Fransada sığınacaq tapmış Qənimət Zahidin youtube-da yayımlanan kanalının növbəti buraxılışında hakimiyyət büdcə korrupsiyasında ittiham edilib.  

Faktyoxla Lab. Qənimət Zahidin həmin verilişdə səsləndirdiyi sərt korrupsiya ittihamlarını araşdırıb, iddialarda, fikirlərdə həqiqət payını müəyyən etməyə çalışıb.

AXCP funksionerinin çıxışından bəzi fraqmentlərə aydınlıq gətirək.

Q.Zahid iddia edir ki, “büdcədə toplanan 3 milyard manat həcmindı ƏDV-nin 45 faizi, təxminən 1,4 milyard manatı “otkat” şəklində hakimiyyətin şəxsi kassasına geri qayıdır”.   

Birincisi, cəbhədə olan iqtisadiyyat mütəxəssisləri bu veriliş aparıcısına başa salmalıdır ki, ƏDV cəmi 18 faizlik vergidir, 45 faiz olduqca gülünc bir arqumentdir.
İkincisi, ƏDV xərc deyil, gəlirdir, gəlirdən isə “otkat” olmur, çünki onun sahibi vergi ödəyiciləridir. Vergi ödəyicisi tərəfindən aylıq vergi mükələfiyyəti qeyri-nağd yolla, elektron qaydada dövlət büdcəsinə, xəzinə hesabına köçürülür. Bütün vergi növləri kimi ƏDV gəlirləri də vahid büdcə xərclərinin mənbəyini təşkil etdiyindən həmin vəsaitlərin hər manatı xəzinə hesabındakı uçotda öz əksini tapır.
Üçüncüsu, ƏDV daxilolmaları 2022-ci ilin dövlət büdcəsində 3 milyard manat deyil, cəmi 2,3 milyard manata bərabərdir. (Mənbə) 
Əgər hökumət büdcədə vergi gəlirlərini mənimsəmək istəsə, 18 faizlik ƏDV-ni deyil, daha böyük vergini 20 faiz dərəcəsi ilə tutulan 2,7 milyard manat dəyərində toplanmış hüquqi şəxslərin mənfəət vergisini “okata” çevirərdi. Çoxu qoyub, niyə aza “əl bulaşdırsın” ki? Çünki, bu, maliyyə-fiskal olaraq mümkün deyil.
Dördüncüsü, büdcə xərcləri vahid maliyyə orqanizmi təşkil etdiyindən orada ƏDV, mənfəət vergisi, gəlir vergisi, gömrük rüsumu, aksiz, yaxud neft tarnsfertlər kimi ayr-ayrı xərclərə bölünmür. Büdcədə bütün vergi və gömrük yığımları, neft gəlirləri vahid büdcə hesabına toplanılır və büdcə təşkilatlarının sifarişlərinə uyğun olaraq ayrılır. Büdcənin hər bir manatı kassa icrası ilə həyata keçirilir, müəssisə və təşkilatların, sahibkarların, digər şəxslərin hesablarına köçürülür. Hansısa təşkilatın maliyyəsini onun hesabından kimsə necə geri qaytara bilər? Bu, büdcə təsnifatı baxımından qeyri-mümkündür.

 
(Mənbə: “Büdcə sistemi haqqında” Qanun. Maddə 1.1.10). 

