Amerikanın Milli Erməni Komitəsi (ANCA) Hollivud aktyoru Morqan Frimanı “Turkish Airlines”in (Türk Hava Yolları) reklamına görə tənqid edib.

“Rəcəb Tayyib Ərdoğanın radikallaşmış muzdlularını vasitəçilik müharibələri yürütmək üçün qeyri-qanuni yolla bütün dünyaya daşıyan Türk Hava Yolları dövlət aviaşirkətini reklam etdiyinə görə Morqan Frimana ayıb olsun”, – ANCA “Tvitter” hesabında yazıb. 

ANCA Frimanın reklam çarxında dediyi sloqanını dəyişərək belə təqdim edib: “Müharibə yaxındadır. Qorxu gətiririk”. ANCA, həmçinin Morqanı da boykot etməyə çağırıb. Eyni zamanda erməni mətbuatı qeyd edir ki, əvvəllər Hollivud aktyoru Corc Kluni “Turkish Airlines”in bir gün üçün 35 milyon dollarlıq müqavilə təklifindən imtina edib. Kluni “Guardian” agentliyinə müsahibəsində bildirib ki, təklifi alanda həyat yoldaşı Amal Kluni ilə məsləhətləşib və imtina etməyi qərara alıblar. Çünki Türkiyə ABŞ-nin müttəfiqi olsa da, şübhəli ölkə təsiri bağışlayır.

“Faktyoxla Lab”. ANCA-nın “Turkish Airlines”ə qarşı iddiasının əsaslı olub-olmadığını və Corc Kulinin türk kompaniyasının reklamına çəkilməkdən imtina etmə səbəbini araşdırmağa çalışıb.

Bundan başlayaq ki, ANCA ABŞ-də erməni lobbisinin əsas sütunu hesab etmək olar. Bu təşkilatın əsas məqsədi Ermənistan və erməniçilik  maraqlarını təbliğ etmək üçün lobbiçilik fəaliyyətinin təşkili və koordinasiyası, həmçinin də öz rəsmi saytlarında qeyd etdikləri kimi, Türkiyə və Azərbaycana qarşı hər cür müqavimətdir. (Fakt) ANCA-in əsas maliyyə mənbəyi ABŞ-da yaşayan ermənilərin ianə və ödənişləridir. Bu təşkilatla bağlı  hər şey aydındır.

İndi isə Corc Kluninin 35 milyonluq reklam təklifinə “yox” deməsinin  səbəbini gözdən keçirək.  Məsələ burasındadır ki, heç vaxt siyasi proseslərdə görünməyən Corc Kluni erməni təbliğat qrupuna qoşulub. Bu, onun Livan əsilli britaniyalı hüquqşünas Amal Alamuddin (Kluni) ilə evlənməsindən sonra baş verib ki, bu da onu erməni maraqları uğrunda siyasi mübarizəyə sürükləyib. Belə ki, Corc Kluni 2016-cı il aprelin 24-də Ermənistana səfər edərək “Aurora Prizefor Awakening Humanity” beynəlxalq mükafatlandırma mərasimində iştirak edib.  İrəvanda olarkən “erməni soyqırımı” mövzusunda odlu-alovlu nitq də söyləyib.

Xatırladaq ki, Amal Kluni özü də vəkil kimi Avropa İnsan Haqları Məhkəməsində (AİHM) “Doğu Perinçək İsveçrə hökumətinə qarşı” məhkəmə çəkişməsində Ermənistanın maraqlarını müdafiə etmiş və işi uduzmuşdu. Həmin vaxt elmlər doktoru, Türkiyə Fəhlə Partiyasının lideri Doğu Perinçək İsveçrədə keçirilən bir neçə konfransda iştirak edərək “erməni soyqırımı”nı “beynəlxalq yalan” adlandırırdı. Yerli erməni fəallar Perinçəkin məhkəmə qarşısına çıxarılmasına cəhd göstərdilər. Məsələ Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qədər gedib çıxdı və Perinçəkin söz azadlığı hüququndan sui-istifadə etmədiyi və onun 1915-ci il hadisələrini “soyqırım” hesab etməməsində heç bir cinayət olmadığı barədə  hökm çıxarıldı.

