AXCP sədri Əli Kərimli “Milli Məclisin deputatı haqqında” qanunda nəzərdə tutulan dəyişikliklərlə bağlı şərh verib. Sitat: “Azərbaycanda deputatların həyatı sığorta olunur. Başa düşüləndir. Ancaq başa düşülməyən odur ki, Milli Məclis torpağı canı bahasına azad etmiş, Vətən müharibəsində şəhid, qazi olmuş hərbçilərin həyatını deputatın həyatından 10 dəfə ucuz qiymətləndirir. Milli Məclis deputatının statusu barədə qanunla müəyyənləşən hesablama qaydasına görə, deputatın həyatı 103 min 920 manat həcmində sığorta olunur. Hərbi qulluqçuların həyatı isə cəmi 11 min manat məbləğində sığorta edilir. Deputatın ikinci qrup əlilliyə görə sığortası 62 min 352 manat, hərbçi üçün bu rəqəm 6 min 600 manatdır.  Deputat üçün üçüncü qrup əlilliyin sığortası 41 min 568 manat olduğu halda hərbçi üçün sığorta məbləği 4 min 400 manatdır.
Milli Məclisin qəbul etməyə hazırlaşdığı qanun yeniliyinə görə, deputat əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda ona şəhid hərbçinin ailəsinə düşən sığorta puluna yaxın – 10 min 392 manat sığorta pulu veriləcək. Əlillik dərəcəsi müəyyən edilmədən ağır və yüngül xəsarət alan deputatlar isə uyğun olaraq 20 min 784 manat və 5 min 196 manat sığorta pulu alacaqlar. Hərbçilər isə xidmətdə ağır yaralandıqları halda 2 min 750 manat, yüngül xəsarət aldıqda 550 manat sığorta pulu əldə edir.

Faktyoxla Lab. Əli Kərimlinin bu iddialarını araşdırıb.

Əvvəla, Əli Kərimli elə düşünür ki, Milli Məclisdə birinci oxunuşda qəbul edilən “Milli Məclisin deputatı haqqında” layihəsində nəzərdə tutulan dəyişikliklər millət vəkillərinin sığorta məbləğlərinin artırılması məqsədini güdür. Bu iddia tamamilə səhvdir. İxtisasca hüquqşünas, vaxtilə deputat olmuş, qanun yaradıcılığından tez-tez danışan partiya funksioneri hələ bilmir ki, təklif olunan yeni layihə deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunması qaydalarını nəzərdə tutur. Burda sığorta məbləğinin artırılmasından ümumiyyətlə söhbət getmir. (Mənbə)


Millət vəkillərinin sığorta olunması və sığorta hadisəsinin prinsipləri, sığorta məbləğləri və digər məsələlər hələ bir neçə il əvvəl qəbul edilmiş qanun və hüquqi sənədlərlə müəyyən edilib. Hansı ki, həmin Qanunun qəbul olunduğu 1996-cı ildə cənab Kərimlinin özü də parlamentin üzvü idi və Milli Məclisin I çağırış deputatı kimi sığorta hüququna xüsusi maraq göstərərək Qanunun qəbuluna səs verib. Həmin qanunda da açıq şəkildə qeyd edilib ki, ( IV-I fəsil, “Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası”: maddə 30-1. Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası haqqında qanunvericilik və sığortalılar) millət vəkillərinin sığortası hansı hüquqi əsaslarla təmin edilir. (Mənbə)

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanun, Mülki Məcəllə, “Sığorta fəaliyyəti haqqında” qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun “Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası” bölməsində (Qanunun 30-cu maddəsi) qeyd edilir ki, deputatın sığortaçısı dövlət sığorta orqanıdır. Yəni, indiki halda Dövlət Sığorta Şirkəti. Sığorta məbləği və sığorta haqqı isə millət vəkilinin 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. (Mənbə)

Sığortanın ödənişinə və sığortalanma hadisəsinə gəlincə, bütün deputatlar hansısa hüquqi əsası olmadan sığorta edilmir. Sığorta ümün sığorta hadisəsi baş verməlidir. Həmin Qanunun 30.4 bəndinə əsasən, deputat ağır qəza ilə üzləşdikdə, həyatı üçün qarşısalınmaz hadisə baş verdikdə sığortalanmış hesab edilir. Belə ki, sığorta olunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və xəsarət alması) sığorta hadisəsi sayılır. Bundan sonra ona sığorta hadisəsi və sığorta ödənişi üçün təyinatlar müəyyən edilir.

