Azərbaycanlı hərbi ekspert  Ədalət Verdiyev  gənc və orta nəslə aid ermənilərin ölkəni tərk edərək  Rusiyaya üz tutduğunu və bu ölkənin vətəndaşlığını qəbul etdiyinə dair məlumat yayıb.  Bununla bağlı feysbuk səhifəsində paylaşım edən ekspertin  məlumatına  görə,  təkcə  2021-ci ilin yanvar-iyun aylarında 21 min 900 erməni Rusiya vətəndaşlığı əldə edib.  Ekspertin gəldiyi qənaətə görə,  bu  rəqəmi günə böləndə hər gün ən azı bir motoatıcı taborun tam komplekt heyəti deməkdir. Onun sözlərinə görə,  Ermənistanı tərk edən, amma Rusiya vətəndaşlığı olmayan ermənilərin sayı  bir neçə dəfə çoxdur.

Erməni mənbələrində ölkəni tərk edən minlərlə vətəndaşın Rusiya vətəndaşlığı qəbul etdiyinə və ya buna çalışdığına dair məlumatlar  əksini tapır.  Hələ bir neçə il öncə yayılan məlumatlarda Ermənistan əhalisinin 10% -nin Rusiya vətəndaşlığına malik olduğu bildirilib. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeganyan Azadlıq radiosunun erməni şöbəsinə açıqlamasında ölkədə Rusiya pasportu olan ermənilərin sayının 200-300 minə çatdığını deyib. Onların bir hissəsi isə ikili vətəndaşlığı olan ermənilərdir.

2021-ci ilin statistikasına gəlincə,  bir sıra saytlarda 2021-ci ilin birinci yarısında həqiqətən 21 min 900 erməninin Rusiya vətəndaşlığı qəbul etdiyinə dair məlumatlar təsdiqlənir

Ermənilərin Rusiya vətəndaşlığına meyl etməsi  ilk növbədə sosial vəziyyətlə izah olunur.  Məsələ burasındadır ki,  Beynəlxalq Valyuta Fondunun (BVF) alıcılıq qabiliyyəti pariteti üzrə reytinqində  Rusiya 48-ci, Ermənistan  88-ci yerdədir.  Bundan başqa  2021-ci ilin yanvar-aprel aylarında  Rusiyada real əmək haqqı illik 2,9 % artıb, Ermənistanda isə əksinə 1% azalıb.  Hazırda Rusiyada orta pensiya təxminən 200 dollar təşkil edir,  Ermənistanda 90 dollara çatmır.  Böyük ehtimalla ermənilər bu və digər imkanlardan yararlanmaq üçün Rusiya vətəndaşlığı əldə etməyə çalışırlar.

Ümumiyyətlə son 3 il, 2018-2020-ci illərdə  80 mindən çox erməni Rusiya vətəndaşlığı alıb. Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya statistikasına görə, 2018-ci ildə 27 min 134, 2019-cu ildə 24 min, 2020-ci ildə 30 min 500 erməniyə Rusiya vətəndaşlığı verilib.  2020-ci ilin miqrasiya statistikasına əsasən,  ermənilər  Rusiya vətəndaşlığı alan miqrantlar arasında Ukrayna (409,5 min nəfər), Tacikistan (63,4 min nəfər), Qazaxıstandan (43,4 min nəfər)  sonra 4-cü yeri tutub.  2016-2020-ci illər ərazində  Rusiya vətəndaşlığı alan ermənilərin sayı  ümumilikdə 104 min nəfər təşkil edib və bu illər ərzində Rusiydan vətəndaşlıq alan miqarantlar arasında ermənilər daim 4-cü olub.

Bu arada, əvvəlki illərdən fərqli olaraq  bu il Rusiya vətəndaşlığı alan ermənilərin sayının daha çox olacağını proqnozlaşdırmaq mümkündür. Belə ki, əvvəlki illərdə illik göstərici təxminən 24-27 min nəfər olduğu halda,  bu ilin təkcə 6 ayında  21 min 900 erməni Rusiya vətəndaşlığı əldə edib. Deməli, bu il Rusiya vətəndaşlığı alan ermənilərin sayı daha yüksək ola bilər.

Amma bu rəqəmlər Ermənistandan miqrasiyanın əsas mənzərəsini əks etdirmir.  Məsələ burasındadır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan yaranmış siyasi-iqtisadi və  sosial gərginlik bu ölkədən  köçü artırıb.  Koronavirus pandemiyası ilə əlaqədar qoyulan məhddiyyətlər aradan qaldırıldıqdan dərhal sonra Ermənistandan  Rusiyaya  kütləvi  axın başlayıb. Bu ilin yanvar-mart ayları üzrə məlumatlara əsasən, Ermənistan vətəndaşlarının Rusiyada miqrasiya qeydiyyatına alınması hallarının sayı 289.9 minə çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 90.9 min çoxdur.  Ümumi qeydiyyat hallarının 202.3 miniin gəliş məqsədi kimi "iş" göstərilib. Bu isə ötən ilin yanvar-iyun göstəricilərindən 4 dəfə çoxdur.

Ekspert: “Son 6 ayda Ermənistanı 138 min nəfər tərk edib”

Ümumiyyətlə, 2021-ci ilin təxminən 5 ayı ərzində  80 mindən çox erməninin Ermənistanı qayıtmamaq şərtilə tərk etdiyi bildirilir.  Rəsmi məlumatlara görə,   2021-ci ilin 4 ayı ərzində  Ermənistanı yalnız hava yolu ilə   240 min  891 nəfər tərk edib.  Ölkəyə qayıdanların sayı isə  164 min 214 nəfər olub.  Beləliklə  88  mindən çox Ermənistan vətəndaşı ölkəyə qayıtmayıb.  Ermənilər özləri  bu il Ermənistanı 200 mindən çox adamın tərk edəcəyini proqnozlaşdırırlar.

Yeri gəlmişkən,  demoqrafik  böhran  Ermənistan üçün əsas təhdidlərdən hesab olunur.   Dünya Bankının  məlumatlarına görə,   1990-cı ildən başlayaraq Ermənistanda əhali azalması (depopulyasiya)  gedir.   Belə ki,  Ermənistan əhalisinin sayı 1992-ci ildə 3.63 milyona çatıb. Ölkədə ən çox əhali azalması  1993-1995-ci illərə təsadüf edir.  2020-ci ilə olan məlumata görə,  Ermənistan əhalisi  təxminən  2.957 milyon nəfər təşkil edir.  Hesablamalara görə, 1991- 2019-cu illərdə  Ermənistanı 1 milyon 120 min nəfər tərk edibNəzərə almaq lazımdır ki,  Ermənistanda rəsmi qeydiyyatda olan sakinlərin  içərində xaricdə yaşayanlar da   daxildir.  Ermənistanda demoqrafik böhrana gətirib çıxaran amillərdən biri də  1990-cı illərdə doğulan  şəxslərin  25 faizindən çoxunun  Ermənistanı tərk etməsi hesab olunur.

Sadalananlara əsasən bu qənaətə gəlirik ki, Azərbaycanlı hərbi ekspert  Ədalət Verdiyevin açıqlaması tamamilə reallığı əks etdirir.