Amal Kluni işi uduzduqdan sonra aldığı qonorara birtəhər bəraət qazandırmağa çalışdı. Ona bu işi həvalə edən adamların qarşısında uğursuzluğun qələbə hesab edilə biləcəyini sübut etməyə çalışdı.

Amal Kluni, həmçinin misirli jurnalistləri müdafiə etdiyi məhkəməni də uduzdu. Onlar terrorçularla əməkdaşlıqda, habelə yalan məlumat yaymaqda və akkreditasiya olmadan işləməkdə ittiham olunublar. “Əl-Cəzirə”nin əməkdaşları vəkillərinin “peşəkar” müdafiəsi sayəsində üç il həbsxanada keçirməli olacaqlar. (Mənbə)

Amal Kluni, hətta səriştəsizliyinə görə işindən qovulub. Bu məsələdə də Yunanıstan hökumətinin başı daşdan-daşa dəyib. Məsələ burasındadır ki, yunan hökuməti dörd qədim yunan mərmər barelyefin ölkəyə qaytarılmasına kömək etmək üçün Amala müraciət edib. Amma o, qiymətli sənət əsərlərinin Yunanıstana məxsus olduğunu təsdiqləmək üçün kifayət qədər sübut toplaya bilməyib.  (Mənbə)

O ki qaldı Türk Hava Yollarının muzdluları daşıması ilə bağlı ittihamlara, onunla bağlı indiyə kimi heç bir sübut təqdim edilməyib.

Konkret olaraq Qarabağa gəlincə, Azərbaycan tərəfindən əcnəbi muzdluların xidmətə cəlb edilməsi mövzusu hələ İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl Ermənistan və Rusiya mətbuatında şişirdilməyə başlanmışdı. İlk dəfə 21 sentyabr 2020-ci il tarixində erməni əsilli suriyalı Kevork Almasyan “Tvitter” səhifəsində “Azərbaycanın Suriyalı muzdluları” haqqında məlumat yayıb.

Və heç bir etibarlı mənbəyə istinad etməyib. Amma bu amil nəzərə alınmayıb və Almasyanın feyk xəbəri dərhal göydə qapılıb. Elə həmin gün özünü araşdırmaçı jurnalist kimi təqdim edən, türkofob açıqlamaları ilə tanınan Lindsey Snell Almasyana istinad edərək “Twitter”də yazıb: “Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu Qarabağa gedir”. Və guya "Həmzə" diviziyasının döyüşçülərinin Bakıya doğru getdiyini əks etdirən foto paylaşıb.

Azərbaycanda guya muzdluların olmasını təsdiqlənməmiş tvitlərə əsaslanaraq ən aktiv şəkildə “Guardian”, “Times”, “Reuters”, “Wall Street Journal” kimi nəşrlər və BBC yayıb. Üstəlik, hamısı müəyyən düşüncələrə səbəb olan oxşar bir yanaşmadan istifadə ediblər.

Belə ki, “Wall Street Journal” öz reportajında Qarabağdakı adı açıqlanmayan mənbələrdən “messencer vasitəsilə alınan” məlumatlara istinad edib. Hər iki mənbə, demək olar ki, eyni sözləri deyib.

Bolqarıstanda yerləşən “Caspian and Black Sea Analysis Foundation” (CCBS) araşdırma aparıb və müəyyən edib ki, sonrakı saxta yayımçılar üçün əsas mənbə, məhz Snellin tvitləri olub. Yayılan məlumatı heç kim yoxlamayıb. Görünür, onun etibarlılığı kimsəni narahat etməyib də. Belə ki, guya “Azərbaycan uğrunda döyüşmüş” suriyalı muzdluların fotoları dərc edilib. Araşdırma zamanı məlum olub ki, bu şəkillər 44 günlük müharibədən xeyli əvvəl çəkilib və həmin şəxslər Qarabağdan xeyli uzaqda həlak olublar.