Nəhayət, büdcədə nəzərdə tutulmuş vergi gəlirləri, gömrük rüsumları, neft transfertləri xəzinəyə daxil olan kimi operativ qaydada həmin ayın sonunda xərclərin maliyyələşdirilməsinə yönəldilir (maaş, pensiya, təhsil, səhiyyə, hərbi sahə və s), artıq qalan vergilər isə xəzinə qalığı kimi növbəti aylara köçürülür. Məsələn, 2022-ci ilin yanvar-fevral aylarında Dövlət Vergi Xidməti tərəfindən 1 mlrd. 830,4 mln. manat vergi toplanaraq büdcəyə köçürülüb, 25,2 faiz artıq, yəni 428 milyon manat çox vəsait (profisit) toplanıb. (Mənbə) 

Əgər hökumət vergidən “pay götürmək” istəsə elə həmin profisiti götürərdi, ortada hazır 400 milyondan çox mənbə olduğu halda niyə ƏDV-ni “qayçılamalıdır”? Yaxud həmin artıq toplanmış vergini xəzinə qalığı kimi növbəti ayın xərclərinin maliyyələşməsinə yönəltməzdi, elə xəzinədən silərdi də. Çünki, fiskal nizamlama imkan vermir. Büdcəyə ödənilən bütün vergilər büdcə xərclərinin müəyyən olunmuş aylıq xərc maddələri üzrə maliyyələşdirilməsinə yönəldilir və Maliyyə Nazirliyinin sərəncamı əsasında bütün bu əməliyyatlar bank köçürmələri yolu ilə aparılır.

Beləliklə, büdcədən vergini “oğurlamaq” iddiası qeyri-ciddi insanların özlərinin lağlağıya qoyulması, gülüş obyektinə çevrilməsini istəməsi kimi bir şeydir.
Ona görə də, büdcədə hansısa verginin, yaxud rüsumun ayrıca xərc kimi götürülməsi, “otkot” mənbəyinə çevrilməsi ittihamı gülüncdür, hədsiz dərəcədə savadsızlığın və vergidən sıfır səviyyəsində anlayışın nümunəsidir. Belə olan halda, bu sahədə savadı orta məktəbin aşağı sinfindən də aşağı olan Q.Zahid bu cür dolaşıq və absurd hesablamalarla özünü niyə gülünc obyektinə çevirsin ki?

2-ci iddia. Q.Zahid fikrincə, büdcədə 3 milyard manatlıq ƏDV-dən sonra (hərçənd bu rəqəmin saxta olduğunu yuxarıda əsaslandırdıq) qalan 17 milyard manatın 5 faizi, yəni  850 milyon manat vəsait büdcə layihəsi tərtib olunarkən hər bir təşkilat tərəfindən nağd olaraq Maliyyə Nazirliyinə verilir.

İlk növbədə, onu qeyd etmək lazımdır ki, büdcə layihəsi, neçə ildir ki, ortamüddətli xərclər çərçivəsinə uyğun tərtib edilir, burada nəticəəsaslı büdcənin hazırlanması, dövlət xərclərinin səmərəliliyinin təmin edilməsi və daha ünvanlı, optimal və səmərəli istifadəsi kimi prinsiplərə xüsusi yer ayrılır. 2022-ci ilin büdcə layihəsi də məhz həmin çərçivəyə və “Azərbaycan  2030:  sosial-iqtisadi  inkişafa  dair  Milli  Prioritetlər” sənədində müəyyən  edilmiş prioritetlər və digər strateji məqsədlər nəzərə alınmaqla hazırlanıb. Bu isə şəffaflığın və hesabatlılığın tam təmin edilməsi üçün ən mühüm amillər deməkdir. (Mənbə)


İndi isə qayıdaq bütün büdcə təşkilatlarından 5 fazi “otkat” məsələsinə. Əvvəla, büdcə layihəsi təsdiq edilməmişdən əvvəl hansısa təşkilat ona nə qədər vəsait ayrılacağını haradan bilir ki, onun 5 faizini də versin? İkincisi, xəzinə büdcə ili başlayandan sonra, təxminən yanvarın sonlarında açılır. Büdcə layihəsi isə əvvəlki ilin noyabr ayında Milli Məclisin müzakirəsinə çıxarılaraq qəbul olunur. Hansı təşkilat xəzinə hesabı açılmamışdan 3 ay əvvəl ona nə qədər ayrılacağı bəlli olmayan vəsaitin 5 faizini kiməsə verər? Belə bir gülünc fikirlərə kim inanar?

