İqtisadçı Rövşən Ağayev “Toplum” TV-də yayımlanan "2023-cü ilin iqtisadi yekunları" adlı verilişdə Azərbaycanın makroiqtisadi göstəriciləri, dövlət büdcəsinin gəlir və xərcləri barədə fikirlər səsləndirib.
Faktyoxla Lab. verilişdə səsləndirilən iddiaları araşdırıb.
R.Ağayev iddia edib ki, ölkə iqtisadiyatının mütləq əksəriyyəti və milli gəlirin 80 faizindən çoxu Bakı-Abşeron yarımadasında cəmləşib. Dövlət büdcəsinin gəlirlərinin isə 95 faizi paytaxtda formalaşır və regionlarda iqtisadi artım mənbələri və əlavə dəyər yaranma potensialları çox zəifdir, bölgələrdə yerli vergilərin payı az, 990 milyon manatdan çox deyil. Gömrük yığımları və Neft Fondunun transfertlərini nəzərə almadıqda yığımların cəmi 6 faizi bölgələrin payına düşür. Yəni, bölgələrdən daxil olan hər 100 manatın cəmi 6 manatı vergi yığımlarıdır. İddia olunur ki, bölgələrlə paytaxt arasında kəskin fərq qalmaqdadır, rayonlarda qaz, elektrik enerjisi, su və digər kommunal xidmət sahələri inkişaf etmədiyindən sahibkarların bölgələrə marağı yoxdur, regionlara sərmayə yatırılmır, məşğulluq aşağı səviyyədədir, bölgələrdə normal təhsil və səhiyyə xidmətləri yoxdur, sahibkarlıq sektorunun payı rayonlarda çox aşağıdır və s.
Əvvəla, neft və qaz sektorunu nəzərə almasaq, iqtisadi yığım mənbələrinin və milli gəlirin yarısı bölgələrin payına düşür. Bölgələrdə son illərdə etibarlı kommunal xidmət infrastrukturları yaradılıb, qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici son 20 ildə 9%-dən 73%-ə çatıb, elektrik enerjisi ilə təminat 100 faiz səviyyəsindədir. Sahibkarlıq və investisiya mühiti müsbətə doğru dəyişib, 2003-2023-cü illərdə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edib. Həmin sərmayələr və digər mənbələr hesabına regionlarda yaradılmış istehsal müəssisələrinin və yeni sənaye obyektlərinin, eləcə də aqrar sektorun inkişafı hesabına regionlar üzrə istehsalın nominal həcmi son 20 ildə 13,5 dəfə böyüyüb, eləcə də regionlarda əhalinin nominal gəlirləri 10,5 dəfə artıb. Bu müddət ərzində 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Təkcə 1 milyard manatdan çox gəlir əldə edilən elektrik enerjisi istehsalının 76%-i regionların payına düşür.
Hazırda regionalda üstün yer tutan özəl bölmənin ÜDM-də payı 83,5%, məşğulluqda payı isə 78%-ə yaxındır.
Qeyd edək ki, dövlətin investisiya xərclərinin, eləcə də sahibkarlığa verdiyi maliyyənin də əsas hissəsi bölgələrin payına düşür. Belə ki, 2003-2022-ci illər ərzində sahibkarlıq subyektlərinin 42.703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit verilib ki, həmin vəsaitlərin 62,2%-i (1,76 milyard manat) regionlara yönəldilib. Kreditlərin 50,7%-i kənd təsərrüfatı məhsullarının, 49,3%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönləndirilib. istinad
Eləcə də yığım mənbələrinin genişlənməsi nəticəsində regionlarda vergi daxilolmalarının illik dinamikası yüksəlib. Son 20 ildə regionlardan toplanan vergi gəlirlərinin həcmi 35,8 dəfə artaraq 1,4 milyard manata yaxınlaşıb.
Belə ki, 2003-cü ildə bölgələrdən toplanan vergi gəlirləri 37,7 milyon, 2004-cü ildə 42,3 milyon, 2008-ci ildə 313 milyon manat, 2015-ci ildə 622 milyon manat təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 1,1 milyard manat, 2023-cü ilin ilk rübündə 353 milyon manat təşkil edib. Yəni, hazırda regionlardan ay ərzində təxminən 120 milyon manat vergi yığılır ki, bu da illik 1,4 milyard manat deməkdir. mənbə
Qeyri-neft sektoru üzrə vergi yığımlarının həcminin təxminən 9 milyard manat olmasını nəzərə alsaq, bölgələrdən daxil olan vergilərin payı ümumi vergi gəlirlərində 15 faizdən çoxdur.
Göründüyü kimi R.Ağayevin iqtisadi resursların və yığım mənbələrinin, sərmayələrin, kapitalın, eləcə də sosial xidmətlərin böyük hissəsinin Bakı və Abşeronda cəmləşməsi, bölgələrin payının isə aşağı olması barədə ittihamları əsaslı deyil, həqiqətdən uzaqdır.