“Qarabağda öldürülənlərdən” birinin – Sərdar Təməllinin əmisi Əbdürrəhman Təməlli sosial şəbəkələrdə qəzəblə yazıb ki, şəkli Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən yayılan qardaşı oğlu, əslində İraq ərazisində, "Pələng pəncəsi" əməliyyatları zamanı həlak olub.

Rusiya tərəfi də muzdlularla bağlı erməni təbliğatına böyük dəstək verib. Xüsusilə, hərbi əməliyyatların qızğın vaxtında Dağlıq Qarabağ zonasında 2000-ə yaxın xarici muzdlu əsgərin fəaliyyət göstərdiyini bildirən xarici işlər naziri Sergey Lavrov. (Mənbə)

Eyni zamanda, nə o, nə də digər rəsmilər və ekspertlər bu məsələni qaldırarkən heç vaxt suriyalı muzdluların məhz kimin tərəfində döyüşdüyünü göstərməyib və bununla da erməni tərəfinin fantaziyalarına geniş yer verilib.

Yeri gəlmişkən, Bakı noyabrın əvvəlində Qarabağda ermənilər tərəfində vuruşmuş muzdluların siyahısını Moskvaya verib.  Erməni və rus mənbələrinin əsassız açıqlamalarından fərqli olaraq, Azərbaycan ad və soyadlar və müvafiq terror təşkilatlarının adları daxil olmaqla, müfəssəl məlumat təqdim edib.

Ermənilər rəsmi Avropanı böhtan kampaniyasına cəlb edə bilmədilər. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın Xarici işlər naziri Hayko Maasın AŞPA-nın qış sessiyasında erməni jurnalistin müvafiq sualına verdiyi cavab hamıya yaxşı məlumdur: "Siz deyirsiniz ki, Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda əcnəbi muzdlulardan istifadə edib? Hələlik bununla bağlı heç bir sübut tapılmayıb". (Mənbə)

Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin Qarabağdakı müharibədə ermənilər tərəfdə əcnəbi muzdluların vuruşmasına dair tutarlı sübutları var. Bu proses ikinci Qarabağ müharibəsindən xeyli əvvəl başlayıb.

Ermənistana, əsasən Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular cəlb edilib. Bunu hərbi əməliyyatlar zamanı öldürülən muzdluların üzərində tapılan xarici pasportlar sübut edir. (Mənbə). Belə ki, Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransa vətəndaşı Artur Hovhannisyan, Kanada vətəndaşı Kristofer Artin, Livan vətəndaşı Gevorq Hacıyan, Suriya vətəndaşı Stepan Keşişyan və bir çox başqa ekstremist muzdluların pasportları aşkar edilib.

Müharibə zamanı Azərbaycan xüsusi xidmət orqanları erməni tərəfdə döyüşən əcnəbi muzdluların danışıqlarının audioyazısını  yayıb. Üstəlik, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Suriya və İraqdan Qarabağa gətirilən Kürdüstan Fəhlə Partiyasından (PKK) olan muzdluların da radiodanışıqlarını ələ keçirdiyini bildirib. Türk Hava Yollarına gəlincə, sonuncu dəfə şirkətin adı Belarusdan Almaniyaya miqrantların daşınması ilə bağlı hallanıb.

Belə ki, ötən il noyabrın 8-də Almaniyanın “Bild” nəşri hüquq-mühafizə orqanlarındakı bir neçə mənbəyə istinadən yazıb  ki, Belarusdan Almaniyaya miqrantların daşınmasında “Aeroflot” və Türk Hava Yolları iştirak edir.

Nəşrin iddiasına görə, bu şirkətlər altı həftə ərzində altı minə yaxın miqrantı daşıyıblar. Bir gün sonra Türkiyə aviaşirkəti miqrantların qanunsuz daşınmasında iştirak etmədiyini bildirdi və medianın bütün ittihamlarını “əsassız” adlandırdı. Və bununla da Türk Hava Yolu ilə bağlı qalmaqal bitdi.

Nəticə: Beləliklə, məlum olur ki, Amerika Erməni Milli Komitəsi saxta məlumatlar yayır. Türk Hava Yollarının radikallaşmış muzdluları qeyri-qanuni yolla bütün dünyaya çatdırdığına dair heç bir sübut yoxdur.