ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu öz feysbuk səhifəsində MDB ölkələrində orta aylıq əməkhaqqının artım tempinin və inflyasiya göstəricisinin müqayisəsini təqdim edib. Həmin cədvəldə Azərbaycan orta aylıq əməkhaqqı və inflyasiya səviyyəsinə görə, Birlik üzvləri arasında qeyri-qənaətbəxş ölkələr sırasında qərarlaşdırılıb. İbadoğlu xüsusilə də orta aylıq əməkhaqqının artım dinamikası əsasında fikir bildirir. Sitat:“2021-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırığızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb. Beləliklə də iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə Azərbaycan MDB dövlətləri arasında sonuncu yeri tutub. (Mənbə: MDB Statistika Komitəsi)
Faktyoxla Lab. bu idddiaları araşdırıb. Q.İbadoğlunun Azərbaycanda işləyənlərin orta aylıq əməkhaqqının nominal artım tempinə görə MDB dövlətləri arasında sonuncu yerdə dayanması barədə iddialarına aydınlıq gətirməyə çalışıb.
İlk olaraq qeyd edək ki, həmin rəqəmlər 2021-ci ilin 11 aylıq göstəriciləridir və ötən ilin yekun sosial göstəricisi deyil. Həmçinin, sosial rifah göstəriciləri təkcə, orta aylıq əməkhaqqı ilə ölçülmür. Minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin məbləği, əhalinin alıcılıq qabiliyyəti və digər indikatorlar əsasında ölkədəki sosial rifah barədə ümumi qənaət formalaşdırmaq mümkündür. Bütün bunlara rəğmən, ötən il Azərbaycan istər orta aylıq, istər minimum aylıq əmək haqqının və orta pensiya məbləğinin həcminə görə, MDB ölkələri sırasında ilk sıralarda yer alıb.
Diqqət edək! 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olmuşdur. Yəni 425,5 ABŞ dolları. (Mənbə)
İndi iqtisadçı Q. İbadoğlunun istinad etdiyi MDB Statistika Komitəsinin dərc etdiyi göstəricilərə diqqət yetirək, görək reallığı əks etdirirmi?
Müqayisəsi aparılan Birlik ölkələrinin öz statistikaları ilə MDB Statistika Komitəsinin rəqəmlərini tutuşdurduqda tamamilə fərqli rəqəmləri görmək mümkündür. Belə ki, hesabatda xüsusi qabardılan Rusiya Federasiyasında 2021-ci ilin yanavr-noyabr aylarında orta aylıq əməkhaqqı 9,2 faiz artmayıb. Rusiya Federal Hökumətinin rəsmi statistik məlumatlarında ötən ilin yanvar ayı ilə nisbətdə noyabrda ölkə üzrə əməkhaqqının təxminən 8,1 % artdığı əks etdirilib. (Mənbə)
Digər MDB ölkələrində də fərqlər mövcuddur.
Belə ki, Belarusda 14,4 faiz yox, 4,6 faiz artıb. (Mənbə)
Ukraynada isə orta aylıq əməkhaqqı 13 min qrivnadan noyabrda 14.313 qrivnaya çatıb, təxminən 8,7 faiz artım qeydə alınıb. (Mənbə)
Moldovada da artım göstəricisi 8,3 faiz təşkil edib, 11,3 rəqəmi həqiqəti əks etdirmir. (Mənbə)
Yaxud, Qazaxıstanın da statistik göstəriciləri göz önündədir, 2021-ci ilin yanvar-noyabr ayları üzrə bu ölkədə iqtisadi artım 3,6 faiz, inflyasiya 8,4 faiz təşkil edib. Orta aylıq əməkhaqqı dekabrın 1-ə olan məlumata əsasən, 249 min təngə, yəni 556 dollar olub. Yanvar ayında bu rəqəm 229 min təngə idi, yəni, 11 aylıq əməkhaqqı artımı 8,3 faiz olub. Yəni artım 8,3% olub, 16,7 faiz deyil. (Mənbə)