R.Ağayev onu da iddia edir ki, Azərbaycanın qeyri-neft potensialı tükənir və qarşıdakı illərdə iqtisadi artım zəifləyəcək, eləcə də qeyri-neft bölməsindən fiskal yığımların azalması baş verəcək.
Yaxın beşillik proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatında iqtisadi artımın əsas mənbəyi qeyri-neft gəlirləri olacaq və məhz həmin resurslar əsasında ÜDM-in həcmi 135,6 milyard manata çatacaq. Belə ki, ÜDM-də 2023-cü il üzrə qeyri-neft gəlirlərinin 77,6 milyard manat və ya 64,9 %, 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 %-ə çatacağı proqnozlaşdırılır. istinad
Azərbaycan hökuməti ilə yanaşı, Dünya Bankının (DB) proqnozları da bu qənaəti tam möhkəmləndirir. Həmin Bankın proqnozlarına əsasən, 2024-2025-ci illərdə Azərbaycan iqtisadiyyatında iqtisadi artım ən azı 2 faiz olacaq. Bankın “Europe and Central Asia Economic Update, Spring 2023: Weak Growth, High Inflation, and a Cost-of-Living Crisis” adlı hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM 2,5%, 2025-ci ildə 2,6% artacaq.
istinad
Göründüyü kimi iqtisadi artım zəifləməyəcək, əksinə illik artım dinamikası baş verəcək.
Qeyr-neft sektorunda fıskal yığımların və qeyri-neft yığım mənbələrinin tükənməsi barədə iddialara gəlincə, R.Ağayevin bu fikirləri də səhvdir. Qeyri-neft mənbəyi hesabına büdcə yığımları davamlı artmaqdadır və növbəti ildə də bu dinamika davam edəcək. Belə ki, qeyri-neft sektoru üzrə gəlirlər 2024-cü ildə 1 milyard manata yaxın artaraq 17 milyard manata çatacaq. mənbə
Qarşıdakı 4 ildə isə dövlət büdcəsinin gəlirləri hər il təxminən 1.5 milyard manat artacaqdır ki, həmin gəlirlərin əsas baza mənbələrindən biri vergi yığımları, o cümlədən qeyri-neft vergiləri olacaqdır. Qeyri-neft gəlirləri hazırki 9 milyard manatdan 2027-ci ildə 13.2 milyard manata çatacaq. Yəni, 4,2 milyard manat artacaqdır. mənbə
R.Ağayev onu da iddia edir ki, büdcədə təhsil və səhiyyə xərclərin payı ümumi dövlət xərclərinin strukturunda çox aşağıdır. Səhiyyə 5, təhsil 12 faiz olmaqla 20 faizi keçmir. Avropa ölkələrinin əksəriyyətində həmin xərclər 20 faizdən yüksək olduğu halda bizim ölkədə aşağıdır. Bu yanaşmada ciddi qüsurlar var.
2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 549,9 milyon manat nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2 faiz çoxdur. Həmin vəsaitlərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12,4 faiz təşkil edir. (Azərbaycan Respublikasının 2024-cüildövlət büdcəsi haqqındaAzərbaycan Respublikasının Qanunu. Maddə 7.4)
Eləcə də səhiyyə xərclərinin 5 faiz olması barədə deyilənlər də əsaslı hesab oluna bilməz. Çünki səhiyyə xərcləri dövlət büdcəsi ilə yanaşı, icmal büdcədə nəzərdə tutulmuş ümumi vəsaitlərin cəmidir. Dövlət büdcəsindən birbaşa səhiyyə xərcləri 1 milyard 871,3 milyon manat nəzərdə tutulub ki, bu da dövlət büdcəsi xərclərinin tərkibində 5,1 faiz xərc çəkisi deməkdir. (Azərbaycan Respublikasının 2024-cüildövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 7.5)
Bizə yazın:
İcmal büdcənin tərkib hissəsi olan İcbari Tibbi Sığorta Fondunun xərcləri isə 2024-cü ildə 2,8 milyard manat təsdiq edilib. Bu isə dövlət xərclərinin ən azı 7 faizi deməkdir. istinad
Beləliklə, Səhiyyə Nazirliyinə ayrılmış büdcə vəsaitləri və İcbari Tibbi Sığorta Fondunun xərcləri ilə birlikdə səhiyyə xərclərinin məbləği 4,6 milyard manatdan çoxdur ki, bu da ümumi dövlət xərclərinin 12 faizindən artıq rəqəm deməkdir.
Təhsil və səhiyyə xərclərinin isə ümumilikdə dövlət xərclərinin strukturunda payı 22-24 faizə bərabərdir.
R.Ağayevin büdcədə sosialyönümlü xərclərin məbləğinin az olması və bir çox Avropa ölkələrində ümumi xərclərin 40 faiz təşkil etməsinə baxmayaraq, Azərbaycanda daha aşağı olması barədə dedikləri də həqiqəti əks etdirmir.