Q.Zahidin üzərində fırlandığı 17 milyard manatın təkcə 13,9 milyard manatı sosialyönlü xərclərdir (ümumilikdə büdcə xərclərinin 46,8 faizi). Yəni, birbaşa vətəndaşlara ödənilən aylıq sosial xərclərdir. Həmin xərclərin 8,1 milyard manatı əməyin ödənişi fondu, 5,7 milyard manatı isə pensiya, təqaüd və sosial müavinətlər, sosial müəssisələr üçün ərzaq mallarının alınması, dərman, sarğı ləvazimatları  və materiallarının alınması, icbari  tibbi sığorta və koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üzrə xərclər, elm, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarda kommunal xidmət haqları və digər sosial məqsədli vəsaitlərdir. Həmin vəsaitlərin təkcə 3 milyard 642,6 milyon manatı pensiya, müavinət və təqaüdlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. (Mənbə, Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinTəqdimatı”. Səh 29)

Sosialyönlü xərclər son qəpiyinə qədər vətəndaşa çatır, əgər həmin pulun 1-2 faizi “kəsilsə” dərhal bu sahədə sosial tarazlıq pozular. Məsələn, təkcə 3,6 milyard manat xərc tutumuna malik olan pensiya, müavinət, təqaüd və s. sahələr üzrə sosial ödəmələrdə 1 milyon manat kəsir yaranacağı halda, pensiyaçıların, əlillərin, digər sosial kateqoriyaya aid şəxslərin, tələbələrin (ümumilikdə 3 milyon nəfərə yaxın vətəndaş) təqaüd və müavinətlərinin, ünvanlı yardım alan 100 min insanın müavinətinin, şəhid ailələri, qazilər, müharibə veteranları, digər on minlərlə şəxsin sosial ödənişlərinin bir hissəsini vermək olmaz. Əgər “5 faiz” pul Maliyyə Nazirliyi tərtəfindən “əvvəldən nağd alınırsa” onda bu məntiqlə sosial xərclər də 5 faiz “kəsilmiş” olmalıdır və 1,2 milyon pensiyasçının, 800 mindən artıq digər sosial qrupun aylıq pensiyasının “5 faizi” də tutulmalıdır. Yəni, 300 manat pensiya alan vətəndaşın hər ay pensiyası 15 manat az verilməldir. Yaxud, 800 manat pensiya alan hərbçinin hər ay 40 manat pulu əksik gəlməlidir. İndiyə qədər kiminsə pensiyası, müavinəti, təqaüdü kəsilibmi, varmı belə fakt?

Yaxud, digər sosialyönlü xərclərdən, məsələn, müxtəlif sosial ödənişlər və təminat xərcləri, məcburi köçkünlərin ərzaq təminatı pulu, əlillər üçün sanatoriya və sosial xidmət müəssisələrinin ərzaq, dərman, eləcə də xəstəxana və tibb ocaqlarınnı ərzaq və dava-dərman, həmçinin, büdcə təşkilatlarının işıq, qaz, su, rabitə, istilik və s. bu tipli xərclərindən “5 faiz” pul tutulsa həmin sahələrdə ciddi problemlər yaranmış olar. Yəni, müəllimin və yaxud həkimin maaşından pul tutulması onun əməkhaqqının “qayçılanması”, yaxud məktəbin işıq pulunun kəsilməsi onun işıqsız qalması, xəstəxanaının tibbi ləvazimatları üçün vəsaitin mənimsənilməsi səhiyyə müəssisələrinin işinin pozulması, əlillərin sanatoriyada ərzaq xərclərinin kəsilməsi onların qida təminatının pisləşməsi və s. bu kimi halların yaranması deməkdir. Qeyd edilən sahələrdə belə bir faktla rastlaşan olubmu? Kimsə belə bir problem olduğunu sübut edəcək fakt və ya arqument təqdim edə bilərmi? Bu isə o deməkdir ki, büdcədən ayrılan 13,9 milyard manatın nəinki “5 faizini”, heç 0,00000000005 faizini də kəsmək mümkün deyil.