Və yaxud, Özbəkistanda 2021-ci ildə orta aylıq əməkhaqqı 15,3 faiz artmayıb. İlin əvvələində 627 min özbək somu olan maaş (238 dollar) ilin sonunda 679,33 min som, (253 dollar) yəni 7,4 faiz artıb. (Mənbə)
Və “7 faiz orta aylıq əməkhaqqı artan” Ermənistandakı göstəricilərə bu ölkənin öz rəsmi məlumat bazasına əsaslanıb diqqət yetirək. Erməni mənbləri ötən ilin 3 rübünə əsaslanaraq orta nominal əmək haqqının artımının inflyasiya səviyyəsindən aşağı olduğunu qeyd edirlər. “Joqovurd” qəzeti yazır ki, 2021-ci ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 198 min dram təşkil edib, təxminən 412 dollar. (1 dollar 480 dram). Bu o deməkdir ki, nəticədə Ermənistanda real əmək haqqı (inflyasiyaya uyğunlaşdırılmış əmək haqqı) 0,4% azalıb. (Mənbə)
Göründüyü kimi bu ölkədə orta aylıq əməkhaqqı 412 dollar olmaqla Azərbaycandakı nominal əmək haqqından azdır. Ölkəmizdə noyabr ayında bu rəqəm 724 manat (427 dollar) olsa da, 2021-ci ilin yekununda 735 manat (432 dollar) proqnozlaşdırılır. (Mənbə)
Ümumilikdə, Azərbaycan orta aylıq əməkhaqqının dollar ifadəsi ilə götürdükdə, Rusiya, Ukrayna və Belarusdan geridə qalsa da, digər bütün MDB ölkələrindən irəlidədir. (Mənbə)
Onu da unutmaq olmaz ki, orta aylıq əməkhaqqının həcmi real bazar dəyərinə adekvat olduqda sosial rifah göstəricisi baxımından əhəmiyyəti artır. Dünya iqtisadi praktikasında orta aylıq əməkhaqqının nominal dəyəri onun alıcılıq paritetinə əsaslanır. Yəni, vətəndaşların aylıq maaşlarının məbləğinin real bazar qiymətlərinə mütənasibliyi və alıcılıq əmsalı əsasında orta aylıq əməkhaqqının dəyəri müəyyən olunur. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,42 manatdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0.42 manata (0.25 ABŞ dolları) almaq mümkündür. Məsələn, Avropada 2000, 2500 dollar orta aylıq əməkhaqqının alıcılıq dəyəri ilə Azərbaycandakı 400 dollar əməkhaqqınnı dəyəri təxminən eynidir.
Alıcılıq qabiliyyəti pariteti ölkələr üzrə fərqlənir, iki ölkə üzrə eyni miqdarda vəsaitə sahib olan şəxslərin alacağı məhsullar eyni miqdarda olmayacaq. Bu da əhalinin yaşayış şəraitinə, sosial rifahına birbaşa təsir edən amillərdəndir. Bu səbəbdən ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “Beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. MDB ölkələrinin bir çoxunda Orta Asiya istisna olmaqla, orta aylıq əməkhaqqı məbləği insanların yaşayış standartlarının istehlak xərclərini tam ödəyə bilmir. Məsələn, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan enerji, yanacaq, kommunal xidmət və nəqliyyat tarifləri Orta Asiya ölkələri və Azərbaycanla nisbətdə 75-90 faiz bahadır. Ərzaq malları xərcləri təxminən 10-15 faiz bahadır. Bu isə həmin ölkələrdə orta aylıq əməkhaqqının real dəyərini də ucuzlaşdırır. Məsələn, Özbəkistanda bir nəfərin aylıq istehlak xərcləri təqribən 220 dollardır, ölkədə isə orta aylıq əməkhaqqı 252 dollar. Ermənistanda isə aylıq istehlak xərc 400 dollara yaxındır, orta aylıq əməkhaqqı isə 397 dollar. Yəni, Özbəkistanda muzdla çalışan hər bir işçinin sosial rifahı Ermənistandan xeyli yaxşıdır. Bu cür müqayisələr kifayət qədər artırmaq mümkündür.