Sığorta hadisəsi baş verdikdə sığortalıya sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%;
2) aldığı xəsarət nəticəsində əlillik dərəcəsi müəyyən edildikdə;
- I dərəcə - 80%;
-II dərəcə - 60%;
- III dərəcə - 40%;
3) əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət aldıqda - 20%;
4) yüngül xəsarət aldıqda - 5%.
(Mənbə)

Beləliklə, 25 il əvvəl qəbul edilmiş Qanunda hər şey olduğu kimi qüvvədə qalır, ümumi sığorta məbləği və digər əsas prinsiplərin heç birində heç bir şey dəyişmir. Dəyişən sadəcə sığorta hadisəsi baş verdikdə deputatın yüngül xəsarət aldıqda müəyyən edilmiş  5%-lik sığorta haqqının 10 %-ə qaldırılmasıdır. (Mənbə)

İndi isə gələk, Ə.Kərimlinin Azərbaycan Milli Məclisinin üzvlərinin hərbçilərdən xüsusi imtiyazlı təbəqə kimi təqdim edilməsinə, digər ölkələrlə müqayisədə bizim deputatlara əlavə imtiyazların verilməsi barədə iddialarına.
Məlumdur ki, bütün ölkələrdə, qanunverici orqanın üzvləri, senator və parlamentarilər ali hakimiyyətdən sonra maaş, sosial təminat və digər imtiyazlara əhatə olunmuş əsas hakimiyyət qollarından biridir. Müdafiə və təhlükəsizlik orqanlarında xidmət edənlər, hərbi qulluqçular qanunverici hakimiyyətin üzvlərindən sosial təmiantlarda üstün mövqedə dayanır.

Bütün ölkələrin ali qanunverici orqanında təmsil olunan parlamentarilərin sığortası onların aylıq vəzifə maaşlarının həddinə uyğun müəyyən edildiyindən sığorta məbləği digər sahələrdə çalışan dövlət qulluqçularının, həmçinin hərbi və müdafiə sahələrinə aid şəxslərin sığortasından yüksəkdir. Bu mütanasiblik düsturunu qardaş Türkiyə və digər ölkələrin millət vəkillərinin timsalında görmək mümkündür.
Qardaş Türkiyədə Sosial sığorta və ümumi sağlamlıq sığorta qanunu”, “Türkiyədə  millət vəkillərinin sosial müdafiəsi” və digər qanunvericilik sənədlərində deputaların sığortası ilə bağlı prinsiplərdə də göstərilir ki, dövlətin ən yüksək məbləğdə sığorta ödənişi ilə əhatə edilmiş qrupu Türkiyə Böyük Millət Məclisinin üzvləridir. Millət vəkilləri dövlətin verdiyi sosial sığorta xidmətlərindən daha çox fayadalanır. (Mənbə)


Eləcə də, MDB ölkələrində də bu qanunuyğunluq tətbiq edilir. Məsələn, Rusiya Federasiyasının “Federal Məclisin Duma üzvlərinin və deputatların statusu haqqında” Qanunun 22-ci maddəsində göstərilir ki, parlament üzvlərinin illik maaşı məbləğində federal büdcə hesabına icbari dövlət sığortasına cəlb edilir. (Mənbə)

 Avropa ölkələrində də parlament üzvlərinin xüsusi statusu və imtiyazları, o cümlədən dövlət tərəfindən təmin edilmiş böyükhəcmli sosial və tibbi sığorta, digər təminatları vardır. AB ölkələrində deputatların sosial sığorta hüquqları ilə yanaşı, tibbi sığorta xidmətləri ailə üzvlərində də şamil olunur, onların həyat yoldaşları və uşaqları (21 yaşa qədər və ya uşaq təhsil alırsa 25 yaşa qədər) aldıqları tibbi xidmətlərə görə dəyərinin 2/3 hissəsi qədər kompensasiya alırlar. (Mənbə)


Bütün bu xüsuslardan çıxış etdikdə, Azərbaycanda da bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da qanunverici orqanın üzvlərinin sığortasının beynəlxaql aktlardan irəli gələn tələblərə əsasən, müəyyənləşdiyini görmək olar. Ancaq bu o demək deyil ki, Azərbaycanda hərbçilərə dövlətin sosial qayğısı lazımi səviyyədə deyil.