3-cü iddia.  Q.Zahidin “korrupsiya hesablama metodologiyasına” əsasən, büdcənin 17 milyard manatının ( bu rəqəmi haradan icad edib, özü də bilmir) 40 faizi, 7 milyard manatı tikinti-təmir işlərinə ayrılır. Öncədən deyək ki, bu, yalan məlumatdır. 2022‐ci il dövlət büdcəsində ümumilikdə əsaslı xərclərin məbləği 17 deyil, 8 milyard manat təşkil edir ki, həmin vəsaitlərin təyinatı da büdcə qanununda, layihəsində sətirbəsətir göstərilib.Təmir-tikinti xərclərinin məbləği cəmi 2 milyard 789,8 milyon manat məbləğində nəzərdə tutulub. Həmin vəsaitlər isə sosial və infrastruktur təyinatlı layihələrin (sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələr, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi, əsaslı təmiri və s) həyata keçirilməsinə yönəldilir. Və bütün bu təmir, tikinti, investisiya layihələri dövlət satınalmaları yolu ilə aparılır, açıq tender və kotirovka sorğularında hər bir layihənin dəyəri, iş icrasının maliyyə tutumu əks olunur. Belə olan halda tenderdə qalib gələn şirkətin ona ayrılmış vəsaiti mənimsəməsi necə inandırıcı ola bilər?
Əsaslı xərclərdən danışmışkən, dövlət büdcəsində həmin xərclərin 2,2 milyard manatıişğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilir. Bu sahədə şəffaflıq elə qurulub ki, kimsə bir manat vəsaitin əsassız xərclənməsini iddia edə bilməz. (Mənbə, Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrinTəqdimatı”. Səh 42-43)

Əsaslı xərclərin 1,6 milyard manatı isə xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərə ayrılıb. Yəni, ölkəmizin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi‐texniki təminatının daha da yaxşılaşdırılması üçün nəzərdə tutulub. Dövlət orduya, hərbi sahəyə daha çox diqqət göstərir və daha çox maliyyə ayırır, səbəbi ordunun gücünü daha da artırmaqdır. Əgər belədirsə, həmin vəsaitlərin məmimsənilməsi iddiasını irəli sürmək  təkcə böhtan deyil, bu, həm də xarici qrant mərkəzlərinin Azərbaycan Ordusunu gözdən salmaq kampaniyasına xidmət etmirmi?

Onu da xatırlatmaqda fayda var, hərbi xərclərin strukturunda xüsusi alışlar üzrə xərclərin (1,6 milyard manat) xərc maddələri tam təsnifatı üzrə ona görə açıqlanmır ki, hərbi sirrdir. Həmçinin, “Büdcə sistemi haqqında” və “Dövlət sirri haqqında” Qanunlardan irəli gələn tələblərə uyğun olaraq iqtisadi təsnifatın “Sair xərclər” maddəsində nəzərə tutulmuş bəzi xərclərin ictimai açıqlığı  istisna təşkil edir. Ancaq həmin xərclərə Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən xüsusi nəzarət vardır. Hər il büdcənin icrasına dair qanun qayihəsi Milli Məclisdə müzakirə edilir və təsdiq olunduqdan sonra dərc olunur. İstənilən iqtisadçı, büdcədən az-çox savadı olan büdcə layihəsi ilə icra haqqında qanunu qarşılaşdırıb, müqayisə edə, hansı sahədə nöqsanlar var, ayırd edə bilər.

4-cü iddia. Q.Zahid deyir ki, büdcə xərclərinin 10 milyard manatının 20 faizi icra strukturları, müxtəlif nazirlik və komitələr tərəfindən mənimsənilir.
Büdcədə ümumi dövlət xidmətləri təxminən 3,9 milyard manat, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq‐mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinin həcmi 6 milyard 922,5 milyon manata bərabərdir. Bu vəsaitlər isə həmin qurumların işçilərinin əməkhaqları, istismar və cari xərcləridir. Həmin vəsaitlərin təkcə 70 faizi onların əməkhaqqı və ona tutulan xərclər, 2 milyard manatdan artığı kommunal xidmət, istismar, iş və xidmətlərlə bağlı xərclərdir. Q.Zahidin səsləndirdiyi 10 milyard manatın 20 faizi 2 milyard manat edir, bu adamın xəstə məntiqinə görə, onda gərək dövlət orqanlarının işçilərinin də maaşları 20 fazi az verilsin. (Mənbə. Vətəndaşın Büdcə Bələdçisi səh 40). 

Ümumiyyətlə, büdcə layihəsi açıq kitab kimi hər kəsin əlinin altındadır. Gəlirləri və xərclər hər maddəsinə qədər hamıya açıqdır, bütün rəqəmləri, xərcləri qəpiyinə qədər görə bilər və sağlam məntiqlə açlıq mühakimə yürüdə bilər. “Büdcə sistemi haqqında” Qanunda xərc istiqamətlərinin hər bir maddəsi üzrə hansı təşkilata nə qədər maliyyə ayrılıb, qəpiyinə qədər rəqəmlərlə aydın göstərilib. Bundan başqa, büdcə xərclərinin istifadə olunması, daha doğrusu büdcəyə nəzarəti həyata keçiriən Hesablama Palatasının hər il büdcə haqqında rəyi geniş toplu şəklində dərc edilir və elektron resurslarda yerləşdirilir. İctimaiyyətin hər bir üzvü bu sənədə baxmaqla büdcə vəsaitlərinin hara və necə xərclənməsi barədə bütün zəruri məlumatları əldə edir. 2022-ci ilin dövlət büdcəsinin xərc maddələri ilə bağlı Palatanın rəyi də təsdiq edir ki, büdcədə xərc sifarişləri və  vəsaitlərin ayrılması tam reallığa uyğundur. (Mənbə) 

Yeri gəlmişkən, Q.Zahid öz yalanlarına bəraət qazandırmaq üçün Azərbaycanın dövlət orqanlarında, nazirlik və komitələrdə çalışan iqtisadçılarla müzakirələr apardığını və belə “səhih rəqəmləri” onlardan əldə etdiyini deyir. Yuxarıda sadalanan iddiaların nə qədər yanlış, səhv və saxta olduğunu faktlarla sübuta yetirdik. Elədirsə, dövlət qurumunda çalışan iqtisadçının heç bir fakta əsaslanmayan, saxta məlumatlarla dolu iddiaya necə şərik ola bilərlər? Xüsusən də tərəf müqabili Qənimət Zahid kimi unikal yalan danışmaq bacarığı olan, saxta xəbərlər ustası və kütlə şüuru ilə manipulyator olarsa...

Qənimət Zahidin dinləyici, izləyici və qonaqlara manipulyativ səs tonu ilə hazırladığı müraciətdə söylədikləri fikirlər peşəkar iqtisadi şərh baxımından çox-çox aşağı, yalnız piket və çayxana ritorikasında təqdim olunub. Bəllidir ki, Q. Zahidin iqtisadiyyat, büdcə, vergi məvhumlarından çox uzaq şəxsdir və onun ən primitiv detallardan, terminlərdən anlayışı belə yoxdur. ƏDV-nin nə, hansı vergi növü olduğunu, vergi ödəyicisindən necə hesablandığını, büdcəyə necə köçürüldüyünü bilməyə-bilməyə çıxışı boyu məhz bu mövzulardan danışır, ittiham edir.