2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15 milyard 772,9 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 1 milyard 34,5 milyon manat və ya 7 faiz çoxdur. (2024-cü ilin dövlət və icmal büdcələri layihələrinin təqdimatı. Səh 20)
Beləliklə, 36,7 milyard manata bərabər olan büdcə xərclərinin strukturunda sosialyönümlü xərclərin xüsusi çəkisi 43 faiz təşkil etmiş olur ki, bu da R.Ağayevin nümunə çəkdiyi Avropa ölkələri ilə müqayisədə 3-4 faiz çoxdur.
Bundan başqa, 2024-cü ildə sosial müdafiə xərclərində cəmi 230 milyon manat artımın olması, digər sosial sahələrdə, eləcə də əməkhaqqı xərclərində artımın nəzərdə tutulmadığı barədə deyilənlər də yanlışdır. Belə ki, 2024-cü il dövlət büdcəsində təkcə əməyin ödənişi xərcləri 9 milyard təşkil edir ki, 2023-cü illə müqayisədə həmin sahəyə əlavə 510,1 milyon manat vəsait yönəldilib. mənbə
Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsində xərclər 6,9 milyard manat nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 651 milyon manat çoxdur.
istinad
Həmin artımlar da məhz sosial müdafiə tədbirlərinə yönələn xərclərdir. Yəni, gələn il dövlət və icmal büdcə ilə birlikdə sosial müdafiə və təminat xərcləri üçün 900 milyon manata yaxın artım nəzərdə tutulub.
R.Ağayevin Ermənistanda adambaşına düşən büdcə xərclərinin Azərbaycanla eyni olması, guya həmin ölkədə bir nəfərə düşən xərcin 2000-2200 dollar təşkil etməsi barədə fikirləri də növbəti yalanın təzahürüdür.
Ermənistanın 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 2,3 trilyon dram, xərcləri isə 2,5 trilyon dramdır. Bu, dollar ifadəsi ilə təxminən 5,8 milyard dollar edir. Adambaşına düşən büdcə xərcləri isə 1835 dollardır.
Azərbaycanda dövlət büdcəsinin həcmi ( gəlir və xərcləri) isə 2023-cü ildə gəlirlər üzrə 33, 9 milyard və ya 20 milyard dollar, xərclər üzrə isə 36,7 milyard manat və yaxud 21,7 milyard dollardır. Adambaşına düşən büdcə xərcləri təxminən 2,4 min dollara bərabərdir. mənbə
Göründüyü kimi Ermənistanla Azərbaycanın dövlət büdcəsinin xərcləri arasında 4 dəfə, adambaşına düşən xərclər arasında isə 600 dollara yaxın fərq var.
Beləliklə, iqtisadçı Rövşən Ağayevin 2023-cü il üçün iqtisadi vəziyyətə dair fikirlərində:
- Azərbaycanın sosial-iqtisadi göstəriciləri təhrif olunur, ölkədə investisiya və vergi mühiti, sahibkarlıq sektorunun durumu, milli gəlir imkanları, digər istiqamətlərdə qeydə alınmış müsbət meyillər qəsdən kiçildilir, büdcə-fiskal göstəricilər qərəzli şəkildə şərh edilir.
- R.Ağayevin iqtisadi resursların və yığım mənbələrinin, sərmayələrin, kapitalın, eləcə də sosial xidmətlərin böyük hissəsinin Bakı və Abşeronda cəmləşməsi, bölgələrin payının isə hədsiz aşağı olması barədə ittihamları həqiqətdən uzaqdır.
-Qeyr-neft sektorunda fıskal yığımların və qeyri-neft yığım mənbələrinin tükənməsi barədə iddialara səhvdir. Qeyri-neft mənbəyi hesabına büdcə yığımları davamlı artmaqdadır və növbəti ildə də bu dinamika davam edəcək. İqtisadi artım zəifləməyəcək, əksinə illik artım dinamikası baş verəcək. Azərbaycan hökuməti ilə yanaşı, Dünya Bankının (DB) proqnozları da bu qənaəti bölüşür.
- Büdcədə təhsil və səhiyyə xərclərin payı ümumi dövlət xərclərinin strukturunda çox aşağı olması, Avropa ölkələrinin əksəriyyətində həmin xərclər 20 faizdən yüksək olduğu halda bizim ölkədə aşağıdır” barədə fikirləri həqiqəti əks etdirmir.
-2024-cü ildə sosial müdafiə xərclərində cəmi 230 milyon manat artımın olması, digər sosial sahələrdə, eləcə də əməkhaqqı xərclərində artımın nəzərdə tutulmadığı barədə deyilənlər də səhvdir.
- Ermənistanda adambaşına düşən büdcə xərclərinin Azərbaycanla eyni olması, guya həmin ölkədə bir nəfərə düşən xərcin 2000-2200 dollar təşkil etməsi barədə fikirləri də növbəti səhv düşüncənin və ya yanlış məlumatın təzahürüdür. Ermənistanla Azərbaycanın dövlət büdcəsinin xərcləri arasında 4 dəfə, adambaşına düşən xərclər arasında isə 600 dollara yaxın fərq var.
Bizə yazın: