Ötən həftə bir çox sayt və sosial media səhifələri Azərbaycanda son bir ildə bağlanmış iş yerlərinin sayında artımların baş verməsi haqda məlumat yayıblar. İlk olaraq fed.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb ki, iş yerlərinin bağlanması halı 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7% çoxdur.
Daha sonra abc.az,
“hamamtimes” və digərləri ardıcıllıqla məlumatı tirajlayıblar.
Faktyoxla Lab. bu iddianı araşdırıb.
Statistikaya inansaq, 2024-cü il ərzində Azərbaycanda 91,7 min yeni iş yeri açılıb ki, bu da əvvəlki illə müqayisədə 11,42 faiz çoxdur. Qeyd edilən dövrdə yaradılmış iş yerlərinin 91,6 faizi özəl sektorda açılıb. Yeni açılmış iş yerlərinin 75,2 faizi Bakı şəhərinin, 24,8 faizi isə regionların payına düşür.
Yeni açılmış iş yerlərinin sayı üzrə rayonların və şəhərlərin bölgüsünə baxsaq, Bakı şəhəri üzrə 68,965, Abşeron rayonunda 2388, Naxçıvan şəhərində 1797, Sumqayıtda 1720, Gəncə şəhərinə 1310, Şirvanda 1055 yeni iş yeri açıldığını görə bilərik. Eləcə də Quba rayonu üzrə 932, Xankəndi şəhəri üzrə 702, Qəbələ rayonu üzrə 678, Goranboy rayonunda 668, Lerikdə 649, Şabranda 566, Tovuzda 474, Laçında 471 iş yeri yaradılıb. (mənbə)
Əgər nisbi müqayisə aparsaq, yeni açılan iş yerlərinin bağlanmış iş yerlərinin sayından 76 min çox olduğunu görə bilərik. Yəni
15 min bağlanıbsa, 91 min yenisi açılıb. Bu isə il ərzində bağlanan iş yerlərinin sayının yeni açılanların sayından 6 dəfə az olduğunu göstərir. Nəticədə ölkədə iş yerlərinin açılması nisbətinin xeyli yüksəldiyini əks etdirir.
İş yerlərinin bağlanması və yenilərinin yaradılması iqtisadiyyatda baş verən normal proseslərdən biridir. Biznes subyektləri və ailə təsərrüfatları müxtəlif vaxtlarda liberal bazardakı vəziyyətə uyğun olaraq, öz fəaliyyətlərini dayandırır, ancaq onların yerinə hər il bazara minlərlə yeni sahibkar və kommersiya şirkəti daxil olur. Liberal iqtisadiyyatın əsas qüvvəsi sahibkarlıq subyektlərinin say dinamikasıdır ki, Azərbaycanda biznes subyektlərtlərinin sayı hər il, o cümlədən 2024-cü ildə artmaqda davam edib. Statistikadan da aydın olur ki, ötən il əsas meqapolis olan paytaxt Bakı şəhəri ilə yanaşı, bütün regionlardakı özəl bölmələrdə iş yerləri üzrə faiz nisbətində artımlar qeydə alınıb. (mənbə)
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə iş yerlərinin sayında böyük artımlar müşahidə edilməkdədir. Belə ki, səhifənin 2024-cü ildə Ağdamda 49, Laçında 37, Kəlbəcərdə 72 iş yerinin qapadılması barədə məlumatı bölgədə iş yerlərinin dinamikasını gözdən salmağa xidmət edir. 2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təkcə 432 yeni mikro sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 78,5 faiz çoxdur. Ölkə üzrə mikrosahibkarlıq subyektlərinin sayının artmasında bu ərazilərdə dinamika daha böyük olub. Qarabağ iqtisadi rayonunda digər biznes və fərdi biznes təsərrüfatlarının sayı 3984 (7,3 faiz çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 882 (22,3 faiz çox) mikro sahibkarlıq subyekti təşkil edib. Ümumilikdə, 1 yanvar 2025-ci il tarixinə işğaldan azad olunmuş ərazilərdə iri, orta, fərdi və mikrosahibkarların cəmi 100 min 039-a bərabər olub. Bu, əvvəlki ilin göstəricisini 6,5 faiz üstələyib. (mənbə)
Həmin sahibkarlıq subyektlərinin və fərdi biznes təmsilçilərinin verdiyi töhfənin ən mühüm nəticəsi isə bu bölgədə 1000-dən çox iş yerinin yaradılmasıdır. 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yeri açılıb və ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Laçında 625, Şuşada isə 275 yeni iş yeriləri yaradılıb. (mənbə)
Konkret olaraq 2024-cü ildə isə bu rəqəm daha da böyüyərək 1382-yə yüksəlib. Yəni, əvvəlki illə müqayisədə 111 yeni iş yeri açılıb. İş yerlərinin 1095-i Qarabağ, 287-i Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşür. Həmin dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndidə (493), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Cəbrayılda (82) qeydə alınıb. (mənbə)
Bu bölgədə fəaliyyət göstərən 2 iri sənaye bloku - Ağdam Sənaye Parkı və Cəbrayılda “Araz İqtisadi Zonası Vadisi”ndə iş yerləri imkanları daha da artmaqdadır. Ağdam Sənaye Parkında 380, “Araz Vadisi İqtisadi Zonası”nda isə 100 nəfərlik daimi iş yerləri yaradılıb. (mənbə)
İş yerlərinin yaradılmasını təşviq edən ən mühüm göstəricilərdən biri ölkədəki biznes subyektlərinin, yəni aktiv vergi ödəyicilərinin sayının azalıb və yaxud artmasıdır. 2025-ci ilin yanvar ayının 1-nə, yəni 2024-cü ildə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 6 faiz artaraq 1.597.229-ə yüksəlib. mənbə
Ölkədə əhalinin iş yerləri ilə təminolunma və məşğulluq səviyyəsinin əsas göstəricilərndən biri də əmək müqavilələrinin sayı ilə bağlıdır. Bu müqavilələr faktiki olaraq hər il yeni qeydə alınan işçilərin rəsmi sayının göstəricisidir. 2024-cü ilin yekununda ölkə üzrə əmək müqavilələrinin sayı 64 min artaraq 1 milyon 873 minə çatıb. Bu, əvvəlki ilə nisbətən 4 faiz artım deməkdir.
Bütün bu göstəricilər, eyni zamanda ölkədə işsizliyin səviyyəsinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Bu konteksdən yanaşdıqda, Azərbaycanda son illərdə işsizlik səviyyəsinin azalmasını da görmək mümkündür.
2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin sayı 282,3 min nəfər olub. İşsizlik səviyyəsi 2024-cü ilin son ayında yuvarlaq olaraq 5.3 faizdə sabit qalıb. Həmin göstərici artıq 5 aydır ki, bu səviyyədədir. Bununla da işsizlik səviyyəsi son bir ildə 0.14 faiz bəndi azalmış olub. (mənbə)
Yekun olaraq, onu da xatırladaq ki, Azərbaycanda iş yerlərinin yaradılması dövlətin strateji niyyətidir və ardıcıl olaraq hər il aktiv, yəni bağlanmış iş yerlərinin müqabilində daimi olan iş yerlərinin sayı artır və nəticədə ölkə üzrə cəmi iş yerlərinin sayında müsbət dinamika baş verir. Dövlət Statistika Komitəsinin (DSK) 2003-cü ildən başlayaraq açıqladığı hesabatlar göstərir ki, 20 il ərzində ölkədə 3,34 milyonadək yeni iş yeri yaradılıb.
Ölkədə yeni iş yerlərinin illər üzrə dinamikasını izləyəndə aydın olur ki, 2009-2011-ci illər istisna olmaqla, hər il ölkədə 100 mindən çox yeni iş yeri yaradılıb. 2010-2014-cü illəri əhatə edən nisbətən sabit artım dövründə ölkədə hər il yeni yaradılan iş yerlərinin sayı 100 min ətrafında olduğu halda, 2016-2020-ci illərdə say 200 mini keçərək 300 minə yaxınlaşıb. COVİD-19 pandemiyasının bütün ölkələrin məşğulluq sektoruna vurduğu zərərlər Azərbaycana təsir etsə də, 2021-ci ildən sonrakı dövrdə belə ölkəmizdə yeni yaradılan iş yerlərinin sayı 150 min civarından aşağı düşməyib.
Beləliklə, yuxarıda sadaladığımız rəsmi faktlar və göstəricilər tam şəkildə onu təsdiqləyir ki, Azərbaycanda iş yerlərinin sayında azalma yox, artma tendensiyası müşahidə edilməkdədir.
Nəticə:
-Göründüyü kimi, məlumat Azərbaycanda iş yerlərinin sayının azalması barədə məlumat Dövlət Statistika Komitəsinin Fed.az-a açıqlamasından götürülüb, kontekstdən çıxarılaraq manipulyasiya predmeti kimi istifadə olunub və ötən il ölkədə yeni yaradılan iş yerlərinin sayı artdığı halda əks rəy yaratmaq məqsədi daşıyıb;
- İddia edilən məlumatlar və əks etdirilən rəqəmlərin heç biri 2024-cü ildə Azərbaycanda iş yerlərinin sayının azalması barədə reallığı əks etdirmir;
-Qeyd edilən saytlar və onlara istinad edənlər bu məlumatı dəqiqləşdirmədən, araşdırma aparmadan məqsədli şəkildə ictimaiyyəti çaşdırmağa çalışır, bir neçə rəqəm üzərindən manipulyasiya aparmaqla Azərbaycanın bölgələrində iş yerlərinin kəskin çəkildə bağlandığı təsəvvürü yaratmaq niyyəti güdürlər.