ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası (USCIRF – US Commission on International Religious Freedom)  2021-ci üzrə illik hesabatını təqdim edib. 

Siyahıda xüsusi nəzarət siyahısına daxil olan ölkələr arasında Əfqanıstan və Nikaraqua ilə birlikdə Azərbaycanın da adı qeyd olunub. Hesabatda bildirilir ki, “ …”Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması erməni dini mədəblərinin və digər dini abidələrin qorunub saxlanılması ilə bağlı ciddi narahatlıq yaratdı. Azərbaycan Şuşa şəhərində yerləşən Qazançı kilsəsini 2 dəfə raket zərbəsi endirib. Bunu müharibə cinayət hesab etmək olar...”.

Qeyd edək ki, USCİRF xaricdə dini və etiqad azadlıqlarının vəziyyəti ilə bağlı nəzarəti həyata keçirən ABŞ federal hökümətinin ikipartiyalı müstəqil komissiyasıdır. Komissiya beynəlxalq standartları əsas götürərək dünyada etiqad azadlığı barədə monitorinq aparmaqla ABŞ Prezidentinə, Dövlət Katibinə və Konqressə bu barədə siyasi şərhlər verir.

10 noyabrda imzalanmış üçtərəfli Bəyanatdan sonra media orqanları erməni məzarlıqlarının və qəbiristanlıqlarının vandalizmi və dağıdılmasını sənədləşdirdi. Hesabat dövrünün sonunda, məsələn, Hadrutdakı erməni kilsə qəbiristanlığının vandalizmə məruz qaldığına dair sübutlar ortaya çıxdı.

Daha sonra jurnalist Lindsi Snell (Lindsey Snell) “Twitter” mikrobloqunda bir neçə şəkil paylaşaraq “Azərbaycan USCIRF-in Azərbaycan hərbçilərinin erməni qəbirlərini dağıtması barədə son hesabatını "qərəzli” və “ermənipərəst" adlandırıb” tvitini atıb.

FaktYoxla Lab. hesabatın obyektivliyini araşdırmağa çalışıb.

Əvvəla ondan başalayaq ki, hesabat USCIRF-in əməkdaşı Daniel Saroyan Aşbaxyan (Danielle Saroyan Ashbahian) tərəfindən hazırlanıb.

O, ötən ilin noyabr ayında Amerika Erməniləri Assambleyasının (Armenian Assambly of Amerika) Kommunikasiya üzrə direktoru vəzifəsinə təyin olunub.

Açıq mənbələrdən məlum olduğu kimi, Daniel 2016-cı ilin may ayından etibarən Assambleyanın bütün çap və rəqəmsal rabitə ilə məşğul olan, habelə ictimai tədbirlər təşkil edən Rabitə departamentinə rəhbərlik edir. Daniel, eyni zamanda, Assambleyanın Ermənistandakı Yay Təcrübə Proqramının məzunudur və 2014-cü ildə BMT-nin İctimai İnformasiya Departamentində təcrübə keçib.

Birincisi, hesabatı hazırlayanın qeyd olunan erməni təşkilatına bağlılığını sübuta yetirən faktlar həmin hesabatın obyektvliyini şübhə altına qoyur.

İkincisi, əgər hesabat Azərbaycanın tanınan bütün ərazilərini, o cümlədən Azərbaycanın tərkib hissəsi olan Qarabağı əhatə edirsə, o zaman sual yaranır. Hesabatda hər şey öz əksini tapıbmı?

Azərbaycanın Dini qurumlar üzrə dövlət komitəsi USCIRF-in Azərbaycana aid olan hissəsinə dair Bəyanat yayıb.

Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, bu Azərbaycana qarşı edilən ilk ittiham deyil. Cari ilin may ayında erməni KİV-ləri Azərbaycanın guya ermənilərə məxsus məzar daşlarından yol tikintisi zamanı istifadə etmələri barədə yazılar yazmışdılar. Əsasən qeyd olunurdu ki, erməni məzarlarına aid olan qəbir daşları Hadrut-Şuşa yolunun tikintisində istifadə edilir. Ermənistan tərəfi Hadrutda vandalizm aktı törədildiyini, erməni məzarlarının dağıldığını iddia edirdi.