Ə.Kərimli deyir ki, hökumət deputatlara hərbçilərdən 10 dəfə yüksək sığorta ödənişi ödəməklə sağlamlığını itirmiş qəhrəman oğullarımıza həssas yanaşmır, onlara diqqəti azdır. Sitat: “Bütün rəqəmləri ümumiləşdirdikdə belə çıxır ki, deputatlar öz həyatlarını və sağlamlıqlarını hərbçilərin, o cümlədən peşəkar hərbçilərin həyat və sağlamlığından təqribən 10 dəfə yüksək qiymətə sığorta ediblər. Başqa cür də demək olar”.

Hüquqşünas, vaxtilə deputat olmuş şəxs bilməlidir ki, dövlətin sosial qayğısı təkcə, sığorta pulu ilə ölçülmür, bu nöqteyi-nəzərdən hərbçilərin əhatə olunduğu 20-dən artıq sosial dəstək və təminat tədbirlərinin ümumu sosial yükü deputatlardan bir neçə dəfə üstündür.
Azərbaycanda əksər dünya ölkələrindən fərqli olaraq hərbi qulluqçuların, ələxsus da müharibə veteranları və qazilərimizin mənzil-məişət şəraiti, sosial qayğısı normal səviyyədədir. Hökuməti tərəfindən müharibə veteranlarına müxtəlif sosial təminat hüququ verir. Hərbi qulluqçulara xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 min 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat birdəfəlik sığorta ödənişi ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. Əlavə olaraq,

  • müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da orta məbləğ 400 manatdır.
  • Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir.
  • Müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar.
  • Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar.
  • Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar.
  • Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir.
  • Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib.

Bundan başqa, müharibə veteranları və əlillər üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib. (Mənbə)


Bundan başqa, veteranlar növbədənkənar özünüməşğulluq proqramlarına cəlb edilir, kiçik ailə təsərrüfatı və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi də əsas diqqətedici məqamlardan biridir. Hökumət, həmçinin, müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsini də prioritetlərdən biri kimi diqqətdə saxlayır. (Mənbə)

Onu da qeyd edək ki, dövlətlə yanaşı, özəl-kommersiya qurumları, banklar və kredit təşkilatları, müxətlif biznes qurumları, qeyri-dövlət müəssisələri də əlillərin və müharibə vetaranlarının sosial müdaifəsi və işlə təmin edilməsində fəal rol oynayır.

Prezident İlham Əliyevin 12 iyul 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əmək və Vergi Məcəlləsində dəyişikliklərə əsasən, (VM 102-ci maddə) Milli Vətən Müharibəsi Qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərinə münasibətdə gəlir vergisi üzrə güzəşt müəyyən edilib. Bununla Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.6 maddəsində nəzərdə tutulmuş vergi güzəşti ilə yanaşı, əlavə olaraq həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıbdır. Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir. (Mənbə)


Yeri gəlmişkən, 2022-ci ildə vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdə ən mühüm istiqamətlərdən biri sosial xarakterli güzəştlərin tətbiqi ilə bağlıdır. Belə ki, layihədə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri ilə yanaşı, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara verilən 10 min manatadək maddi yardımın, eyni zamanda, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın və 10 min manatadək birdəfəlik müavinətin gəlir vergisindən azad olunması nəzərdə tutulmuşdur. Habelə bu güzəştlər onların xaricdə müalicə haqları və cərrahiyyə əməliyyatları haqqını ödəmək üçün verilən maddi yardım və 40 min manatadək birdəfəlik müavinətlər üçün də şamil olunacaqdır. (Mənbə)

Hökumətin müharibə veteranlarına göstərdiyi sosial diqqət və maddi dəstək davamlıdır və maliyyə dəyərini hesabladıqda deputatların aldığı sığorta pulundan qat-qat çoxdur. Bu qayğı birdəfəlik deyil, uzunömürlüdür. Təkcə, müharibə veteranına verdiyi evin dəyəri millət vəkillərinin I dərəcə üzrə aldığı sığorta məbləğindən 2 dəfədən də artıqdır. Dövlət Qarabağda sağlamlığını itirmiş bu sosial qrupa heç vaxt maddi dəyər düsturu ilə yanaşmır, müharibə veteranlarına göstərdiyi sosial dəstəyin ən böyük dəyəri həssaslıq, qayğıdır. 

Nəticə: Bu iddia tamamilə səhvdir AXCP sədri Milli Məclisdə birinci oxunuşda qəbul edilən “Milli Məclisin deputatı haqqında” layihəsində nəzərdə tutulan dəyişiklikləri millət vəkillərinin sığorta məbləğlərinin artırılması kimi başa düşüb. Təklif olunan yeni layihə deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunması qaydalarını nəzərdə tutur.