Beləliklə, əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum və orta aylıq əmək haqqının MDB-də Rusiya istisna olmaqla bütün üzv ölkələr, eyni zamanda, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. (Mənbə)
Göründüyü kimi Azərbaycanda orta aylıq əməkhaqqı Rusiya, Belarus, Ukraynadan az olsa da, həmin məbləğin alıcılıq pariteti və bazar istehlak dəyəri daha yüksəkdir. Bu olduqca adi iqtisadi göstəricidir və belə qanunauyğunluğu qiymətləndirmək adi iqtisadçı üçün belə çətin olmamalıdır.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda sosial paketin icrasına yeni başlanılıb və əməkhaqqı artımları yeni ilin ilk ayından etibarən nominal orta aylıq əməkhaqı göstəricisinə də təsir göstərəcək. Azərbaycan hələ 2019-cu ildə tətbiq etdiyi birinci sosial paketin icrası zamanı minimum əməkhaqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşmışdı. Belə ki, həmin dövrdə Azərbaycanda yaşayan və minimum əməkhaqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malik idi. Digər MDB ölkələri ilə müqayisədə ölkəmizdə dollarla ifadə edilmiş minimum əməkhaqqı Ermənistandan 2,1 dəfə, Qazaxıstandan 1,6 dəfə, Gürcüstan və Rusiyadan isə 1,4 dəfə yüksək olub. (Mənbə)
Beləliklə, minimum əməkhaqqı və vahid Tarif Cədvəli üzrə əməkhaqlarının artımı reallaşdıqdan sonra Azərbaycanda orta aylıq əməkhaqqının da ən azı 15 faiz artaraq 724 manatdan təqribən 810 manata çatmasına imkan verəcək. Bu isə həmin orta aylıq məbləğin alıcılıq paritetinin daha da yüksəlməsinə və MDB ölkələri ilə müqayisədə milli valyutanın dəyər ifadəsində alıcılıq qabiliyyətinin artmasına səbəb olacaqdır. (Mənbə İqtisadiyyat və Maliyyə Nazirlikləri).
İndi isə İbadoğlunun MDB Statistika İdarəsinin digər bir göstərici - istehlak qiymətləri indeksi,yəni inflyasiya barədə qabartdığı fikirlərin həqiqəti əks etdirib-etdimədiyinə diqqət yetirək. İddia edilir ki, Azərbaycan MDB dövlətləri arasında ən yüksək inflyasiya göstəricisinə malikdir.
Yenə də MDB ölkələrində 2021-ci ildə istehlak bazarındakı qiymət indekslərinə onların öz rəsmi qurumlarının məlumatlarına və MDB Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər arasındakı hansı fərqlərin olmasını izləyək. MDB Statkomu qeyd edir ki, ötən il Azərbaycanda yanvar-oktyabr aylarında inflyasiyanın 8,6 faiz olduğunu göstərib. (Mənbə) Bu rəqəmin belə göstərilməsi Azərbaycanın rəsmi dövlət orqanlarının göstəricisini təhrif edilməsidir. Çünki Azərbaycanın rəsmi statistikasında qiymət indeksinin həmin dövr üzrə 5,7 % təşkil etdiyini hər kəs görə bilər. Dövlət Statistika Komitəsinin məlumatından da aydın görünür ki, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edibdir. (Mənbə)
Hər şey göz qabağındadır, MDB Statistika Komitəsi Azərbaycanın inflyasiya göstəricisini 3 faiz şişirdib, əvəzində isə Ermənistanın eyni dövrdəki, yəni 2021-ci ilin yanvar-oktybar aylarında inflyasiya rəqəmini 2,6 faiz azaldaraq 4,3 faiz göstərib.
Həqiqət isə bundan ibarətdir ki, Ermənistanın özünün rəsmi dövlət statistikasında inflyasiyanın yanvar-oktybar aylarında 6,9 faiz olduğu qeyd edilib. (Mənbə)
Yaxud, qeyd edilən hesabat dövründə Rusiyada inflyasiya 8,1 faiz olduğu halda MDB-nin Statkomu bu rəqəmi 6,5 faiz rəsmiləşdirərək təqdim edib. Rusiyanın iqtisadi qurumları ölkədə dayanmadan artan qiymət indeksindən narahatlığını ifadə etdiyi halda, Vladimir Solkolinin Komitəsi arxayınlıqla rəqəmlərin üzərində əməliyyat aparıbdır. (Mənbə)
Bu cür saxtalakarlıqları digər göstəricilər əsasında da təsdiq etmək üçün kifayət qədər əsaslı dəlil və arqumentlər vardır.