Xüsusilə, “ProArmenian” adlı “Telegram” kanalı öncə yol tikintisi zamanı məzar daşlarının əks etdirən şəkillər paylaşmağa başlamışdı.

Daha sonra məlum olmuşdu ki, həmin hadisə 2 il öncəyə aiddir və Rusiyanın Smolensk vilayətində qeydə alınıb. Bundan sonra isə məlumatda dəyişiklik edilərək paylaşılan şəklin əvəzinə separatçı Babayanın şəklini qoymuşdular.

Rusiyalı jurnalistlərin bu ilin may ayında işğaldan azad edilmiş Hadrut qəsəbəsinə səfərləri də tamam fərqli mənzərəni ortaya qoydu. “Heç kimin yaşamadığı qəsəbədə müharibə bitəndən sonra hər şey olduğu kimi qalıb. Azərbaycan hərbçiləri texnikanın hərəkət etməsi üçün yolu təmizləyiblər və ətraf ərazilərin minalardan təmizlənməsi işini həyata keçirirlər. X əsrə aid Spitak Xaç kilsəsi də toxunulmaz olaraq qalıb. Azərbaycan XİN-dən “İzvestiya”nı əmin ediblər ki, Azərbaycanın nəzarətinə keçən rayonlarda olan bütün tarixi və mədəni abidələr qorunacaq və bərpa ediləcəklər” – deyə “İzvestiya” qəzetinin əməkdaşı yazıb.

Bununla bərabər Azərbaycan tərəfi Ermənistanın işğal etdiyi ərazillərdə azərbaycanlılara məxsus qəbirlərə qarşı edilmiş vandalizm aktları və təhqiredici faktları paylaşıb. Azərbaycan hərbçilərinin Laçının Piçənis qəsəbəsində yaşayış evində ermənilərin azərbaycanlılara məxsus məzar daşlarından pilləkan kimi istifadə etdikləri aşkar görünür.

Məhv edilmiş və vandalizm aktlarının tam mənzərəsi yalnız Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən sonra aydın olmuşdur. İşğaldan azad edilmiş Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Ağdamın yaşayış məntəqləri tamamilə dağıldılmış və uzun müddət yalnız “ruhlar şəhəri”ni xatırladıb.

Bu bölgələrdəki məzarlıqlar da eyni aqibətlə üzləşib. Qəbir daşları ermənilər tərəfindən təhqir edilib və məzar daşlarının bir qismi Ermənistana daşınıb. İşğaldan azad ediləndən sonra doğma yurdlarına qayıdan azərbaycanlılar qohum və dostlarının məzarlarını ziyarət edərkən qəbir daşlarının çoxunun yoxa çıxdığını aşkar ediblər.

Azad edilmiş Ağdamı ziyarət edən rus millət vəkilləri, ekspertlər və jurnalistlər “İmaret” qəbiristanlığında erməni vandalizminin şahidi olublar.

Ermənilər təkcə Qarabağ xanın qızı Xurşudbanu Natəvanın məzarını dağıtmayıblar, həm də onun qalıqlarını da aparıblar. Lakın bu cür hərəkətləri edənlərin heç biri nə mənəvi, nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilib.

Bunun əksinə olaraq, müharibə bitdikdən sonra Xocavənd rayonunda məzarlıqda erməni məzarlarının üzərindəki daş lövhələri dağıtmaqda, vandalizm aktlarını qeydə alaraq sosial şəbəkələrdə yaymaqda şübhəli bilinən Azərbaycan hərbçiləri Azərbaycanda saxlanılmışdılar

Beləliklə, belə bir nəticəyə gələ bilərik ki, Ermənistan işğal etdikləri ərazilərdəki məzar və məzarlıqlarla bağlı vandalizmlə məhz özü məşğul olub və yuxarıda qeyd olunan USCIRF hesabatı əslində qərəzli və birtərəflidir.