı”nın təsirlərini minimallaşdırmaq və rəqəmsal iqtisadiyyat quruculuğu hədəflərinə nail olmaqdır ki, Azərbaycan bu istiqamətdə kifayət qədər irəliləyişlər əldə edib. Bu kompleks və sistemli proqramların icrasının nəticəsidir ki, Azərbaycan BMT tərəfindən açıqlanmış “Elektron Hökumətin İnkişafı İndeksi -2022” hesabatında yüksək qrupa aid edilən 73 ölkə arasında 23-cü yerdə qərarlaşıb. Həmin hesabat “onlayn xidmət”, “telekommunikasiya infrastrukturu” və “insan kapitalı” alt-indekslərini əhatə edir ki, Azərbaycanda həmin xidmətlərin hər biri ümumdünya göstəricisinə yaxındır. istinad
Yüksəksürətli internet həm də elektron biznes və ya elektron ticarət üçün açar rolunu oynayır. E-ticarətin ölkəmizdə geniş auditoriyası və bazar iştirakçıları da mövcuddur ki, biznes elitası üçün ən faydalı və əlçatanı çoxçeşidli “Azexport” platformasıdır. 2017-ci ildən fəaliyyətə başlayan bu elektron portal ölkəmizin biznes icmasını bir çətir altında birləşdirən və onların xarici bazarlara məhsul və xidmətlərini təşkil edən, elektron sifarişləri həyata keçirən, alıcı və satıcı arasında körpü rolunu oynamaqla, qeyri-neft ixracının elektron brendinə çevrilib. Bir neçə ildir ki, beynəlxalq e-ticarət sisteminə - “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunmaqla Azərbaycan ixracatçılarının qlobal e-bazarın üzvünə çevrilməsini də təmin edib. Fəaliyyətə başladığı 2017-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına kimi, yəni 6 il ərzində “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,2 milyard dollar təşkil edib. mənbə
Bu gün dünya brendlərindən birinə çevrilən “Made in Azerbaijan”ın da qlobal ticarət coğrafiyasında öz layiqli yerini tutmasında və Azərbaycan iqtisadi panormasının təşviqində düzgün seçilmiş və uzaqgörənilklə yürüdülən e-ticarət strategiyasının mühüm rolu danılmazdır. mənbə
Turizm də ölkəmizin qeyri-neft sektorunun inkişafında əsas bölmələrdən biridir, vergi və büdcə gəlirlərində xüsusi paya malikdir. Sabit və dayanıqlı internet turizm sektoru üçün də cox vacibdir. Azərbaycana gələn turistlərin sayı artır. 2023-cü ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713 min turist gəlib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Bu baxımdan turizmin artan tələbatı da internetin bu tempə uyğunlaşmasını aktual çağırış kimi şərtləndirir. istinad
Məhz bu cür e-platformaların tam oturuşmasının nəticəsidir ki, Azərbaycan beynəlxalq elektron ticarət reytinqlərində də mövqeyini irəlilədir. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə beynəlxalq reytinqində Azərbaycanın mövqeyinin MDB və region ölkələri arasında ən üst sırada olması da məhz e-ticarət modellərinin uğurlu transformasiyanın nəticəsidir. mənbə
Dünya Bankının bir neçə ay əvvəl dərc etdiyi “GovTech Yetkinliyi İndeksi 2022” (GovTech Maturity İndex - GTMI) hesabatında da Azərbaycan yüksək nəticələr əldə edərək yüksək rəqəmsallaşma səviyyəsinə görə 69 ölkədən ibarət qrupda yer alıb. istinad
Sadaladıqlarımız dərin bünövrə üzərinə qurulmuş e-iqtisadiyyat quruculuğunun konkret göstəriciləridir. Azərbaycan isə bir neçə ildir ki, daxil olduğu “rəqəmsal iqtisadiyyat” quruculuğunu daha da genişləndirmək, rəqəmsal ticarət zəncirlərində öz layiqli yerini tutmaq niyyətindədir. mənbə
Hazırda beynəlxalq brendə çevrilən “Azerbaijan Digital HUB” proqramının əsasında dayanan ideya da məhz rəqəmsal iqtisadiyyata əsaslanan rəqəmsal ticarət dəhlizinin yaradılmasıdır. Bu layihənin fəlsəfəsi regiondakı bütün genişzolaqlı fiber-optik kabel bağlantılarını birləşdirərək Azərbaycanı “hub”a - Cənubi Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənubi Asiya və ətraf regionları əhatə edən böyük bir regionun rəqamsal mərkəzinə çevrilməkdir. Bu telekommunikasiya ekosisteminə əsasən, Bakı şəhərinin yeni internet mübadilə mərkəzinə çevrilməsi və dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı, Azərbaycan paytaxtının da daxil olması gözlənilir.
Həmçinin, Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə Transxəzər fiber optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi sayəsində Avropadan internet trafikinin Azərbaycan vasitəsilə Orta və Cənubi Asiya ölkələrinə (Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistran, Hindistan) çatdırılmasını təmin edəcək.TCFO layihəsi Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun (Digital Silk Way) formalaşmasına səbəb olacaq. istinad
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfndən yüksək texnologiyalar və innovativ layihələrin həyata keçirilməsi, o cümlədən, “Rəqəmsal Azərbaycana doğru” proqramının icrası rəqəmsal idaretmədə qabaqcıl dünya təcrübəsini mənimsəyən gələcəyin qarantı olan yeni nəsil formalaşdırmaqdadır. istinad
“2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulub.
Göründüyü kimi internetin güclü iqtisadiyyat, trans-kontinental mərkəz və regional “hub”a çevrilmək baxımından olduqca vacib və əhəmiyyətlidir. Bu strateji üstünlüyü isə bu cür səciyyələndirmək mümkündür:
• Ölkədə iqtisadiyyatın və biznes təsərrüfatlarının istehsal və xidmət imkanları üçün yollar açır;
• Nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın və rəqəmsal qurucluğun inkişafı biznes mühitini yaxşılaşdırır;
• Rəqəmsal iqtisadiyyat quruculuğunu təmin etməklə iqtisadi səmərəliliyi və məhsuldarlığı artırır, iqtisadiyyatın böyüməsini təşviq edir;
• Ölkədə qabaqcıl yeni biznes modellərinin, startapların və texnoloji inkişafın daha da genişlənməsini dəstəkləyir;
• Ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır.
Beləliklə, rəqəmsallaşma və internet ürək və qan-damar sisteminin bir-birinə necə bağlı olmasına bənzəyir. Bu konteksdən “rəqəmsal iqtisadiyyat” və İT quruculuğu vahid canlı orqanizm kimi iqtisadi inkişafda töhfəverici rol oynamaqdadır.