Ortaya isə haqlı sual çıxır, niyə bu qurum tərəfindən Rusiya və Ermənistanın gerçək rəqəmləri deyil, olmayan rəqəmləri şişirdilmiş şəkildə təqdim edilir?
MDB Statistika Komitəsinin sədri Vladimir Sokolinin erməni əsilli alimlərlə, iqtisadçılarla yaxşı münasibətlərinin olması sirr deyil. Onun iqtisadiyyat üzrə elmlər doktoru, akademik Martik Qasparyan, Ermənistan Respublikası Statistika Komitəsinin sədri Stepan Mnatsakanyanla əlaqələri də son illərdə istiləşib. Rusiyanın müxtəlif iqtisadi strukturlarında çalışan ermənilərin, erməni media maqnatlarının MDB Statistika Komitəsinin nəşrlərini hazırlayan mütəxəssislərlə “əlaqəsi” də yetərli qədərdi. Bu səbəbdən MDB Statkomunda “erməni izi”nin olmasına heç şübhə qalmır.
Buna görə də, Azərbaycanın müvafiq dövlət qurumu ölkənin rəsmi statistikasının təhrif edilməsinə görə, təbii ki, izahat tələb edilməlidir. Çünki bu, açıq-aydın iqtisadi sabotajdır, bir dövlətin rəsmi məlumatlarını məqsədli təhrif etməkdir, iqtisadi dələduzluqdur.
Yeri gəlmişkən, artıq bütün MDB ölkələri tərəfindən 2021-ci ilin iqtisadi-sosial göstəriciləri açıqlanıb. Ötən il Rusiyada inflyasiya 8,4 faiz təşkil edib. (Mənbə)
Ermənistanda istehlak qiymətləri indeksi 7,7 faizə bərabər olub, hətta bəzi alternativ mənbələrdə bu rəqəm 11,4 faiz göstərilir. (Mənbə)
Azərbaycanda isə 2021-ci ildə inflyasiya 6,7 faiz təşkil edib. (Mənbə)
MDB Statistika Komitəsi isə hələ 2021-ci ilin yekun rəqəmlərini dərc etməyib, yəqin ki, Rusiya və Ermənistanın statistik göstəricilərinə yenə də, “əl gəzdirəcək”, Birlik ölkələrinin sırasında ən irəlidə yerləşdirəcək.
Beləliklə, gerçək mənzərəyə obyektiv qiymət verək. Saxtakarlıqla məşğul olan və Ermənistandakı sosial-iqtisadi göstəriciləri dəfələrlə müsbət yöndə şişirdərək təqdim edən MDB Statistika Komitəsinin bu cür məlumatlarına, riyakarlığına inanmaq olarmı? Q.İbadoğlu isə inanır və hətta istinad edir, çünki onun dəfələrlə istinad etdiyi bir çox “beynəlxalq hesabatların” mürəkkəbində də Sorosun, ABŞ-ın Nümayəndələr Palatasındakı erməni konqresmenlərin, Fransadakı erməni icmasının izinin şahidi olmuşuq.
Nəticə: Q.İbadoğlunun ictimai rəyi çaşdırmağa və insanlar arasında süni ajiotaj yaratmağa xidmət edən bu cür fikirləri ilə əlbəttə, ilk dəfə deyil ki, rastlaşırıq. Onun müxtəlif vaxtlarda özünün sosial şəbəkə profilindən Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərini təhrif edən, bədbin notlara köklənmiş paylaşımları və statuslarına dəfələrlə şahid olmuşuq. Amma bu açıqlama (status) bir çox səbəblərdən rüsvayçıdır. Birincisi, rəqəmlər, faktlarla manipulyasiya var. İkincisi, erməniyanlısı bir quruma istinad edib, yalan danışmaqdır.
Yekunda bir məqamı da qeyd etmək istərdik. Q. İbadoğlu yazıb: "P.S. Sizi bu postu paylaşmağa dəvət edirəm. Maksimum paylaşın ki, xalqı inkişaf nağılları ilə məst edənlər bəlkə bu cədvəli görüb, utandı, əgər onlarda utanan üz varsa". İndi isə iqtisadçı-alimə bu yazını bir daha oxumağı məsləhət görürük.